Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-3260/2025 03.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Ərizəçi X1 və onun tərcüməçisi X4, Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi X1 “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi X5 “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilə bilmədiyi və barışıq sazişinin könüllü icrasından imtina olunduğuna görə, barışıq sazişinin məcburi icra olunması üçün 18 mart 2025-ci il tarixli, MŞB/9/2025-00340 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, ərizəçi Maraqlı şəxs1 və Maraqlı şəxs2 ilə birlikdə Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət edərək, Maraqlı şəxs2 ilə X1 birgə nikahda olduğu vaxt doğulmuş X2 bioloji atasının Maraqlı şəxs1 olduğu üçün uşağın doğum haqqında şəhadətnaməsinin müvafiq qrafalarında dəyişiklik edilərək ata adının Teymur, soyadının Vəzirov göstərilməsi barədə razılığa gəlmişlər. 18 mart 2025-ci il tarixdə keçirilmiş mediasiya prosesi barışıqla nəticələnmişdir. MŞB/9/2025-00340 nömrəli barışıq sazişindən görünür ki, tərəflər təsdiq edirlər ki, Birinci və İkinci Tərəflərin birgə nikahda olduğu vaxt doğulmuş X2 bioloji atası Maraqlı şəxs1dur. Birinci Tərəf razılaşır ki, X2 doğum haqqında şəhadətnaməsinin müvafiq qrafalarında dəyişiklik edilərək ata adı Teymur, soyadı Vəzirov göstərilsin. Üçüncü Tərəf razılaşır ki, X2 doğum haqqında şəhadətnaməsində müvafiq qrafalarda dəyişiklik edilərək ata adı Teymur, soyadı Vəzirov göstərilsin. Tərəflər razılaşırlar ki, X2 doğum haqqında şəhadətnaməsinin müvafiq qrafalarında dəyişiklik edilməsi üçün Tərəflərdən biri müvafiq dövlət qurumuna müraciət edəcək, digər Tərəflər də prosesin uzanmaması üçün adekvat addımlar atacaqdır. Ərizəçi X2 doğum haqqında şəhadətnaməsində müvafiq dəyişikliklərin aparılması üçün Yasamal rayonu Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin ona barışıq sazişinin məhkəmədə təsdiqlənərək, müvafiq məhkəmə qərarı ilə birgə təqdim olunmalı olduğunu bildirmişlər. Buna görə də, 18 mart 2025-ci il tarixli MŞB/9/2025-00340 nömrəli barışıq sazişinin müvafiq VVAQ İdarəsi tərəfindən icra oluna bilməsi üçün məhkəmədə təsdiqlənməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Məhkəmə iclasında ərizəçi X5 ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs2 ərizə üzrə tələbi qəbul etdiyini bildirdi. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 saylı Qərarının 1.5-ci bəndinə görə hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Mülki-Prosessual Məcəllənin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 306.4-cü maddəsinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Məhkəmə hesab edir ki, X5 maraqlı şəxslərlə barışıq sazişi bağlasa da, qeyd edilən barışıq sazişi ilə uşağın bioloji atasının kim olması şəxslərin sadəcə razılığı ilə müəyyən edilə bilməz. Bu hal mübahisəli olmaqla xüsusi bilik tələb edən ekspertizaların keçirilməsi nəticəsində müəyyən edilə bilər. Bir sözlə işə iddia icraatı qaydasında baxılmaqla yekun nəticəyə gəlmək olar. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki iş üzrə hüquq haqqında mübahisə yaranmışdır və buna görə də ərizə baxılmamış saxlanılmalı və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə X3 geri qaytarılmaqla ona iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Bundan başqa, işdən görünür ki, X5 hazırki ərizəni verərkən müvafiq ödəmə sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə ərizənin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2025-ci ildə ödəmişdir. Mülki-Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki ərizə və ona əlavə edilmiş sənədlər, habelə iş üzrə ərizəçinin nümayəndəsinin ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi X1 “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi baxılmamış saxlanılsın və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ona geri qaytarılsın. Ərizəçiyə atalığın müəyyən edilməsi tələbinə dair iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Ərizəçi X1 hazırki mülki iş (2(012)-3260/2025 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından ərizəçinin nümayəndəsinə qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-3260/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-3260/2025
03.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver