Məhkəmə qərarları › İş №2(106)-928/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-928/2025

22.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Sair mülki iş - Mənzilə istifadə hüququnun tanınması - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-928/2025 22.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1326/2023 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(041)-1326/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçı Kərimi X1 Solmaz Ədil qızı və Cavabdeh1 məxsus Kürdəmir rayonu Topalhəsənli kəndində yerləşən KOD-90615018, JN-205 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən 0,30 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 96 kv.metr olan fərdi yaşayış sahəsinə köçürülməklə həmin evə yaşayış hüququ bərpa edilmiş və cavabdehlər tərəfindən qoyulmuş maneələrin aradan qaldırılması qət edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(041)-1326/2023 saylı qərardadı ilə onun apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh1 Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1326/2023 saylı qərardadından şikayət verərək, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(041)- 1326/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh1 həmin qərardaddan şikayət vermiş, məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(041)- 1326/2023 saylı qərardadı ilə onun şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh1 Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1326/2023 saylı qərardadından şikayət verərək, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(041)- 1326/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-1326/2023 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Kürdəmir Rayon Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, 2(041)-1326/2023 saylı qərardadından Cavabdeh1 şikayətinin təmin olunmaması, mülki işin Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1326/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-in 363.1.5-ci maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə şikayət geri qaytarılmalıdır. MPM-in 10-1.3-cü maddəsinə görə isə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 364.1-ci maddəsinə əsasən Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır: MPM-in 10-1.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. MPM-in 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Göründüyü kimi, qanunverici “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olmasını və bunun üçün elektron imza vasitələrindən istifadə edilməsini imperativ qayda kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “ 15” iyul 2019-cu il tarixli “17- N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 3.1-5-ci bəndlərində əks edilmiş tələblərə əsasən: İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 noyabr tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 441-ci bəndində göstərilən tələblər nəzərə alınmaqla hazırlanır. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. Sənədə onun göndərilməsi zamanı maddi sübut qismində təqdim edilən fotoşəkil, videoyazı, audioyazı və digər maddi daşıyıcılar qoşula bilməz. Bu maddi daşıyıcılar barədə məlumat “Elektron kabinet” vasitəsilə göndərilən sənədlərdə qeyd oluna bilər. Sənəd göndərilməzdən əvvəl İnformasiya Sisteminin istifadəçisi onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsi ilə müəyyən edilmiş hallarda İnformasiya Sistemi həmin sənədi İnformasiya Sisteminin istifadəçisi tərəfindən göndərilməmiş hesab edir. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 3.6-ci bəndinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Hazırda qərardadından şikayətin verildiyi Kürdəmir Rayon Məhkəməsində də “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunmaqdadır. Qeyd edilən normaların tələblərindən isə göründüyü kimi, elektron məhkəmə informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə şikayətlərin qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olduğu halda, təqdim edilmiş şikayət bu qaydaya riayət olunmadan verilmişdir. Qeyd edilməlidir ki, şikayət edən tərəfin prosessual müddətlərə riayət etməklə prosessual qanunveriliciyin tələblərinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət vermək hüququ vardır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərində qeyd edilir: Apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün edilən müraciətlərdə atılmalı rəsmi addımları və riayət edilməli vaxt məhdudiyyətlərini tənzimləyən qaydalar müvafiq ədalət mühakiməsinin həyata keçirilməsinə və xüsusilə hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə yönəlib (Cañete de Goñi İspaniyaya qarşı, § 36). Başqa sözlə, sözügedən qaydalar və bu qaydaların tətbiq olunması, mübahisə tərəflərinin mövcud hüquqi müdafiə vasitəsindən istifadəsinə mane olmamalıdır (X2rşı; Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı,§ 51). Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1326/2023 saylı qərardadından verdiyi şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Odur ki, Cavabdeh1 şikayəti təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)- 1326/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 360, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1326/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar