Məhkəmə qərarları › İş №2(012)-331/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-331/2023

03.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-331/2023 03.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil, Cavabdeh1 vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Abşeron rayon 1 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 arasında 1 saylı Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Həsrətov X1 Nairə Aşır qızı ilə 07 fevral 2004-cü ildə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Həmin nikahdan onların 2 övladı dünyaya gəlmişdir. Binəqədi Rayon Məhkəməsinin 13 may 2014-cü il tarixli 2(001)- 3661/2014 saylı qətnaməsinə əsasən İddiaçıla Cavabdeh1 arasında olan nikah pozulmuşdur. Nikahın pozulmasına baxmayaraq onlar övladlarına görə mütəmadi olaraq əlaqə saxlamışlar. İddiaçı bir ata kimi daim uşaqların təlim-tərbiyəsində və hər bir xərclərində yaxından iştirak etmişdir. O, Cavabdeh1 ilə aralarında olan nikah pozulduqdan sonra da birlikdə yaşamalarına baxmayaraq, ondan tutulması qət edilmiş aliment məbləğini vaxtında və heç bir gecikdirmə olmadan ödəmişdir. Bir müddət sonra İddiaçı rəsmi nikahı olmasa da, faktiki arvadının və iki övladının sosial vəziyyətini daha da yaxşılaşdırmaq qərarına gəlmişdir. Bu məqsədlə o, Binəqədi rayonunda yerləşən, qardaşının adına olan, lakin İddiaçı ailə üzvlərinin yaşadığı mənzili 85000 manata satmışdır. Qeyd olunan mənzil satıldıqdan sonra, yəni 2020-ci ilin may, iyun aylarında ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli yaşayış evini 69500 manata mülkiyyətçi Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi olan qardaşı Cavabdeh3 ilə Cavabdeh1 arasında 1 saylı notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin vaxt onda olan maliyyə vəsaiti evin dəyərini tam ödəməyə imkan vermədiyindən, o, dərhal 2000 manat məbləğində qısa müddətli kredit götürərək Cavabdeh3 vermişdir. Həmin kredit məbləğini iddiaçı 1 həftə ərzində qaytarmışdır. Qeyd olunan alqı-satqı müqaviləsi bağlandıqdan sonra iddiaçı mənzili təmir etməyə başlamış və həmin evin həm daxilində, həm də həyətində bir çox işlər gördürmüşdür. Həmin təmir-tikinti işlərini görmüş ustalar da qeyd olunan mənzilin təmir-tikinti işlərinə nəzarətin iddiaçı tərəfindən həyata keçirildiyini və görülən işlərə görə ödənişlərin iddiaçı tərəfindən ödənildiyi faktını təsdiq edirlər. Alqı-satqının həyata keçirildiyi vaxtdan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarışın verildiyi vaxta qədər təxmini bir il ərzində evdə həyata keçirilmiş təmir-tikinti işlərinin görülməsinə və lazımi məişət əşyaları ilə təmin edilməsinə iddiaçının şəxsi maliyyə vəsaiti hesabına ümumilikdə təxminən 30000 manat məbləğində pul xərclənmişdir. Həmçinin İddiaçı "xxxx" QSC-dən 9000 manat kredit götürərək digər zəruri mebel əşyaları və “Baku Electronics” mağazalar şəbəsindən Bosch markalı paltaryuyan və soyuducu almışdır. Bu addımları atarkən iddiaçının niyyəti bir ata və ailə başçısı kimi öz ailəsinin rahat yaşamasını təmin etmək və övladlarının normal ailə şəraitində böyüməsini təşkil etmək olmuşdur. Lakin hazırki vaxtda iddiaçı övladları ilə ünsiyyət qura bilmir, onların vəziyyətləri ilə bağlı müxtəlif insanlardan məlumatlar alır. İddiaçı bütün bu olanlara baxmayaraq, hazırki vaxtda da övladlarına maddi və mənəvi dəstək olmaq istəsə də, heç bir vasitə ilə bu arzusunu yerinə yetirə bilmir. xx.xx.2021-ci il tarixdə iddiaçı qeyd olunan mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən faktiki nikahda olduğu hazırki iş üzrə Cavabdeh1 adına çıxarış əldə etmişdir. Qeyd olunan ev rəsmiləşdirilərkən ilkin olaraq iddiaçı qeyd olunan mənzilə dair öz adına çıxarış əldə etmək istəsə də, daha sonra bu fikrindən daşınmış və yenə də ailə münasibətlərinin möhkəmlənməsi məqsədi ilə evi faktiki arvadı - hazırki iş üzrə Cavabdeh1 adına rəsmiləşdirmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh1 İddiaçı işdən gec gəlməsini bəhanə edərək, onunla münaqişəyə başlamışdır. Qeyd olunan münaqişə zamanı tərəflərin birgə nikahından doğulmuş övladları valideynləri arasında olan münaqişəyə müdaxilə edərək, atasının göz nahiyyəsinə zərbə endirmiş və nəticədə iddiaçının qaşının partlamasına və göz ətrafının göyərməsinə səbəb olmuşdur. Bundan sonra İddiaçı öz vəsaiti hesabına tikib qurduğu mənzili tərk edərək həmin gecəni şəxsi avtomobilində keçirmişdir. Hazırki vaxtda da iddiaçı kirayədə qalır. Onun ailə üzvləri isə onunla barışmağa, onun qeyd olunan mənzilə geri qayıtmasına heç bir cəhd göstərmirlər. İddiaçı öz ailəsinə, övladlarına bağlı bir şəxsdir. Tərəflər birgə nikaha daxil olduqları vaxtdan, yəni 2004-cü ildən nikahları pozulan vaxtadək, həmçinin nikahları pozulduqdan sonra birlikdə yaşadıqları dövrlərdə də aralarındakı münasibət qeyri-stabil olmasına baxmayaraq, Cavabdeh1 ilə nikahları pozulduqdan sonra da iddiaçı onlarla əlaqə saxlamış, hər zaman onların yanında olmuşdur. Nikahları pozulduqdan bir müddət sonra tərəflər yenidən bir yerdə yaşamağa başlamışlar. Tərəflər arasındakı münasibətlərin normal olmamasına rəğmən, iddiaçı həyat yoldaşı ilə bağlı hər zaman müsbət fikirdə olduğundan heç bir təhlükə görməmiş və yenidən rəsmi nikaha ehtiyac duymamışdır. O, birgə yaşayarkən yenidən ailə bağlarının bərpa olunduğuna dair ümid bəsləmiş və onda övladlarının təlim-tərbiyəsində bir ata kimi yaxından iştirak edə biləcəyinə dair inam yaranmışdır. Qeyd olunan mənzili faktiki nikahda olduğu Cavabdeh1 adına rəsmiləşdirməsi də, onun ailə münasibətlərini yoluna qoyaraq yenidən bərpa etmək, uşaqlarının təlim-tərbiyəsində iştirak etmək, maddi və mənəvi baxımdan onların yanında olmaq məqsədi ilə həyata keçirilmişdir. Bu məsələ ilə bağlı Cavabdeh1 qeyd olunan mənzildə heç bir payı olmadığından, həmin mənzillə bağlı heç vaxt heç bir tələb və istəyi olmamışdır. Qeyd olunan rəsmiləşdirilmə işləri iddiaçının sərbəst qərarı əsasında həyata keçirilmişdir. Mübahisəli mənzil Cavabdeh1 adına rəsmiləşdirildikdən sonra onun iddiaçıya olan münasibəti dəyişmiş və xırda məişət mübahisələrini şişirdərək ailə arasında sözsöhbətə gətirib çıxarmışdır. Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli yaşayış evini mülkiyyətçi Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi olan qardaşı Cavabdeh3 ilə Cavabdeh1 arasında 1 saylı notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsi tam əsassızdır və etibarsızdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad etməklə, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 arasında 1 saylı Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinin ləğv olunması və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 vəkili-nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və onun təmin olunmamasını xahiş etdi. O bildirdi ki, hazırki iddia tələbi ilə bağlı iddia müddəti də ötürülmüşdür. O, bu barədə məhkəməyə ərizə təqdim etdi. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh3 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. O əlavə etdi ki, ev satılarkən onun dəyəri qardaşına tam şəkildə ödənilmişdir. Digər cavabdehlər Cavabdeh2 və Abşeron rayon 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin materiallarından olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 may 2014-cü il tarixli 2(001)-3661/2014 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə X2 arasında Bakı şəhər Səadət sarayında 07 fevral 2004-cü il tarixdə 289 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Mülki işin materiallarından olan ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndindəki 0,015 ha torpaq sahəsi Cavabdeh2 adına qeydə alınmış, onun adına A 374157 saylı, xx.xx.2019-cu il tarixli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Mülki işin materiallarından olan Abşeron rayon 1 saylı Notariat Ofisində təsdiq edilmiş daşınmaz əmlakın AN-İ ******* saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndindəki 0,015 ha torpaq sahəsini Cavabdeh1 65000 manata satmışdır. Mülki işin materiallarından olan ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndindəki 0,015 ha torpaq sahəsi Cavabdeh1 adına qeydə alınmış, onun adına AA 512708 saylı, xx.xx.2020ci il tarixli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Mülki işin materiallarından olan ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndindəki 0,015 ha torpaq sahəsindəki 107 kv.metrlik fərdi yaşayış evi Cavabdeh1 adına qeydə alınmış, onun adına xx.xx.2020-ci il tarixli texniki pasport tərtib edilmişdir. Mülki işin materiallarından olan ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,015 ha torpaq sahəsindəki 107 kv.metrlik fərdi yaşayış evi Cavabdeh1 adına qeydə alınmış, onun adına xx.xx.2021-ci il tarixli texniki pasport tərtib edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Həsrətov X1 Nairə Aşır qızı ilə 07 fevral 2004-cü ildə nikaha girmişdir. Bu nikahdan onların Murad və Emin adlı 2 övladları olmuşdur. Binəqədi Rayon Məhkəməsinin 13 may 2014-cü il tarixli 2(001)- 3661/2014 saylı qətnaməsinə əsasən onların arasındakı nikah pozulmuşdur. Abşeron rayon 1 saylı Notariat Ofisində təsdiq edilmiş daşınmaz əmlakın AN-İ ******* saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndindəki 0,015 ha torpaq sahəsini Cavabdeh1 65000 manata satmış, o isə bu torpaq sahəsinə dair öz adına ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli reyestrdən çıxarış almışdır. Daha sonra torpaq sahəsində inşa edilmiş 107 kv.metrlik fərdi yaşayış evi ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli reyestrdən çıxarışla Cavabdeh1 adına qeydə alınmışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Cavabdeh3 arasında 1 saylı Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına verilmiş çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, qanunvericilik hər hansı müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə tələb etmək hüququnu yalnız həmin müqavilə üzrə tərəflərə aid etmişdir, yəni qanuna görə müqavilə üzrə tərəf olmayan şəxs həmin müqavilənin ləğv edilməsini və ya dəyişdirilməsini tələb etmək hüququna malik deyildir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsinin ləğv edilməsini xahiş etsə də, müqavilə üzrə tərəf olmadığından onun bu müqaviləni hazırki qaydada mübahisələndirməyə subyektiv hüququ yoxdur. İşdən görünür ki, İddiaçı alqısatqı müqaviləsi üzrə tərəf olmamışdır və həmin əqd tərəflər arasındakı keçmiş ailə münasibətlərinin korlanması nəticəsində mübahisələndirilməkdədir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırkı halda İddiaçı məhkəmə iclasında cavabdehin onun hansı hüquqlarını pozmasını sübuta yetirə bilməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, məlum alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələblərinə əməl olunmuş, müqavilə tərəflərin iradə ifadəsinə uyğun, notarial qaydada təsdiq olunmaqla bağlanılmışdır. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa, aydın olur ki, hazırki iş üzrə iddiaçının hüququ cavabdehlər tərəfindən pozulmadığından o, hazırki tələblə bağlı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır. Başqa sözlə, Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi iddiaçının hüququ pozulmadığından onun müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməyən iddiaçının məlum alqı-satqı müqaviləsinin və reyestrdən çıxarışın ləğv edilməsi barədə tələbi təmin edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “Affirmanti, non neganti, incumbit probatio” (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa İnsan Hüquqları Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında göstərmişdir ki, “məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Beləliklə, məhkəmə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Hazırki iddia tələbinin qanuni əsası olmaması səbəbi ilə iddia təmin edilmədiyindən məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirmir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Abşeron rayon 1 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar