Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1120/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə, mənzilə istifadə hüququnun tanınması, mülkiyyətə qəsd və başqa maneələrin aradan qaldırılması (neqator tələb)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “fərdi yaşayış evinə köçürülmə, həmin evə və digər yardımçı sahələrdən istifadə hüququnun tanınması və cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Lənkəran rayonu, Bürcəli kəndində yerləşən 0.18 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və üzərində inşa olunmuş 186.7 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında paylı mülkiyyətdədir. Əmlak üzərində payçıların payları aşağıdakı nisbətdədir: İddiaçı torpaq sahəsində payı 5/12, fərdi yaşayış evində 1/3 hissələrdə; Cavabdeh torpaq sahəsində payı 1/4 hissədədir; torpaq sahəsinə 4/12 hissədə, fərdi yaşayış evinə isə 2/3 hissədə paylar verilmədən açıq saxlanmışdır.
2. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “paylı mülkiyyətdə olan ev və torpaq sahəsinin naturada bölünməsi və s.” tələbinə dair iddiası üzrə qanuni qüvvəyə minmiş Lənkəran Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-**/**** nömrəli qətnaməsindən görünür ki, tərəflərin paylı mülkiyyətində olmaqla Lənkəran rayonu Bürcəli kəndində yerləşən sahəsi 186,7 kv.metr olan mübahisəli yaşayış evinin və həmin evin yerləşdiyi 0,18 ha həyətyanı torpaq sahəsinin tərəflərin paylarına mütənasib olaraq təcrid şəklində bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunaraq, iddia təmin edilməmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətində olan, Lənkəran rayonu, Bürcəli kəndində yerləşən evə köçürülmə, digər yardımçı sahələrdən istifadə hüququnun tanınması və maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran rayonu, Bürcəli kəndində yerləşən 0,18 ha. torpaq sahəsinin 5/12 hissəsi və həmin torpaq sahəsinin üzərindəki, iki mərtəbəli, üç otaqlı, ümumi yaşayış sahəsi 186,70 kv.metr, yaşayış sahəsi 60,50 kv.metr, köməkçi sahəsi 126,20 kv.metr olan fərdi yaşayış evinin 1/3 hissəsi Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Lənkəran Ərazi Idarəsi (Bundan sonra DƏDKR publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi Idarəsi) tərəfində müvafiq Çıxarış və Texniki pasport əsasında xüsusi mülkiyyətinə verilmişdir. Lakin, mülkiyyətində olan torpaq sahəsinin 5/12 hissəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinin 1/3 hissəsi cavabdeh Cavabdeh tərəfindən zəbt edilməklə orada köçüb yaşamağına heç bir imkan, şərait yaratmır. Buna görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Lənkəran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin olunaraq, İddiaçı Lənkəran rayonu Bürcəli kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi və ona cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir (hakim - M.Qasımov).
6. Məhkəmə qeyd etmişdir ki, mübahisəli ev mülkiyyət hüququ üzrə qeydiyyatdan keçməklə cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır və cavabdehin buna etiraz etməsi iddiaçının fərdi yaşayış evinə köçürülməməsi üçün əsas ola bilməz. Odur ki, iddia qismən təmin edilməli, İddiaçı Lənkəran rayonu Bürcəli kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evinə köçürülməli, cavabdeh tərəfindən buna edilən maneələr aradan qaldırılmalı, iddia ev və digər yardımçı sahələrdən istifadə hüququnun tanınması hissəsində isə təmin edilməməlidir.
7. Məhkəmə daha sonra qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Iddiaçının tanınmaq istədiyi bu hüquq artıq qanunla tanınaraq dövlət tərəfindən qorunur. Buna görə də həmin hüququn məhkəmə tərəfindən təkrar tanınmasına lüzum yoxdur.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 25, 43-cü, Mülki Məcəlləsinin 6.1.1, 152.1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən MPM-in 215-ci maddəsinin tələblərini kobud sürətdə pozmuşdur. Belə ki, məhkəmə iddiaçının onların paylı mülkiyyətlərində olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edərkən qanunvericiliyin tələbində qeyd olunmuş qaydaya riayət etməmişdir. Iddiaçının da həmin fərdi yaşayış evinə mülkiyyət hüququ vardır. Lakin ailələri arasında olan münasibətlər imkan vermir ki, bir evdə yaşayalar. Məhkəmə isə iddiaçını mübahisəli fərdi yaşayış evinə köçürərkən nəzərə almamışdır ki, həmin fərdi yaşayış evindən birgə istifadə etmələri ilə bağlı mübahisə mövcuddur. Əgər belə bir mübahisə mövcud olmasaydı, onda iddiaçı hazırkı, iddia ərizəsi ilə heç məhkəməyə müraciət etməzdi. Iddiaçının qeyd olunan tələblə məhkəməyə müraciəti yolverilməzdir. Məhkəmə də iddiaçının tələbinə uyğun olaraq qətnamə qəbul etmişdir ki, bu da yuxarıda qeyd etdiyi kimi qanunvericiliyin pozulmasına səbəb olmuşdur. Onların həmin fərdi yaşayış evinə mülkiyyət hüququ olsa da, hazırkı, halda onun istifadəsi ilə bağlı aralarında mübahisə mövcuddur. Lakin məhkəmə qətnamə qəbul edərkən həmin mübahisəyə aydınlıq gətirmədən, yəni kimin hansı formada özünə düşən hissədən istifadə etməsinə aydınlıq gətirmədən iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsini təmin etmişdir. Məhkəmə özü qətnaməsində qeyd edir ki, qanuni qüvvəsini almış Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Cavabdeh qarşı paylı mülkiyyətdə olan ev və torpaq sahəsinin naturada bölünməsi və s. tələbinə dair iddiası, tərəflərin paylı mülkiyyətlərində olan, Lənkəran rayonu Bürcəli kəndində yerləşən sahəsi 186,7 kv.m olan mübahisəli yaşayış evinin və həmin evin yerləşdiyi 0,18 ha həyətyanı torpaq sahəsinin İddiaçı münasibətdə, müvafiq olaraq 1/3 və 5/12, Cavabdeh münasibətdə müvafiq olaraq 1/3 və 5/12 və X1 münasibətdə, müvafiq olaraq 1/3 və 2/12 hissədə olmaqla təcrid şəklində bölünməsinin texniki cəhətdən mümkün olmadığından, təmin edilməmişdir. Hazırda iddiaçı həmin evin və torpaq sahəsinin onun payına düşən hissəsinin natura qaydasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Bu mümkün olmadığına görə, hazırkı iddia ilə məhkəməyə müraciət edərək paylı mülkiyyəti olan evinə köçürülməsini xahiş edir. Burada sual olunur ki, əgər onların iddiaçı ilə paylı mülkiyyətlərində olan fərdi yaşayış evinin naturada bölünməsi mümkün deyilsə, onda iddiaçı həmin evə köçəndən sonra həmin evin hansı hissəsində yaşayacaqdır. Məhkəmə isə bütün bunlara aydınlıq gətirmədən iddia tələbini təmin etmişdir. Məhkəmə qətnamə qəbul edərkən MPM-in 8.2-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, məhkəmə hazırkı iş üzrə qətnamə qəbul edərkən ədalət mühakiməsini tərəflərin bərabərliyi prinsipinə əməl etmədən və məhkəmə iclasında müəyyən edilmiş faktlar əsasında həyata keçirilməli olduğu halda, bunu etməmiş, yuxarıda qeyd etdiyi kimi məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi faktları nəzərə almadan, yəni həmin hallara aydınlıq gətirmədən, ancaq iddiaçının iddia ərizəsində qeyd etdiyi hallara və onun təqdim etdiyi sübutlara əsaslanaraq iddia tələbini təmin etmişdir ki, bu da qanunvericiliyin tələbinə ziddir. Bununla da məhkəmə qətnamə qəbul edərkən MPM-in 8.2-ci maddəsinin tələblərini pozaraq iddiaçını ondan üstün tutmuşdur. Məhkəmənin iddia tələbinin qismən təmin etməyi üçün qeyd etdiyi əsaslar fərziyyədir və heç bir hüquqi əsası yoxdur. Hansı ki, hamıya bəlli olan haldır ki, iki mübahisəli ailənin bir fərdi yaşayış evində yaşaması mümkün deyildir. Qanunvericiliyin tələbinə görə də hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmə isə qeyd etdiyi hallar ilə bağlı heç bir araşdırma aparmadan iddiaçının paylı mülkiyyətlərində olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul etmişdir ki, bu da gələcəkdə hər hansı bir cinayət hadisəsinin baş verməsinə səbəb ola biləcəkdir. Çünki, ailələri arasında olan münasibətlər çox pisdir və belə olan halda bir fərdi yaşayış evində yaşamaları mümkün deyildir. Bütün bu halları məhkəmə iclasında bildirsə də, məhkəmə qeyd etdiyi halları nəzərə almamışdır. Məhkəmə iddiaçını hazırda yaşadığı və paylı mülkiyyətlərində olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edərkən kimin həmin fərdi yaşayış evinin hansı hissəsindən istifadə etməsinə aydınlıq gətirməmişdir. Qətnamədə qeyd olunub ki, “İddiaçı Lənkəran rayonu Bürcəli kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün və ona cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılsın.” Lənkəran rayonu, Bürcəli kəndində neçə fərdi yaşayış evi vardır, indi sual olunur, o, indi Lənkəran rayonu, Bürcəli kəndində yerləşən kimin fərdi yaşayış evinə köçürülməlidir. Həmçinin qətnamənin nəticə hissəsinin ona cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması ifadəsi yer alır. Burada məhkəmə aydınlaşdırmamışdır ki, ona hansı maneələr törədir ki, məhkəmə həmin maneələrin aradan qaldırılmasını təmin etmişdir. Bütün bu hallara məhkəmə aydınlıq gətirmədən və bu faktları araşdırmadan iddiaçının iddia tələbini qismən təmin etmişdir, yəni bütün bu ziddiyyətli məqamlar məhkəmə tərəfindən araşdırılmamış və məhkəmə həmin ziddiyyətli məqamlara aydınlıq gətirmədən iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Mübahisəli fərdi yaşayış evi təkcə iddiaçının deyil, cavabdehlə iddiaçı daxil olmaqla digər qardaşı olan X1 da paylı mülkiyyətindədir. Indi tutaq ki, iddiaçı həmin evə köçürüldü, o, da ailəsini gətirəcək həmin evə, bundan sonra digər payçı olan qardaşı da paylı mülkiyyətçi kimi həmin evə köçmək istəyəcək və öz ailəsini gətirəcək həmin evə. Bundan sonra da həmin evdə 3 ailənin bir yerdə yaşaması mümkün deyildir, həmin evdə xaos olacaqdır. Bütün qeyd etdiyi hallar məhkəmə tərəfindən nəzərə alınmadan və bu hallar müəyyən edilmədən qətnamə qəbul edilmişdir.
11. Iddiaçı İddiaçı cavabdehin apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, apellyasiya şikayətinin əsassız və formal mülahizə xarakterli olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinə nəzər saldıqda məlum olur ki, həmin şikayət uzun-uzadı olmasına baxmayaraq, əsasən maddi və prosessual hüquq normalarının formal olaraq sadalanmasından ibarətdir. Apellyasiya şikayətini ümumiləşdirdikdə cavabdeh “mübahisəli evdə qeydiyyatda olmasını, köçürülməsi məhkəmə tərəfindən təmin edilmiş həmin fərdi yaşayış evində birgə yaşayış birgə istifadə etməyimiz ilə bağlı mübahisənin mövcud olmasını, hazırda mübahisəli fərdi yaşayış evində yaşamaq üçün şəraitin olub-olmamasını, həmçinin paylı mülkiyyətdə olan evin naturada bölünməsinin mümkün olmamasını, onda iddiaçı həmin evə köçəndən sonra həmin evin hansı hissəsində yaşamasının məhkəmə tərəfindən nəzərə alınmamasını” qeyd etməklə, həmin hallara əsaslanmışdır. Qanuni qüvvəsini almış Lənkəran Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsində qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı işdə iştirak edən cavabdehin izahatı, həmçinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi Idarəsi (Bundan sonra DƏDKR publik hüquqi şəxsi ** saylı Lənkəran Ərazi Idarəsi) tərəfindən ##.##.2024-cü il tarixli, reyestr nömrəsi 802013109519-10301 olan Çıxarış və “Texniki pasport” əsasında işin mübahisəsiz halları kimi müəyyən edilmişdir ki, Lənkəran rayonu, Bürcəli kəndində yerləşən sahəsi 186,70 kv.m. olan mübahisəli yaşayış evinin və həmin evin yerləşdiyi 0,18 ha. həyətyanı torpaq sahəsi yuxanda qeyd olunan hissələrdə İddiaçı, Cavabdeh və X1 paylı mülkiyyətindədir. O, ilk əvvəl mübahisəli torpaq və evdə olan payının natura şəklində ayrılıb-bölünməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bu mümkün olmadığına görə, paylı mülkiyyətində olan evinə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Yəni cavabdeh qardaşı, paylı mülkiyyətçi kimi, Lənkəran rayonu, Bürcəli kəndində yerləşən torpaq sahəsi və onun üzərində mərhum atası tərəfindən inşa edib tikilmiş fərdi yaşayış evindən istifadə etdikləri kimi, digər payçı olan iddiaçı bacının da, onunla bərabər həmin torpaq sahəsi və evdən istifadə etmək hüququ vardır. Cavabdeh mübahisəli evdə mülkiyyət hüququ üzrə qeydiyyatdan keçməklə normal şərtlər daxilində yaşadığından, bərabərlik, dövlət tərəfindən qorunan mülkiyyət toxunulmazlığını və qanunvericiliyə əsasən, həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır və cavabdehin verdiyi apellyasiya şikayəti iddiaçının fərdi yaşayış evinə köçürülməməsi üçün əsas ola bilməz. Apellyasiya məhkəməsinin nəzərinə çatdırır ki, Lənkəran rayonu, Bürcəli kəndində, X5 məxsus fərdi evində, həyat yoldaşı X2 ilə birlikdə müvəqqəti olaraq yaşayır. (## ###### 2026-cı il tarixli, № **/**-17 nömrəli arayış əlavə edilir.) Hesab edir ki, Lənkəran Rayon Məhkəməsi tərəfindən göstərilən hallara kifayət qədər aydın şəkildə və qanunun normaları ilə şərh edilməklə qiymət verilmiş və həmin hallar formal mülahizələrdən ibarət olduğundan əsaslı sayılmamışdır.
12. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ##### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə Lənkəran Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır (hakimlər – T.Kərimov (məruzəçi), C.Imanov və Q.Əliyev).
13. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan apelyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisəli fərdi yaşayış evi üzərində 1/3, mübahisəli torpaq sahəsi üzərində isə 5/12 hissədə pay hüququna malik olmaqla mülkiyyətçi kimi öz əmlakından sərbəst istifadə etmək hüququna malik olduğundan, bu hüququn istənilən şəxs, o cümlədən mülkiyyət üzərində digər pay sahibləri tərəfindən məhdudlaşdırılması yolverilməzdir.
14. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər mübahisəli əmlak üzərində paylara malik olan şəxslərdir və aralarında mübahisənin mövcudluğu əmlakdan istifadə etmək istəyən payçının konstitusion hüquqlarının pozulmasına, istifadə hüquqlarının məhdudllaşdırılmasına səbəb və əsas ola bilməz. Nə qədərki, əmlakın naturada bölgüsü aparılmamışdır və bu artıq qüvvəyə minmiş məhkəmə qərarına əsasən mümkün hesab edilməmişdir, əmlakdan istifadə ilə bağlı bir payçı, digərinə münasibətdə hər hansı bir üstünlük hüququna malik deyildir. Tərəflərə lazım gəlir ki, mövcud durumla barışaraq mübahisəni birgə yaşayış qaydalarına uyğun olaraq öz aralarında razılaşma əsasında həll etsinlər.
15. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43-cü, Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4-cü, Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 76.1, 76.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ##### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə cavabdehin apellyasiya şikayəti üzrə heç bir araşdırma aparmamış, həmçinin hazırkı iş üzrə icraatın dayandırılması barədə vəsatət verilsə də, məhkəmə vəsatəti təmin etməmişdir. Hazırda cavabdeh İddiaçı qarşı paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsaitin paylara uyğun bölünməsi tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək həmin fərdi yaşayış evinə münasibətdə 1/3 hissəsi Cavabdeh, X1, İddiaçı, torpaq sahəsinə münasibətdə isə 5/12 hissədə Cavabdeh, İddiaçı və 2/12 hissədə X1 paylı mülkiyyətinə verilmiş 0.18 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 186.70 kv.m olan fərdi yaşayış evinin açıq hərracdan satılması və satış pulunun onların aralarında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və qeyd olunan tələblə bağlı iddia ərizəsi məhkəmə tərəfindən qərardad qəbul edilərək icraata da qəbul edilmişdir. Iddia ərizəsi təmin edilərək Lənkəran rayon məhkəməsi tərəfindən artıq yekun məhkəmə qətnaməsi də qəbul edilmişdir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
19. Maddə 13 (İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
20. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
21. Maddə 43 (İ). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
24. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
34. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
37. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmasını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
38. Işə baxmış məhkəmə istinad etdiyi sübutları, həmçinin tərəflər arasında mövcud olmuş əvvəlki mübahisələr üzrə qəbul edilmiş məhkəmə aktlarını prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
39. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli qərarı).
40. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419- cu maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.