Məhkəmə qərarları › İş №2(012)-3326/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3326/2021

31.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3326/2021 31.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əşyanın qaytarılması və maddi ziyan tələbinə dair mülki işə 31 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əşyanın qaytarılması və maddi ziyan tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, “Nissan Murano” markalı, ban nömrəsi JN1TANZ50Z0005835, mühərrik nömrəsi 880042B, buraxılış ili 2006-cı il, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq ona verilməsi və etibarnamə ləğv edilən gündən - 11.03.2021-ci il tarixdən başlayaraq həmin avtomobil ona təhvil verilən günə qədər hər gün üçün 15 manat olmaqla pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Nissan Murano” markalı, ban nömrəsi JN1TANZ50Z0005835, mühərrik nömrəsi 880042B, buraxılış ili 2006-cı il, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İddiaçı 06.09.2011-ci ildə ƏN-İİ, N=386300 saylı etibarnamə ilə həmin avtomobili 27.08.2021-ci il tarixədək idarə etməyi Cavabdeh etibar etmişdir. Həmçinin 22.11.2011-ci il tarixdə AR-İ N=152860 saylı etibarnamə əsasında Cavabdeh adına etibarlılıq müddəti 22.11.2041-ci ilə qədər olmaq şərtiylə iddiaçıya aid bütün əmlakı idarə etmək hüququ vermişdir. İddiaçı 11.03.2021-ci ildə hər iki etibarnaməni notarial qaydada ləğv etdirmiş və bu barədə cavabdehi məlumatlandırmışdır. Lakin bu günə kimi cavabdeh avtomobili ona qaytarmamışdır. Həmin şəxs bu hərəkətləri ilə iddiaçıya maddi-mənəvi ziyan vuraraq əsassız olaraq varlanmışdır. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarından olan ƏN-İİ 386300 №-li Etibarnamədən müəyyən edilir ki, “Nissan Murano” markalı, ban nömrəsi JN1TANZ50Z0005835, mühərrik nömrəsi 880042B, buraxılış ili 2006-cı il, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2 həmin avtomobili idarə etmək üçün Cavabdeh 06.09.2011-ci il tarixdə etibarnamə vermişdir və həmin etibarnamə 27.08.2021-ci il tarixədək qüvvədədir. Mülki işin materiallarından olan AR-İ 152860 №-li 22.11.2011-ci il tarixli Etibarnamədən müəyyən edilir ki, X2 bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi Cavabdeh etibar etmişdir və etibarnamə 22.11.2041-ci il tarixədək qüvvədədir. Mülki işin materiallarından olan 213473 №-li nikahın pozulması haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Cavabdeh və X2 arasında olan nikah 30 may 2015-ci il tarixdə Suraxanı rayon Qeydiyyat şöbəsində ləğv edilmiş və bu barədə 170 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Bəşirova” soyadı verilmişdir. Mülki işin materiallarından olan 11.03.2021-ci il tarixli **********504 saylı ərizədən müəyyən edilir ki, İddiaçı 06.09.2011-ci ildə Bakı şəhəri 6 saylı notariat ofisində Cavabdeh verilmiş etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamənin başqa notariat ofisində təsdiq edildiyində ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsinin təmin edilməsini Bakı şəhəri 6 saylı notariat ofisindən xahiş etmişdir. Mülki işin materiallarından olan 11.03.2021-ci il tarixli **********656 saylı ərizədən müəyyən edilir ki, İddiaçı 22.11.2011-ci ildə Bakı şəhəri 11 saylı notariat ofisində Cavabdeh verilmiş etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasını və etibarnamənin başqa notariat ofisində təsdiq edildiyində ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsinin təmin edilməsini Bakı şəhəri 11 saylı notariat ofisindən xahiş etmişdir. Mülki işin materiallarından olan “Elektron notariat” X1 Çıxarışdan müəyyən edilir ki, X2 tərəfindən Cavabdeh 22.11.2011-ci il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisində verilmiş etibarnaməyə 11.03.2021-ci il tarixdə xitam verilib. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı əvvəlcə öz mülkiyyətində olan avtomobili, sonra isə bütün əmlakını idarə etmək üçün cavabdehə etibarnamələr vermişdir. Onlar arasındakı nikah pozulduqdan sonra iddiaçı notariat ofislərinə həmin etibarnamələrin ləğvi üçün ərizə ilə müraciət etmişdir. Etibarnamələr ləğv edilsə də, cavabdeh iddiaçıya məxsus avtomobili ona qaytarmaqdan imtina etmişdir. Belə olan halda iddiaçı hazırda həmin avtomobilin geri qaytarılması və ona dəyən maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququ maddi nemətlərin fərdi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29 mad.) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdehə iddiaçı tərəfindən verilən etibarnamələr ləğv edildiyi üçün faktiki olaraq əmlak öz mülkiyyətçisinə geri qaytarılmalıdır. Cavabdeh isə iddiaçıya məxsus əmlakı özündə saxlayaraq onun mülkiyyət hüquqlarını pozur. Belə olan halda məhkəmə hesab edir ki, “Nissan Murano” markalı, ban nömrəsi JN1TANZ50Z0005835, mühərrik nömrəsi 880042B, buraxılış ili 2006-cı il, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı qaytarılmalı, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin “maddi ziyan” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı həmin hissədə məhkəməyə mötəbər sübutlar təqdim etmədiyindən həmin hissədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manat məbləğində hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. “Nissan Murano” markalı, ban nömrəsi JN1TANZ50Z0005835, mühərrik nömrəsi 880042B, buraxılış ili 2006-cı il, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil və iş üzrə ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar