Məhkəmə qərarları › İş №2(012)-3771/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3771/2024

14.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3771/2024 14.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, anasının nənəsi olan 1904-cü il təvəllüdlü X9 ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun anasının nənəsi olan X11 1904-cü ildə Rusiyada doğulmuşdur və xx.xx.1983-cü ildə Bərdə rayonunda vəfat etmişdir. X9 3 övladı var idi. Övladları vəfat etmişdir, nəvələri isə yaşayır. Anasının nənəsi olan X9 ölüm haqqında şəhadətnaməsi yoxdur. O, ulu nənəsinin ölüm haqqında şəhadətnaməsini almaq üçün Bakı 2 saylı “ASAN Xidmət” X6 müraciət etmişdir. Həmin qurum isə məsələ ilə bağlı araşdırma aparmış və X9 ölüm faktını təsdiqləyən ölüm haqqında akt qeydi aşkar edilmədiyini bildirmişdir. Məhkəməyə müraciət etməkdə məqsədi anasının nənəsi olan X9 ölüm faktını təsdiq edən ölüm haqqında şəhadətnaməsini almaqdan ibarətdir, çünki ölüm faktını təsdiq edən ölüm haqqında şəhadətnaməni başqa qaydada ala bilmək iqtidarında deyildir. X9 ölüm haqqında şəhadətnaməsi ona Almaniya Federativ Respublikasındakı BVA qurumuna təqdim etmək üçün lazımdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və şahid ifadəsini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirdi ki, ərizəçi onun qızıdır. X7 nənəsi idi. O, 1904-cü ildə Rusiyada doğulmuş və 1983-cü ildə Bərdə rayonunda vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, ərizəçi onun xalası nəvəsidir. X7 nənəsi idi. O, 1904-cü ildə Rusiyada doğulmuş və 1983-cü ildə Bərdə rayonunda vəfat etmişdir. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - xx.xx.2023-cü il tarixli, 455 saylı arayışdan görünür ki, X14 ilə X15 arasındakı nikahı haqqında xx.xx.1961-ci il il tarixdə 175 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer: Yevlax rayon Qeydiyyat Şöbəsi. Nikah bağlandıqdan sonra arvada Əzimova soyadı verilmişdir. - X10 aid 663339 saylı pasportun (SSRİ) surətindən görünür ki, xx.xx.1904-cü il tarixdə Krasnodar ölkəsi, Vorenşovsk rayonu, Çiqnka kəndində doğulmuşdur. Milliyyəti alman. Pasport Azərbaycan SSR Bərdə rayon İK X16 tərəfindən verilmişdir. - Doğum haqqında 269063 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1989-cu il tarixdə Severoaltaysk şəhərində doğulmuşdur. atası X1, anası X2. - Nikahın pozulması haqqında AZ-İ 047175 saylı şəhadətnamənin surətindən görünür ki, X1 ilə X3 nikahının pozulması aktı xx.xx.1998-ci ildə qeydə alınmışdır. Nikah pozulduqdan sonra arvada Erke soyadı verilmişdir. - Doğum haqqında ******* saylı şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1955-ci ildə Qazaxıstan SSR, Şərqi Qazaxıstan vilayətinin Zıryanovsk şəhəri, Turqusun kəndində doğulmuşdur. Atası Viktor, anası X12 (milliyyəti alman). - Bərdə rayonu Samuxlu Bələdiyyəsinin xx.xx.2024-cü il tarixi arayışından görünür ki, X11 Bərdə rayonunun Leninabad (indiki Samux) kəndində uzun illər yaşamış və xx.xx.1983-cü ildə həmin kənddə vəfat etmişdir. O, Bərdə rayonu Samuxlu Bələdiyyəsinin qəbiristanlığında ölmüşdür. - Bakı 2 saylı “ASAN Xidmət” X5 xx.xx.2024-cü il tarixli 3-16-5/7-10xx-xx/2024 saylı məktubundan görünür ki, 1904-cü ildə anadan olmuş X9 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X11 ərizəçinin anasının nənəsi olmuş, xx.xx.1983-cü il tarixdə ev şəraitində vəfat etmişdir. X9 ölüm faktı ərizəçinin izahatı və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi, şahidlər öz ifadələrində X9 xx.xx.1983-cü il tarixdə Bərdə rayonunda vəfat etməsini təsdiq etmişdir. Hazırda müvafiq həkim arayışı olmadığına görə, ərizəçi nənəsinin ölümü haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən ərizəçinin nənəsi X11 xx.xx.1983-cü il tarixdə Bərdə rayonunda ölmüşdür. Məhkəmə şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X9 xx.xx.1983-cü il tarixdə Bərdə rayonunda ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X9 xx.xx.1983-cü il tarixdə Bərdə rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar