Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3378/2024 26.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 2500 manat məbləğində maddi ziyanın və 5000 manat məbləğində mənəvi ziyanın əvəzinin Cavabdeh tutularaq onun (iddiaçının) xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin əvvəllər də iddiaçı ilə ailə qurmaq niyyətində olmadığını iddiaçı onunla (cavabdehlə) yaşamağa başladıqdan sonra anlamışdır. Tək evlilik müddəti ərzində deyil, eyni zamanda nişanlı qaldıqları müddət ərzində də cavabdeh iddiaçıya soyuq münasibət göstərmişdir. Evlilikdən sonra isə cavabdehdən qaynaqlanan ailədaxili münaqişələr yaranmağa başlamışdır. Toydan sonra zifah gecəsinə evləndikdən 2 gün sonra, böyüklərin məcburiyyəti ilə daxil olmuş, bu zaman cavabdehdə cinsi zəifliyin olması aşkar olunmuş, cavabdeh bunu yorğunluqla əlaqələndirmiş, lakin bu hal bir neçə dəfə təkrarlanmışdır. İddiaçının tibbi təhsili olduğu üçün onda zəiflik olduğunu anlamışdır. Cavabdeh iddiaçı tərəfindən bu halın anlaşıldığını bildikdən sonra iddiaçıdan uzaq durmağa, onu evin içində danışdırmamağa, ehtiyaclarını ödəməməyə, işləməyinə baxmayaraq, evə heçnə almamağa, iddiaçıya daima qadağalar qoymağa, onun heç yerə getməsinə icazə verməməyə başlamışdır. Bütün günü balaca otaqda havasız qalmaqdan iddiaçı boğulma həddinə çatmışdır. Bundan əlavə, iddiaçı məcbur olub, qaynanasının (cavabdehin anasının) hesabına yaşayırdı, belə ki, iddiaçını yoldaşı (cavabdeh) deyil, qaynanası yeməklə təmin edirdi. Evləndikləri günün 20-ci günündə geca saatlarında cavabdeh iddiaçının valideynlərini çağıraraq, tutarsız və gülünc sözləri ilə onu (iddiaçını) təqsirkar çıxartmağa çalışaraq valideynlərinə də hörmətsiz və saymazyana davranmışdır. Bu hadisə baş verdikdən sonra 12 gün ərzində cavabdeh iddiaçını danışdırmamış, yaşadıqları otaqda bütün günü iddiaçını tək qoyub getmişdir. Cavabdehdən bu davranışlarının səbəbi soruşulduqda isə cavabdeh "qapı açıqdır, gedə bilərsən" ifadəsini işlədərək ailə məsuliyyətindən imtina etmişdir. xx.xx.2023-cü il tarixdə baş vermis sonuncu söz-söhbətə əsasən, iddiaçı valideynlərinə məlumat verərək axşam saat 7 radələrində Savalan rayonu Cəfər Xəndan küçəsi, 35 ünvanını sakitcə tərk edərək, atası evinə - Zabrat qəsəbəsi, Tofi Quliyev, 2 ünvanına gəlmişdir. Daha sonra iddiaçı bir dəfə cavabdehə valideynlərin təkidi ilə şans verərək evinə qayıtmış, lakin cavabdehin iddiaçıya münasibəti dəyişməmişdir. 2023-cü ilin Yeni il bayramı ərəfələrində belə cavabdeh iddiaçını ata evində olmasına rəğmən, onunla maraqlanmamış, iddiaçını götürməyə belə gəlməmişdir. Hər dəfəsində haqqı olmadan iddiaçını təqsirkar çıxarmış, valideynlərinin və iddiaçının ona (cavabdehə) verdiyi şansa baxmayaraq, cavabdeh qardaşı ilə iddiaçıya xəbər göndərərək, “Bu iş olmayacaq. Gəlin əşyalarınızı götürün” deyə bildirmişdir. Baş verənlər və qısa bir müddətdə cavabdehin iddiaçıya bəslədiyi münasibət onu göstərir ki, Cavabdeh İddiaçı ilə məqsədyönlü şəkildə evlənmişdir. Toyda cavabdeh və onun ailəsi qızıl və geyim almamış, yalnızca bir qramlıq üzük və toyda 180 manatlıq bijuteriya taxmışdır. İddiaçı ailəsinin dəstəyi ilə nişan zamanı 1000 manat, toy, xına zamanı 1500 manat xərcləri çıxmışdır. Cavabdehin qanunsuz hərəkətləri, iddiaçının həyatından oyuncaq kimi istifadə edərək onu bir kənara tullaması iddiaçıya psixoloji olaraq çox pis təsir etmiş, o, ağır formada əsəb və sarsıntı keçirmişdir. Yaşadıqlarının təsirindən iddiaçının əsəbləri pozulmuş, o, mütəmadi olaraq psixoloq yanına gedir, antidepresant dərmanlar qəbul edir. Göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, bu iddiaçının ikinci evliliyidir, ilk evliliyi uğursuz olmuşdur. Heç bir evliliyində birgə nikahdan övladı olmamışdır. xx.xx.2021-cü il tarixdə cavabdehlə nişanları, xx.xx.2024-cü il tarixdə isə Kolizey restoranında toyları olmuşdur. Cavabdehlə ailə məsləhəti ilə və 3 aylıq nişanlılıq müddətindən sonra evlənmişdir. İddiaçı özü sıradan bir insan deyil, musiqiçi və bəstəkardır. Bu baxımdan iddiaçı və ailəsi tanınmışdır. Ətrafdakı insanlara məcburi şəkildə yalan danışaraq hər şeyin mükəmməl olduğunu bildirsə də, ailə münasibətləri heç yaxşı deyil. Toy baş tutmadan əvvəl iddiaçının anası cavabdehlə qızını (iddiaçını) kənara çəkərək nikahın bağlanması ilə bağlı nəsə bir problemin olub-olmadığını soruşmuş, lakin mənfi heç bir cavab verilməmişdir. Cavabdehin şəxsi və sağlamlıq problemləri vardır. Belə ki, cavabdeh iddiaçını qəbul etmir, 12 gün boyunca cavabdeh iddiaçını bir otaqda tək qoymuş, evliliyin 37-ci günündə iddiaçı cavabdeh tərəfindən bu soyuq davranışların səbəbini soruşduqda isə cavabdeh qapını göstərərək “qapı açıqdır, çıx get” deyə bildirmişdir. Xınanın xərcini iddiaçı tərəf, yəni valideynləri təkbaşına çəkmişdir, bununla bağlı 5 nəfərdən çox şahid vardır. Sabunçu rayon Məhkəməsinə cavabdehlə nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, 3 ay barışıq müddəti verilmiş, daha sonra aralarındakı nikah pozulmuşdur. Cavabdeh tərəfindən heç bir zaman şiddətə və təhqirə məruz qalmamışdır. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, əvvəllər iddiaçı ilə aralarında sevgi münasibəti olmuş, narahatçılıq mövcud olmamışdır. Lakin iddiaçının valideynləri ailə münasibətlərinə daima müdaxilələr etmiş, ailədaxili məsələlərə qarışmağa çalışmışdır. Sonradan iddiaçının qəribə hərəkətləri nəzərə çarpmışdır. Belə ki, iddiaçı cavabdehlə danışarkən “mən filankəsin qızıyam, babamla heç kim at oynada bilməyib” kimi özünüilahiləşdirici ifadələr istifadə etməyə, işdən gəldikdən sonra çantasını evin o biri tərəfinə ataraq aqressiv hərəkətlər göstərməyə başlamışdır. Hazırda zalda iddiaçının sərgilədiyi danışıq tərzi cavabdehlə ünsiyyət zamanı istifadə etdiyi münasibətlərdən olduqca fərqlidir. Cavabdeh həkim və yoxlanışlardan keçmiş, sağlamlığında heç bir problem aşkar olunmamışdır. İddiaçının valideynləri tərəfindən cavabdehə təhqiramiz, cavabdehin evinə basqın kimi aqressiv hərəkətlər törədilmişdir. Cavabdeh tərəfindən iddiaçıya heç bir zaman şiddət, təhqiramiz münasibət göstərilməmişdir. Sabunçu rayon Məhkəməsi tərəfindən verilmiş 3 aylıq barışıq müddəti ərzində belə cavabdeh iddiaçı ilə normal şəkildə danışmış, qarşılığında isə həm iddiaçı, həm də iddiaçının valideynləri tərəfindən cavabdehin özünə və ailəsinə təhqirlər yağdırılmışdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Bakı 8 saylı X1 Mediasiya Sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-00868 nömrəli arayışından görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməkdən imtina etmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı ünvan 1 ünvanda, Cavabdeh isə ünvan 2vanda qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə məhkəmə iclasında işin araşdırılan hallarından müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə ailə həyatı quraraq nikahlarını rəsmləşdirmişdir. Tərəflər arasında münasibətlər pozulmuş, hazırda iddiaçı nikaha bağlayarkən onun tərəfindən çəkilmiş toy və digər xərclər olan 2500 manat məbləğində maddi ziyanın və 5000 manat məbləğində mənəvi ziyanın əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçı iddiasını yalnız özünün ümumi mülahizələrindən çıxış edərək təqdim etmiş və iddiasını əsaslı edə biləcək heç bir dəlil təqdim etməmişdir. Belə ki, iddiaçı cavabdehlə nikaha girərkən adət-ənənəyə əsasən çəkilən toy xərclərini və digər xərcləri cavabdehdən istəməsi ilə bağlı məhkəmə qeyd edir ki, nikaha girmək könüllü olduğu kimi nikahdan çıxmaq da tərəflərin iradəsinin ifadəsidir. Nikaha girmək üçün çəkilmiş xərclər də tərəflərin könüllü qaydada etdikləri hərəkətlərdir. Belə hərəkətlərə görə onlar bir-birilərinin qarşısında öhdəliklər yaratmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Beləliklə Məhkəmə iddia tələbini araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğundan iddianın 2500 manat məbləğində maddi ziyan hissəsi təmin edilməməlidir. İddiaçının 5000 manat mənəvi tələb hissəsinə münasibət bildirərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də, cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan Qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarlarındakı hüquqi mövqeylərində göstərilənlər, iddiaçının mənəvi tələblə bağlı əsaslandırdıqlarını istisna etdiyindən iddianın mənəvi tələb hissəsi də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında dövlət rüsumunun ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3378/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3378/2024
26.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver