Məhkəmə qərarları › İş №2(012)-3426/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3426/2024

12.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3426/2024 12.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Ərizəçi, Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər atası ilə görüşünün təmin edilməsi üçün mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs2 ilə birgə nikahdan doğulan xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər atası ilə görüşünün təmin edilməsi məqsədi ilə mediasiya proseində barışıq sazişini bağlamışdır. Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/8/2023-00105 saylı barışıq sazişinə əsasən, uşağın anası Maraqlı şəxs2 onun övladını görməsi üçün hər cümə günü 16:00dan bazar günü 08:00-09:00-a qədər şərait yaradacaqdır. Lakin Maraqlı şəxs2 onların arasında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişinə məhəl qoymayaraq və sazişə əsasən üzərinə götürmüş olduğu öhdəliyi icra etməyərək onun qızı ilə olan ünsiyyət hüququna mane olur. Halbuki uşaq hələ azyaşlıdır və onun anasına olduğu qədər atasına da ehtiyacı vardır. Qızı ilə görüşməməsi onun sosial-mənəvi inkişafına mənfi təsir göstərəcəkdir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs2 ərizəyə etiraz etdi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında digər Maraqlı şəxs3 ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə proses iştirakçılarını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı 8 saylı Mediasiya Təşkilatında təsdiq edilmiş xx.xx.2023-cü il tarixli MŞB/8/2023-00105 sayl barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs2 öhdəlik götürür ki, Ərizəçi xx.xx.2018-ci il təvəllüdlü X2 ilə uşaq səkkiz yaşına çatanadək, bu saziş imzalandığı gündən hər həftənin cümə (V) günü saat 16.00-da uşağı götürüb bazar (Vİİ) günü saat 08.00-09.00-da anasına qaytarmaqla sərbəst ünsiyyətdə ola (görüşə) bilər. Ərizəçi öhdəlik götürür ki, xx.xx.2018-ci il təvəllüdlü X2 atasında olduğu günlərdə gecələri Ərizəçi ikinci ailəsi ilə birlikdə yaşadığı evdə qalmayacaq. Tərəflər və Maraqlı şəxs3 (uşağın nənəsi) öhdəlik götürürlər ki, xx.xx.2018-ci il təvəllüdlü X2 atasında olduğu günlərdə gecələri Maraqlı şəxs3 ilə Maraqlı şəxs3 yaşadığı ünvanda (evdə) qalacaq. Əgər uşağın gecəni Ərizəçi ikinci ailəsindən ayrı qalması mümkün olmazsa, Ərizəçi gecəni qalması üçün uşağı anasına verəcək. Tərəflər və Maraqlı şəxs3 (uşağın nənəsi) öhdəlik götürürlər ki, hazırki sazişlə razılaşdırılmış xx.xx.2018-ci il təvəllüdlü X2 ilə atasının və atası tərəfdən digər şəxslərin ünsiyyəti zamanı uşağa anası Maraqlı şəxs2 barəsində heç bir mənfi səciyyəli söz, fikir, hərəkət və s. deyilməyəcək, hiss elətdirilməyəcək. Görüşlər zamanı uşağın mənafeyinə, psixologiyasına, mənəviyyatına mənfi təsirlər göstərilməyəcək. Tərəflər və Maraqlı şəxs3 (uşağın nənəsi) öhdəlik götürürlər ki, xx.xx.2018-ci il təvəllüdlü X2 ilə ünsiyyət və görüşlər zamanı bütün hallarda xx.xx.2018-ci il təvəllüdlü X1 mənafeyi üstün tutulacaq. Ərizəçi və Maraqlı şəxs2 razılaşırlar ki, xüsusi hallarda və ya hansısa səbəbdən hazırki sazişdə razılaşdırılmış vaxtda görüşlərin təmin edilməsi mümkün oimadıqda görüş vaxtı növbəti həftə və ya ay ərzində tərəflərin qarşılıqlı razılığı əsasında müəyyənləşdirilmiş başqa günlərlə əvəz ediləcək. Ərizəçi və Maraqlı şəxs2 razılaşırlar ki, uşaq səkkiz yaşına çatdıqdan sonra görüş vaxtının və qaydasının dəyişdirilməsi barədə mediasiyaya və məhkəməyə müraciət etmək hüququnu saxlayırlar. Tərəflər razılaşırlar ki, uşaq səkkiz yaşına çatdıqdan sonra görüş vaxtının və qaydasının dəyişdirilməsi ilə bağlı mediasiyaya müraciət edərlərsə, mediator seçilməsi üçün Bakı 8 saylı Mediasiya təşkilatına müraciət edəcəklər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmələr xüsusi icraat qaydasında baxırlar. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. İşdən görünür ki, tərəflər ərizəçi ilə maraqlı şəxsin oğlunun birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 atası ilə ünsiyyətdə olması vaxtı və qaydası barədə mediasiya prosesində razılaşmış və barışıq sazişi bağlamışlar. Lakin Maraqlı şəxs2 bu sazişlə üzərinə götürdüyü öhdəlikləri sazişdə göstərilən qaydada yerinə yetirmədiyindən Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və digər şəxslərin hüquqlarını pozmur. Belə olan halda məhkəmə hesab edir ki, həmin barışıq sazişi məhkəmə qaydasında təsdiq edilməlidir. Belə ki, MPM-nin 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmçinin Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşaqların valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs2 arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “Ərizəçi və Maraqlı şəxs2 öhdəlik götürür ki, Ərizəçi xx.xx.2018-ci il təvəllüdlü X2 ilə uşaq səkkiz yaşına çatanadək, bu saziş imzalandığı gündən hər həftənin cümə (V) günü saat 16.00-da uşağı götürüb bazar (Vİİ) günü saat 08.00-09.00-da anasına qaytarmaqla sərbəst ünsiyyətdə ola (görüşə) bilər. Ərizəçi öhdəlik götürür ki, xx.xx.2018-ci il təvəllüdlü X2 atasında olduğu günlərdə gecələri Ərizəçi ikinci ailəsi ilə birlikdə yaşadığı evdə qalmayacaq. Tərəflər və Maraqlı şəxs3 (uşağın nənəsi) öhdəlik götürürlər ki, xx.xx.2018-ci il təvəllüdlü X2 atasında olduğu günlərdə gecələri Maraqlı şəxs3 ilə Maraqlı şəxs3 yaşadığı ünvanda (evdə) qalacaq. Əgər uşağın gecəni Ərizəçi ikinci ailəsindən ayrı qalması mümkün olmazsa, Ərizəçi gecəni qalması üçün uşağı anasına verəcək. Tərəflər və Maraqlı şəxs3 (uşağın nənəsi) öhdəlik götürürlər ki, hazırki sazişlə razılaşdırılmış xx.xx.2018-ci il təvəllüdlü X2 ilə atasının və atası tərəfdən digər şəxslərin ünsiyyəti zamanı uşağa anası Maraqlı şəxs2 barəsində heç bir mənfi səciyyəli söz, fikir, hərəkət və s. deyilməyəcək, hiss etdirilməyəcək. Görüşlər zamanı uşağın mənafeyinə, psixologiyasına, mənəviyyatına mənfi təsirlər göstərilməyəcək. Tərəflər və Maraqlı şəxs3 (uşağın nənəsi) öhdəlik götürürlər ki, xx.xx.2018-ci il təvəllüdlü X2 ilə ünsiyyət və görüşlər zamanı bütün hallarda xx.xx.2018-ci il təvəllüdlü X1 mənafeyi üstün tutulacaq. Ərizəçi və Maraqlı şəxs2 razılaşırlar ki, xüsusi hallarda və ya hansısa səbəbdən hazırki sazişdə razılaşdırılmış vaxtda görüşlərin təmin edilməsi mümkün olmadıqda görüş vaxtı növbəti həftə və ya ay ərzində tərəflərin qarşılıqlı razılığı əsasında müəyyənləşdirilmiş başqa günlərlə əvəz ediləcək. Ərizəçi və Maraqlı şəxs2 razılaşırlar ki, uşaq səkkiz yaşına çatdıqdan sonra görüş vaxtının və qaydasının dəyişdirilməsi barədə mediasiyaya və məhkəməyə müraciət etmək hüququnu saxlayırlar.”. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar