Məhkəmə qərarları › İş №2(012)-3082/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3082/2024

22.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3082/2024 22.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, MŞB/18-00183 saylı barışıq sazişinin aliment hissəsinin məhkəmə qaydasında təsdiq edilməsi və mediasiya xərci kimi 100 manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi və Maraqlı şəxs 26 oktyabr 2015-ci ildə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə nikahlarından 02 mart 2017-ci ildə doğulmuş X5 və 20 aprel 2020-ci ildə doğulmuş X4 adlı iki uşaqları var. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan müəyyən problemlər üzə çıxmış və münasibətləri kəskin şəkildə pisləşmişdir. Bu səbəbdən də aralarında baş verən münaqişələr nəticəsində artıq münasibətləri pozulduğundan birgə yaşamaları qeyri-mümkün olmuşdur. Nikah artıq məhkəmə qaydasında pozulmuşdur. Birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün alimentin tutulması məsələsi ilə bağlı onlar 18 saylı Mediasiya Təşkilatına müraciət etmişlər və orada aralarında xx.xx.2022-ci il tarixdə MŞB/18-00183 saylı barışıq sazişi imzlanmışdır. Lakin cavabdeh bu razılaşmaya 2024-cü ilin aprel ayından əməl etmir. Həmin sazişin 8-ci maddəsinə görə əgər tərəflərdən biri bu sazişə 10 gün ərzində əməl etməsə, qarşı tərəf sazişin əməl edilməsi üçün məhkəməyə müraciət edə bilər. Tərəflər alimentin məbləği və onun hansı qaydada tutulması ilə bağlı mediasiya prosesində razılaşmış və müqavilə bağlamışlar. Lakin Maraqlı şəxs bu sazişlə üzərinə götürdüyü aliment öhdəliklərini orada göstərilən qaydada və vaxtda yerinə yetirməmişdir. Bu səbəbdən də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmçinin tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi qanuna zidd deyildir və digər şəxslərin hüquqlarını pozmur. Belə olan halda, həmin barışıq sazişi ərizədə göstərilən hissədə məhkəmə qaydasında təsdiq edilməlidir. Göstərilənlərə əsasən tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, MŞB/18-00183 saylı barışıq sazişinin aliment hissəsinin məhkəmə qaydasında təsdiq edilməsi və mediasiya xərci kimi 100 manat pulun Ərizəçi ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib izahatında bildirdi ki, Maraqlı şəxs hazırda aliment ödəmir, uşağı gəlib görmür və onun tələbatının ödənilməsində hər hansı bir şəkildə iştirak etmir. Ümumiyyətlə maraqlı şəxs bir ata olaraq hər hansısa bir vəzifəsini yerinə yetirmir. Verilmiş suallara cavabında qeyd edir ki, maraqlı şəxs 3 (üç) aydır ki, aliment ödəmir. Belə ki, maraqlı şəxs 2 (iki) ay ümumiyyətlə aliment ödəməmiş, 1 (bir) ay isə 100 manat kəsirlə aliment öhdəliyini yerinə yetirmişdir .Aliment öhdəliyi yerinə yetirilmədiyindən barışıq sazişini həmin hissədə təsdiq edilməsini və icraya yönəldilməsini istəyir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında bildirdi ki, Ərizəçi ilə ayrılanda aralarında barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinin bütün bəndləri tərəfindən icra edilmişdir. Mübahisə ilə bağlı qeyd edir ki, 2 (iki) ay bundan əvvəl 450 manat aliment ödəmişdir. Son 2(iki) ayda isə müəyyən səbəblərə görə aliment ödəyə bilməmişdir. Belə ki, bankda kredit borcu olduğuna görə onun əmək haqqının 50%-i həmin borcun ödənilməsi üçün tutulmuşdur. Əmək haqqından qalan 300 manat hissəni isə banka olan digər borcunun ödənilməsinə yönəltmişdir. Növbəti ay əmək haqqından və qohumlardan alacağı dəstəklə yaranmış aliment borcunu ödəməyi planlaşdırır. Eyni zamanda tutulacaq aliment məbləğinin icraya yönəldilməsinə və icradan da onun əmək haqqından tutulmasını istəyir, buna etiraz etmir. Verilmiş suallara cavabında qeyd edir ki, ərizəçi ilə aralarında bağlanılmış barışıq sazişinin şərtləri ilə razıdır. Keçən il 2 (uşağa) görə 440 manat, bu ilə isə 470 manat aliment məbləği ödəməyə başlamışdır. "xxxx" ASC tərəfindən 2 (iki) ay bundan əvvəl əmək haqqının 50%-i tutulduğundan aylıq aliment məbləğini ödəyə bilməmişdir. O, 960 manat əmək haqqı alır. O, 1 (bir) ay kəsirlə aliment ödədiyini qəbul edir. Lakin 2 (iki) ay deyil, 1 (bir) aydır ki, aliment ödəmir. Belə ki, ikinci ayın aliment məbləğinin ödənilməsinə müddət qalmışdır. Ərizəçi aralarında bağlanmış barışıq sazişinin tələbinə əsasən müraciətində haqlıdır. Göstərilənlərə əsasən ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə tərəfləri dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı 18 saylı Mediasiya Təşkilatında təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/18-00183 saylı barışıq sazişindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi aralarında Maraqlı şəxs bu saziş imzalandığı gündən başlayaraq uşaqların saxlanılması üçün 2023-cü ilin yanvar ayından başlamaqla, hər ayın 1-dən 10-a qədər uşaqlar 18 yaşına çatanadək hər uşaq üçün hər ay 220 manat olmaqla, cəmi 440 manat məbləğində aliment verməyi öhdəsinə götürməsi, alimentin məbləğinin uşaqlar üçün dövlət tərəfindən qəbul edilmiş yaşayış minimumuna uyğun artırılacağı ilə bağlı razılığa gəlmişlər. Saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Saziş imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmələr xüsusi icraat qaydasında baxırlar. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. İşdən görünür ki, tərəflər birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün alimentin məbləğinin tutulması barədə mediasiya prosesində razılaşmış və barışıq sazişi bağlamışlar. Lakin Maraqlı şəxs bu sazişlə üzərinə götürdüyü öhdəlikləri sazişdə göstərilən qaydada yerinə yetirmədiyindən Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi qanuna zidd deyildir və digər şəxslərin hüquqlarını pozmur. Belə olan halda məhkəmə hesab edir ki, həmin barışıq sazişi məhkəmə qaydasında təsdiq edilməlidir. Belə ki, MPM-nin 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmçinin Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşaqların valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Ərizənin “mediasiya xərci kimi 100 manat pulun Ərizəçi ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən ilkin və tam mediasiya xərxcini Ərizəçi ödəməli olduğundan ərizə bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “2-ci tərəf bu saziş imzalandığı gündən başlayaraq uşaqların saxlanılması üçün 2023-cü ilin yanvar ayından başlamaqla, hər ayın 1-dən 10-a qədər uşaqlar 18 yaşına çatanadək hər uşaq üçün hər ay 220 manat olmaqla, cəmi 440 manat məbləğində aliment verməyi öhdəsinə götürür. Tərəflər qəbul edirlər ki, alimentin məbləği uşaqlar üçün dövlət tərəfindən qəbul edilmiş yaşayış minimumuna uyğun artırılacaq”. Ərizə digər hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar