Məhkəmə qərarları › İş №2(012)-3786/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3786/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3786/2021 08.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməyən icarə haqqlarına görə 24000 manat məbləğində pul vəsaitinin, yararsız vəziyyətə salınmış (məhv edilmiş, oğurlanmış və s.) daş bloklara görə 34500 manat məbləğində pul vəsaitinin, ümumilikdə 58500 manat pul vəsaitinin Cavabdeh alınaraq ona verilməsi, Cavabdeh mənəvi ziyana görə 30000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh Aşağı Güzdək qəsəbəsində yerləşən İddiaçı məxsus daş sexini 4 il ərzində istifadə etsə də, 2019-cu il tarixədək icarə haqqını ödəməmişdir. Belə ki, iddiaçıyla “icarəyə götürən” Cavabdeh arasında bağlanmış 15 oktyabr 2015-ci il tarixli müqaviləyə əsasən “icarəyə götürən” sahibkarın mülkində olan daş sexini hər ay 500 manat ödəmək şərti ilə istifadəyə götürmüşdür. Lakin Cavabdeh həmin müqavilənin şərtlərinə əməl etməyərək icarə haqqı kimi hər ay 500 manat məbləğində pul vəsaiti ödəməsinə dair öhdəliklərini yerinə yetirməmişdir. Eyni zamanda iddiçının "xxxx" MMC-dən alınaraq Güzdəkdə iddiaçıya məxsus həmin vaxt Cavabdeh icarəsində olan daş sexinə gətirdiyi blok 40 X 40 X 80 1-ci növ 20 maşın hər biri 1000 manat olmaqla cəmi 20000 manat, blok 40 X 40 X 80 2-ci növ 15 maşın hər biri 800 manat olmaqla cəmi 12000 manat, blok 40 X 40 X 80 3-cü növ 5 maşın hər biri 500 manat olmaqla cəmi 2500 manat, ümumilikdə 34500 manat olan 40 ədəd kamaz markalı yük avtomobilləri ilə daşınan daş blokları cavabdeh tərəfindən yararsız vəziyyətə salınmış (məhv edilmiş, oğurlanmış və s.) və dəyərinin bugünkü günədək iddiaçıya ödənilməmişdir. Daş sexində olan daş blokların cavabdeh tərəfindən məhv edilməsi ilə bağlı şahidlər də vardır. İddiaçı dəfələrlə cavabdehə öhdəliklərini və daş blokların dəyərini ödəməli olduğunu bildirsə də, cavabdeh buna məhəl qoymur və borcu ödəməkdən yayınır. Hesab edir ki, Cavabdeh öhdəliklərini yerinə yetirmək, daş blokların dəyərini ədalətli ödəmək əvəzinə iddiaçını get-gələ salmaqla aldatmış və iddiaçıya maddi və mənəvi ziyan vurmuşdur. Cavabdeh tərəfindən vurulmuş zərər nəticəsində iddiaçının haqqı çatanlardan məhrum olunmağı səbəbindən zərərin əvəzi tam olaraq ödənilməlidir. Ona görə də Cavabdeh müqavilə öhdəliklərini və daş blokların dəyərini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşmar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 711.1-ci maddəsinə əsasən icarəçi icarəyə götürdüyü torpaqda onun qorunması üçün zəruri tədbirlərin görülməsinə yol verməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 711.2-ci maddəsinə əsasən icarəçi icarəyə götürdüyü torpağın yaxşılaşdırılması üçün tədbirlər görülməsinə yol verməlidir, bu şərtlə ki, həmin tədbirlər onun üçün hətta icarəyə verənin əsaslı mənafeləri ilə haqq qazandırıla bilməyən mənfi nəticələr törətməsin. İcarəyə verən bu tədbirlərin görülməsi üçün məsrəflərin və əldən çıxmış gəlirlərin əvəzini icarəçiyə həmin şəraitdə ağlabatan olan həcmdə ödəməyə borcludur. İcarəçinin xahişi ilə icarəyə verən ona avans verməlidir. Əgər belə tədbirlər nəticəsində icarəçi daha yüksək gəlir əldə edirsə və ya təsərrüfat lazımınca aparıldıqda əldə edə bilərsə, icarəyə verən tələb edə bilər ki, icarəçi icarə haqqının ağlabatan artımına razılıq versin, amma müəssisənin vəziyyətinə görə icarəçinin bu cür artıma yol verə bilmədiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. İddiaçı ilə arasında 15.10.2015-ci il tarixdə 1 il müddətinə icarə müqaviləsi bağlanmışdır. Sözügedən müqavilə üzrə 500 manat icarə haqqı ödənilməsi müəyyənləşdirilmişdir. O, bir il müddətinə müqavilə üzrə bütün öhdəlikləri lazimınca yerinə yetirmişdir. Müqavilə müddətini bitdikdən sonra heç biri müqavilə müddətinin uzadılmasına dair təşəbbüs göstəmədiklərinə görə müqavilə ləğv edilmişdir. Lakin iddiaçı daş sexində ona məxsus əmlakları icazəsiz olaraq taladığı üçün tərəfindən prokurorluğa müraciət edilmiş və araşdırma aparılmışdır. Məhz bu səbəbdən də iddiaçı ondan əvəz çıxmaq üçün hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda, müqavilə üzrə ona icarə verildiyi iddia edilən torpaq sahəsi iddiaçının adına 2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. İddiaçı hazırda dələduzluq edərək ona böhtan atır. Bundan əlavə iddia tələbində göstərilən yerin ona heç bir aidiyyəti yoxdur. İddiaçı ona özünə məxsus olan başqa daş sexini icarəyə vermişdir. Belə ki, o, sahibkarlıq fəaliyyəti ilə, təmir-tikinti ilə məşğul olmuş, sərbəst fəaliyyət göstərmişdir. 2015-ci ilin ortalarında Xəlilbəy Günəşov və Aydın Mürvələdovla mişar daşı bloklarının alqısatqısından tanışlığı yaranmışdır. Həmin şəxslər ona Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən obyektin bir hissəsini icarəyə götürərək işlətməyini təklif etmişlər. Aralarında olan razılığa əsasən həmin şəxslər bu obyekti blok daşlar hazırlanması üçün material ilə təchiz edəcək, o isə blok daşların hazırlanmasını təmin edəcək və həmin şəxslər bu blokları ondan razılaşdırılmış qiymətə alacaqdılar. Razılığa əsasən icarəçi, X1 ilə onun arasında, Abdüləzimov Cavanşirə məxsus olub Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yerləşən obyektdən 80 kv.m. sahə ona icarəyə verilmişdir. Həmin sahə boş sahə olmaqla ancaq torpaq sahəsindən ibarət olmuşdur. Razılığa əsasən o, dəyəri və çəkdiyi xərclərin sonradan həmin şəxslər tərəfindən ödənilməsi şərti ilə həmin sahədə blok daşların kəsimi və hazırlanması üçün işləri görməli, sexi işə salıb fəaliyyət göstərməli idi. Göstərilən işlərin görülməsi üçün ilk növbədə elektrik enerjisi və təbii su təminatı ilə bağlı tərəfindən İddiaçı adına texniki şərtlər alınmış və bu işlərə tərəfindən 19770 manat, suyun texniki şərti üçün 248 manat, avadanlıqlar alınması və su xəttinin çəkilməsinə əlavə nağd pul ödənilmişdir. Müvafiq qurğuların alınması və qurulmasına tərəfindən 20000 manat xərclənmişdir. Bu kimi işlər görüldükdən sonra o həmin təsərrüfat obyekt üçün 2 saylı Vergilər Departamentində vergi uçotuna alınmış və ona müvafiq kod verilmişdir. Bundan sonra ərazidə planlama-quruculuq işləri aparılmış və bu işlərə 20000 manat şəxsi vəsaiti xərclənmişdir. Göstərilən işlər yerinə yetirildikdən sonra sexi, aralarındakı şərtlərə uyğun işlətməyə başlamışdır. 2019-cu ilin əvvəllərindən göstərilən şəxslər onun işinə müdaxilə etməyə başlamış, işi ləngitmək üçün xammal verilməsində, hazır məhsulun alınıb-aparılmasında maneələr yaradılmış və 15 aprel 2019-cu il tarixdə sex Bakı şəhəri Yasamal rayonu ərazisində yaşayan, ***-***-**-** abonent nömrəsi olan Dadaşov Bəhram, “Qazel” markalı avtomaşın sürücüsü, ***-***-**-** abonent nömrəsi olan Duranxan və hazırda da həmin sexi işlədən, ***-***-**-** abonent nömrəsi olan Radik adlı şəxslər tərəfindən sexdən zorla qovulub, çıxarılmışdır. İndi ona məlum olur ki, İddiaçı bu vasitə və üsullarla onu aldatmış, məqsədli surətdə öz niyyətinə nail olmuş və bundan istifadə etməyə çalışaraq ona qarşı Abşeron rayon məhkəməsində iddia tələbi irəli sürmüşdür. Eyni zamanda, o, iddiaçının ona icarəyə verdiyi və Güzdək qəsəbəsində yerləşən daş sexində 3 il fəaliyyət göstərsə də, o, hazırki mübahisə predmeti olan müqavilə üzrə heç bir fəaliyyət göstərməmişdir. İddiaçı ilə araları yaxşı olduğu üçün, müqavilənin bağlandığı tarixdən 1 il keçdikdən sonra mübahisə predmeti olan sexə baş çəkməmişdir. Həmçinin cavabdeh məhkəməyə ərizə təqdim etmiş və ərizəsində göstərmişdir ki, İddiaçı tərəfindən 24000 manat icarə haqqı, 34500 manat daş blokların korlanmasına və oğurlanmasına görə, 30000 manat isə mənəvi ziyana görə pulun tutularaq iddiaçıya verilməsi barədə ona qarşı qaldırdığı iddia tam əsassızdır. Ona görə ki, onun məhkəməyə təqdim etdiyi 15 oktyabr 2015-ci il tarixli icarə müqaviləsi 1 il müddətinə bağlanmış və 1 nüsxədə tərtib edilmişdir. İddiaçı ona sadəcə boş torpaq sahəsi göstərmiş, heç bir sənəd və obyekt verməmişdir. Ona görə də o həmin müqavilə əsasında heç bir fəaliyyət göstərməmiş, fəaliyyət göstərmək də mümkün olmamışdır. Hal-hazırda iddiaçının ümumiyyətlə iddia müddəti bitmişdir. İddiaçının "xxxx" MMC-dən aldığı 40 kamaz markalı maşın daş blokun nə vaxt və hara gətirdiyi barədə heç bir məlumatı olmamışdır. Bu barədə Cavanşirlə onun arasında heç bir mübahisə olmamışdır. Ona görədə onun mənəvi ziyan vurmağıyla bağlı iddiaçının qaldırdığı iddia əsassızdır. Məhkəməyə təqdim edilən 18 dekabr 2019-cu ildə 1.19 ha torpaq sahəsinin onun mülkiyyətinə keçməsi barədə Dövlət Reyestrindən alınmış çıxarışın mübahisələndirilməsinin məsələlərə heç bir aidiyyatı yoxdur. Odur ki, o, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəməyə şahid qismində cəlb edilmiş X5 ifadəsində bildirdi ki, o, hər iki tərəfi 15-20 ildir ki, tanıyır. Mübahisə predmeti olan sex iddiaçıya məxsusdur və Aşağı Güzdək qəsəbəsində yerləşir. Onda olan məlumata görə, iddiaçı daş sexini 2015-ci il tarixdə Cavabdeh vermişdir və cavabdeh daş sexində ən az beş il sexin müdiri kimi fəaliyyət göstərmişdir. Daha sonradan cavabdeh Cavanşirə icarə haqqı vermədiyi üçün, 2019-cu il tarixdə daş sexini Cavabdeh alaraq ona icarəyə vermiş və cavabdeh də həmin tarixdə daş sexindən çıxmışdır. Cavabdeh nə qədər borcu olduğunu bilmir və tərəflər arasında olan sövdələşmənin şərtlərindən məlumatı yoxdur. Hazırda daş sexini o, icarəyə götürmüş və aya 700 manat icarə haqqı ödəyir. Eyni zamanda o, sexə gələndə orada heç bir daş blok olmamış və ona boş sex təhvil verilmişdir. O, cavabdehi sexdən zorla qovmamışdır və Calaləddin 2019-cu ilin aprel ayından sonra sexə bir daha gəlməmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X4 ifadəsində bildirdi ki, o, hər iki tərəfi 2005-ci il tarixdən bəri tanıyır. O, daş sexinin hazırki müdiri Qadaşov Bəhramın işçisidir və cavabdeh ilə işləməmişdir. Bəhram ilə şəhərdə yerləşən daş sexində işləyən zaman Calaləddinin Güzdək qəsəbəsində sex işlətdiyini eşitmiş və Bəhram ilə birlikdə Güzdək qəsəbəsindəki sexə gələndə isə sexdə heç bir daş blok olmamışdır. 2019-cu ilin aprel ayında sexdə işıq və qaz olmasa da təchizatlar sexdə olmuşdur. İş materiallarında olan 15 oktyabr 2015-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə götürən fiziki şəxs-Cavabdeh icarəyə verən sahibkar-İddiaçı mülkində olan daş sexini istifadəyə götürmüş, icarə haqqı iki tərəfin razılığı ilə 500 (beş yüz manat) müəyyən olunmuş, icarəyə götürən fiziki şəxs-Cavabdeh torpaqdan istifadəyə görə torpaq, mədən vergisi haqqında yerli maliyyə orqanlarına hesabat verməyi və ödənişləri öz öhdəsinə götürmüş, icarəyə götürən fiziki şəxs- Cavabdeh istehsal zamanı işlətdiyi işçilərin sığorta olunmasını, əmək müqaviləsi bağlamağı, onlara əmək haqqı və digər ödənişləri ödəməyi öz öhdəsinə götürmüş, icarəyə götürən fiziki şəxs- Cavabdeh istifadə etdiyi sahədə təhlkəsizlik texnikası qaydalarına düzgün riayət olunmasına və onun nəticəsində hər hansı bir bədbəxt hadisənin baş verməsinə şəxsən özü cavabdehlik daşımış, «icarəyə götürən» ödəmə məbləğindən 14 % gəlir vergisini «İcarəyə verənin» əvəzindən ödəməyə öz öhdəsinə götürmüş, «icarəyə götürən» müqavilə şərtlərinə əməl etmədikdə və ya zəruri ehtiyac yarandıqda «icarəyə verənin» müqaviləsini vaxtından əvvəl ləğv edə bilər, «icarəyə götürən» icarə haqqını gecikdirərsə hər gün üçün ümumi məbləğin 5%-ni ödəməyi öhdəsinə götürmüş, «icarəyə götürən» avadanlıqlara (daş kəsən maşınlara və dəzgahlara) düzgün əməl etmədikdə (əmlaka ziyan vurduqda) həmin «icarədar» məhkəməyə verilib külli miqdarda cərimə olunacaq və sahədən çıxarılacaqdır. Bu müqavilənin müddəti bir il müəyyən edilmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsini, cavabdehi və şahidləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş bütün sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı 15 oktyabr 2015-ci il tarixli icarə müqaviləsinə istinad edərək ödənilməyən icarə haqqlarına görə 24000 manat məbləğində pul vəsaitinin, yararsız vəziyyətə salınmış (məhv edilmiş, oğurlanmış və s.) daş bloklara görə 34500 manat məbləğində pul vəsaitinin və mənəvi ziyana görə 30000 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona verilməsini iddia etmişdir. İş materiallarında olan tərəflər arasında bağlanmış 15 oktyabr 2015-ci il tarixli icarə müqaviləsindən görünür ki,həmin müqavilənin müddəti bir il nəzərdə tutulmuş,icarə haqqı iki tərəfin razılığı ilə 500 manat müəyyən edilsədə,müqavilədən icarə haqqının aylıq və ya illik olmasını müəyyən etmək mümkün deyildir.Bundan başqa 15 oktyabr 2015-ci il tarixli icarə müqaviləsində iddiaçının mülkində olan daş sexinin icarəyə verildiyi göstərilsə də həmin mülkin harada yerləşdiyi və bunu təstiq edən müvafiq sənədlər (icarəyə verilən daşınmaz əmlakı müəyyən etməyə əsas verən sənədlər) icarə müqaviləsində göstərilməmiş, məhkəmədə sübutların tədqiqatı zamanı da həmin sənədlər müəyyən edilməmiş, bu kateqoriyadan olan pozulmuş hüquqlara Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139,146,152,700 və 706-cı maddələrinə əsasən təminat verildiyindən və məhkəmədə qeyd olunan maddələrdən irəli gələn təminatlarla bağlı sübutlar müəyyən edilmədiyindən məhkəmə 15 oktyabr 2015-ci il tarixli müqavilə üzrə tələbin təmin edilməsini mümkün hesab etmir. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbinin yararsız vəziyyətə salınmış (məhv edilmiş, oğurlanmış və s.) daş bloklara görə 34500 manat məbləğində pul vəsaitinin və mənəvi ziyana görə 30000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissələri ilə də bağlı da kifayət qədər mötəbər sübutlar müəyyən edilmədiyindən iddia tələbi həmin hissələrdə də rədd dilməlidir.Belə ki, iddiaçı tərəf sübut kimi izahata və şahid ifadələrinə istinad etmiş,məhkəmədə şahidlər ifadələrində ümumi ifadələr işlətmiş,bütün şübhə və anlaşılmazlıqlardan kənar iddianın təmin olunmasına əsas verən halları göstərə bilmədiyindən,iddiaçının nümayəndəsinin izahatı isə digər sübutlarla təstiqini tapmadığından məhkəmə həmin izahata tənqidi yanaşmışdır. Məhkəmə iddia müddəti barədə tərəflərin mövqeyi ilə bağlı qeyd edir ki,iddia tələbi yuxarıda qeyd olunduğu kimi digər əsasla rədd edildiyindən həmin əsaslarla iddianın qiymətləndirilməsinə də zərurəti aradan qaldırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı ödənilməyən icarə haqqlarına görə 24000 manat məbləğində pul vəsaitinin, yararsız vəziyyətə salınmış (məhv edilmiş, oğurlanmış və s.) daş bloklara görə 34500 manat məbləğində pul vəsaitinin, ümumilikdə 58500 manat pul vəsaitinin Cavabdeh alınaraq ona verilməsi, Cavabdeh mənəvi ziyana görə 30000 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar