Məhkəmə qərarları › İş №2(012)-367/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-367/2025

27.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-367/2025 27.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinyət əşyasının qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinyət əşyasının qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, qızıl-zinət əşyasının (583 problu, 25 qram - Rusiya istehsalı) Cavabdeh alınaraq ona qaytarılması, qızıl-zinət əşyası (583 problu, 25 qram - Rusiya istehsalı) ona qaytarılmadığı təqdirdə real bazar qiymətinə uyğun olaraq dəyərinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh onun keçmiş qaynanasıdır. Belə ki, X3 ilə el adəti üzrə toyları 2007-ci ildə olsa da, rəsmi nikahları 17 dekabr 2011-ci il tarixdə qeydə alınmışdır. Toyları ərəfəsində oğlan evi tərəfindən bir neçə qızıl-zinət əşyaları (1 ədəd komplekt (sırğa, üzük) - Rusiya istehsalı, 1 ədəd tək ağ qaşılı üzük - Rusiya istehsalı, 1 ədəd - sep (583 problu, 25 qram - Rusiya istehsalı) ona hədiyyə olaraq verilmişdir. Həmin qızıl-zinət əşyaları 2009-cu ilə qədər onda olmuşdur. 2009-cu ildə Vüsal Vəliyev hərbçi olaraq Mingəçevirdə yerləşən “N” saylı hərbi hissədə xidmət etdiyindən müvəqqəti olaraq Mingəçevirdə kirayədə yaşamaq məcburiyyətində qalmışlar. Həmin ərəfələrdə Cavabdeh qızılları nə etdiyini soruşmuş, hətta satacağından narahat olmuşdur. Halbuki, heç vaxt o, belə bir fikirdə olmamışdır. Cavabdeh Vəli qızı qızılları ondan istədiyi üçün o da öz növbəsində, saxlanılması üçün ona vermişdir. Özünə də bildirmişdir ki, lazım olduğu təqdirdə o, gəlib qızılları götürəcəkdir. Yəni qızılları verməkdə məqsədi bu olmuşdur. Lakin Cavabdeh qaynatasına bildirmişdir ki, guya o, həmin bu qızılı bəyənməyərək cavabdehə “apar özün taxarsan” demişdir. Halbuki, belə bir söz işlətməmişdir. Sonradan həmin qızılı Cavabdeh istəyəndə Cavabdeh cavabında sözügedən qızılı guya satdığını və əvəzində özünə başqa bir qızıl aldığını bildirmişdir. Hal-hazırda cavabdeh Vüsal Vəliyevlə xasiyyətləri uyğun gəlmədiyindən, birgə yaşamaq mümkün olmadığından aralarında olan nikah 1 saylı Sumqayıt regional “ASAN xidmət” X6 tərəfindən tərəfindən ləğv edilməklə bu barədə 16 may 2024-cü il tarixli, AZ-İ № 484891 saylı “nikahın pozulması haqqında” şəhadətnamə verilmişdir. Vüsal Vəliyev qızıllların cavabdeh tərəfindən aparılmasına bir dəfədə olsun münasibət bildirməmişdir. Hal-hazırda toyla əlaqədar hədiyyə olunmuş qızılı (583 problu, 25 qram - Rusiya istehsalı) tələb edir. “Qızıl-zinət əşyasının qaytarılması tələbi” ilə əlaqədar o, mediasiya təşkilatına müraciət etmişdir. Bakı şəhəri 13 saylı Mediasiya Təşkilatı tərəfindən cavabdehin “ilkin mediasiya sessiyasından (İMS) sonda prosesin davam etdirilə bilməməsi barədə” 12 iyul 2024-cü il tarixli, MŞB/13/2024-00820 nömrəli arayış verilmişdir. Mediasiya ilə bağlı 50 manat xərc onun tərəfindən ödənilmişdir. Hətta mediasiya prosesi zamanı cavahdeh Cavabdeh sözügedən qızılı ona toyla əlaqədar verdiyini və sonradan aldığını etiraf etmişdir. Bu səbəbdən məcbur qalıb məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinə etirazında bildirmişdir ki, keçmiş gəlini Allahveridyeva Cəmilənin iddiası tamamilə əsassızdır. Belə ki, İddiaçı oğlu Vəliyev Vüsalla nikahda olduğu müddət ərzində daim demək olar ki, onların-onun həyat yoldaşının maddi dəstəyi ilə yaşamışlar. Həyat yoldaşının verdiyi pullar hesabına avtomobil əldə etmişlər, onların əksər ehtiyacları daim yoldaşı qarşılamışdır. Boşanandan sonra Cəmilə onların hesabına əsassız varlanmaq niyətində olmuşdur. İddiaçı oğlundan maşını istəyir hansı ki, həmin maşını onun yoldaşının vəsaiti hesabına almışlar, indi də gəlib ondan qızıl istəyir. Amma iddiaçının tələbi əsassızdır. Cəmilə və Vüsal evliliklərinin uzun müddətini onlardan ayrı yaşamışlar. Yoldaşı iddiaçıya və oğluna Qobuda torpaq alıb ev tikib vermişdir və oğlugil həmin evdə yaşamışlar. Ondan əvvəl də bir müddət X4 yaşamışlar, Ağcakənddə isə kirayədə qalmışlar. Oğlu hərbidən qayıdandan sonra da kiçik oğlunun həyətində əl damını ayrıca otaq kimi düzəldərək gəlnigilə vermişlər. Sonra da Cəmilə küsüb getdiyinə görə boşanmasınlar deyə yoldaşı torpağı satıb onlara Qobuda ev tikmiş, işə düzəltmişdir. Yəni Cəmilə heç vaxt onlarla yaşamayıb, heç vaxt Cəmilənin qızılları heç vaxt onların evində və ya onda olmamışdır. O və yoldaşı həmişə oğluna maddi dəstək olmuşsa, qızılı nəyinə lazımdır?! Cəmilə ərizəsində qızılları ona verdiyini desə də, belə bir hal heç vaxt olmamışdır. Boşanmadan qabaq da davasız, problemsiz özü çıxıb getmiş, sonra da boşanmaya müraciət etmişdir. Əgər yazdığı kimi 2009-cü ildən qızılları ondadırsa, niyə bugünədək ondan istəməyib? Demək ki, iddiaçı yalan danışır. Boşanmadan bir müddət əvvəl onun yoldaşından evi Vüsalın ya özünün adına keçirtməyi istəyib, yoldaşı da razılaşmamışdır. Ona görə də küsüb, əşyalarını da götürüb Qobuda onlara verdikləri evdən də çıxıb getmişdir. Qızılların aqibətini isə bilmir, heç vaxt qızıllarla maraqlanmamış, harda olduğunu bilmir. Cəmilə qızılları ona verməsi barədə yalan danışır, əgər düz deyirsə şahid gətirsin. Onun qızılı satmağı barədə yazdıqları da yalandır, böhtandır. Əlavə də deyir ki. Cəmilə gündə bir söz danışır, gah mediasiyada 1 dənə sep istəyirdi, güya bir sepi onlardadır. Məhkəməyə verdiyi ərizədə isə başqa qızıllar sadalamışdır. Həmin qızılları isə dediyi kimi, görməmişdir. Ona görə də o, iddiaçı X2 iddiasını rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh verdiyi etiraza uyğun izahat vermis, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 184.2. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -1 saylı Sumqayıt Regional “ASAN Xidmət” X6 tərəfindən verilmiş AZ-İ 484891 saylı nikahın pozulması haqqında şəhadədatənamənin surətindən görünür ki, X3 ilə İddiaçı arasında bağlanmış rəsmi nikah xx.xx.2024-cü il tarixində ləğv edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-9/10602/2024 saylı rəyindən görünür ki, qərardadda adı qeyd edilmiş 1 ədəd sep (583 problu, 25 qram - Rusiya istehsalı) qızıl-zinət əşyasının nəzəri qaydada orta bazar dəyəri təxminən 2875 manat (25 qr x 115) müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı və X3 rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Lakin hazırda tərəflər arasında ailə münasibətləri pozulmuş və rəsmi olaraq xx.xx.2024-cü il tarixində tərəflər arasındakı nikah ləğv edilmişdir. İddia ərizəsinə əsasən tərəflər ailə qurarkən cavabdeh tərəfindən iddiaçıya qızıl-zinyət əşyaları hədiyyə edilmiş, hazırda tərəflərin ailə-nikah münasibətləri pozulduğundan iddiaçı ona məxsus qızıl-zinyət əşyalarının keçmiş qaynanası-cavabdeh tərəfindən ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 34.1. maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlandırılacaq); 76.1. maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarını tədqiq edərək qeyd edir ki, iddiaçı ərizəsində qeyd etdiyi qızıl-zinyət əşyalarının cavabdeh tərəfindən ona geri qaytarılmasını xahiş etsə də, sübutetmə vəzifəsi daşıyan iddiaçı, sözügedən qızıl-zinyət əşyalarının cavabdehdə olduğunu və hələdə ona geri qaytarılmadığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, yalnız özünün mülahizələrinə əsaslanmışdır. Məhkəmə, işin araşdırılan hallarını təhlil edib, qanunun göstərilən normalarını əsas tutub hesab edir ki, İddiaçı Cavabdeh qarşı qızıl-zinyət əşyasının qaytarılması tələbinə dair iddia ərizəsi sübuta yetirilmədiyindən əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməli, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının ümumi dəyəri olaraq 50 manat pul vəsaiti iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı qızıl-zinyət əşyasının qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 manat pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar