Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3019/2022 11.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İddiaçı Quliyeva (Cavadzadə) Ayşən Calal qızının və onun nümayəndəsi Nümayəndə2, Cavabdeh və onun nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Quliyeva (Cavadzadə) Ayşən Calal qızının Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Quliyeva (Cavadzadə) Ayşən Calal qızı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus 13 adda qızıl-zinət əşyalarının (toy komplekti - 3700 manat, ər evinin iddiaçıya aldığı qadın nişan üzüyü - 800 manat, qız evinin cavabdehə aldığı kişi nişan üzüyü - 650 manat, “həri” üzüyü - 150 manat, ad gününə alınan açarlı boyunbağı - 350 manat, ad gününə alınan halqa sırğa - 250 manat, anasının iddiaçıya aldığı təkqaş üzük - 250 manat, dayısının toy üçün iddiaçıya hədiyyə aldığı 750 əyarlı qızıl - 300 manat, sırğa (sallanan) - 150 manat, tək ağ qaş sırğa (nənəsinin Rusiyadan aldığı) - 300 manat, bir boyunbağı ortasında üç qaşlı kulon - 200 manat, bibisinin aldığı boyunbağı (rus qızılı) - 300 manat və qız vaxtı ona alınmış bilərzik - 400 manat) qaytarılması və ya onların dəyəri kimi 7800 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, keçmiş əri Cavabdeh ilə rəsmən boşanmışdır. Birgə nikahdan olan bir azyaşlı övladı onunla yaşayır və atası məhkəmə tərəfindən təyin edilmiş alimenti belə ödəmir. Cavabdeh ona məxsus ümumi dəyəri 7800 manat olan qızıl-zinət əşyalarını vermir. Həmin qızıllarla olan toy şəkillərini və həmin qızılların cavabdehdə olduğunu təsdiq edən yazışmalar, həmçinin toy məclisində olan şahidlər hazırlıq iclasında məhkəməyə təqdim olunacaqdır. Həmin qızıl-zinət əşyaları toy komplekti (3700 manat), ər evinin iddiaçıya aldığı qadın nişan üzüyü (800 manat), qız evinin cavabdehə aldığı kişi nişan üzüyü (650 manat), “həri” üzüyü (150 manat), ad gününə alınan açarlı boyunbağı (350 manat), ad gününə alınan halqa sırğa (250 manat), anasının iddiaçıya aldığı təkqaş üzük (250 manat), dayısının toy üçün iddiaçıya hədiyyə aldığı 750 əyarlı qızıl (300 manat), sırğa (sallanan - 150 manat), tək ağ qaş sırğa (nənəsinin Rusiyadan aldığı - 300 manat), bir boyunbağı ortasında üç qaşlı kulon (200 manat), bibisinin aldığı boyunbağı (rus qızılı - 300 manat) və qız vaxtı ona alınmış bilərzikdən (400 manat) ibarət olmaqla, onların ümumi dəyəri cəmi 7800 manat təşkil edir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçı Quliyeva (Cavadzadə) Ayşən Calal qızı, həmçinin onun nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Bununla belə, iddiaçı əlavə etdi ki, hazırda cavabdehin ona verməli olduğu əşyaların dəyəri kimi 1620 manat pulun ödənilməsinə etiraz etmir. Bu dəyər ona ödənilsə, qarşı tərəflə qızıl-zinət əşyaları ilə bağlı heç bir mübahisəsi olmayacaqdır. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi Nümayəndə1 iddianı qismən qəbul etdilər. Həmçinin cavabdeh bildirdi ki, iddiaçının onda cəmi 1620 manatlıq qızıl əşyaları olub. Hazırda əşyaları deyil, onların dəyəri kimi 1620 manat pulu iddiaçıya ödəməyə razıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan fərdi sahibkar X2 İNP 000545 saylı, xx.xx.2021-ci il tarixli girov biletinin kötüyünün surətindən görünür ki, Cavabdeh 1300 manat olaraq qiymətləndirilmiş müxtəlif adda qızıl-zinət əşyalarını lombarda girov qoymuş və kredit götürmüşdür. xx.xx.2021-ci il tarixdə iki adda qızıl-zinət əşyasını girov qoymuş və kredit götürmüşdür. İş materiallarında olan X1 ərizəsindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə Cavabdeh 2100 manat müqabilində italyan qarnituru və 600 manat məbləğində qızıl-zinət əşyalarını satmışdır. İş materiallarında olan tərəflərin ərizələrindən görünür ki, onlar hazırki mübahisənin dəyərinin 1620 manat təşkil etməsini etiraf edirlər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-3745/2021 nömrəli qətnaməsi ilə tərəflər arasında qeydə alınmış nikah pozulmuşdur. İddiaçı valideynləri və qohumları tərəfindən ona verilmiş qızıl-zinət əşyalarının cavabdehdə qaldığını iddia edərək həmin əşyaların cavabdehdən alınaraq ona verilməsi və ya onların dəyərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh etiraf etdi ki, iddiaçının onda yalnız 1620 manatlıq qızıl-zinət əşyası olmuşdur. Hazırda bu əşyalar onda olmadığından onları iddiaçıya verə bilməz, lakin əşyaların dəyəri kimi 1620 manat pulu ona verməyə razıdır. Məhkəmə iclasında Quliyeva (Cavadzadə) Ayşən Calal qızı da bu təkliflə razılaşdı və ona 1620 manat pulun ödəniləcəyi təqdirdə qızıl-zinət əşyaları ilə bağlı heç bir tələbinin olmayacağını bildirdi. Hər iki tərəf bildirdi ki, tələb edilən 6,75 qramlıq qolbağın dəyəri 380 manat, 0,66 qramlıq qızıl kulon 45 manat, 2,56 qramlıq üzük 95 manat, 4,54 qramlıq üzük 600 manat, 3,5 qramlıq bir cüt sırğa 200 manat, 2,98 qramlıq üzük 200 manat, 0,7 qramlıq qızıl kulon isə 100 manat, cəmi 1620 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizədə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1620 manat pul alınaraq Quliyeva (Cavadzadə) Ayşən Calal qızına ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbinin digər hissəsini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 manat pulun yarısı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1620 manat pul və ödənilmiş 25 manat dövlət rüsumunun əvəzi alınaraq Quliyeva (Cavadzadə) Ayşən Calal qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-3019/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3019/2022
11.08.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver