Məhkəmə qərarları › İş №2(103)-4165/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4165/2024

15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4165/2024 15.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Abdülhəsən oğlunun Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: özbaşına tikili, özbaşına tikiliyə sahiblik hüququ, hüququn keçməsi, əmlakın qanunsuz sahiblikdən geri tələb olunması, yaşayış sahəsindən çıxarılma, sübutetmə yükü, subyektiv hüquq, evin satılmasına görə ödənilən pulun qaytarılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Abdülhəsən oğlunun Cavabdeh qarşı “pulun qaytarılması və evin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin qəsəbəsi, Ə.Əliyev küçəsində yerləşən 300 kv.metr torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilimiş sahəsi 500 kv.metr olan ev 2008-ci il tarixdən Sabunçu Bələdiyyəsi tərəfindən İddiaçı Abdülhəsən oğlunun adına vergi qeydiyyatına alınaraq hökümət ödəniş portalında qeydiyyatdan keçmişdir, əmlak və torpaq vergiləri İddiaçı Abdülhəsən oğlunun adından ödənilir.

2. Həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

3. 2022-ci ilin yanvar ayında İddiaçı Abdülhəsən oğlu ilə Cavabdeh arasında sözügedən evin alqı-satqısı barədə razılaşma olmuş, evin dəyəri 170 000 manata razılaşdırılmış, Cavabdeh İddiaçı 110 450 manat (Cavabdeh bildirməsinə görə 121 000 manat) ödəmiş, ev Cavabdeh təhvil verilmiş, Cavabdeh evdə abadlaşdırma işləri apararaq orada yaşamağa başlamışdır.

4. İddiaçı Abdülhəsən oğlu ilə Cavabdeh tərtib etdikləri xx.xx.2022-ci il tarixli aktda göstərilmişdir ki, “Mən X1 Səxavətdən Əbdülhəsən oğlundan Sabunçu rayon Əliyar Əliyev ev 32-də yerləşən (üç mərtəbəli) mənzili 170 000 min manata razılaşdım. Mən ona 121 000 manat verdim qalan pulu sənətləri düzəldəndən sonra verəcəm (bu yazının ardı ilə “zet” işarəsinin yazıldığı görünür). Bundan sonra digər xəttlə icra edilmiş “oxudum və öz imzamla təstiqləyirəm”. İddiaçı Əbülhəsən oğlu(imza) imzanı təsdiq edirəm:Cavabdeh (imza)".

5. 10 mart 2022-ci il tarixdə İddiaçı Abdülhəsən oğlunun razılığı əsasında evə dair qaz və işıq üzrə abonent kodları Cavabdeh adına keçirilmişdir.

6. Hazırda həmin evə görə bələdiyyənin vergi qeydiyyatında İddiaçı Abdülhəsən oğludur.

7. Talıblı X3 adlı şəxs tərəfindən aldadılaraq evinin ələ keçirilməsi barədə xx.xx.2022-ci il tarixdə Nərimanov rayon Polis İdarəsinə müraciət etmiş, həmin X6 müstəntiqi tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilmişdir.

8. Həmin qərarda göstərilmişdir ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh, evin qiymətini 170 000 manata razılaşdıqlarını, lakin ümumilikdə 121 000 manat pulun tərəfindən İddiaçı verildiyini, buna görə də evin almması üçün həmin məbləğdə pulun verilməsi barədə əl yazısı yazdığını və Səxavətin öz imzası ilə həmin yazını təsdiq etdiyini, aralarında olan razılaşmaya görə Səxavətin ona ev üçün bələdiyyə sənədi verməli olduğunu, lakin heç bir sənəd vermədiyi üçün qalan 49 000 manat pulu ödəmədiyini, evin sənədini aldıqdan sonra həmin pulu ödəyəcəyini, həmçinin evdə olan çilçıraqların, mətbəx mebelinin və digər əşyaların verilməsi ilə bağlı Səxavətlə heç bir razılaşmasının olmadığını, evi əşyaları ilə birlikdə aldığını və artıq evdə müəyyən təmir işləri gördüyü üçün evi qaytarmaqdan imtina etdiyini bildirmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. İddiaçı Abdülhəsən oğlu (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin ona ödədiyi 110 450 manat pul məbləğinin geri qaytarılmasını və cavabdehin ailəsi ilə birlikdə evdən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ilin noyabr ayında böyük oğlu Ceyhun Talıblının cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi ilə əlaqədar ailələrində böyük bir faciə yaşanmış, həmin vaxta kimi özü və hər iki oğlunun ailəsi bir evdə yaşamışdır. Qərara gəlmişdir ki, belə bir vəziyyətdə yaşayış evini sataraq hər iki oğlu və özü üçün ayrı-ayrı 3 ev alsın. Bakı şəhəri, Sabunçu rayonu, Əliyar Əliyev (keçmiş Anaşkin küçəsi) küçəsində 300 kvadrat metrlik torpaq sahəsində tikdirdiyi 500 kvadratmetr sahəsi olan 3 mərtəbəli yaşayış evini satmaqda kömək etmələri üçün maklerlərə müraciət etmiş, tez satılması üçün evi dəyərindən qat-qat aşağı – 350 000 manata satışa çıxarmış, sonradan internetdə evin qiymətini 180 min göstərməklə elan da yerləşdirmiş, cavabdehlə 170 000 manata razılaşmışıdr. Cavabdeh 16 000 manata dəyərləndirdiyi 2009-cu il buraxılışlı “Toyota-Prius” markalı avtomobili, az sonra isə 2005ci il buraxılışlı “Lexsus” markalı avtomaşını 16 500 manata dəyərləndirərək pul əvəzinə, daha sonra şəhərin müxtəlif yerlərində müxtəlif vaxtlarda cəmi 12 950 manat, həbsdə olan oğlunun qaynatasına onun razılığı ilə 60 000 manat, cəmi 110 450 manat pul vermişdir. Cavabdeh onu inandıra bilmişdi ki, oğlunu həbsdən azad etdirəcək. Cavabdehə inandığı üçün evdə yüngül təmir işi aparacağına görə evin açarını ona vermişdir. Cavabdeh 2 ay müddətinə qalan 60 000 manatı verəcəyinə inandırmış, bu səbəblə onun bütün əşyaları evdə qalmış, çünki tam alqı-satqı yekunlaşmamışdır. Cavabdehin evə onun icazəsi olmadan ailəsi ilə birlikdə köçdüyünü, pulun qalan hissəsini vermədiyini, oğlunun işində heç bir dəyişikliyin, hərəkətin olmadığını görəndə narazılıqları başlamışdır. Pulunu qaytarması şərtilə evdən çıxmalarını tələb etmiş, lakin tələbinə əməl edilmədiyindən polisə şikayət etmişdir. xx.xx.2022-ci il tarixli qərarla Nərimanov rayon Polis İdarəsində cinayət işinin başlanması rədd edilmiş, daha sonra belə bir qərar xx.xx.2023-cü il tarixdə də təkrarlanmışdır. Bu günə kimi cavabdeh 60 000 manat qalan pulu ödəməyərək min bir bəhanə edir ki, evin çıxarışını ver. 20 il yaşadığı evin çıxarışını düzəltməmişsə və yaxud mövcud vəziyyətdə sənədsiz evlər milyonlarladırsa, necə olar ki, o, sənədi düzəldəcəyinə söz vermiş olsun.

11. Cavabdeh iddia ərizəsinə aşağıdakı məzmunda etiraz vermişdir: “Ev almaq üçün müxtəlif elan saytlarına baxırdı. Bu zaman İddiaçı mübahisəli evinin satışda olduğunu öyrəndi və evə baxış keçirdikdən sonra evi bəyəndi. Ev sahibi İddiaçı evin sənədlərini gətirməsini xahiş etdi, lakin satıcı İddiaçı oglu evin sənədlərinin olmadığını və bu yaxınlarda düzəldəcəyini və alan adamın adına mülkiyyət hüququnu təsdiq edən sənəd verəcəyini bildirdi. Evin qiymətini 170 000 manata razılaşdılar. İddiaçı xahiş etdi ki, evin satış qiyməti olan 170 000 manatdan 121 000 manatını ona ödəsin və o, evin sənədlərini düzəltdikdən sonra evi adına keçirərək qalan 49 000 manatı ona ödəyəcəyinə razılaşdılar. Həmin razılaşma əsasında İddiaçı ilə aralarında xx.xx.2022-ci il tarxili akt yazdılar. Bundan əlavə evin ödənişini edən zaman iddiaçı və onun qohumlarının iştirakı ilə “evin pulunun verilməsi və halallaşma” videosu çəkilmişdir. Razılaşmaya əsasən 121 000 manatını ödədikdən sonra, sənədlər düzələnə kimi o, evə köçəcəydi və evdə bəzi təmir işləri görəcəydi. Cavabdeh evə köçdü, evdə təmir bərpa, təmir işləri gördü. Lakin evi aldığı gündən bu günə kimi İddiaçı evin sənədlərini düzəltmədi. Bu səbəbdən də evin pulundan qalıq qalan 49 000 manatı ona ödəməmişdir. Artıq 2 ildir ki, o, həmin evdə ailəsi ilə birlikdə yaşayır. Həmin evin qaz, işıq, su sayğacları onun adınadır. Evdə bir çox təmir işləri və yenidənqurma işləri aparmışdır. Hazırki iddia tələbi nağıla bənzəyir. Heç bir hüquqi faktı əks etdirmir. İddiaçı ərizədə qeyd etmişdir kı, guya kı, o, onun oğlunu cinayət məsuliyyətindən azad etdirəcək. Halbuki aralarında bu barədə heç bir müqavilə olmamışdır. Bu bir cəfəngiyyətdır. İddiaçı evini satan zaman elan saytına yerləşdirdiyi evin dəyərindən cüzi endirim etməklə evi ona satmışdır. İddiaçı ümumiyyətlə aktın saxta olduğunu, orada yazılanların sonradan əlavə olduğunu etiraf edir. Lakin 5/1134/-5/1139- 4/1395 N-li, xx.xx.2023-cü il tarixli ekizpertiza rəyindən də görünür ki, iddiaçının iddia etdiyi kimi, aktda heç bir sonradan əlavə yoxdur. Yazılanlar silinməyib və dəyişiklik olmayıb. İddiaçı nə zaman evin sənədlərini düzəltdirib adına keçirsə, o zaman da ona qalan 49 000 manat məbləği ödəməyə hazırdır”.

12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını, cavabdeh isə iddiaya etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd olunmasını xahiş etmişlər.

13. Cavabdeh məhkəməyə iddiaçı ilə arasında tərtib olunduğunu bildirdiyi xx.xx.2022-ci il tarixli akt təqdim etmiş, həmin akt aşağıdakı məzmunda olmuşdur: “Mən X1 Səxavətdən Əbdülhəsən oğlundan Sabunçu rayon Əliyar Əliyev ev 32-də yerləşən (üç mərtəbəli) mənzili 170 000 min manata razılaşdım. Mən ona 121 000 manat verdim qalan pulu sənətləri düzəldəndən sonra verəcəm (bu yazının ardı ilə “zet” işarəsinin yazıldığı görünür). Bundan sonra digər xəttlə icra edilmiş “oxudum və öz imzamla təstiqləyirəm”. İddiaçı Əbülhəsən oğlu(imza) imzanı təsdiq edirəm:Cavabdeh (imza)".

14. İddiaçı bildirmişdir ki, akt bu məzmunda olmamış, cavabdeh yazılanları pozub sonradan yeni məzmunda mətn yazmış, iddiaçının «oxudum və öz imzamla təstiqləyirəm" İddiaçı Əbülhəsən oğlu(imza) onun tərəfindən icra edilmiş, lakin bu sözlərdən əvvəl iti bucaq işarəsi, əvvəl “Z” işarəsi olmuşdur.

15. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyində göstərilmişdir ki, “Mən ona 121 000 manat verdim qalan pulu sənətləri düzəldəndən sonra verəcəm” cümləsinin sonradan əlavə edilib-edilməməsi barədə təsdiqedici və ya inkaredici nəticəyə gəlmək mümkün olmamışdır. “Mən ona 121000 manat verdim qalan pulu sənətləri düzəldəndən sonra verəcəm” cümlənin altındakı iti bucaq işarəsi əvvəl “Z” işarəsi olmamışdır.

16. Birinci instansiya məhkəməsinin 12 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin olunmaması qət edilmişdir.

17. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehin mübahisəli mənzildən çıxarılması üçün onun oradakı sahibliyi qanunsuz olmalıdır, halbuki cavabdehin mübahisəli evə olan sahibliyi qanunsuz deyil. Belə ki, həmin evin ilk sahibi olan iddiaçı könüllü evin açarını ona təhvil vermiş, evdə abadlaşdırma işlərinin aparılmasına, abonent kodlarının onun adına keçirilməsinə razılıq vermişdir.

18. Məhkəmə vurğulamışdır ki, razılaşdırılmış məbləğin müəyyən hissəsinin cavabdeh tərəfindən ödənilmədiyi işin mübahisəsiz halıdır və iddiaçı evin ona qaytarılması barədə deyil, ödənilməmiş məbləğin, zərərə düşmüşdürsə düşdüyü zərərin cavabdehdən tutulması barədə iddia tələbi irəli sürə bilər.

19. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 164-cü və 165-ci maddələrinə istinad etmişdir.

20. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına uyğun gəlməyən qərar çıxardığını, sübutlara düzgün qiymət vermədiyini irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

21. Cavabdehin nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, etirazda şikayətin əsassız olduğu bildirilərək qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

Apellyasiya baxışı, izahatlar

22. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh və onun nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişlər.

23. İddiaçı izahatında həmçinin bildirmişdir ki, cavabdehlə aralarında tərtib olunmuş akt saxtalaşdırılmışdır və orada yazılanlar həqiqəti əks etdirmir. Həmin dövrdə ehtiyacı olduğundan evini cavabdehə ucuz qiymətə satmışdır, hazırda evi daha yüksək qiymətə satmaq imkanı vardır.

24. Cavabdeh izahatlarında bildirmişdir ki, iddiaçıya pul vəsaiti ödəməli olduğunu inkar etmir, lakin bununla bağlı aralarında olan razılaşmaya görə, iddiaçı evin sənədlərini düzəldib onun adına keçirməli, o isə qalıq pulu bundan sonra ödəməlidir. İddiaçı öz öhdəliyini nə vaxt yerinə yetirsə, qalan pulu həmin vaxt ödəyəcəkdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

25. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

26. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

27. Maddə 43 (1-ci hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

29. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

30. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

31. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər.

32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

33. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

34. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

35. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır.

36. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

37. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

38. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.

39. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir.

40. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

41. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

42. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

43. Maddə 181.4. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər.

44. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

45. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.

46. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

47. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

48. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

49. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

50. Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

51. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər.

52. Maddə 402.2. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur.

53. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

54. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

55. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

56. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

“X7 haqqında” Azərbaycan Respublikasının Qanunu

57. Maddə 1.0.11. Hüququn analogiyası - yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi deməkdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

58. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

60. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

62. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

63. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

65. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

66. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

67. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, cavabdehlə arasında özünə məxsus Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin qəsəbəsi, Ə.Əliyev küçəsində yerləşən evin alqı-satqısı barədə razılaşma olmuş, evin dəyəri 170 000 manata razılaşdırılmış, cavabdeh həmin məbləğin 110 450 manatını ödədiyi üçün evi ona təhvil vermiş, lakin cavabdeh qalan pulu ödəməmişdir.

68. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin qəsəbəsi, Ə.Əliyev küçəsində yerləşən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan əmlak olduğu işin mübahisəsiz halıdır.

69. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.

70. İşin hallarından görünür ki, tərəflər arasında daşınmaz əmlakın alqısatqısına dair hər hansı müqavilə bağlanmamışdır.

71. Tərəflərin tərtib etdikləri “Akt” adlandırılan qəbzi ilkin alqı-satqı müqaviləsi kimi qiymətləndirmək də mümkün deyildir - belə ki, daşınmaz əmlakın ilkin alqı-satqısına dair müqavilə əsas müqavilənin formasına uyğun bağlanmalıdır (§ 52).

72. Beləliklə kollegiya hesab edir ki, tərəflər arasında hər hansı etibarlı müqavilə münasibəti yaranmamışdır və iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin müqavilə ilə bağlı müddəlarına istinad oluna bilməz.

73. Bu kontekstdə kollegiyanın qənaətinə görə, iddiaçının iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin sahibliyin müdafiəsi ilə bağlı müddalarının nəzərdən keçirilməsi mümkündür.

74. Belə ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlı olsa da, özbaşına tikiliyə öz əmlakı qismində sahiblik edən şəxsin üçüncü şəxslər tərəfindən müdafiə olunmaq hüququ vardır (§ 34).

75. Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, özbaşına tikilidən istifadə ilə bağlı mübahisələrdə başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması əsas götürülməlidir. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə və ona sahiblik edirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək həmin şəxsə məxsusdur. Əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən (əşyanın maddiləşmiş kütləsində payı olmayan) və sahiblik etməyən digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır.

76. Özbaşına tikiliyə sahiblik hüququ qanunvericiliklə tanınmaqla özbaşına tikili üzərində sahiblik hüququ olan şəxsin öz hüquqlarının realizəsinə həmin əmlak üzərində sahiblik hüququ olmayan şəxslərin bütün qanunsuz müdaxilələri, o cümlədən sahiblk hüququna olan hər cür pozuntu qadağan edilir (§ 38).

77. Hazırkı iş üzrə müəyyən olunan odur ki, iddiaçı sözügedən ev üzərindəki sahiblik hüququnu öz iradəsi əsasında cavabdehə vermiş (ötürmüş) və cavabdeh bunun müqabilində ona ödəməli olduğu pulun bir hissəsini ödəmədiyi üçün hazırda baxılan iddia tələbini irəli sürmüşdür.

78. Qanunvericiliyin mənasına görə isə, sahiblikdən məhrumetmə və onu pozma o halda qadağan edilmiş özbaşınalıq sayılır ki, bu hal sahibin iradəsi olmadan baş versin (§ 37). Əgər sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulmuşdursa, sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər (§ 38).

79. İşin hallarının ağlabatan mühakimə əsasında təhlili o qənaətə gəlməyə əsas verir ki, cavabdehin əmlaka sahibliyi “qadağan edilmiş özbaşınalıq” yolu ilə əldə olunmuş sahiblik hesab edilə bilməz və birinci instansiya məhkəməsinin “iddiaçı evin ona qaytarılması barədə deyil, ödənilməmiş məbləğin, zərərə düşmüşdürsə düşdüyü zərərin cavabdehdən tutulması barədə iddia tələbi irəli sürə bilər” qənaəti işin hallarına uyğun qənaətdir.

80. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir; apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

81. Qeyd olunmalıdır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X8rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

82. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1187/2024 saylı iş üzrə 12 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən İddiaçı Abdülhəsən oğlu tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar