Məhkəmə qərarları › İş №2(012)-3859/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3859/2023

28.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3859/2023 28.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladı 24 iyun 1977-ci il təvəllüdlü X3 13 iyul 2006cı il tarixdə Abşeron rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, məhrum övladı 24 iyun 1977-cü il təvəllüdlü X6 13 iyul 2006-cı il tarixdə Abşeron rayonu, Novxanı kəndində vəfat etmişdir. Lakin müəyyən səbəblərdən övladının ölümü ilə bağlı şəhadətnamə ala bilməmişdir. Tərəfindən Maraqlı şəxsnə müraciət edilərək, 13 iyul 2006-cı il tarixdə vəfat etmiş X3 ölümü haqqında şəhadətnamə verilməsi xahiş edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 20 iyun 2023-cü il tarixli, 3-16- 5/8-1537/2023-cü il saylı cavab məktubunda ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün qeydə alınmasının imkanları xaricində olması qeyd edilmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Hazırda övladının ölümü haqqında şəhadətnamə ona bir sıra sənədləşmə işlərinin aparılması üçün zəruri olduğundan, ölüm faktının müəyyən edilməsi üçün hüquqi əhəmiyyətli faktın tanınması üçün aidiyyəti qaydada məhkəməyə müraciət etmək məcburiyyətindədir. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X7 məhkəmədə ifadəsində bildirdi ki, o, 1987-ci ildən Ərizəçi qonşusudur. Dilarənin övladı X6 2006-cı ilin iyul ayında vəfat etmişdir. Mərhumun intihar etdiyi deyilmişdir. O, X3 dəfnində iştirak etmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X2 məhkəmədə ifadəsində bildirdi ki, Ərizəçi onun qaynanasıdır. 2007-ci ildə Ərizəçi qızı ilə ailə həyatı qurmuşdur. Ərizəçi övladı X1 qəbiristanlığında dəfn edilmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş AZE Seriyalı, 845934 saylı şəxsiyyət vəqisəsinə dair məlumat vərəqəsindən görünür ki, X6 24 iyun 1977-ci ildə Basarkeçər rayonunda anadan olmuşdur. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X10 Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 10 iyul 2023-cü il tarixli, PHŞ-6-20/2-C-370-42-294/2023 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasi”-nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə istinad edərək "ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndləri istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. X3 ölümünün səbəbi məlum olmadığına və Abşeron Rayon Poliklinikasına hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyinə görə onun adına “ölüm haqqında şəhadətnamə” tərəflərindən verilmir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 20 iyun 2023-cü il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayonu Mehdiabad Bələfiyyəsi tərəfindən verilmiş 14 noyabr 2022-ci il tarixli, 109 №-li arayışdan görünür ki, həqiqətən X6 13 iyul 2006-cı il tarixdə Mehdiabad qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 24 iyun 1977-ci təvəllüdlü X3 13 iyul 2006-cı il tarixdə Abşeron rayonunda ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktı təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-nin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 24 iyun 1977-ci təvəllüdlü X3 13 iyul 2006-cı il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar