Məhkəmə qərarları › İş №2(012)-307/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-307/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-307/2021 17.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İlkin iddia üzrə İddiaçı QSC BOKT-nin nümayəndəsi X1 və Cavabdeh vəkili-nümayəndəsi Yolçiyev Mübariz Xalid oğlunun iştirakları ilə, İlkin iddia üzrə İddiaçı QSC BOKT-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı QSC BOKT-a qarşı müqavilənin xitam olunması və şəhadətnamənin ləğvi tələbinə dair mülki işə 17 may 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı QSC BOKT Cavabdeh qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 4923,71 manat, faiz borcu üzrə 893,93 manat, cəmi 5817,64 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC BOKT-un xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-EC-*** dqn-lı, “VAZ 21905 minik” markalı minik (buraxılış ili 2012-ci il, Ban-XTA219050DO115641, rəngli-Ağ) avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin banka ödənilməsi, həmin vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, vəsait kifayət etmədikdə isə əksik qalan borc məbləğinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X3 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-2032 saylı, 26.01.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxx” ASC-nin Abşeron filialı ilə (bundan sonra Bank) Cavabdeh (bundan sonra “Bordan”) arasında 27.03.2013-cü il tarixli, 270/313 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 19 % tətbiq edilməklə, 36 ay müddətinə 9100 ( doqquz min yüz ) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-EC-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21905 MİNİK” markalı minik avtomobili (buraxılış ili 2012-ci il, Ban - XTA219050DƏ115641, rəngi - Ağ) 27.03.2013-cü il tarixdə, İ-270/313 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X2 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 27.03.2013-cü il tarixli, AA seriyalı, 079205 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 4923,71 (dörd min doqquz yüz iyirmi üç manat,71 qəpik) manat, faiz borcu 893,93 (səkkiz yüz doxsan üç manat,93 qəpik) manat, cəmi 5817,64 (beş min səkkiz yüz on yeddi manat, 64 qəpik) manat məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı QSC BOKT-a qarşı müqavilənin xitam olunması və şəhadətnamənin ləğvi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin Abşeron filialı ilə Cavabdeh arasında 27.03.2013-cü il tarixində bağlanmış 270/313 saylı Kredit Müqaviləsinin təminatı kimi qoyulan, Cavabdeh mülkiyyətində olan **-EC-*** dövlət qeydiyyat nişanlı, “VAZ, 21905 MİNİK” markalı minik avtomobilin (buraxılış ili 2012-ci il, Ban - XTA219050D0115641, rəngi - Ağ) “xxxx” ASC-nin Abşeron filialı ipoteka ilə yüklü edilməsinə dair 27.03.2013-cü il tarixdə, 270/313 saylı ipoteka müqaviləsinə xitam verilməsi və həmin avtomobilin ipotekadan (girovdan) azad edilməsi, 27.03.2013-cü il tarixdə, 270/313 saylı ipoteka müqaviləsi əsasında Cavabdeh mülkiyyətində olan **-EC-*** dövlət qeydiyyat nişanlı, “VAZ, 21905 MİNİK” markalı minik avtomobilin (buraxılış ili 2012-ci il, Ban - XTA219050DƏ115641, rəngi - Ağ) qeydiyyat şəhadətnaməsində ipoteka (girova) dair) aparılan qeydin silinməsi, 27.03.2013-cü il tarixli, AA seriyalı, 079205 №-li “İpoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC 27.03.2013-cü il tarixli 270/313 Kredit Müqaviləsi əsasında 28.03.2016-cı il tarixindən başlayaraq 3 il müddətində Cavabdeh qarşı həmin müqavilədən irəli gələn öhdəliklərin icrası üçün tələb irəli sürə bilər. Mülki Məcəllənin tələblərinə görə, müqavilə üzrə öhdəliklərin icra olunmalı tarixdən 3 ilin keçməsi ilə iddia müddəti ötürülmüş öhdəlik hesab olunur. iddiaçı tərəf cavabdehə qarşı bu tələbini 07.07.2020-ci il tarixində, yəni 4 il 3 ay sonra məhkəmədə iddia qaldıraraq irəli sürmüşdür. Bu səbəblə də, ipotekaya qoyulmuş avtomobilin ipotekadan azad edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmır və 27.03.2013-cü il tarixli, AA seriyalı, 079205 №-li “ipoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. Bu səbəbdən də hazırda qarşılıqlı iddiaçı qarşılıqlı iddia tələbi ilə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə prosesində iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi X1 da iddianı müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə prosesində iştirak edən ilkin iddia üzrə Cavabdeh ilkin iddianı qəbul etmədiyini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin materiallarında olan 27.03.2013-cü il tarixli 270/313 saylı kredit müqaviləsinə əsasən Cavabdeh “xxxx” ASC-nin Abşeron filialından illik 19 faizlə 36 ay müddətinə 9100 manat məbləğində kredit götürmüşdür. Mülki işin materiallarında olan 27.03.2013-cü il tarixli İ-270/313 saylı ipoteka müqaviləsinə əsasən kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **- EC-*** dövlət qeydiyyat nişanlı, “VAZ, 21905 MİNİK” markalı minik avtomobil (buraxılış ili 2012-ci il, Ban - XTA219050DƏ115641, rəngi - Ağ) ipoteka ilə yüklü edilmişdir. Mülki işin materiallarında olan 21.09.2016-cı il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh İddiaçı QSC BOKT-a olan borcu əsas borc üzrə 4923,71 manat, faiz borcu üzrə 893,93 manat, cəmi 5817,64 manat təşkil edir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında imzalanan 27.03.2013-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə illik 19 % tətbiq edilməklə, 36 ay müddətinə, yəni sonuncu ödəniş tarixi 27.03.2016-cı il olmaqla yəni 3 il müddətinə 9100 manat məbləğində kredit verilmişdir. Bu müqavilə üzrə cavabdeh sonuncu ödənişi 11.09.2015-ci ildə edib. İddiaçı tərəf həmin kredit müqaviləsi əsasında 28.03.2016-cı ildən başlayaraq 3 il ərzində Cavabdeh qarşı həmin müqavilədən irəli gələn öhdəliklərin icra olunması üçün tələb irəli sürə bilər. İddiaçı tərəf cavabdehə qarşı bu tələbini 07.07.2020-ci il tarixdə, yəni 4 il 3 ay sonra məhkəmədə iddia qaldıraraq irəli sürmüşdür. Belə olan halda da iddiaçı iddia müddətini ötürmüşdür. Cavabdeh isə iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd edilənlərdən göründüyü kimi ilkin iddia tələbi müddət ötürülməklə verildiyindən iddianın təminindən imtina olunmalıdır. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, “İpoteka haqqında Qanunun 48.1.maddəsinə görə ipotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. Qeyd edilən qanun normasından göründüyü kimi ipotakaya xitam verilməsinin əsaslarını qanunvericilik müəyyən etmişdir.Hazırkı halda isə həmin əsaslardan heç biri mövcud olmadığından qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı QSC BOKT-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbinin təminindən imtina olunmalı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı QSC BOKT-a qarşı müqavilənin xitam olunması və şəhadətnamənin ləğvi barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İlkin iddia üzrə İddiaçı QSC BOKT-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbinin təminindən imtina olunsun. Cavabdeh İddiaçı QSC BOKT-a qarşı müqavilənin xitam olunması və şəhadətnamənin ləğvi barədə qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar