Məhkəmə qərarları › İş №2(012)-3668/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3668/2025

26.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3668/2025 26.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixli, MŞM/MT031/2025-00046 nömrəli barışıq sazişinin təsdiq edilməsi və həmin sazişə əsasən Maraqlı şəxs maaşından hər ay 1000 manat məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, onunla Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixli, MŞM/MT031/2025-00046 nömrəli barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən Maraqlı şəxs 2025-ci il 5 fevral tarixindən etibarən xx.xx.2023-cü il təvəllüdlü övladları X3 üçün hər ay 1000 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Sazişin mətnindən də göründüyü kimi barışıq sazişinin könüllü icra olunması üçün müəyyən olunmuş müddətdən bir aydan artıq müddət keçməsinə baxmayaraq qarşı tərəf öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və heç bir ödəniş etməmişdir. Sazişin 3-cü bəndinə əsasən, sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur. Sazişin 9-cu bəndinə əsasən, sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Qeyd edilənlərə əsasən, o, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək, hal-hazırda hərbi qulluqçu olduğu üçün xidmətlə bağlı səbəblərə görə məhkəmə iclasında fiziki olaraq iştirak etmək imkanının olmadığını bildirmiş, bu səbəbdən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və işin mövcud sübutlar əsasında baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Mediasiya Şurasının xx.xx.2025-ci il tarixli, MŞM/MT031/2025-00046 saylı barışıq sazişindən görünür ki, tərəflər-Ərizəçi ilə Maraqlı şəxs- Birinci tərəfin (Ərizəçi) xx.xx.2023cü ildə doğulan övladı X3 (AZ - İV № 865069) üçün ikinci tərəfdən (Maraqlı şəxs) 2025-ci il fevral ayının 5-dən başlayaraq növbəti hər ayın 5-dək 1000 manat aliment ödəməsini tələb etməsinə, birinci tərəfin (Ərizəçi) ikinci tərəfin (Maraqlı şəxs) ödəyəcəyi aliment məbləğini özünün bankda açdırdığı kart hesabına ödəməsinə dair razılığa gəlmişlər. -Maraqlı şəxs məhkəməyə xx.xx.2025-ci il tarixində ərizə göndərərək, hal-hazırda hərbi qulluqçu olduğu üçün xidmətlə bağlı səbəblərə görə məhkəmə iclasında fiziki olaraq iştirak etmək imkanının olmadığını bildirmiş, bu səbəbdən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və işin mövcud sübutlar əsasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 305.1.17. maddəsinə əsasən, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2020-ci ildə 1 Saylı Bakı “ASAN Xidmət” X2 1960 nömrə ilə nikaha daxil olmuşdur. Tərəflərin birgə nikahdan 1 övladları-xx.xx.2023-cü il təvəllüdlü X3 dünyaya gəlmişdir. Mingəçevir 1 X1 bağlanmış xx.xx.2025-ci il tarixli, MŞM/MT031/2025- 00046 saylı barışıq sazişinə əsasən, tərəflər alimentin ödənilməsinə dair razılığa gəlmişlər. Barışıq sazişinin şərtlərinə əsasən, saziş üzrə öhdəliklər könüllü şəkildə icra edilməli olduğu halda Maraqlı şəxs tərəfindən öhdəliyindən yayınması halları olduğundan və bu hal barışıq sazişinin, eyni zamanda, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, barışıq sazişinin məhkəmə qaydasında məcburi icrası qaydasını istisna etmədiyindən Ərizəçi barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra Mediasiya haqqında Qanun adlanacaq): 1.0.1. maddəsinə əsasən, mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. 3.1.2. maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn mübahisələrə mediasiya qaydasında baxılır. 4.1. maddəsinə əsasən, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Göründüyü kimi, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyən, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edən “Mediasiya haqqında Qanun” tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədi ilə qəbul edilmişdir. “Mediasiya haqqında Qanun”un: 24.6. maddəsinə əsasən, mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Barışıq təklifi tərəflərin razılığı ilə verilir. 32.1.1. maddəsinə əsasən, tərəflər arasında barışıq sazişi bağlandıqda mediasiya prosesinə xitam verilir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, MŞM/MT031/2025- 00046 saylı barışıq sazişinə əsasən, mülki iş üzrə tərəflər alimentin ödənilməsinə dair barışıq sazişi bağlamışlar. “Mediasiya haqqında Qanun”un: 9.3.1. maddəsinə əsasən, barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifəsidir. 34.1. maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. maddəsinə əsasən, barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. 34.4. maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. maddəsinə əsasən, barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Qanunun tələblərindən görünür ki, mediasiya prosesində tərəflər arasında mübahisə barışıq sazişinin imzalanması ilə başa çatdıqda həmin saziş üzrə tərəflər sazişin icra edilməsinə görə məsuliyyət daşıyır və sazişin icra edilməməsinə görə məhkəmə qaydasında məcburi şəkildə icrasının təmin edilməsi hüququnu yaratmışdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, maraqlı şəxs barəsində xx.xx.2025-ci il tarixli, MŞM/MT031/2025-00046 saylı barışıq sazişi təsdiq edilərək icrası təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın: 12.3.1. bəndinə əsasən, barışıq sazişinin imzalandığı gündən mediasiya prosesinə xitam verilir.

13. bəndinə əsasən, barışıq sazişi Qanunun 34-cü maddəsinə uyğun olaraq icra edilir. Mülki Prosessual Məcəllənin 355-24. maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞM/MT031/2025-00046 saylı barışıq sazişinin şərtləri 10 gün müddətində maraqlı şəxs tərəfindən icra edilməli olduğu halda icra edilməmiş, bununla da, ərizəçi həmin sazişin məhkəmə qaydasında təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 355-25.3. maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları, qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirərək qeyd edir ki, azyaşlının mənafeyini nəzərə alaraq, öhdəliyin icrasından yayınan valideyn tərəfindən öhdəliyin icrasını təmin etmək məqsədilə barışıq sazişinin təsdiq edilməsinə maneə törədən və ya bundan imtina edilməsinə əsas olan hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından ərizə qismən təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Mingəçevir 1 X1 bağlanmış xx.xx.2025-ci il tarixli, MŞM/MT031/2025-00046 saylı barışıq sazişi məhkəmə qaydasında təsdiq edilməlidir. Həmçinin ərizəçi tələbində barışıq sazişinə əsasən Maraqlı şəxs maaşından hər ay 1000 manat məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etsə də, hazırki işə xüsusi icraat qaydasına baxıldığından və ərizənin Maraqlı şəxs maaşından hər ay 1000 manat məbləğində alimentin tutularaq ona ödənilməsi hissəsi, həmin barışıq sazişinin özünü ehtiva etdiyindən, məhkəmə hesab edir ki, ərizə bu hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Mingəçevir 1 X1 bağlanmış xx.xx.2025-ci il tarixli, MŞM/MT031/2025-00046 saylı barışıq sazişi məhkəmə qaydasında təsdiq edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar