Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3706/2022 07.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, İsmayılova Nərmin Allahverdi qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyasının və birgə nikah dövründə alınmış əmlakın qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cehiz əşyasının və birgə nikah dövründə alınmış əmlakın qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh cehiz əşyası kimi dəyəri 300 manat olan “Samsung” markalı televizor, habelə, evlilik dövründə onun tərəfindən alınmış dəyəri 1000 manat olan “Samsung” markalı televizorun geri qaytarılması, əks təqdirdə, 1300 manat pul və mediasiya prosesi üçün ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə nikahına Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-1445/2022 saylı qətnaməsi ilə xitam verilmişdir. Belə ki, nikaha daxil olmazdan əvvəl cavabdehin evinə aparılmış cehiz əşyalarının bir qismi qaytarılmış, lakin 300 manat dəyərində olan televizor cavabdeh tərəfindən hələ də istifadə olunmaqla geri qaytarılmamışdır. Əlavə olaraq, birgə nikah dövründə də hər ay 76 manat olmaqla, ümumi dəyəri 1000 manat olan yeni televizor iddiaçı tərəfindən alınmış, lakin kredit müqaviləsində və ödəniş qəbzlərində cavabdehin adı qeyd olunmuşdur. İddiaçıya məxsus olan televizorları iddiaçı dəfələrlə geri istədiyi təqdirdə cavabdeh cehiz olaraq gətirilmiş televizorun xarab olduğunu, dəyəri 1000 manat olan və bütün ödənişləri iddiaçı tərəfindən edilmiş digər televizorun isə guya ödənişi vaxtında edilmədiyi üçün Kontakt Home MMC-yə geri təhvil verdiyini bildirmişdir. Halbuki, yeni alınmış televizorun bütün ödənişlərini iddiaçı vaxtlı-vaxtında tam ödəmişdir. Odur ki, həmin kredit müqaviləsi iddiaçıda olmadığı üçün cavabdeh əsassız bəhanə gətirərək iddiaçıya məxsus olan əşyaları geri qaytarmaqdan boyun qaçırır. Bu səbəbdən, həmin əşyaları geri almaq üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Televizor üçün nəzərdə tutulmuş hər ay 76 manat pulun ödənilməsinə dair qəbzlərdən biri iddiaçıdadır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, ona məxsus olan və geri qaytarılmasını tələb etdiyi əşyalar, yəni, televizorlardan biri dəyəri 300 manat olan cehizlik Samsung markalı, digəri isə dəyəri 1000 manat olan Samsung markalı televizorlardır. Onun cavabdehdən başqa bir istəyi yoxdur. Cavabdehin evi və maşını olduğu halda, həmin əmlaklar barədə heç bir tələbi yoxdur. Samsung markalı olan televizorun əslində dəyəri 480 manatdır, lakin həmin televizor xarab olduğundan və cavabdeh təmir xərclərini ödədiyi üçün o, həmin əşyanın dəyərini 300 manat olaraq qeyd etmişdir. Həmçinin, qeyd edir ki, onun cehiz əşya olaraq gətirdiyi televizorun markasını tam dəqiq bilməsə də, “Samsung” markalı olaraq xatırlayır. Bildirir ki, cehiz əşyası olaraq gətirdiyi televizor cavabdeh tərəfindən satılmışdır. Tələb etdiyi ikinci böyük televizor birgə nikah dövründə alınmışdır ki, ilkin ödənişi 76 manat olmaqla onun tərəfindən edilmişdir. Həmin televizorun qiyməti 1000 manat, qızıl zəmanətinin qiyməti isə 300 manat təşkil edirdi. Sözügedən 1000 manat pul vəsaiti onun tərəfindən ödənilmişdir. Televizor onun tərəfindən alınmış, lakin cavabdehin adına olmuşdur. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının dedikləri həqiqətə uyğun deyildir. İddiaçının cehiz əşya olaraq gətirdiyi televizorun markası “Samsung” markalı deyildir və həmin televizor dəfələrlə xarab olmaqla onun tərəfindən təmir olunmuşdur. Sözügedən televizorun markasını tam olaraq xatırlamasa da, fikrincə koreya (çin) istehsalı olan televizor idi. İddiaçı televizorları tələb etdiyi halda, iddiaçının özü tərəfindən ona məxsus olan qızıl-zinyət əşyaları və pul vəsaitləri aparılmışdır. Belə ki, toy mərasimində verilmiş 1 kq-lıq qızıl-zinyət əşyaları, kassada 500 manata yaxın, eyni zamanda, kredit kartında 1000 manat dəyərində olan pul vəsaitləri iddiaçının özü tərəfindən aparılmışdır ki, həmin əşyalar da ona məxsus idi. İddiaçı tərəfindən təqdim olunmuş fotoşəkildə qeyd olunmuş televizor cehiz əşya olaraq gətirdiyi televizordur ki, onun da markası Samsung markalı deyil. xx.xx.2021-ci il tarixdə iddiaçı evi tərk etmiş, 2023-cü ilədək isə televizorun ödəniş müddəti vardır. Beləliklə də, iddiaçı tərəfindən televizorun ödənişinin tam şəkildə edilməsi mümkün deyildir. Televizorun pulunu o, özü ödəyə bilmədiyi üçün televizoru başqa şəxsə vermiş və həmin şəxs tərəfindən də televizor alınaraq ödənişləri edilmişdir. İddiaçının tələb etdiyi ikinci böyük televizor isə birgə nikah dövründə, lakin onun tərəfindən alınmış, iddiaçı isə əmək fəaliyyəti ilə məşğul olmamışdır. Belə ki, evdə televizor olsun deyə, o, həmin televizoru kreditlə almışdır. İddiaçı bir il müddətdir ki, uşağını ona göstərmir, televizorun qaytarılmasını iddia edir. Televizorun pulunun yarısını o, özü ödəmiş, xx.xx.2021-ci il tarixdən iddiaçı evdən ayrılmış, sonradan məhkəmə iclasları olduğundan maddi imkansızlıq yaranmış, ödəniş edə bilmədiyindən televizoru başqa şəxsə vermişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 184.2. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-1445/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Zərdab rayon Bıçaqçı kənd icra nümayəndəliyində bağlanmış 13 avqust 2018-ci il tarixli, 06 saylı nikah pozulmuş, xx.xx.2020-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalması, xx.xx.2022-ci il tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 47 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi, qətnamənin aliment hissəsinin dərhal icraya yönəldilməsi qət edilmişdir. -Kontakt Home ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2442 saylı ödəniş qəbzindən görünür ki, Cavabdeh tərəfindən ilkin ödəniş olaraq 76 manat pul vəsaiti ödənilmişdir. -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş iki ədəd fotoşəkildən görünür ki, fotoşəkildə mənzildə divarda quraşdırılmış qara rəngli televizor əks olunmuşdur. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.2000-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikasının vətəndaşıdır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuş və tərəflərin ailə nikah münasibətlərinə Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)- 1445/2022 saylı qətnaməsi ilə xitam verilmişdir. Tərəflər nikaha daxil olanadək iddiaçı tərəfindən cehiz əşyaları gətirilmiş və hazırda, tərəflərin ailə nikah münasibətlərinə xitam verildiyindən iddiaçı onun tərəfindən cehiz əşya olaraq gətirilmiş, eyni zamanda, birgə nikah dövründə əldə olunmuş iki ədəd televizor əşyasının ona qaytarılmasını və yaxud həmin əşyaların dəyərinin ona verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsi adlandırılacaq) 32-ci maddəsinə əsasən, 32.1. nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi). Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il 12 iyul tarixli Qərarında bununla bağlı qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlandırılacaq): 225.1. maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.4. maddəsinə əsasən, ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Mülki iş materiallarından, həmçinin, tərəflərin izahatı əsasında müəyyən olunmuşdur ki, iddiaçının geri qaytarılmasını tələb etdiyi televizor əşyası tərəflərin birgə nikah dövründə əldə olunmuşdur ki, bu, işin mübahisələndirilməyən tərəfidir. İddia ərizəsinin mahiyyətindən də göründüyü kimi, iddiaçı cehiz əşyası olaraq gətirdiyi Samsung markalı dəyəri 300 manat olan televizorun və birgə nikah dövründə alınmış 1000 manat dəyərində olan Samsung markalı böyük ölçüdə olan televizorun qaytarılmasını, əks təqdirdə, həmin əşyaların dəyərinin ödənilməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 76.1. maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı iddia tələbində cehiz əşyası olaraq gətirdiyi Samsung markalı 300 manat dəyərində olan televizorun qaytarılmasını tələb etmiş, tələbinin həmin hissəsinin əsası olaraq iddia ərizəsinə əlavə etdiyi fotoşəkillərdə tələb olunan televizorun fotosu aydın şəkildə əks olunmamaqla, eyni zamanda, əşyanın markasının “Samsung” və ya qeyri-marka adını daşıması iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Halbuki, sübutetmə vəzifəsi daşıyan iddiaçı həmin əşyanın markasının “Samsung” olduğunu bildirməklə, həqiqətən də sözügedən əşyaya dair mötəbər sübutunu (müqavilə, ödəniş qəbzi və sairə) məhkəməyə təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 222.1. maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli № 4 nömrəli Qərarının 9.2. bəndinə əsasən, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Mülki Prosessual qanunvericiliyin, eyni zamanda, Plenum qərarının hüquqi mövqeyinə istinad edərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki iş üzrə çıxarılan məhkəmə aktının yekun nəticə hissəsində cavabdehdən alınmalı olan əmlak barəsində zəruri rekvizitlər (adı, miqdarı və sair) dəqiq şəkildə qeyd olunmalıdır. Hazırki işin mahiyyətindən də göründüyü kimi, iddiaçı iki ədəd televizor əşyasının qaytarılmasını, həmin əşyalardan birinin dəyərinin 300 manat, digərinin isə 1000 manat, həmçinin, əşyaların markasının “Samsung” markalı olduğunu iddia etdiyi halda, həmin hallara dair mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, qaytarılması tələb olunan 1000 manat dəyərində olan “Samsung” markalı televizorun tərəflərin birgə nikah dövründə alınan əmlak olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddiaçının həmin əmlakın dəyərinin ½ hissəsinə tələb hüququ mövcuddur. Bundan savayı, iddiaçı həmin əşyaya münasibətdə ilkin ödəniş olaraq 76 manat pul vəsaitinin ödənilməsini təqdiq edən ödəniş qəbzini iddia ərizəsinə əlavə etmiş olsa da, göstərilən sübut həqiqətən də Samsung markalı teıevizor barəsində verildiyini sübuta yetirmir, həmin ödəniş qəbzində isə Samsung markalı televizor barəsində ümumiyyətlə, hər hansı bir qeyd öz əksini tapmamışdır. Bununla da, iddiaçı iddia tələbinin əsasını təşkil edən halları və faktları sübuta yetirməli olduğu halda, sübuta yetirə bilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında X2 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 3.4. maddəsinə əsasən, Mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə, işin araşdırılan hallarını təhlil edib, qanunun yuxarıda göstərilən normalarını əsas tutub hesab edir ki, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi sübuta yetirilmədiyindən əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 maddələrini rəhbər tutub məhkəmə, QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı cehiz əşyasının və birgə nikah dövründə alınmış əmlakın qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov