Məhkəmə qərarları › İş №2(012)-3778/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3778/2025

28.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3778/2025 28.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1999-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş oğlu-X6 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu uzun müddət davam edən xəstəlikdən əziyyət çəkmişdir. xx.xx.2025-ci il tarixində 02:45 radələrində evdə olarkən qəflətən halı pisləşmiş, vəfat etmişdir. Təcili tibbi yardım briqadası çağırılsa da, o gələnə qədər oğlu artıq ölmüşdür. Təcili və X3 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsində “həkiməqədər ölüm, kişi cinsində meyid aşkarlığı” qeyd edilmişdir. Oğlunu xx.xx.2025-ci il tarixdə Masazır kənd qəbirsistanlığında dəfn etmişdilər. Ərizəçi Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də, ölüm haqqında tibbi şəhadətnamə ala bilməmişdir. Bu səbəbdən hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölüm faktının müəyyən edilməsi ailə üzvlərinə mərhuma dair sənədlərin həll edilməsi üçün zəruridir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - AA ******* saylı, xx.xx.2035-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1999-cu i tarixdə Azərbaycan Respublikası, Sabirabad rayonunda doğulmuşdur. - AZ-T № 055718 saylı nömrə ilə qeydə alınmış doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1999-cu il tarixində Sabirabad rayonunda doğulmuşdur, atası Ərizəçi, anası X2r. - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn Qеydiyyаt Şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-1069/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. - Tibbi Ərazi Bölmələrini X7 X11 Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18-1-20/2-S-13xx-xx-1124/2025 saylı məktubdan görünür ki, X6 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3. bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi ambulator tibb müəssisəsi tərəfindən verilir. S.Vahid Təbriz oğlunun ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilmir. - “Bakı şəhər Təcili və X3 Stansiyası” PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə saat 02:45 radələrində Xırdalan şəhəri, H.Əliyev prospekti, döngə 2, ev 6 ünvanında X6 adına çağırış daxil olmuş, həkim gələnə qədər kişi cinsində meyit aşkar edilmişdir. Zorakılıq əlamətləri yoxdur. - Azərbaycan Respublikası Abşeron Rayon Masazır Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 21 saylı arayışından görünür ki, X9 xx.xx.2025-ci ildə rəhmətə getmişdir və Masazır kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, mərhum X9 onun qonşusudur. Yaz ayında vəfat edib, dəfndə iştirak edib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, vəfat edən ərizəçinin böyük oğludur, təxmini 2 aydır vəfat edib. Mərhumun 25 yaşı var idi. Masazırda dəfn olunub. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X9 ərizəçinin oğlu olmuş, xx.xx.2025-ci il tarixdə ev şəraitində vəfat etmişdir. X6 ölüm faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi, şahid ifadələrində X6 xx.xx.2025-ci il tarixdə Xırdalan şəhəri, H.Əliyev prospekti, döngə 2, ev 6 ünvanında vəfat etməsi təsdiq edilmişdir. Hazırda müvafiq həkim arayışı olmadığına görə, ərizəçi oğlunun ölümü haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən ərizəçinin oğlu X9 oğlunun xx.xx.2025-ci il tarixdə Xırdalan şəhəri, H.Əliyev prospekti, döngə 2, ev 6 ünvanında ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin mülkiyyət hüququnun müəyyən edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən MPM-in 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası 12 aprel 2019-cu il tarixli qərarının 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X6 xx.xx.2025-ci il tarixdə Abşeron rayonu ərazisində ölməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1999-cu il tarixində Sabirabad rayonunda doğulmuş X6 xx.xx.2025-ci il tarixdə Xırdalan şəhəri, H.Əliyev prospekti döngə 2, ev 6 ünvanda ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar