Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3304/2024 17.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Ərizəçi ilə X7 arasında xx.xx.2023-cü il tarixdə mediasiya qaydasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, Maraqlı şəxs nikahın pozulması, uşaqların himayəyə verilməsi və uşaqla ünsiyyət tələbi ilə mediasiyaya müraciət etmişdir. Beləki, onunla Maraqlı şəxs arasında Bakı 18 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Barşıq sazişinin şərtləri aşağıdakı kimi qəbul edilmişdir. 1.Tərəflər onlar arasında bağlanmış xx.xx.2016-cı il tarixli 142 nömrəli reyster qeydi ilə Abşeron Rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikahın məhkəmə qaydasında əlavə vaxt verilmədən pozulmasına razıdırlar. 2.Birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 (Bundan sonra uşaqların) İİ tərəfin himayəsinə verilir.
3. İ Tərəf uşaqların saxlandması üçün hər ay 150 manat məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. 4.Usaqlarla ünsiyyət sərbəstdir. 5.İlkin mediasiya xərcin (55manat) və tam mediasiya xərcini (100 manat) İİ Tərəf ödəyir. Maraqlı şəxs barışıq sazişinin şərtlərini kobud şəkildə pozaraq, birgə nikahıdan dünyaya gələn xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün 150 manat alimenti ödəmir. Dəfələrlə ona barışıq sazişinin şərtlərinə əməl etməyi bildirsə də, o buna məhəl qoymur və barşıq sazişinin şərtlərini pozmuş olur. Aralarında bağlanmış barışıq sazişinin məhkəmə qaydasında təsdiqlənməsinə zərurət vardır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. O, bildirdi ki, maraqlı şəxs yalnız alimentlə bağlı tələbə riayət etmir. Barışıq sazişinin digər hissələrində isə tərəflər arasında mübahisə yoxdur. Maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasında bildirdi ki, ərizəyə etirazı yoxdur. O, bu günədək 450 manat aliment ödəyib. Lakin hazırda maddi imkanı pis olduğu üçün son aylar aliment verə bilməyib. Barışıq sazişinin digər hissələrində onlar arasında heç bir anlaşılmazlıq yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı 3 saylı Mediasiya Təşkilatında təsdiq edilmiş MSB/18/2023-01101 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər onlar arasında bağlanmış xx.xx.2016-ci il tarixli 142№ reyestr qeydi ilə Abşeron Rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikahın məhkəmə qaydasında əlavə vaxt verilmədən pozulmasına razıdırlar. Birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 (Bundan sonra uşaqların) İİ Tərəfin himayəsinə verilir. İ Tərəf uşaqların saxlanılması üçün hər ay 150 manat məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Uşaqlarla ünsiyyət sərbəstdir. İlkin mediasiya xərcini (55 manat) və tam mediasiya xərcini (100 manat) İİ Tərəf ödəyir. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmələr xüsusi icraat qaydasında baxırlar. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. İşdən görünür ki, tərəflər xx.xx.2016-cı il tarixli 142 nömrəli reyster qeydi ilə Abşeron Rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikahın məhkəmə qaydasında əlavə vaxt verilmədən pozulmasına razılıqları, birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 Ərizəçi himayəsinə verilməsi, Maraqlı şəxs uşaqların saxlandması üçün hər ay 150 manat məbləğində aliment ödəməyi öz öhdəsinə götürməsi , Usaqlarla ünsiyyət sərbəstliyi, ilkin mediasiya xərcin (55manat) və tam mediasiya xərcini (100 manat) Ərizəçi ödəməsi barədə mediasiya prosesində razılaşmış və müqavilə bağlamışlar. Lakin A.E.Sariyeva bu sazişlə üzərinə götürdüyü öhdəlikləri orada göstərilən qaydada yerinə yetirmədiyindən Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin yalnız alimentin ödənilməsi ilə bağlı mübahisə yaranmışdır və digər hissələrdə mübahisə yoxdur. Belə olan halda barışıq sazişi aliment tələbi barədə hissədə məhkəmə qaydasında təsdiq edilməlidir. Belə ki, MPM-nin 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmçinin Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşaqların valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Beləliklə məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi İ Tərəf uşaqların saxlanılması üçün hər ay 150 manat məbləğində aliment ödəməyi öz öhdəsinə götürür hissəsində təsdiq edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “Maraqlı şəxs uşaqların saxlanılması üçün hər ay 150 manat məbləğində aliment ödəməyi öz öhdəsinə götürür.” Alimentin tutulması barışıq sazişinin imzalandığı 03 avqust 2023-cü il tarixindən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Mirnəsir Mirhəsənli