Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3258/2023 04.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi- vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 20000 manat məbləğində pulun və ödənilmiş 150 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi vəkili Vəkil məhkəmə iclasında izahatında bildirdi ki,cavabdehlər mərhum X2 övladlarıdır.X5 rayonu Digah qəsəbəsində tikinti işləri ilə məşğul olurdu. İddiaçı 2014-cü ilin aprel ayında Digah qəsəbəsində 3 mərtəbəli ev inşa etdiyini bildirmiş və həmin evin 1-ci mərtəbəsində 35 kv.m obyekt kimi satmaq istədiyini deyərək onunla razılığa gəlmiş və həmin obyekti 30000 manata ona satmışdır. xx.xx.2014-cü il tarixdə onunla Rövşən Hüseynov müqavilə bağlamış və həmin müqaviləyə əsasən ilkin olaraq 20000 manat pul ödəmişdir.Qalan 10000 manat məbləği isə bina tam hazır olduqdan sonra verəcəyini bildirmiş və R.Hüseynov onunla razılaşmışdır.Aralarında olan danışıqlardan bir neçə il keçməsinə baxmayaraq obyektin tikintisi Azərbaycan Respublikasında devalivasiya olduğundan yarımçıq qalmışdır. R.Hüseynov onu aldatmış və təxminən bir il bundan əvvəl onun öldüyünü bilmişdir.Bundan sonra həmin obyektə getmiş,R.Hüseynovun birgə işlədiyi payçılar Samir və Mehmana onunla bağladığı müqaviləni göstərmişdir.Həmin payçılar obyektin mərhum R.Hüseynov tərəfindən ona satılmasından xəbərdar olduqlarını və həmin pulun onlar və mərhum R.Hüseynov vərəsələri (cavabdehlər) tərəfindən qaytaracaqlarını bildirsələrdə, sonradan 20000 manat pulu ona ödəməkdən imtina etmişlər. Bu barədə DİN-ə müraciət etmiş və sənədlər araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinə göndərilmişdir. Abşeron Rayon RPİ-nin xx.xx.2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən toplanmış material üzrə cinayət işin başlanması rədd edilmiş və mülki mübahisə predmeti olduğundan mülki qaydada məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum X2 notarial qaydada təsdiq olunmuş vərəsələridir. Cavabdeh1 ona bildirmişdir ki,mərhum atası R.Hüseynov fərdi sahibkarlıqla məşğul olsada o,atasının işlərinə heç vaxt müdaxilə etməmiş və onun kiminləsə hər hansı bir müqavilə bağlamasından,alqı-satqı etməsindən və digər əməliyyatlar aparmasından xəbəri olmamışdır.Digər cavabeh Cavabdeh2 ona eyni məzmunda izahat vermişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili X3 iddia ərizəsinə etiraz ərizəsi, həmçinin iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia tamamilə əsassız olduğundan rədd ediməlidir. Qeyd olunan iddia tələbi üzrə İddiaçı mərhum X4 ilə xx.xx.2014-cü il tarixdə daşınmaz əmlaka dair müqavilə bağladığını və həmin müqavilə üzrə mərhum R.Hüseynova 20.000 (iyirmi min) manat pul vəsaitinin ödədiyi qeyd etmişdir. Bildiririk ki, iddiaçının iddia etdiyi müqavilə üzrə tələb hüququ mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2ci maddəsinə əsasən Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Bildiririk ki, iddiaçı qeyd olunan müqavilənin bağlanılma tarixi kimi xx.xx.2014-cü il qeyd etmişdir. Bu isə qanunla nəzərədə tutulan iddia müddətinin ötürülməsi anlamına gəlir. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinə iddia müddəti tətbiq edilərək, rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmiş,lakin iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinə iddia müddəti tətbiq edilərək,iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə Cavabdeh1 iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli Abşeron rayon 1 saylı notariat kontorunda təsdiq edilmiş ilkin müqavilədən görünür ki,X4 ilə İddiaçı arasında Abşeron rayonu Digah qəsəbəsində yerləşn fərdi yaşayış evindən 34,80 kv.m totaq olan sahəni cəmi 30000 manata satmaq barədə razılığa gəlmişlər.İddiaçı razılaşdırılmış qiymətdən 20000 manatı R.Hüseynova ödəyir.Qalan 10000 manatı isə əmlakı dair sənədlərin rəsmiləşdirilməsi zamanı ödəməyi ohdəsinə götürür. İş materiallarında olan AZ-İİ № 214587 saylı ölüm haqqında şəhadətnamədən görünür ki,X4 xx.xx.2021-ci ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Abşeron Rayon RPİ-nin “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, İddiaçı şikayətinə əsasən toplanmış material üzrə cinayət işin başlanması rədd edilmiş və mülki mübahisə predmeti olduğundan mülki qaydada məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi iddia müddəti tətbiq edilməklə rədd edilmılidir. Məhkəmədə sübutların tədqiqatı zamanı işin mübahisə edilməyən faktiki hallarından müəyyən edilir ki, mərhum X4 xx.xx.2014-cü il tarixdə, Abşeron rayonu Digah qəsəbəsində yerləşn fərdi yaşayış evindən 34,80 kv.m totaq olan sahəsini 30000 manata İddiaçı notarial qaydada satması barədə razılığa gəlmiş, tərəflər arasında Abşeron rayon 1 saylı notariat kontorunda ilkin alqı-satqı müqaviləsi bağlanmış,müqaviləyə əsasən İddiaçı razılaşdırılmış qiymətdən 20000 manatı müqavilə bağlanan gün Rövşən Hüseynova ödəmiş,qalan 10000 manatı isə əmlakı dair sənədlərin rəsmiləşdirilməsi zamanı İddiaçı ödəməyi ohdəsinə götürmüş, Rövşən Hüseynov isə 3 gün müddətində satdığı əmlakı boşaldıb İddiaçı verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.3-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Beləliklə yuxarıda qeyd olun qanunvericilik normalarından görünür ki,qanunvericilik imperativ formada ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərmələrini, əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlamalarını müəyyən etmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ilkin müqavilədən görünür ki, həmin müqavilədə tərəflər arasında əsas müqavilənin hansı müddətdə bağlanması öhdəliyi göstərilmədiyindən, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində, yəni xx.xx.2015-ci il tarixədək bağlanmalı olduğu halda bağlanmamış, belə olan halda Mülki Məcəlləsinin 402.5-ci maddəsinə əsasən ilkin müqaviləyə xx.xx.2015-ci il tarixdə xitam verilmiş, bu hal satıcının həmin tarixdən sonra heç bir hüquqi əsas olmadan əsassız varlanmasına və məhrum olanın tələb hüququnun yaranmasına səbəb olmuş, lakin hal-hazırda cavabdeh vərəsələr iddia müddətinin keçməsi ilə bağlı ərizə verərək iddianın rədd edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əssən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərildiyi kimi, “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, hazırda cavabdehlər iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdiyinə görə iddia tələbi bu əsasla təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumları iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-3258/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3258/2023
04.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver