Məhkəmə qərarları › İş №2(012)-3064/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3064/2022

01.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3064/2022 01.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Məmmədova (Süleymanlı) Aytac Əfqan qızının və onun nümayəndəsi-vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Məmmədova (Süleymanlı) Aytac Əfqan qızının Cavabdeh qarşı qızıl-zinət və cehiz əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinət və cehiz əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1-də yerləşən iddiaçıya məxsus qızıl-zinət və cehiz əşyaları: 5000 manat dəyərində olan ağ qızıl-32 qram, 750 prob dəsti (boyunbağı, qolbaq, sırğa, üzük), 1000 manat dəyərində olan nişan üzüyü-ağ qızıl, 750 prob, 500 manat dəyərində olan sırğa-sarı qızıl, 585 prob, 400 manat dəyərində olan qolbaq, 550 manat dəyərində olan nazik boyunbağı (cəmi: 7450 manat), 3000 manat dəyərində olan yataq dəsti, 700 manat dəyərində olan televizor, 150 manat dəyərində olan çilçıraq, 700 manat dəyərində olan 02 ədəd palaz, 400 manat dəyərində olan 01 ədəd döşək, 02 ədəd yorğan, 04 ədəd yastıq; 500 manat dəyərində olan 04 ədəd yataq örtüyü, 200 manat dəyərində olan 04 ədəd əl-üz dəsmalı, 400 manat dəyərində olan 08 ədəd pastel dəsti, 200 manat dəyərində olan pərdə, 75 manat dəyərində olan ütü stolu, 15 manat dəyərində olan zibil qabı, 12 manat dəyərində olan paltar səbəti, 27 manat dəyərində olan döşəməsilən, 50 manat dəyərində olan gecə lampası (cəmi 6429 manat), 600 manat dəyərində olan 04 ədəd palto, 2000 manat dəyərində olan şuba, 150 manat dəyərində olan 03 ədəd kurtka, 300 manat dəyərində olan 11 ədəd şalvar, 200 manat dəyərində olan 20 ədəd kofta, 400 manat dəyərində olan 12 ədəd libas (don), 700 manat dəyərində olan 08 ədəd kostyum, 500 manat dəyərində olan 14 ədəd ayaqqabı, 75 manat dəyərində olan 01 ədəd hamam xalatı, 400 manat dəyərində olan 09 ədəd ev üçün geyim dəstləri, 30 manat dəyərində olan 03 ədəd ev üçün tərlik, 300 manat dəyərində olan kosmetika ləvazimatları, 300 manat dəyərində olan 06 ədəd müxtəlif növ ətirlər, 200 manat dəyərində olan 04 ədəd saat (cəmi: 6155 manat) əşyalarının ona geri qaytarılması, əşyaları aşkar edilməzsə, onların ümumi dəyəri olan 20034 manat pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi-vəkili Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə, “X14 Mərkəzi” MMC-nin hesabına "xxxx" ASC vasitəsilə iddiaçı tərəfindən ödənilmiş 250 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, onunla Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Sumqayıt “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 638 saylı nikah qeydə alınmış və birgə nikahlarından uşaqları olmamışdır. Cavabdehlə hazırda, ayrı ünvanlarda yaşayırlar. Xarakterləri uyğun gəlmədiyi və anlaşa bilmədikləri üçün ayrılmışlar. Belə ki, nikahı formal xarakter daşıdığı üçün o, nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli 2(012)-2488/2022 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. O, cavabdeh ilə ailə həyatı quran zaman Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən 1 saylı evə gəlin köçmüş və bütün cehiz əmlakları da həmin evə yerləşdirilmişdir. O, cavabdeh və onun ailəsi tərəfindən həmin evdən qovulub çıxarılmış və evdən çıxarılan zaman özü ilə heç bir dəyərli əşyasını götürə bilməmişdir. Həm qızıl-zinət, həm də cehiz əmlakları cavabdehin evində qalmışdır. O, hazırda valideynləri ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən valideynlərinə məxsus fərdi yaşayış evində yaşayır. Ona məxsus qızıl-zinət və cehiz əmlaklarının ümumi dəyəri 20034 manat təşkil edir. Bu günə kimi həmin qızıl-zinət və cehiz əmlaklarının qaytarılması üçün cavabdehə dəfələrlə məlumat versə də, cavabdeh həmin əşyaları qaytarmaqdan imtina etmişdir. Ona toyunda taxılmış qızıl-zinət əşyaları da hədiyyə kimi onun ailəsi tərəfindən alınmışdır. Bu səbəbdən də hesab edir ki, cehiz əşyalarının qaytarılmasını tələb etmək hüququ vardır. Həmin əşyalar onun tərəfindən könüllü olaraq gəlin köçdüyü evdə yerləşdirilsə də, ailə münasibətlərinin pozulmasından sonra əşyaların cavabdehdə qalması qanunsuzdur və həmin əşyalar ona qaytarılmalıdır. Eyni zamanda, qeyd edir ki, mülki iş üzrə məhkəməyə daxil olmuş “X14 Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli 012-083/2022 saylı rəyi ilə razıdır. Bununla yanaşı, qeyd edir ki, 2021-ci ilin yanvar ayının 4-dən 5-nə keçən gecə o, qardaşına zəng edərək onu gəlib evdən götürməsini xahiş etmişdir. Qızıl-zinət əşyaları həmin vaxt onun otağında idi. O, evi tərk edərkən boşanmaq fikri ilə evdən çıxmamışdır. Lakin həmin tarixdə evi tərk edəndən sonra bir daha həmin evə qayıtmamışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia ərizəsini müdafiə edərək iddiaçının izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı iddia ərizəsində tələb etdiyi qızıl-zinət əşyaları və bir qisim əşyalar ilə razı deyildir. Belə ki, toy zamanı iddiaçıya onun anası, xalası və bacısı tərəfindən heç bir qızıl əşyaları taxılmamışdır. Həmçinin, şuba və palto tələb olunsa da, elə bir əşyaları olmamışdır. Bu səbəbdən də, mülki iş üzrə məhkəməyə daxil olmuş “X14 Mərkəzi” MMCnin xx.xx.2022-ci il tarixli 012-083/2022 saylı rəyi ilə razı deyildir. İddiaçı tərəfindən cehiz əşyaları gətirilmiş və icra məmurunun iştirakı ilə mənzilə baxış keçirilərək əşyaların siyahısı alınmış və akt tərtib edilmişdir. Bu səbəbdən də yekun məhkəmə aktının çıxarılmaqla həmin cehiz əşyalarının onun evindən çıxarılmasını istəyir. Həmçinin, qeyd edir ki, ekspert rəyi ilə razı olmamasının səbəbi odur ki, ekspertin təqdim edilmiş şəkillər əsasında hesablamalar aparması real deyildir. İddiaçı tərəfindən geyim əşyalarınınməsələn, palto, şubanın olmasına dair hər hansı bir sübut təqdim olunmamışdır. Bu səbəbdən də həmin qiymətlər ilə razı deyildir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1 maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, İddiaçı qardaşıdır. 2021-ci ilin təxminən yanvar ayının 4-də bacısı ona zəng etmiş və o, bacısının yaşadığı evə gedərək bacısını evdən götürmüş və evlərinə gətirmişdir. Bacısı evdə hadisəni ona izah etmişdir. Bacısı evi tərk edən zaman özü ilə heç nə götürməmiş, ev paltarı ilə evdən çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, İddiaçı onun yoldaşının bacısıdır. 2021-ci ilin yanvar ayının 4-ü saat 02:00 radələrində qaynı İddiaçı evə gətirmişdir. Sual verdikdə İddiaçı yoldaşının onu evdən qovduğunu bildirmişdir. İddiaçı evə gələn zaman özü ilə heç nə gətirməmiş, yalnız ev paltarında idi. Həmin vaxtdan sonra İddiaçı bir daha yaşadığı evə geri dönməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, İddiaçı bacısıdır. Bacısı Cavabdeh ilə 2021-ci ilin may ayında nikaha daxil olmuşdur. Zaman-zaman aralarında söz-söhbətlər olurdu. 2021-ci ilin yanvar ayının 4-də təminən saat 02:00 radələrində qardaşı İddiaçı evə gətirmişdir. Nikaha daxil olan zaman bacısı İddiaçı tərəfindən istifadə olunmuş qızıl-zinət əşyaları onların özü tərəfindən alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, Cavabdeh xalası qızıdır. Xalası oğlu İddiaçı ilə 2021-ci ilin may ayında nikaha daxil olmuşdur. Artıq 1 ilə yaxın müddətdir ki, İddiaçı ilə əlaqələri mövcud deyildir. Lakin əvvəl tez-tez onların evinə gedirdi. Evlərində şuba və qızıl əşyaları görməmişdir. İddiaçı fotosessiyada olan şəklindəki əlində olan üzüyünü isə o, almışdır ki, iddiaçının üzərində qızıl əşyası olsun. İddiaçı həmin evə qızıl əşyası gətirməmişdir. Tərəflərin toy mərasimi olmamış, lakin yığıncaqları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, Cavabdeh bibisidir. Cavabdeh İddiaçı ilə nikaha daxil olan zaman toy mərasimi olmamış, yığıncaq keçirmişlər. O, cavabdehin evində 4-5 dəfə olmuş və gəlinin üzərində qızıl-zinət əşyaları görməmişdir. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Sumqayıt Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ № 432315 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 638 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. -Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-2488/2022 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Sumqayıt Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış xx.xx.2021-ci il tarixli 638 nömrəsi ilə qeyd edilmiş nikah pozulmuşdur. -Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmurları X3, X1, tələbkar İddiaçı, borclu Cavabdeh, hal şahidləri X6 və X4 iştirakları ilə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Abşeron rayon Məhkəməsinin MTT(012)- 109/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı əmlakların yerləşdiyi ünvana baxış keçirilmiş, icra sənədində göstərilən əşyalardan qızıl-zinət əşyaları, 1 ədəd şuba, 1 ədəd palaz və 3 ədəd palto aşkar edilməmiş, qalan əşyalar isə aşkar edilmiş, həmin əşyaların özgəninkiləşdirilməsi borcluya qadağan edilmişdir. -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 10 (on) ədəd fotoşəkildən görünür ki, həmin şəkillərdə iddiaçı iddia tələbində tələb etdiyi qızıl-zinət əşyalarından istifadə etmişdir. -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 1 (bir) ədəd videodiskdən görünür ki, tərəflərin keçirilmiş nişan mərasimində iddiaçıya qızıl-zinət əşyaları hədiyyə olunaraq taxılmışdır. Mülki Prosessual Məcəllənin: 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -“X14 Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli 012-083/2022 saylı rəyindən görünür ki, qiymətləndirməyə təqdim edilmiş qiymətləndirmə obyektinin dəyərini müəyyən etmək üçün müqayisə yanaşmasından istifadə etməklə yerinə yetirilən hesablamalar və təhlillər nəticəsində uyğun müqayisə vahidləri müəyyən edilmiş, vacib müqayisə elementləri seçilmiş, həmçinin, müqayisə elementləri üzrə vahidin dəyəri korrektə edilmiş və nəticədə, qiymətləndirmə obyektinin yekun bazar dəyəri hesablanmışdır. Qərardadda göstərilən qızıl-zinət əşyalarından 1 ədəd 8 qram 585 əyarlı qolbaqla bağlı fotoşəkil və ya təsvir edən heç bir məlumat təqdim edilmədiyindən qiymətləndirilməsi mümkün olmamışdır. Bütün göstərilənləri nəzərə alaraq, aparılan təhlil və hesablamalar nəticəsində, 1 ədəd brilyant qaşlı 32 qram olan 750 əyarlı Qarnitur (Dəst-boyunbağı, qolbaq, sırğa və üzük), 1 ədəd 6.5 qram 750 əyarlı brilliant qaşlı nişan üzüyü, 1 ədəd 8 qram 585 əyarlı sırğa və 1 ədəd 10 qram 585 əyarlı boyunbağı və klon olan qızıl-zinət əşyalarının qiymətləndirmə tarixinə olan ümumi dəyəri 7908 manat müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, 1 ədəd brilyant qaşlı 32 qram olan 750 əyarlı Qarnitur (Dəst-boyunbağı, qolbaq, sırğa və üzük) dəyəri 4960 manat, 1 ədəd 6.5 qram 750 əyarlı briliant qaşlı nişan üzüyü dəyəri 1448 manat, 1 ədəd 8 qram 585 əyarlı sırğa dəyəri 680 manat və 1 ədəd 10 qram 585 əyarlı boyunbağı və klon dəyəri 820 manat müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, aparılmış tədqiqatın dəyəri olan 250 manat xidmət haqqı İddiaçı tərəfindən “X14 Mərkəzi” MMC-nin hesabına ödənilmişdir. -"xxxx" ASC-nin ödəniş qəbzindən görünür ki, ekspertiza xərci olaraq xx.xx.2022-ci il tarixdə 250 manat ödəniş edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, X2 rayonu Ələsgərli ərazi dairəsi Bayandur kəndində, Cavabdeh isə Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh xx.xx.2021-ci il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahlarından uşaqları olmamışdır. Tərəflər nikaha daxil olduqdan sonra iddiaçı Cavabdeh məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ünvanında yerləşən 1 saylı fərdi yaşayış evinə gəlin köçmüş və özünə məxsus olan cehiz əmlaklarını, hədiyyə qismində verilmiş qızıl-zinət əşyalarını həmin mənzilə gətirmişdir. Tərəflərin xarakterləri uyğun gəlmədiyindən Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-2488/2022 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. Məhkəmə aktı çıxarılana qədər 2021-ci ilin yanvar ayında iddiaçı mənzili tərk etmiş və həmin mənzildə ona məxsus olan qızıl-zinət və cehiz əşyalarının cavabdeh tərəfindən ona qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1. maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Qanunun tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, hazırki iddia tələbində iddiaçı nikaha daxil olanadək ona hədiyyə şəklində verilmiş və ümumi dəyəri 7450 manat olduğunu iddia etdiyi qızıl-zinət əşyalarının, həmçinin, cehiz əşyalarının cavabdehdən alınaraq ona verilməsini tələb etmişdir. Qanunun tələblərindən də göründüyü kimi, məhkəmə həmin əşyalara iddiaçının özünə məxsus olan əmlakı kimi qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 222.1. maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 9.2. bəndinə əsasən, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Mülki Prosessual qanunvericiliyin, eyni zamanda, Plenum qərarının hüquqi mövqeyinə istinad edərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki iş üzrə çıxarılan məhkəmə aktının yekun nəticə hissəsində cavabdehdən alınmalı olan əmlak barəsində zəruri rekvizitlər (adı, miqdarı və sair) dəqiq şəkildə qeyd olunmalıdır. Hazırki işin mahiyyətindən də göründüyü kimi, iddiaçı 5000 manat dəyərində olan ağ qızıl-32 qram, 750 prob dəsti (boyunbağı, qolbaq, sırğa, üzük), 1000 manat dəyərində olan nişan üzüyü-ağ qızıl, 750 prob, 500 manat dəyərində olan sırğa-sarı qızıl, 585 prob, 400 manat dəyərində olan qolbaq, 550 manat dəyərində olan nazik boyunbağı əşyasının qaytarılmasını və ya cəmi dəyəri olaraq 7450 manat pul vəsaitinin tutulmasını tələb etmişdir. Məhkəmə eyni zamanda, qeyd edir ki, iddiaçının qaytarılmasını tələb etdiyi qzılzinət əşyalarının bazar dəyərinin müəyyən edilməsi üçün mütəxəssis rəyinin təqdim olunması zərurət təşkil etdiyindən mülki iş üzrə məhkəməyə daxil olmuş “X14 Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli 012-083/2022 saylı rəyi əsasında, qızıl-zinət əşyalarının qiymətləndirmə tarixinə olan ümumi dəyəri 7908 manat müəyyən edilmişdir. Məhkəmə Qiymətləndirmə Mərkəzi MMC-nin rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, əsas sübut növü kimi qiymətləndirib nəzərə alır. Lakin məhkəmə irəli sürülmüş tələblər əsasında iddia tələbinə mahiyyəti üzrə baxıb yekun məhkəmə aktı çıxarmalı olduğundan iddiaçının tələb etdiyi qızıl-zinət əşyaları olmadığı təqdirdə, həmin əşyaların dəyəri olaraq 7450 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Beləliklə, məhkəmə araşdırması zamanı tərəflərin izahatları, şahid ifadələri və tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçının iddia ərizəsində tələb etdiyi qızıl-zinət əşyaları onun ailəsi tərəfindən nikaha daxil olan zaman hədiyyə şəklində verilmiş və bu, iddiaçının izahatı, iddiaçı tərəfindən şahid qismində məhkəmədə dindirilmiş şahid ifadəsi əsasında öz təsdiqini tapmışdır. Bununla da, iddiaçının həmin qızıl-zinət əşyalarını da nikaha daxil olduqdan sonra gəlin köçdüyü fərdi yaşayış evinə aparması istisna deyildir. Həmçinin, iddiaçının münaqişə zamanı emosional vəziyyətdə evi tərk etməsi iddiaçının özünə məxsus əşyalarını, ələlxüsus da, qızıl-zinət əşyalarını götürməsini mümkünsüz edir. Beləliklə, iddiaçının hər hansı bir əşya götürmədən evi həmişəlik tərk etmək niyyəti olmadan yalnız ev paltarında yaşadığı evdən çıxması iddiaçının izahatı və şahid ifadələri ilə təsdiq olunmuşdur. Qeyd olunan hal iddiaçının ona məxsus olan qızıl-zinət əşyalarının nikaha daxil olan zaman gəlin köçdüyü fərdi yaşayış evində olmasını təsdiq etmiş olur. Beləliklə də, iddiaçının Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə ünvanında yerləşən 1 saylı fərdi yaşayış evini həmin əşyaları aparmadan könüllü şəkildə tərk etməsi, iddiaçıya məxsus olan qızıl-zinət əşyalarının həqiqətən də cavabdehə məxsus olan mənzildə olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia ərizəsi qızıl-zinət əşyalarının tutulması hissəsində əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iddiaçının iddia tələbinə cehiz əşyalarının qaytarılması hissəsinə isə hüquqi qiymət verərək qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının qaytarılmasını tələb etdiyi cehiz əşyalarından 1 ədəd şubanın olmaması mülki iş üzrə tərtib olunmuş akt, şahid ifadələri əsasında öz təsdiqini tapdığından və iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia tələbləri bu hissədə əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləliklə, məhkəmə qanunun tələblərinə istinad edərək qeyd edir ki, iddiaçının iddia tələbində geri qaytarılmasını tələb etdiyi cehiz əşyalarının cavabdehə məxsus olan fərdi yaşayış evindən çıxarılmasına cavabdeh tərəfindən etiraz edilməyərək bu barədə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Bununla da, məhkəmə cavabdehin iddia tələbinin həmin hissədə izahatını etiraf kimi qəbul edib həmin etirafı qanuni və əsaslı, başqa şəxslərin hüquqlarının və qanunla qorunan mənafeyinə zidd olmayan hesab edərək iddia tələbini 1 ədəd şuba geyim əşyası çıxılmaqla əsaslı və qanuni hesab etmişdir. Məhkəmə həmçinin, iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı iddia tələbində ümumi dəyəri 600 manat olan 4 ədəd palto geyiminin də cavabdehdən ona qaytarılmasını xahiş etmiş, lakin iddia tələbi həmin hissədə cavabdeh tərəfindən təkzib edilərək inkar edilmişdir. İddia tələbinin əsasını təşkil edən halları və faktları sübuta yetirmək vəzifəsi iddiaçıya məxsus olduğundan, iddiaçı iddia tələbini həmin hissədə sübuta yetirə bilmədiyindən məhkəmə işin faktiki hallarını və məhkəmə aktı qəbul edərkən daxili inamını rəhbər tutaraq nikaha daxil olan zaman iddiaçının qış mövsümü ilə əlaqədar ən azı bir ədəd geyim əşyasını, yəni, paltonu gətirməsini istisna etmədiyindən iddiaçının tələb etdiyi 600 manatlıq 4 ədəd palto əşyasının geri qaytarılması hissəsində iddia tələbini qismən təmin edərək orta hesabla 200 manat dəyərində olan 1 ədəd palto əşyasının cavabdehdən iddiaçının xeyrinə qaytarılması qənaətinə gəlir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh iddiaçının iddia tələbində tələb etdiyi 1 ədəd şuba və 3 ədəd palto geyim əşyası istisna olmaqla, qalan bütün əşyalar alınaraq iddiaçıya geri qaytarılmalı, həmin əşyalar olmadığı təqdirdə isə onların ümumi dəyəri tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 150 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməli, daşınar əşyaların qiymətləndirilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 250 manat ödəniş məbləği isə iddiaçı tərəfindən tələb edildiyindən cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 1-də yerləşən iddiaçıya məxsus qızıl-zinət və cehiz əşyaları: 5000 manat dəyərində olan ağ qızıl-32 qram, 750 prob dəsti (boyunbağı, qolbaq, sırğa, üzük), 1000 manat dəyərində olan nişan üzüyü-ağ qızıl, 750 prob, 500 manat dəyərində olan sırğa-sarı qızıl, 585 prob, 400 manat dəyərində olan qolbaq, 550 manat dəyərində olan nazik boyunbağı (cəmi: 7450 manat), 3000 manat dəyərində olan yataq dəsti, 700 manat dəyərində olan televizor, 150 manat dəyərində olan çilçıraq, 700 manat dəyərində olan 02 ədəd palaz, 400 manat dəyərində olan 01 ədəd döşək, 02 ədəd yorğan, 04 ədəd yastıq; 500 manat dəyərində olan 04 ədəd yataq örtüyü, 200 manat dəyərində olan 04 ədəd əl-üz dəsmalı, 400 manat dəyərində olan 08 ədəd pastel dəsti, 200 manat dəyərində olan pərdə, 75 manat dəyərində olan ütü stolu, 15 manat dəyərində olan zibil qabı, 12 manat dəyərində olan paltar səbəti, 27 manat dəyərində olan döşəməsilən, 50 manat dəyərində olan gecə lampası (cəmi 6429 manat), 200 manat dəyərində olan 04 ədəd palto, 150 manat dəyərində olan 03 ədəd kurtka, 300 manat dəyərində olan 11 ədəd şalvar, 200 manat dəyərində olan 20 ədəd kofta, 400 manat dəyərində olan 12 ədəd libas (don), 700 manat dəyərində olan 08 ədəd kostyum, 500 manat dəyərində olan 14 ədəd ayaqqabı, 75 manat dəyərində olan 01 ədəd hamam xalatı, 400 manat dəyərində olan 09 ədəd ev üçün geyim dəstləri, 30 manat dəyərində olan 03 ədəd ev üçün tərlik, 300 manat dəyərində olan kosmetika ləvazimatları, 300 manat dəyərində olan 06 ədəd müxtəlif növ ətirlər, 200 manat dəyərində olan 04 ədəd saat (cəmi: 3755 manat), həmin əşyalar aşkar edilmədikdə isə onların dəyəri olaraq cəmi 17634 (on yeddi min altı yüz otuz dörd) manat pul vəsaiti alınaraq iddiaçı Məmmədova (Süleymanlı) Aytac Əfqan qızına qaytarılsın. Cavabdeh daşınar əşyaların qiymətləndirilməsinə görə ödənilmiş 250 (iki yüz əlli) manat pul vəsaiti alınaraq iddiaçı Məmmədova (Süleymanlı) Aytac Əfqan qızına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar