Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-830/2024 27.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rovşan oğluna qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi, miras qoyanın kreditoru, miras passivi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3258/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları:
1. xx.xx.2014-cü il tarixli Abşeron rayon 1 saylı notariat kontorunda təsdiq edilmiş ilkin müqavilədən görünür ki, X5 ilə İddiaçı arasında Abşeron rayonu Digah qəsəbəsində yerləşən fərdi yaşayış evindən 34,80 kv.m otaq olan sahəni cəmi 30000 manata satmaq barədə razılığa gəlmişlər. İddiaçı razılaşdırılmış qiymətdən 20000 manatı R.Hüseynova ödəyir. Qalan 10000 manatı isə əmlaka dair sənədlərin rəsmiləşdirilməsi zamanı ödəməyi ohdəsinə götürür.
2. AZ-İİ № 214587 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2021-ci ildə ölmüşdür.
3. Məhkəmənin sorğusu əsasında Abşeron rayon 1 saylı Notariat ofisindən surəti əldə edilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən aydın olur ki, mərhum X3 vərəsələri Cavabdeh1 və Cavabdeh2 Rovşan oğludur və onların hər biri miras əmlakdan ½ hissədə pay almalıdırlar. Miras əmlaklar Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0.0092 ha olan torpaq sahəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 40.9 kv/m olan mənzil, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 35.1 kv/m olan mənzil, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 68.7 kv/m olan mənzil, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 73.3 kv/m olan mənzil, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 40.9 kv/m olan mənzil, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 40.9 kv/m olan mənzil, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 73.3 kv/m olan mənzil, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 69.6 kv/m olan mənzildir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rovşan oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 20000 manat məbləğində pulun və ödənilmiş 150 manat dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər mərhum X3 övladlarıdır. X8 rayonu Digah qəsəbəsində tikinti işləri ilə məşğul olurdu. İddiaçı 2014-cü ilin aprel ayında Digah qəsəbəsində 3 mərtəbəli ev inşa etdiyini bildirmiş və həmin evin 1-ci mərtəbəsində 35 kv.m obyekt kimi satmaq istədiyini deyərək onunla razılığa gəlmiş və həmin obyekti 30000 manata ona satmışdır. xx.xx.2014-cü il tarixdə onunla Rövşən Hüseynov müqavilə bağlamış və həmin müqaviləyə əsasən ilkin olaraq 20000 manat pul ödəmişdir. Qalan 10000 manat məbləği isə bina tam hazır olduqdan sonra verəcəyini bildirmiş və R.Hüseynov onunla razılaşmışdır. Aralarında olan danışıqlardan bir neçə il keçməsinə baxmayaraq obyektin tikintisi Azərbaycan Respublikasında devalvasiya olduğundan yarımçıq qalmışdır. R.Hüseynov onu aldatmış və təxminən bir il bundan əvvəl onun öldüyünü bilmişdir. Bundan sonra həmin obyektə getmiş, R.Hüseynovun birgə işlədiyi payçılar Samir və Mehmana onunla bağladığı müqaviləni göstərmişdir. Həmin payçılar obyektin mərhum R.Hüseynov tərəfindən ona satılmasından xəbərdar olduqlarını və həmin pulun onlar və mərhum R.Hüseynov vərəsələri (cavabdehlər) tərəfindən qaytaracaqlarını bildirsələr də, sonradan 20000 manat pulu ona ödəməkdən imtina etmişlər. Bu barədə DİNnə müraciət etmiş və sənədlər araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinə göndərilmişdir. Abşeron Rayon RPİ-nin xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən toplanmış material üzrə cinayət işin başlanması rədd edilmiş və mülki mübahisə predmeti olduğundan mülki qaydada məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum X3 notarial qaydada təsdiq olunmuş vərəsələridir. Cavabdeh1 ona bildirmişdir ki, mərhum atası R.Hüseynov fərdi sahibkarlıqla məşğul olsa da o, atasının işlərinə heç vaxt müdaxilə etməmiş və onun kiminləsə hər hansı bir müqavilə bağlamasından, alqı-satqı etməsindən və digər əməliyyatlar aparmasından xəbəri olmamışdır. Digər cavabeh Cavabdeh2 ona eyni məzmunda izahat vermişdir.
6. Cavabdeh2 nümayəndəsi və vəkili X4 iddia ərizəsinə etiraz ərizəsi, həmçinin iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia tamamilə əsassız olduğundan rədd ediməlidir. Qeyd olunan iddia tələbi üzrə İddiaçı mərhum X5 ilə xx.xx.2014-cü il tarixdə daşınmaz əmlaka dair müqavilə bağladığını və həmin müqavilə üzrə mərhum R.Hüseynova 20000 (iyirmi min) manat pul vəsaitinin ödədiyi qeyd etmişdir. Bildirir ki, iddiaçının iddia etdiyi müqavilə üzrə tələb hüququ mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Bildiririk ki, iddiaçı qeyd olunan müqavilənin bağlanılma tarixi kimi xx.xx.2014-cü il qeyd etmişdir. Bu isə qanunla nəzərdə tutulan iddia müddətinin ötürülməsi anlamına gəlir. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinə iddia müddəti tətbiq edilərək, rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3258/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Elman Məmmədov).
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericilik imperativ formada ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərmələrini, əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlamalarını müəyyən etmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ilkin müqavilədən görünür ki, həmin müqavilədə tərəflər arasında əsas müqavilənin hansı müddətdə bağlanması öhdəliyi göstərilmədiyindən, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində, yəni xx.xx.2015-ci il tarixədək bağlanmalı olduğu halda bağlanmamış, belə olan halda Mülki Məcəlləsinin 402.5-ci maddəsinə əsasən ilkin müqaviləyə xx.xx.2015-ci il tarixdə xitam verilmiş, bu hal satıcının həmin tarixdən sonra heç bir hüquqi əsas olmadan əsassız varlanmasına və məhrum olanın tələb hüququnun yaranmasına səbəb olmuş, lakin halhazırda cavabdeh vərəsələr iddia müddətinin keçməsi ilə bağlı ərizə verərək iddianın rədd edilməsini xahiş etmişlər.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 375.2, 402, 1091.2, 1095-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron rayon məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 2(012)-3258/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o 2014-cü il tarixdə X5 ilə Abşeron rayon 1 saylı notariat kontorunda “İlkin Müqavilə” bağlamışdır və həmin ilkin müqaviləyə əsasən: 1. X6 Abşeron rayon, Digah qəsəbəsində yerləşən fərdi yaşayış evindən 34,80 kv.m. otaq olan sahəni “ikinci tərəf” İddiaçı satmaq barədə razılığa gəlmişlər.
2. “İkinci tərəf” satılan sahənin qiymətini cəmi 30 000 (otuz min) manata razılaşmışlar. 3. “İkinci tərəf” satılan sahənin razılaşdırılmış qiymətindən 20 000 (iyirmi min) manatı hazırkı müqavilə bağlanan gün notariusun bankda açılan depozit hesabı vasitəsi ilə Satıcıya ödəyir. Qalan 10 000 (on min) manatı “İkinci tərəf”əmlaka dair sənədlərin rəsmiləşdirilmə zamanı ödəməyi öhdəsinə götürür. 4. “Birinci tərəf” razılaşdığımış sahəyə dair 30 000 (otuz min) manatdan 20 000 (iyirmi min) manatı Notariusun Bankda olan depozit vasitəsi ilə ödənildi.Qalan 10 000 (on min) manatın isə sənədlərin rəsmiləşdirilən zaman ödənilməsinə etiraz etmir. 5. Həmin evi 3 (üç) gün müddətində boşaldılıb “İkinci tərəf”ə verilməsini X5 öz üzərinə götürdü. 6. İlkin müqavilə üzrə öhdəliklər vərəsəlik üzrə keçə bilər. 7. Müqavilə imzalandıqdan sonra tərəflərdən biri öz müqavilə öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdikdə, Tərəflərin həmin müqavilə üzrə mübahisələri olduqda onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. 8. Müqavilə üzrə notariat xərcləri İddiaçı tərəfindən ödənildi. 9. Müqavilə 3 (üç) nüsxədən ibarət tərtib və təsdiq edildi, onlardan biri notariat kontorunda saxlanıldı, digər nüsxələr tərəflərə verildi.
12. Göründüyü kimi “Birinci tərəf” olan X2 müqavilənin şərtlərinə əməl etməyərək müqavilə predmeti olan sahənin tikilib təhvil verilməsinə əməl etməmiş və gah maddi imkansızlığı, gah devalvasiyanı və gah da başqa bəhanələri əsas gətirərək sözügedən evi təhvil verməmişdir. İlkin müqavilənin 3-cü bəndindən məlum olduğu kimi tərəflər İlkin müqavilənin son günü barədə müddət göstərməsələr də əslində həmin bənddə qeyd edilmişdir ki, “Qalan 10 000 (on min) manatı “İkinci tərəf” əmlaka dair sənədlərin rəsmiləşdirilmə zamanı ödəməyi öhdəsinə götürür”. Deməli, həmin bənddən belə məlum olur ki, əsas Müqavilə, yəni alqı-satqı Müqaviləsi əmlaka dair Çıxarış əldə edilərək sənədlərin rəsmiləşdirilməsi zamanı həyata keçirilməsi nəzərdə tutulmuşdur. Lakin çox təəssüflər olsun ki, sözügedən ilkin müqavilənin predmeti olan ev bu günə qədər də hazır vəziyyətə gətirilməmiş və qanunvericiliyin tələblərinə əsasən müvafiq orqanlar tərəfindən rəylər alınmamışdır. Sonradan ona məlum olmuşdur ki, İlkin Müqavilə üzrə “Birinci tərəf” olan X5 21 avqust 2021-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən də o əvvəlcə X1 binanın tikintisində şərikləri olan Samir və Mehman adlı şəxslərlə görüşmüş və İlkin müqaviləni onlara göstərmişdir. Onlar İlkin müqaviləni oxuduqdan və tanış olduqdan sonra bildirmişlər ki, sözügedən İlkin müqavilədən məlumatları var və X3 vərəsələri ilə birlikdə həmin 20 000 (iyirmi min) manat pulu geri qaytaracaqlar. Lakin bir neçə gün sonra onlarla yenidən görüşərkən X1 binanın tikintisində şərikləri olan Samir və Mehman adlı şəxslər tərəfindən ödənilmiş 20 000 (iyirmi min) manat pulu geri qaytarmaqdan imtina etmişlər. Bu səbəbdən də o Daxili İşlər Nazirliyinə şikayət ərizəsi ilə müraciət etməli olmuşdur. Lakin Abşeron rayon Polis İdarəsinin baş təhqiqatçısı polis mayoru Ruslan Əsgərovun “Cinyət işi başlanmasının rədd edilməsi haqqında” 28 fevral 2023-cü il tarixli qərarına əsasən şikayət mülki mübahisəyə dair olduğu üçün vərəsələrə qarşı cinayət işinin başlanılması rədd edilmişdir. Bu səbəbdən də mən 30 may 2023-cü il tarixdə mərhum X3 vərəsələri Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət etməli olmuşdur.
13. Tərəflər arasında bağlanmış ilkin müqavilədən isə görünür ki, həmin müqavilədə konkret olaraq tarix göstərilməsə də, vaxt müəyyənləşdirmişlər. Belə ki, müqavilənin 3-cü bəndindən göründüyü kimi tərəflər ilkin müqavilənin son günü barədə müddət göstərməsələr də əslində həmin bənddə qeyd edilmişdir ki, “Qalan 10 000 (on min) manatı “İkinci tərəf” əmlaka dair sənədlərin rəsmiləşdirilmə zamanı ödəməyi öhdəsinə götürür”. Deməli, həmin bənddən belə məlum olur ki, əsas Müqavilə, yəni alqı-satqı Müqaviləsi əmlaka dair Çıxarış əldə edilərək sənədlərin rəsmiləşdirilməsi zamanı həyata keçirilməsi nəzərdə tutulmuşdur. İlkin müqavilənin 5-ci bəndindən göründüyü kimi ev hazır olduqdan sonra 3 (üç) gün müddətində Rövşən Hüseynov evi təhvil verməyi öz üzərinə götürmüşdür. Lakin ev bu günə qədər də hələ hazır olmamışdır. Deməli, əslində tərəflər arasında əsas müqavilənin bağlanması üçün müddət olaraq müqavilə predmeti olan evin hazır olması və müvafiq çıxarışla evin alqı-satqısının həyata keçirilməsi anımüəyyən edilmişdir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmə iddia predmetini yarımçıq olaraq göstərmişdir. Belə ki, iddia ərizəsinin “xahiş edirəm” hissəsində qeyd edilmişdir ki, “Cavabdehlər-Cavabdeh1 və Cavabdeh2 borcun məbləği olan 20 000 (iyirmi min) manat miqdarında pulun və 150 (yüz əlli) manat dövlət rüsumunun tutularaq ödənilməsi, yaxud da həmin obyektin boşaldılaraq mənə təhvil verilməsi barədə qətnamə qəbul edəsiniz”. Lakin Abşeron Rayon Məhkəməsinin 2(012)- 3258/2023 saylı, 04 noyabr 2023-cü il tarixli qətnaməsində hakim iddianın predmetini natamam göstərmiş, daha doğrusu iddia tələbinin “Yaxud da həmin obyektin boşaldılaraq mənə təhvil verilməsi” hissəsini qeyd etməmişdir.
14. Borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Mülki işə əlavə edilmiş sənədlərdən məlum olur ki, mərhum Rövşən Hüseynov heç vaxt tərəflər arasında bağlanmış ilkin müqavilənin şərtlərinə etiraz etməmiş və 21 avqust 2021-ci il tarixdə vəfat etmişdir. Rövşən Hüseynovun vəfat etməsindən məlumatı olduqda isə əvvəlcə o, onun şərikləri Samir və Mehman adlı şəxslərlə görüşmüş və ilkin müqaviləni onlara göstərmişdir. Onlar ilkin müqaviləni oxuduqdan və tanış olduqdan sonra bildirmişlər ki, sözügedən ilkin müqavilədən məlumatları var və X3 vərəsələri ilə birlikdə həmin 20000 (iyirmi min) manat pulu geri qaytaracaqlar. Lakin sonradan, yəni təxminən 2023-cü ilin əvvəllərindən onlar borclarını ödəməkdən imtina etdikləri üçün o DİN-ə şikayət etməyə başlamışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-3258/2023 saylı, 04 noyabr 2023-cü il tarixli qətnaməsinin 3-cü vərəqinin 3-cü abzasında da qeyd edilmişdir ki, “Məhkəmədə sübutların tədqiqatı zamanı işin mübahisə edilməyən faktiki hallarından müəyyən edilir ki, mərhum X5 xx.xx.2014-cü il tarixdə, Abşeron rayonu Digah qəsəbəsində yerləşən fərdi yaşayış evindən 34.80 kv.m torpaq olan sahəsi 30 000 manata İddiaçınotarial qaydada satması barədə razılığa gəlmiş, tərəflər arasında Abşeron rayon 1 saylı notariat kontorunda ilkin alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən İddiaçı razılaşdırılmış qiymətdən 20 000 manatı müqavilə bağlanan gün Rövşən Hüseynova ödəmiş, qalan 10 000 manatı isə əmlaka dair sənədlərin rəsmiləşdirilməsi zamanı İddiaçı ödəməyi öhdəsinə götürmüş, Rövşən Hüseynov isə 3 gün müddətində satdığı əmlakı boşaldıb İddiaçı verməyi öhdəsinə götürmüşdür”. Məhkəmənin müəyyən etdiklərindən də məlum olur ki, tərəflər arasında əsas alqı-satqı müqaviləsinin bağlanması vaxtı olaraq “sənədlərin rəsmiləşdirilməsi” vaxtı qeyd edilmişdir. Sənədlər isə bu günə qədər də rasmiləşdirilməmişdir.
15. Məhkəmə prosesinin gedişindən göründüyü kimi işə baxan hakim məhkəmə iclasının əvvəlindən iddia tələbi üzrə iddia müddətinin ötürülməsinə fokuslanaraq işin mahiyyətini tam araşdırmadan və iddia müddətinin həqiqətən ötürülüb-ötürülməməsini müəyyən etmədən, habelə notariat orqanı tərəfindən İlkin müqavilənin formasına əməl edilsə də, həmçinin ilkin müqavilənin müddəti konkret tarixlə deyil, sətiraltı məna ilə müəyyən edilsə də ilkin müqavilənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.4-cü maddəsinə istinad edilməklə iddia müddətinin ötürülməsi nəticəsinə gəlmişdir.
16. Məhkəmənin qətnaməsində İlkin müqavilə üzrə müddətin göstərilməməsi nəticəsinə gəlinərkən “İlkin müqavilə”nin 3-cü və 4-cü bəndlərinin tələblərinə əsasən çıxarışın əldə edilməsi və sənədlərin rəsmiləşdirilməsi, yəni alqı-satqı müqaviləsinin bağlanmsının son müddət kimi nəzərdə tutulmasına diqqət yetirməmişdir.
17. İş üzrə məhkəmə baxışı 04 noyabr 2023-cü il tarixdə saat 10:00-a təyin olunmuş, həmin vaxt vəkilim v ə nümayəndəm Vəkil məhkəmədə olsa da ona bildirmişlər ki, hakim Elman Məmmədov Sumqayıt Apellyasiya Məhkəməsi ilə onlayn iclasdadır, təxminən bir saat gözləsə də məhkəmə iclası olmamış və hətta həmin iclasa cavabdeh tərəf də gəlməmişdir. 05 noyabr 2023-cü il tarixdə isə bizə məlum olmuşdur ki, hakim tərəfindən qətnamə elə həmin gün (saat neçədə olması barədə məlumatımız yoxdur) elan edilmiş və iddia tələbi rədd edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
20. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rovşan oğluna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Eyni zamanda Cavabdeh1 məhkəməyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
21. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
26. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.
27. Maddə 402.4. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır.
28. Maddə 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.
29. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
30. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
31. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
32. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
34. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
35. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
36. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
37. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
38. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı İddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir.
39. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarı İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
45. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
46. Maddə 385.1.1-385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
Apellyasiya baxışının hədləri
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
48. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
49. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3258/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
50. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3258/2023 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iddiaçı tərəfin izahatını və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3258/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir.
52. İşin hallarından görünür ki, iddiaçı ilə mərhum X5 arasında ilkin müqavilə bağlanılmış, sonuncu Abşeron rayonu, Digah qəsəbəsində yerləşən fərdi yaşayış evindən 34.80 kv.metr sahəsi olan otağı iddiaçıya satmağa öz öhdəsinə götürmüşdür. Həmin sahənin qiyməti 30000 manat müəyyən edilmiş, 20000 manat pul vəsaiti İddiaçı tərəfindən Rövşən Hüseynova ödənilmiş, qalan 10000 manat məbləğin isə sənədlər rəsmiləşdirilən zaman ödənilməsi razılaşdırılmışdır. Sözügedən müqavilədə həmçinin göstərilmişdir ki, ilkin müqavilə üzrə öhdəliklər vərəsəlik üzrə keçə bilər. Beləliklə, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər faktiki olaraq mövcud olmuşdur.
53. İş materiallarında olan ölüm haqqında şəhadətnamə və məhkəmənin sorğusu əsasında əldə edilmiş vərəsəlik işi ilə müəyyən edilir ki, R.Hüseynov xx.xx.2021-ci il tarixdə ölmüş və ona məxsus olmuş əmlaklar hazırkı iş üzrə cavabdeh olan oğulları Cavabdeh1 və Cavabdeh2 tərəfindən miras kimi (hər birinə ½ hissədə pay müəyyən edilməklə) qəbul edilmişdir.
54. İddiaçının iddiasına görə, mərhum üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyindən, ona ödəmiş olduğu 20000 manat məbləğində pul vəsaiti cavabdehlərdən alınaraq ona verilməli və yaxud da sözügedən obyekt boşaldılaraq ona təhvil verilməlidir.
55. İddia ərizəsinə etiraz edən və iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət edən cavabdehlər isə bildirmişlər ki, iddiaçının iddia etdiyi müqavilə üzrə tələb hüququ mövcud deyildir. İddiaçı qeyd olunan müqavilənin bağlanılma tarixi kimi xx.xx.2014-cü il qeyd etmişdir. Bu isə qanunla nəzərədə tutulan iddia müddətinin ötürülməsi anlamına gəlir.
56. İddianı təmin etməyən birinci instansiya məhkəməsinin mövqeyinə görə qanunvericilik imperativ formada ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərmələrini, əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlamalarını müəyyən etmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ilkin müqavilədən görünür ki, həmin müqavilədə tərəflər arasında əsas müqavilənin hansı müddətdə bağlanması öhdəliyi göstərilmədiyindən, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində, yəni xx.xx.2015-ci il tarixədək bağlanmalı olduğu halda bağlanmamış, belə olan halda Mülki Məcəlləsinin 402.5-ci maddəsinə əsasən ilkin müqaviləyə xx.xx.2015-ci il tarixdə xitam verilmiş, bu hal satıcının həmin tarixdən sonra heç bir hüquqi əsas olmadan əsassız varlanmasına və məhrum olanın tələb hüququnun yaranmasına səbəb olmuş, lakin hal-hazırda cavabdeh vərəsələr iddia müddətinin keçməsi ilə bağlı ərizə verərək iddianın rədd edilməsini xahiş etmişlər.
57. İddiaçının apellyasiya şikayətinin dəlilləri isə ondan ibarət olmuşdur ki, onun iddia tələbi mərhum R.Hüseynova ödədiyi pulun və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi və ya obyektin boşaldılaraq ona təhvil verilməsi olduğu halda məhkəmə qətnaməsində yalnız pul ödənilməsini qeyd etmiş, iddia müddətinin tətbiq edilməsini əsas götürmüş və işi düzgün araşdırmamışdır. Məhkəmə “İlkin müqavilə”nin 3-cü və 4-cü bəndlərinin tələblərinə əsasən çıxarışın əldə edilməsi və sənədlərin rəsmiləşdirilməsi, yəni alqı-satqı müqaviləsinin bağlanmsının son müddət kimi nəzərdə tutulmasına da diqqət yetirməmişdir.
58. Məhkəmə kollegiyası mübahisənin düzgün həlli üçün əvvəla cavabdeh kimi göstərilmiş şəxslərin iddia tələbi üzrə cavab verməli olan şəxslər olmasını müəyyən etmək üçün iş üzrə sorğu vermiş və vərəsəlik işini tələb etmişdir. Həmin işdən müəyyən olunur ki, həqiqətən də iş üzrə cavabdehlər ilkin müqavilə üzrə digər tərəfin vərəsələridirlər və miras əmlaklar üzrə qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr almışlar.
59. Kollegiya hesab edir ki, miras əmlakın dəyəri (Abşeron rayonu, Digah qəsəbəsində yerləşən 0.0092 ha olan torpaq sahəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 40.9 kv/m olan mənzil, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 35.1 kv/m olan mənzil, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 68.7 kv/m olan mənzil, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 73.3 kv/m olan mənzil, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 40.9 kv/m olan mənzil, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 40.9 kv/m olan mənzil, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 73.3 kv/m olan mənzil, ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 69.6 kv/m olan mənzil) tələb olunan pul vəsaitinin hər iki cavabdehdən miras aktivlərdəki paylarına uyğun tutulması üçün kifayətdir.
60. Belə ki, “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 dekabr 2018-ci il tarixli qərarına əsasən vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür.
61. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı).
62. İlkin müqavilənin hüquqi qüvvəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə qeyd edilmişdir ki, ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir.
63. Göründüyü kimi, iş materiallarında olan ilkin müqavilənin 3-cü bəndinin ikinci cümləsində göstərilən “qalan on min manatı ikinci tərəf əmlaka dair sənədlərin rəsmiləşdirilməsi zamanı ödəməyi öhdəsinə götürür” ifadəsi tərəflərin əsas müqaviləni hansı müddətdə bağlanmasını müəyyən etmişdir. Digər tərəfdən, tərəfin məhkəmə iclasında verdiyi izahatından müəyyən olunur ki, mübahisəli otaq nəinki rəsmiləşdirilməyib, hətta tikilib təhvil verilməsi üçün hazır deyildir. Belə olan halda, kolegiya apellyasiya şikayətinin dəlili ilə razılaşaraq, hesab edir ki, ilkin müqavilə üzrə yaranmış öhdəliklərə xitam verilmədiyindən, iddiaçının qanunla qorunan hüquqlarının müdafiə üçün nəzərdə tutulmuş iddia müddəti də keçməmişdir.
64. Kollegiya iddia tələbinin “obyektin boşaldılaraq iddiaçıya təhvil verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, mübahisəli tikilinin mövcudluğu sübüta yetirilmədiyindən və ilkin müqavilə ilə müəyyənləşdirilmiş qiymət 30000 manat məbləğində pul vəsaiti tam ödənilmədiyindən, iddia həmin hissədə təmin oluna bilməz.
65. Sadalananlara əsasən kollegiya yekunda qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3258/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia qismən təmin edilməli – 10000 manat məbləğində pul vəsaiti Cavabdeh1, 10000 manat məbləğində pul vəsaiti Cavabdeh2 Rovşan oğlundan tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 75 manatı Cavabdeh1, 75 manatı isə Cavabdeh2 Rovşan oğlundan tutularaq İddiaçı verilməlidir.
66. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir.
67. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 440.4-cü və "Məhkəmə qərarlarının icrası haqqında" Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə görə məhkəmə qətnaməsinin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, sonra isə məhkəmə xərclərinin bölüşdürülməsi əks olunmalıdır. Bu qaydaya əsasən məhkəmə qətnaməsində ilk növbədə iddiaçının tələblərinin, sonra isə məhkəmə xərclərinin təmin olunması göstərilməlidir.
68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 385, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3258/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. 10000 (on min) manat və dövlət rüsumunun əvəzi olan 75 (yetmiş beş) manat məbləğində pul vəsaiti Cavabdeh1, 10000 (on min) manat və dövlət rüsumunun əvəzi olan 75 (yetmiş beş) manat məbləğində pul vəsaiti Cavabdeh2 Rovşan oğlundan tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.