Məhkəmə qərarları › İş №2(012)-3183/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3183/2024

10.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3183/2024 10.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, mediasiya prosesi (mediator Leyla Nəsibova) nəticəsində onunla Maraqlı şəxs arasında bağlanmış 08 dekabr 2023-cü il tarixli MŞB\9\2023-02358 nömrəli barışıq sazişinin birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 saxlanılması üçün hər ayın 10-na qədər 470 (dörd yüz yetmiş) manat məbləğində alimentin tutularaq Ərizəçi ödənilməsi, birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən **********98-10301 reyestr nömrəli və qeydiyyat nömrəsi ********** olan Abşeron rayonu, Xırdalan şəhəri, Aşıq Şəmşir küçəsi ünvanında yerləşən 54 nömrəli evə payların Ərizəçi 2/3 hissədə, Maraqlı şəxs oğlunun 1/3 hissədə müəyyən edilməsi hissəsində təsdiq edilməsi, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat vəsaitin maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi (mediator Leyla Nəsibova) nəticəsində onunla Maraqlı şəxs arasında bağlanmış 08 dekabr 2023-cü il tarixli MŞB\9\2023-02358 nömrəli barışıq sazişinin birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 saxlanılması üçün hər ayın 10-na qədər 470 (dörd yüz yetmiş) manat məbləğində alimentin tutularaq Ərizəçi ödənilməsi, birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən **********98-10301 reyestr nömrəli və qeydiyyat nömrəsi ********** olan Abşeron rayonu, Xırdalan şəhəri, Aşıq Şəmşir küçəsi ünvanında yerləşən 54 nömrəli evə payların Ərizəçi 2/3 hissədə, Maraqlı şəxs oğlunun 1/3 hissədə müəyyən edilməsi hissəsində təsdiq edilməsi, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz) manat vəsaitin maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o Maraqlı şəxs ilə 2011-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü Mürvət Əliyev, xx.xx.2016-cı il təvəllüdlü Əsmər Əliyeva adlı övladları anadan olmuşdur. Birgə nikahdan olan uşaqlar onun himayəsindədirlər. O aralarında olan ailə münasibətlərindən irəli gələn mübahisənin həll edilməsi üçün Mediasiya Şurasına müraciət etmişdir. Onlar mediasiya prosesindən keçərək Bakı 9 saylı Mediasiya təşkilatında 08 dekabr 2023-cü il tarixli MŞB\9\2023-02358 nömrəli barışıq sazişi imzalamışlar. Tərəflər nikahın pozulması, uşaqların ananın himayəsinə verilməsi, aliment və daşınmaz əmlakla bağlı mediasiya prosesində razılaşmış və müqavilə bağlamışlar. Lakin Maraqlı şəxs sazişlə üzərinə götürdüyü öhdəlikləri göstərilən qaydada və vaxtda yerinə yetirmədiyindən ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs ərizəni qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli MŞB\9\2023-02358 nömrəli barışıq sazişi ilə müəyyən edilmiş birgə nikah dövründə əldə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən **********98-10301 reyestr nömrəli və qeydiyyat nömrəsi ********** olan Abşeron rayonu, Xırdalan şəhəri, Aşıq Şəmşir küçəsi ünvanında yerləşən 54 nömrəli evin bölgüsü ilə razı olmadığını bildirmişdir. Eyni zamanda bildirmişdir ki, barışıq sazişi bağlanarkən ona mediator tərəfindən razılaşama ilə bağlı hər bir məsələni izah edilmişdir. Orada ona barışıq sazişi ilə bağlı imza edilməsində təsir olmamışdır. Barışıq sazişini ayrıca qaydada mübahisələndirməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Mediasiya Şurasının xx.xx.2023-cü il tarixli, MŞB\9\2023-02358 saylı barışıq sazişindən görünür ki, Ərizəçi Məşədbürc qızı və Maraqlı şəxs aralarında bağlanmış nikah müqaviləsinə xitam verilməsi və bu məqsədlə tərəflərdən hər hansı birisinin müvafiq rayon məhkəməsinə müraciət etməsi, belə halda digər tərəf nikaha xitam verilməklə bağlı iddia tələbini qəbul etməsi, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək ananın yəni Ərizəçi himayəsinə verilməsi, atanın yəni Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ayın 10-na qədər 470 manat aliment məbləğini anaya yəni Ərizəçi ödəməsi, X5 birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 ilə uşaqların gündəlik rejimlərini pozmamaq şərti ilə və vaxtı öncədən razılaşdırmaqla görüşə və ünsiyyət yarada bilməsi, birgə nikah dövründə əldə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən **********98-10301 reyestr nömrəli və qeydiyyat nömrəsi ********** olan ünvan 2 ünvanında yerləşən mənzildə olan payları Ərizəçi əmlakın 2\3 hissəsinin, Maraqlı şəxs əmlakın 1\3 hissəsinin müəyyən edilməsi barədə razılığa gəlmişlər. -Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012-1200/2024 saylı qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, iddiaçı Əİiyeva Günel Məşədbürcü qızı ilə cavabdeh Maraqlı şəxs arasında 16 iyul 2011-ci il tarixdə Nizami rayon qeydiyyat şöbəsində qeydə alınmış 1041 saylı nikahın pozulması qət edilmişdir. -Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. -Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 305.1.17. maddəsinə əsasən, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Ərizəçi ilə Maraqlı şəxs nikaha daxil olmuş və tərəflərin birgə nikah münasibətlərindən xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X4 anadan olmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012-1200/2024 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Beləliklə, tərəflər rəsmi qaydada boşanmamışdan əvvəl ərizəçi mübahisənin məhkəmədən kənar qaydada həlli üsulu olaraq mediasiyaya müraciət etmiş və mediasiya prosesi zamanı tərəflər arasında barışıq sazişi bağlanılmışdır. Barışıq sazişinin şərtlərinə əsasən, saziş üzrə öhdəliklər könüllü şəkildə icra edilməli olduğu halda Maraqlı şəxs öhdəliyindən yayınması halları olduğundan və bu hal barışıq sazişinin, eyni zamanda, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, barışıq sazişinin məhkəmə qaydasında məcburi icrası qaydasını istisna etmədiyindən Ərizəçi barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra Mediasiya haqqında Qanun adlanacaq): 1.0.1. maddəsinə əsasən, mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. 3.1.2. maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn mübahisələrə mediasiya qaydasında baxılır. 4.1. maddəsinə əsasən, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Göründüyü kimi, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyən, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edən “Mediasiya haqqında Qanun” tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədi ilə qəbul edilmişdir. “Mediasiya haqqında Qanun”un: 24.6. maddəsinə əsasən, mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Barışıq təklifi tərəflərin razılığı ilə verilir. 32.1.1. maddəsinə əsasən, tərəflər arasında barışıq sazişi bağlandıqda mediasiya prosesinə xitam verilir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, MŞB\9\2023-02358 saylı barışıq sazişinə əsasən, mülki iş üzrə tərəflər birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlakın bölgüsünə dair barışıq sazişi bağlamışlar. “Mediasiya haqqında Qanun”un: 9.3.1. maddəsinə əsasən, barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifəsidir. 34.1. maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. maddəsinə əsasən, barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. 34.4. maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. maddəsinə əsasən, barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Qanunun tələblərindən görünür ki, mediasiya prosesində tərəflər arasında mübahisə barışıq sazişinin imzalanması ilə başa çatdıqda həmin saziş üzrə tərəflər sazişin icra edilməsinə görə məsuliyyət daşıyır və sazişin icra edilməməsinə görə məhkəmə qaydasında məcburi şəkildə icrasının təmin edilməsi hüququnu yaratmışdır. Barışıq sazişini tərəflər mübahisəlndirməmişdir. Cavabdehin barışıq sazişinin əmlakla bağlı hissəsində razılaşmamasını onun müqavilə tərəfi olaraq öhdəlikdən yayınmaq kimi qiymətləndirilməlidir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, maraqlı şəxs barəsində xx.xx.2023-cü il tarixli, MŞB\9\2023-02358 saylı barışıq sazişi təsdiq edilərək icrası təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın: 12.3.1. bəndinə əsasən, barışıq sazişinin imzalandığı gündən mediasiya prosesinə xitam verilir.

13. bəndinə əsasən, barışıq sazişi Qanunun 34-cü maddəsinə uyğun olaraq icra edilir. Mülki Prosessual Məcəllənin 355-24. maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB\9\2023-02358 saylı barışıq sazişinin şərtləri 10 gün müddətində maraqlı şəxs tərəfindən icra edilməli olduğu halda icra edilməmiş, bununla da, ərizəçi həmin sazişin məhkəmə qaydasında təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 355-25.3. maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları, qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirərək qeyd edir ki, öhdəliyin icrasını təmin etmək məqsədilə barışıq sazişinin təsdiq edilməsinə maneə törədən və ya bundan imtina edilməsinə əsas olan hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından ərizə bu hissədə əsaslıdır, ona görə də qismən təmin edilməlidir. “Mediasiya haqqında Qanun”un 3.4. maddəsinə əsasən, mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Qanunun tələblərindən göründüyü kimi, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarət olduğundan və mediasiya prosesinin keçirilməsinə görə ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilmədiyindən ərizə bu hissədə təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB\9\2023- 02358 saylı barışıq sazişinin birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ayın 10-na qədər 470 (dörd yüz yetmiş) manat məbləğində alimentin tutularaq Ərizəçi ödənilməsi, birgə nikah dövründə əldə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən **********98- 10301 reyestr nömrəli və qeydiyyat nömrəsi ********** olan Abşeron rayonu, Xırdalan şəhəri, Aşıq Şəmşir küçəsi ünvanında yerləşən 54 nömrəli evə payların Ərizəçi 2/3 hissədə, Maraqlı şəxs 1/3 hissədə müəyyən edilməsi hissəsi məhkəmə qaydasında təsdiq edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar