Məhkəmə qərarları › İş №2(012)-3001/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3001/2021

18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3001/2021 18.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı «borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işə 18 iyun 2021-ci il tarixdə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 40000 manat məbləğində əsas borcun, 12431,99 manat məbləğində faiz borcunun, cəmi 53431,99 manat borc məbləğinin və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 66,7 kv.m olan bağ evinə yönəldilməsi, ipoteka predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT ASC-nin nümayəndəsi X2 məhkəmədə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 25.02.2020 tarixində iddiaçı və Cavabdeh arasında 3044/20 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik faiz dərəcəsi 30%, güzəşt müddəti 35 ay olmaqla 40000 manat məbləğində pul ayrılmışdır. Müqaviləyə əsasən kreditin əsas məbləği və ona hesablanan faizlər 36 ay müddətində kredit müqaviləsinə 1 saylı əlavədə nəzərdə tutulmuş qrafik üzrə iddiaçıya ödənilməli idi. Kreditin təminatı kimi 25.02.2020 tarixli 3044/20/i saylı ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanında 0.10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 66.7 kv.m olan bağ evi girov qoyulmuşdur. Cavabdehlə müqavilə bağlandıqdan sonra iddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə vaxtında icra edərək müqavilədə nəzərdə tutulmuş məbləği ayırmışdır. Cavabdeh 25.03.2020 tarixindən başlayaraq kredit müqaviləsinin şərtlərini qərəzli şəkildə pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini gecikdirmiş, 22.02.2021 tarixindən ödənişləri tamamilə dayandırmışdır. Cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq öhdəliyini icra etməmiş, bu günə qədər olan borclarını ödəməmişdir. Cavabdehə 06.04.2021 tarixində dövlət poçtu vasitəsi ilə borcun əsas məbləğinin, ona hesablanmış faizlərin və cərimələrin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə bildiriş göndərilmişdir. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 25 fevral 2020-ci il tarixli, 3044/20 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən İddiaçı BOKT ASC Cavabdeh illik 30 % dərəcəsi ilə 36 ay müddətinə 40000 manat məbləğində borc pul vermişdir. İş materiallarında olan 25 fevral 2020-ci il tarixli, 3044/20/İ saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında 25 fevral 2020-ci il tarixli, 3044/20 saylı kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin təminatı üsulu kimi ipoteka müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh məxsus ünvan 1 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 66,7 kv.m olan bağ evi ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri 100000 (yüz min) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 09.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı BOKT ASC-yə 09.04.2021-ci il tarixinə 40000 manat əsas, 12431,99 manat faiz olmaqla, cəmi 52431,99 manat borcu vardır. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin, Cavabdeh 25 fevral 2020-ci il tarixli, 3044/20 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, İddiaçı BOKT ASC-nin Cavabdeh məxsus ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 66,7 kv.m olan bağ evinə tutumanın yönəldilməsi, bu əmlakın hərracda satılması tələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Bundan başqa iş materiallarında olan İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 25 fevral 2020-ci il tarixli, 3044/20/İ saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh məxsus ünvan 1 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 66,7 kv.m olan bağ evi 100000 (yüz min) manat qiymətləndirilmişdir. Həmin qiymət məhkəmədə mübahisə predmeti olmadığından məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiyməti də həmin həddə müəyyən edilməlidir. İddia tələbinin ipoteka predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehdən tutulması hissəsi dəqiq və konkret olmadığından məhkəmə hesab edir ki, iddia tələbi bu hissələrdə rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 25 fevral 2020-ci il tarixli, 3044/20 saylı kredit müqaviləsi üzrə 40000 manat məbləğində əsas borc, 12431,99 manat məbləğində faiz borcu, cəmi 53431,99 manat borc məbləği və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı BOKT ASC-yə ödənilsin. Tutma ipoteka predmeti olan ünvan 1 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 66,7 kv.m olan bağ evinə yönəldilsin. İpoteka predmeti açıq hərracdan satılsın və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti 100000 (yüz min) manat məbləğində müəyyən edilsin. İddia tələbi ipoteka predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehdən tutulması hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar