Məhkəmə qərarları › İş №2(012)-3335/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3335/2023

28.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3335/2023 28.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi, Mаrаqlı şəхs Abşeron rаyоn Qеydiyyаt Şöbəsinin rəisi Nümayəndə iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, X1 Abşeron rayonu Pirəkəşkül Ərazi Dairəsi, Qobustan kəndində xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X2 onun oğludur. Oğlu xx.xx.2023-cü il tarixdə vəfat etmiş və həmin tarixdə dəfn edilmişdir. O, oğlunun ölümünün qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə imtina verilmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də ərizənin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Ərizəçi xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən, ərizənin həcminin dəqiqləşdirilməsi barədə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, ərizəsinin mətnində və xahiş etdi hissəsində “ölüm faktının müəyyən edilməsi” sözlərinin əvəzinə “vəfat etməsi faktının müəyyən edilməsi” sözlərinin yazılması, “mərhum oğlu X1 xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Pirəkəşkül Ərazi Dairəsi, Qobustan kəndində vəfat etməsi faktının müəyyən edilməsi” barədə sözlərinin yazılmasını, ərizənin predmetinin dəqiqləşdirilməsinin məhkəmə tərəfindən qəbul edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, onun tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş “iddia ərizəsinə əlavə” ərizəsinin nəzərə alınmamasını və ilkin ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, oğlu X2 alça yeyərkən nəfəs borusuna düşmüş və boğularaq ölmüşdür. Həmin vaxt oğlunun 3 yaşı tamam olmamışdır. Məhkəmə iclasında mаrаqlı şəхs Abşeron rаyоn Qеydiyyаt Şöbəsinin rəisi Nümayəndə izahatında bildirmişdir ki, Ərizəçi uşağına ölüm haqqında şəhadətnamənin verilməsi üçün Şöbəyə müraciət etmiş, lakin uşağın ölümü haqqında tibbi şəhadətnamə olmadığına görə ölüm faktının təsdiq olunması mümkün olmamışdır. Odur ki, ərizənin təmin edilməsinə etirazı yoxdur. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onun əridir. X2 onların birgə nikahlarından doğulmuşdur. X6 xx.xx.2023-cü il tarixdə həyətdə oynayarkən digər oğlum gələrək qardaşının boğulduğunu bildirmişdir. Onlar dərhal təcili tibbi yardım çağırsalar da, uşağını həyatını xilas etmək mümkün olmamışdır. Uşaq alça yeyərkən alça bütöv şəkildə uşağın nəfəs borusuna getmiş, bu səbəbdən də boğulmuşdur. Uşağını yaşadıqları ərazidə Qobustan qəbristanlığında dəfn etmişlər. Bununla bağlı rayon prokurorluğunda araşdırılma aparılmış, lakin cinayət hadisəsi olmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Hadisə baş verən gün səs-küyə Ərizəçi evinə getmiş, uşağın ağzında alça olduğunu görmüşdür. Alça uşağın nəfəs borusunda qalmışdır. Uşağı təcili tibbi yardım avtomobilinə qoyaraq xəstəxanaya aparmışlar. Orada uşağa süni nəfəs verilmişdir. Bunda sonra uşağı şəhər xəstəxanasına aparsalar da, uşaq yolda vəfat etmişdir. Həkimlər uşağı süni nəfəs aparatına qoşmuşdular. Həmin vaxt uşaq özündə olmamışdır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Sumqayıt “Asan Xidmət” Mərkəzi Qеydiyyаt şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İV nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2, atası Ərizəçi, anası X3 olmaqla 17 avqust 2020-ci ildə Bakı şəhərində anadan olmuşdur. -Abşeron rayon Qеydiyyаt şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli 3-16- 5/8-1246/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur - Tibbi Ərazi Bölmələrini X4 X10 Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PHŞ/6.20-Q-323-42-261/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3. bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. A.Qədimzadənin ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. -Abşeron Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X1 alça yeyib boğularaq ölməsində cinayət hadisəsinin olması müəyyən edilmədiyindən cinayət işinin başlanması Azərbaycan Respublikasının CPM-nin 39.1.1 maddəsinə əsasən rədd edilmişdir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X2 ərizəçinin oğlu olmuş, sonuncu xx.xx.2023-cü il tarixdə alça yeyərkən boğulmadan vəfat etmiş və X1 vəfat etməsi faktı ərizəçinin izahatı, şahid ifadələri, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadələrində X1 xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Qobustan kəndində vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi oğlunun ölümü haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də ərizəçinin oğlu X2 xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Pirəkəşkül ərazi dairəsi, Qobustan kəndində vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadəsini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadəsi işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X1 xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Pirəkəşkül ərazi dairəsi Qobustan kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. X1 xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Pirəkəşkül ərazi dairəsi Qobustan kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar