Məhkəmə qərarları › İş №2(125)-6010/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-6010/2025

19.01.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Sair mülki iş - Mənzilə istifadə hüququnun tanınması - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-6010/2025 19.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X8 İsa oğlunun sədrliyi, Xudaverdiyeva Nilgün Elbrus qızının katibliyi ilə İddiaçı nümayəndəsi, vəkil Nümayəndə2, Cavabdeh nümayəndəsi vəkil Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması, həmin hüququn həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması və evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, məhkəmə bu qətnaməni qəbul etdi; İşin halları; Mülki işin materiallarında olan, işdə olan Gəncə şəhəri 7 saylı notariat kontorunun xx.xx.2009-cu il tarixli 2V-1-208 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.1992-ci il vəfat etmiş X1 vərəsəsi Cavabdehdur və miras əmlakdan irs almadır. Miras əmlak Azərbaycan Respublikası DƏDRXİ-nin xx.xx.1987-ci il tarixli 77/5131 saylı qeydiyyat vəsiqəsinə və 1194 savlı 06 oktyabr 2009-cu il tarixli aravısına əsasən mərhum Muxtarova Z.N. məxsus olan və Gəncə şəhəri, General Əsədov küçəsi ev 28-də, 0,0399 torpaq sahəsində yerləşən Tik»A»- 63.3 kvm. yasayış sahə, üç otaq, 55,9 kvm. köməkçi sahədən ibarət miras evdən ibarətdir. İşdə olan Azərbaycan Respublikası ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsi ev 28 ünvanda yerləşən 0,0399 hektar torpaq sahəsində yerləşən daşınmaz əmlak Cavabdeh adına tam mülkiyyət hüququ ilə qeydə alınmışdır. İş materiallarında olan Bakalavr diplomunun surətindən görünür ki, İddiaçı 02 iyun 2015-ci il tarixdə tərcümə-ingilis dili ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir. İş materiallarında olan Magistr diplomunun surətindən görünür ki, İddiaçı 18 dekabr 2018-ci il tarixdə Biznesin idarə edilməsi ixtisasının MBA-Biznesin təşkili və idarə edilməsi ixtisaslaşması üzrə magistr ixtisas dərəcəsi verilmişdir. İş materiallarında olan Magistr diplomunun surətindən görünür ki, İddiaçı xx.xx.2023cü il tarixdə Beynəlxalq münasibətlər və diplomatiya ixtisaslaşması üzrə magistr ixtisas dərəcəsi verilmişdir. İş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı 2011-ci il tarixdən halhazıradək pasport qeydiyyatında olduğu Gəncə şəhəri, X5 küçəsi ev 28 ünvanında daimi olaraq yaşamamışdır. İddia tələbi barədə məlumatlar; İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması, həmin hüququn həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Gəncə şəhəri, X5 küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsinə istifadə hüququnun tanınması, bu evdən istifadəyə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və İddiaçı həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1994-cü il tarixində Gəncə şəhərində anadan olmuşdur. Cavabdeh onun atasıdır. İddiaçı doğulduğu gündən hazırda atasının adına olan (ev vərəsəlik qaydasında onun adına keçmişdir) Gəncə şəhəri, X5 küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. İddiaçı 2011-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı şəhərində universitetə qəbul olmuş və bununla əlaqədar olaraq müvəqqəti Bakı şəhərində kirayədə yaşamalı olmuşdur. O, bakalavr pilləsini bitirdikdən sonra müxtəlif univerisitetlərdə magistr təhsili almış və təhsilini yalnız bu yaxınlarda başa vurmuşdur. Təhsil aldığı müddət ərzində Gəncə şəhərinə gəlib-gedən zaman həmişə doğulduğu ünvanda qalmışdır. Cavabdehin özü isə uzun illər Rusiya Federasiyasının vətəndaşı olmaqla orada yaşamışdır. Yəni bu yaxınlara kimi maneəsiz olaraq bu evdə yaşamışdır. Lakin təhsilini bitirdikdən sonra böyüyüb boya-başa çatdığı evə qayıtmaq istəsə də, cavabdeh evin açarlarını dəyişmiş və onu evə buraxmamışdır. Halbuki, uzun illərdən bəri bu evdə yaşamağına görə hesab edir ki, sözügedən evin yaşayış sahəsinə iddiaçının istifadə hüququ vardır. Eyni zamanda bildirmək istəyir ki, hazırda iddiaçının yaşamağa başqa yaşayış yeri yoxdur. Bu səbəbdən də iddiaçının 1994cü ildə doğulduğu və uzun illərdən bəri yaşadığı Gəncə şəhəri, X5 küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evinin yaşayış sahəsinə istifadə hüququnun tanınması, bu evdən istifadəyə Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və onun həmin evə köçürülməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Tərəflərin izahatları; Məhkəmədə iştirak edən iddiaçının nümayəndəsi vəkili Nümayəndə2 iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı anası qaynatası öləndən sonra həmin evdə təmir işləri gördürmüşdür. Sonda iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə cavabdehin nümayəndəsi vəkili Nümayəndə1 iştirak etmiş və iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. 2011-ci ildə iddiaçının anası ilə atası (cavabdeh) Cavabdeh ailə münasibətləri faktiki pozulmuşdur və həmin vaxtdan iddiaçının anası uşaqları (iddiaçı və onun qardaşı) ilə birlikdə Gəncə şəhəri, X5 küçəsi, ev 28 ünvanında yerləşən fərdi yaşayış evini tərk etmiş və onlar birlikdə özlərinə başqa yerdə yaşayış yeri seçərək, həmin başqa ünvanda yaşamışdır. İddiaçı ali təhsil alarkən atası Cavabdeh iki il onun təhsil xərcini ödəmişdir. Bundan sonra və təhsilini bitirdikdən sonrakı müddətdə belə iddiaçı nə atası ilə əlaqə saxlamamış, nə də atasının yaşadığı həmin ünvana bir daha qayıtmamış və heç zaman atası ilə maraqlanmamışdır. Həmin evdən çıxdıqdan sonra nə iddiaçı, nə də ki, onun anası və qardaşı heç vaxt həmin evə dönməmiş, bir gün də olsa həmin evdə qalmamışlar. Onlar həmin evdən çıxdıqdan sonra həmin evdə heç bir təmir işləri gördürməmişlər. Göründüyü kimi, iddiaçının hazırda iddia etdiyi həmin mənzilə (yaşayış sahəsinə) heç bir ehtiyacı olmamışdır. Göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Məhkəmədə iclasında İddiaçı nümayəndəsi, vəkil Nümayəndə2 vəsatəti əsasında dindirilmiş şahid X2 izahatında göstərmişdir ki, o, Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsi ev 28 ünvanında təmir işləri görmüşdür. Təmir işləri görən vaxt Vaqifin ata anası sağ idi. Ailəsi də orada yaşayırdı. Məhkəmə iclasında Cavabdeh nümayəndəsinin vəsatəti əsasında dindirilmiş şahid X3 izahatında göstərmişdir ki, Cavabdeh onun qardaşıdır. Atasının ölümündən 5 ay əvvəl Cavabdeh ailəsində problem yaranmış və onun arvadı uşaqları ilə birlikdə yığışıb həmin evdən köçüb getmişlər. Həmin vaxtdan da sonra nə qədər təklif olunsa da, onlar evə qayıdıb gəlməmişlər. Hətta qardaşı iki il qızının təhsil haqqını da ödəmiş, neçə dəfə onunla telefon əlaqəsi saxlamaq istəmiş, lakin Vaqifin oğlu bacısı Nəzmiyyənin telefonuna atasının etdiyi zəngə cavab verərək, bir də Nəzmiyyəni axtarmamasını ona bildirmiş və bundan sonra onların əlaqələri tamam kəsilmişdir. Gəncə şəhəri, Nizami rayonu, X5 küçəsi ev 28 ünvanında isə o, anası və atası yaşamış, 2011-ci ildə atası, 2023-cü ildə anası ölmüşdür. Vaqifin arvadı və uşaqları da heç bir yas yerinə belə gəlməmişlər. Məhkəmənin iş üzrə mövqeyi və tətbiq edilən hüquq. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını və şahid ifadələrini dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmədə tədqiq edilmiş sübutlarla işin faktiki halları kimi müəyyən olunur ki, İddiaçı 2011-ci ildən valideynlərinin arasında arasında olan narazılıqla bağlı hazırda atası Cavabdeh mülkiyyətində olan evdən anası və qardaşı ilə birlikdə köçüb, başqa ünvana getmişlər. Artıq 14 ildən çox bir müddətdir ki, iddiaçı anası ilə birlikdə başqa yaşayış ünvanında yaşayır və onlar Cavabdeh ilə heç bir münasibət saxlamırlar. Beləliklə də müəyyən edilir ki, cavabdehin mülkiyyətində olan yaşayış sahəsindən iddiaçının istifadə etməyə ehtiyacları aradan qalxmışdır. Həmçinin qeyd etmək lazımdır ki, məhkəmədə tədqiq olunmuş sübutlarla işin faktiki halları kimi müəyyən olunur ki, iddiaçı uzun illərdir ki, bir övlad kimi doğma atası ilə heç bir münsibət saxlamır. İşin bu halı bir daha onu təsdiq edir ki, iddiaçı özünə başqa yerdə daimi yaşayış yeri seçmişdir və onun atasının mülkiyyətində olan həmin yaşayış sahəsinə olan ehtiyacı aradan qalxmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüquqi ümumi prinsipləri istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının 08 iyul 1982-ci il tarixli qanunu ilə təsdiq edilmiş və 01 oktyabrın 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən mənzil fonduna dövlət mənzil fondu, ictimai mənzil fondu, mənzil-tikinti kooperativləri fondu və fərdi mənzil fondu daxildir. Fərdi yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri 1982-ci il redaksiyalı Azərbaycan Respublikasının Mənzil Məcəllənin 123-cü maddəsi ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Мənzil Мəcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdir. Bu məcəllənin 53-cü maddəsinə göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarının köçürmək ixtiyarına malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 262.6-cı maddəsinə əsasən, əgər ixtiyarı verilmiş daşınmaz əşya üçün servituta hər cür maraq itmişdirsə, yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi ona xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, “qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarında ifadə etmiş olduğu hüquqi mövqeni önəçəkən məhkəmə hesab edir ki, iddiaçının öz atasının mülkiyyətində olan yaşayış sahəsindən istifadəyə ehtiyacının olmadığı işin faktiki halları kimi müəyyən edildiyindən və Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarının bu hallara tətbiqindən belə nəticə müəyyən olunur ki, irəli sürülən iddia qanuni əsaslı deyildir, ona görə də təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun tanınması, həmin hüququn həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması və evə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar