Məhkəmə qərarları › İş №2(104)-157/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-157/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-157/2024 15.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi və evin boşaldılması tələbinə dair kommersiya işi üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-65/2023 saylı qətnaməsindən Cavabdeh1 nümayəndəsi (vəkil) X1 verdiyi apellyasiya şikayətinə əsasən işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Мüəyyən etdi: Gəncə Şəhər Мəhkəməsinin 2(125)-65/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) iddianın təmin edilməsi, Cavabdeh1 xx.xx.2018-ci il tarixli, 3M-36 reyestr nömrəli kredit müqaviləsi üzrə 125.000 (bir yüz iyirmi beş min) ABŞ dolları kredit borcu ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində və ödənilmiş 503 (beş yüz üç) manat dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə verilməsi, tutmanın xx.xx.2018-ci il tarixli, 3M-37 reyestr nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan ünvan 1 ünvanda yerləşən 0,0272 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılaraq, ilkin satış qiymətinin (likvit dəyəri) 49.000 (qırx doqquz min) manat müəyyən edilməsi və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2018-ci il tarixli, 3M-36 reyestr nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra artıq vəsait qalarsa ipoteka qoyanlar Cavabdeh1 və Cavabdeh2 qaytarılması, həmin əmlaka tutma yönəldikdə və açıq hərracda satıldıqdan sonra bir ay müddətində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilərək evdən çıxarılmaları və evin boşaldılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 nümayəndəsi (vəkil) X2 apellyasiya şikayəti verərək Gəncə Şəhər Мəhkəməsinin 2(125)-65/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və evin yenidən qiymətləndirilməsi aparılmaqla yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 125000 (bir yüz iyirmi beş min) ABŞ dolları məbləğində pulun və 503 (beş yüz üç) manat məbləğində dövlət rüsumunun tutulub onun xeyrinə verilməsi, tutmanın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanda 0.0272 ha torpaq sahəsinə və orada yerləşən 53.5 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda satılması və satıldıqdan 1 ay sonra cavabdehlərin evdən çıxarılması, onların həmin evə istifadə hüquqlarının itirilməsi, evin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri 2 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2018-ci il tarixli, 3M-36 saylı kredit müqaviləsinə əsasən onunla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 0 % olmaqla 24 ay müddətinə 125000 (bir yüz iyirmi beş min) ABŞ dolları kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi cavabdehlərin mülkiyyətində olan ünvan 3 ünvanda 0.0272 ha torpaq sahəsində yerləşən 53.5 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi ipoteka saxlayanın (İddiaçı) xeyrinə yüklü edilmişdir. İpoteka predmeti Seriya RX ******* nömrə ilə xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Kreditin ödənmə vaxtı çatdıqda Gəncə şəhəri 2 saylı notariat ofisinin 26 fevral 2020-ci il tarixli 228 nömrəsi ilə “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin aparılacağı barədə bildiriş” göndərilmişdir. Lakin Cavabdeh1 əsassız iddia qaldıraraq kredit müqaviləsinin əhəmiyyətsiz əqd olması dəlili ilə birinci instansiya məhkəməsində iddia qaldırmış və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən o, apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qərarı ilə, kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə də Cavabdeh1 borcun ödənilməsindən müxtəlif müdafiə üsulları taparaq yayınmaq niyyətindədir. Cavabdehlərə borcun ödənilməsi və həmçinin tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildiriş göndərilmiş və bildiriş qanunla müəyyən edilmiş müddətdə DƏDRX-də qeydiyyata alınmışdır. Аpellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan evin real bazar qiymətini müəyyən etməmiş, bununla da iş üçün əhəmiyyətli olan halları sübut etməmişdir. Belə ki, işə baxan məhkəmə evin qiymətləndirilməsi ilə bağlı ekspertiza təyin etsə də, o Bakı şəhərində xəstə olduğu üçün evdə olmamışdır. Buna görə də evdə ekspert tərəfindən qiymətləndirmə aparılmamışdır. Nəticədə dəyəri 130.000 manat ətrafında olan evin çox aşağı qiymətə satışa çıxarılması qət edilmişdir. Bu isə mülkiyyətçi kimi onun hüququnu pozmuşdur. Bundan başqa məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini düzgün müəyyən etmədən, evin qiymətinin müəyyən edilmiş 49.000 manatdan qat-qat baha olmasına baxmayaraq evdə yeni qiymətləndirmə aparmamış bununla da “İpoteka haqqında” qanunun 39.3-cü maddəsinin tələbini kobud şəkildə pozmuşdur. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da özü və cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Cavabdeh1 nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüququ məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilməməsinə dair iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Gəncə şəhəri 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 3M-36 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, iddaçı İddiaçı tərəfindən Cavabdeh1 xx.xx.2020-ci il tarixədək faizsiz qaytarılması şərtilə 125000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan Gəncə şəhəri 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 3M-37 reyestr nömrəli ipoteka müqaviləsindən görünür ki, 3M-36 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 və Cavabdeh1 paylı mülkiyyət hüququ üzrə onlara məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə ipoteka saxlayanın xeyrinə yüklü etmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli, qeydiyyat tarixi xx.xx.2018-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, paylı mülkiyyət hüququ üzrə Cavabdeh2 və Cavabdeh1 məxsus olan ünvan 1 ünvanda yerləşən 0,0272 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi xx.xx.2018-ci il tarixli 3M-36 saylı kredit müqaviləsinin təminatı kimi xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 24 ay müddətə İddiaçı xeyrinə yüklü edilərək bu barədə daşınmaz əmlakın dövlət reyestrində 131 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyat aparılmışdır. İş materiallarında olan tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildiriş cavabdehlərə təqdim olunmuşdur. İş materiallarında olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli 001-03/22 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsinə dair rəydən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin likvid qiyməti 49000 (qırx doqquz min) manat, bazar dəyəri 51 000 (əlli bir min) manat müəyyən edilmişdir. İşdə olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(044)-174/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında Gəncə şəhəri 2 saylı notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli, 3M-36 saylı kredit müqaviləsi etibarsız hesab edirlmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 2(104)- 2394/2021 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehin apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 2(102)-5930/2021 saylı qərarının surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 09 iyun 2021-ci il tarixli 2(104)-2394/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Gəncə şəhəri 2 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2018-ci il tarixli, 3M-36 saylı kredit müqaviləsinə əsasən iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 0 % almaqla 24 ay müddətinə 125000 (bir yüz iyirmi beş min) ABŞ dolları kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi cavabdehlərin mülkiyyətində olan ünvan 3 ünvanda 0.0272 ha torpaq sahəsində yerləşən 53.5 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi ipoteka saxlayanın (İddiaçı) xeyrinə yüklü edilmişdir. İpoteka predmeti Seriya RX ******* nömrə ilə xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Kreditin ödənmə vaxtı çatdıqda Gəncə şəhəri 2 saylı notariat ofisinin 26 fevral 2020-ci il tarixli 228 nömrəsi ilə “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin aparılacağı barədə bildiriş” göndərilmişdir. Cavabdeh1 əsassız iddia qaldıraraq kredit müqaviləsinin əhəmiyyətsiz əqd olması dəlili ilə iddia qaldırmış, lakin onun iddia tələbi son nəticədə təmin edilməmişdir. Cavabdehlərə borcun ödənilməsi və həmçinin tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildiriş göndərilmiş və bildiriş qanunla müəyyən edilmiş müddətdə DƏDRX-də qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq ipoteka predmetinin yenidən qiymətləndirilməsi təyin edilmiş, lakin cavabdehlər ipoteka predmetinə baxış keçirilməsi üçün dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq şərait yaratmamış, ona görə də ipoteka predmetinin yenidən qiymətləndirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından borcalan cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, işin hallarından görünür ki, iddiaçı müqavilə öhdəliyinə əməl edərək razılaşdırılmış məbləğdə krediti borcalan cavabdehə vermiş, sonuncu isə həmin kredit borcunu krediti müqaviləsi ilə şərtləşdirilmiş vaxtlarda və məbləğdə qaytarmamış, beləliklə də onun yuxarıda göstərilən məbləğdə borcu yaranmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları, ekspert rəyi və iş üzrə araşdırılmış sübutlarla cavabdehin göstərilmiş qaydada iddiaçıya borclu olduğu sübuta yetdiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissədə də iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud, onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana tələbin ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada yerinə yetirmədiyinə görə iddiaçı tutmanın ipoteka predmetinə yönəldilməsini tələb etməkdə, məhkəmə isə həmin hissədə iddianı yuxarıda göstərilmiş qaydada təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlillərindən biri işə Cavabdeh2 iştirakı olmadan baxıldığına görə çəkişmə prinsipinin pozulmasıdır. Kollegiya qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası Konstitusiyasının 127ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi mülki prosessual qanunvericilikdə də əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi bütün məhkəmə prosesləri ilə bağlı tərəflərə, o cümlədən Cavabdeh2 məhkəmə bildirişi göndərmiş, lakin cavabdehə göndərilmiş zərfin üzərində “bu ünvanda yaşamır qeydi” yazılmaqla məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Apellyasiya şikayətinin digər dəlili – ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin aşağı hesablanması ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyası tərəfindən mnəhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, lakin cavabdehlər ekspertizanın keçirilməsində iştirak etmədiyindən ekspert rəyinin verilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə kollegiyası cavabdehlərin bu hərəkətini işə baxılmasının qəsdən yubadılması kimi qiymətləndirir. Azərbaycan Respublikası MPM-in 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri və onun nümayəndəsinin vəsatəti əssında ipoteka predmetinin yenidən qiymətləndirilməsi üçün təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsində iştirak etməməklə, ipoteka predmetinə baxış keçirilməsini mümkünsüz etdiyinə görə ipoteka predmetinin işdə olan ilkin satış qiyməti ilə razılaşır və apellyasiya şikayətinin ipoteka predmetinin ilkin satış qiymətinin daha çox olmasına dair dəlilini əsassız sayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi cavabdehlərin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 nümayəndəsi (vəkil) X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Мəhkəməsinin 2(125)-65/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar