Məhkəmə qərarları › İş №2(012)-3306/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3306/2023

18.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3306/2023 18.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Qənbərov Əli Əfqan oğlunun katibliyi ilə, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, anası xx.xx.1938-ci il təvəllüdlü X5 xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, dəqiqləşdirilməyə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizədə yol verilmiş texniki yanlışlığın aradan qaldırılaraq, “xx.xx.2021-ci il tarixi” deyil, “xx.xx.2022-ci il tarixi” kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, qaynanası xx.xx.1938-ci il təvəllüdlü X7 bağırsaq keçməzliyi xəstəliyindən əməliyyat olunmuş və xx.xx.2022-ci il tarixdə evdə vəfat etmişdir. Ərizəçi vəfat etmənin qeydə alınması üçün aidiyyəti qurumlara müraciət etsə də müraciətinin təmin olunmasından imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, mərhum X7 ilə eyni küçədə yaşamaqla uzaq qohumluq münasibətləri vardır. Mərhumun ölüm anına qədər daima onun yanında olmuşdur. Mərhumun bağırsağında problem olmuş, həkimə aparanda həkim şiş olduğundan əməliyyat olunmağı tövsiyyə etmişdir. X7 əməliyyat olunandan sonra ev şəraitində vəfat etmişdir. Mərhum soyuq vaxtlarda, noyabr ayında vəfat etmişdir. Təcili yardım çağırılan zaman o, mərhumun yanında olmuş, gecə təxminən saat 2 radələri olardı. Səhv etmirsə, mərhum Sulutəpə qəbiristanlığında dəfn olunmuşdur. Mərhum sağlam insan idi, qəfildən sağlamlığında yaranmış problemdən dolayı vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qudasıdır və qudasının anasının adı X7 idi. Mərhum ev şəraitində vəfat etmiş, səhv etmirsə, bağırsağında xərçəng xəstəliyi yaranmışdır. Mərhumun vəfat etmə tarixini xatırlamasa da təxminən, 11 ay müddət olardı. Mərhumun dəfn mərasimində iştirak etmiş, lakin dəfn olunduğu yeri tam olaraq bilmir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.2022-ci il tarixli Təcili və X6 X1 görünür ki, X5 adına həmin tarixdə, saat 06:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ünvanına çağırış daxil olmuş, həkimə qədər qadın cinsindən meyid olmaqla ölüm halı aşkar edilmişdir. -Tibbi Ərazi Bölmələrini X11 X14 Rayon Mərkəzi Xəstəxanası X15 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, PHŞ/6.20-2-022-1088 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3. bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. B.Məsimovanın ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. -Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 05/Q-136/15 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Xocasən Bələdiyyəsinin sədri N.Məmmədovaya Sulutəpə qəbiristanlığının nəzarətçisi T.Babazadə tərəfindən ünvanlanmış məlumatdan görünür ki, həqiqətən də, mərhum X7 xx.xx.2022-ci il tarixdə Sulutəpə qəbiristanlığında dəfn olunmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Məsimov X3 rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 24-cü küçə, 15 saylı evdə qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, xx.xx.1938-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş X2 rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 24-cü küçə, 15 saylı evdə qeydiyyatda olmuşdur. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X7 ərizəçinin anası olmuş, sonuncu xx.xx.2022-ci il tarixdə halı pisləşdiyindən vəfat etmiş və X5 ölüm faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadəsində X5 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin anası X7 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1938-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş X5 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1938-ci il tarixdə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş X5 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar