Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3155/2021 23.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Habil Yunis oğlu Əhmədov Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 14.12.1962-ci il təvəllüdlü X1 ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş Məmmədli həkim məntəqəsi tərəfindən verilmiş 13.04.2021-ci il tarixli 4 saylı arayışdan görünür ki, Nümayəndə müraciəti ilə əlaqədar Abşeron rayonu Məmmədli kəndində yaşayan 14.12.1962-ci il təvəllüdlü X1 21.12.2021-ci il tarixdə saat 17:30 radələrində yaşadığı evdə “Dəm qazından zəhərlənmə diaqnozu” ilə vəfat etdiyi üçün Məmmədli həkim məntəqəsindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.1. maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Belə ki, xəstənin yaxın qohumları tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydalarına uyğun olaraq ölmüş şəxsin qeydiyyatda olduğu tibb müəssisəsinə (poliklinikaya) müraciət edilməlidir. Tibb müəssisəsi tərəfindən 106 saylı tibbi şəhadətnamənin verilməsindən imtina edilməsi barədə qərar qəbul edildiyi təqdirdə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizə ilə məhkəməsinə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlərin müəyyən edildiyi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktlara dair Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarında göstərilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Ərizəyə əlavə edilmiş Abşeron rayon prokurorluğunun müstəntiqi Bəxtiyar Göyüşovun cinayət işinin başlanmasının rədd edilməsi barədə 12.02.2021-ci il tarixli qərarından görünür ki, X2 21 dekabr 2020-ci il tarixdə saat 16:00 radələrində yaşadığı Məhəmmədli kəndi, A,Müstafayev küçəsi 16 saylı evdə dəm qazından zəhərlənərək ölmüşdür. Baş vermiş hadisə zamanı əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə qeyd edir ki, həmin qərarla ərizəçi tibbi şəhadətnamə verilməsi üçün müafiq quruma müraciət etməli, imtina cavabı aldığı təqdirdə isə müafiq olaraq inzibati məhkəməyə müraciət etmə hüququndan istifadə edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 310.1. maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə geri qaytarılır. Göstərilənlərə əsasən məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutaraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənələr geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-153, 306-310, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, müraciətindən aidiyyəti orqan imtina etdiyi halda, o, həmin orqanın qərar, hərəkət və yaxud hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq İnzibati-iqtisad məhkəməsinə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3155/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3155/2021
23.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver