Məhkəmə qərarları › İş №2(012)-3270/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3270/2020

11.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3270/2020 11.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1962-ci il təvəllüdlü qardaşı X1 xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Görədil qəsəbəsi, Nəzər Dadaşov küçəsi, 8 saylı evdə ölməsi faktının müəyyən edilməsinə və bu əsasla ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxs üzərinə öhdəlik qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında bildirdi ki, xx xxxxxx 1962-ci il təvəllüdlü qardaşı X1 xx.xx.2020-ci il tarixdə ev şəraitində dünyasını dəyişmiş və Görədil kənd qəbirstanlığında dəfn edilmişdir. BŞT VƏ TTYS 16 saylı bölmənin xx.xx.2020-ci il tarixli xəbərdarlıq vərəqəsinə əsasən, ölümün ilkin səbəbi kimi həkimə qədər ölüm və ruhi xəstə olması göstərilmişdir. Ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, sözügedən şöbənin xx.xx.2020-ci il tarixli 05/Q-626/15 nömrəli cavab məktubu ilə imtina verilmişdir. Qardaşı ruhi xəstə olduğuna görə indiyənədək şəxsiyyət vəsiqəsi olmamışdır. Mərhumun vəsiqəsi olmadığına görə tibbi yardım onlara arayış verməmişdir. Anası qardaşına pensiya düzəltdirmişdir. Mərhum qardaşı ruhi xəstə olduğuna görə şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, həmçinin bank kartı kimi sənədlərini də yandırmışdır. Bu səbəbdən də bank hesabında yığılıb qalmış pul vəsaitini əldə etmək üçün hal-hazırda xx xxxxxx 1962-ci il təvəllüdlü qardaşı X1 ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasıda şahid X2 izahatında bildirdi ki, Ərizəçi onun qayını arvadıdır. Ərizəçinin qardaşı X4 xx.xx.2020-ci il tarixdə rəhmətə getmiş və Goradil qəbirstanlığında dəfn edilmişdir. Mərhum ruhi xəstə olmuşdur və soyuqdan xəstələnərək dünyasını dəyişmişdir. Məhkəmə iclasıda şahid X6 izahatında bildirdi ki, mərhum X4 onun doğma qardaşıdır. Qardaşı 1962-ci anadan olmuş və xx.xx.2020-ci ildə rəhmətə getmiş və Goradil qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan BŞT və TTYS Statistika şöbəsi tərəfindən verilmiş Təcili və X3 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsinə əsasən, X4 xx xxxx 2020-ci il, saat 04:35 radələrində Goradil qəsəbəsi, Nəzər Dadaşov küçəsi ünvanında dünyasının dəyişmişdir. Ölümün ilkin səbəbi mərhumun ruhi xəstə olması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Görədil kənd X7 üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 avqust tarixli, 220 №-li arayışdan görünür ki, mərhum X4 həqiqətən də Abşeron rayonu Görədil kəndində yaşamış, Görədil kəndində vəfat etmiş və Görədil kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx xxxxxx 1962-ci il təvəllüdlü X1 xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Görədil qəsəbəsi, Nəzər Dadaşov küçəsi, 8 saylı evdə ölməsi faktı ərizəçinin izahatı ilə yanaşı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktı təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-nin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxxxx 1962-ci il tarixdə anadan olmuş X1 xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Görədil qəsəbəsi, Nəzər Dadaşov küçəsi, 8 saylı evdə ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar