Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3859/2025 05.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış MŞB/13/2024-01549 saylı barışıq sazişinin üçüncü bəndinin təsdiq edilməsi və barışıq sazişinin aliment hissəsinin məcburi icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-730/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh Maraqlı şəxs arasında 11 noyabr 2017-ci il tarixdə Sumqayıt "Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində qeydə alınmış 3148 saylı nikahın pozulması qət edilmişdir. Belə ki, ərizəçi məhkəməyə müraciət etmədən əvvəl Bakı 13 saylı Mediasiya Təşkilatına müraciət edərək onunla Maraqlı şəxs arasında olan nikahın pozulmasını, uşağın himayəsinə verilməsini və alimentin təyin olunmasını xahiş etmişdir. Nəticə etibarı ilə, ərizəçi ilə Maraqlı şəxs arasında 24 oktyabr 2024-cü il tarixli, MŞB/13/202401549 saylı barışıq sazişi bağlanılmışdır. Həmin barışıq sazişində mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri aşağıdakı kimi razılaşdırılmışdır:
1. (Nikahın pozulması tələbi) Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs qeyd olunan məzmunda razılığa gəldilər. Razılığa əsasən Tərəflər 11 noyabr 2017-ci il tarixində Sumqayıt "Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində, 3148 nömrəsi ilə qeydə alınmış nikahı məhkəmədə bir-birlərinə 3 ay barışıq möhləti vermədən tərəflərin birinin iddia qaldırması ilə pozsunlar. Barışıq sazişinin 1-ci bəndi xüsusi icraat qaydasında təsdiq edilmir, tərəflərin birinin iddia qaldırması ilə icra edilir.
2. (uşağın ananın himayəsində saxlanılması tələbi) Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs uşağın ananın himayəsində saxlanılması tələbi üzrə xx.xx.2017-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdən başlayaraq yetkinlik yaşına çatana kimi 1-ci tərəf Ərizəçi yanında, himayəsində saxlanılması barədə razılığa gəldilər.
3. (uşağın saxlanılması üçün aliment tələbi) Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs qeyd olunan məzmunda razılığa gəldilər. Razılığa əsasən 2-ci tərəf Maraqlı şəxs birgə nikahdan anadan olan övladları xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixindən başlayaraq, uşaq yetkinlik yaşına çatana kimi hər ay 250 (iki yüz əlli) manat, sabit pul məbləğində alimenti 1-ci tərəf Ərizəçi ödəyir.
4. (evə istifadə hüququnun tanınması) Tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs evə istifadə hüququnun tanınması ilə bağlı razılığa gələ bilmədilər, tələb həllini tapmadı. Barışıq sazişinin 4-cü bəndi xüsusi icraat qaydasında təsdiq edilmir, Tərəflərdən birinin iddia qaldırması ilə icra edilir. 24 oktyabr 2024-cü il tarixli, MŞB/13/2024-01549 saylı barışıq sazişinin 3-cü bəndində alimentin maraqlı şəxs tərəfindən ərizəçinin xeyrinə xx.xx.2024-cü il tarixdən başlayaraq tutulması göstərilmiş və bu öhdəliyi maraqlı şəxs öz üzərinə götürmüşdür. Lakin həmin öhdəlik cavabdeh tərəfindən yerinə yetirilmir və bu öhdəlik maraqlı şəxs tərəfindən pozulur. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. O, bildirdi ki, maraqlı şəxs barışıq sazişinin bağlandıqdan sonra yalnız 2 ay müddətində aliment ödəmişdir. Barışıq sazişinin digər hissələrində isə tərəflər arasında mübahisə yoxdur. Məhkəmə iclasında maraqlı tərəf Maraqlı şəxs bildirdi ki, ərizəyə etirazı yoxdur. O, cəmi 2 ay aliment ödəmişdir. Lakin hazırda maddi imkanı pis olduğu üçün son aylar aliment verə bilməyib. Barışıq sazişinin digər hissələrində onlar arasında heç bir anlaşılmazlıq yoxdur. Məhkəmə proses iştirakçılarını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə qismən təmin edilməlidir. İş materiallarında olan: - Abşeron Rayon Məhkəməsinin 2(0102)-730/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında 11 noyabr 2017-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində qeydə alınmış 3148 saylı nikah pozulması qət edilmişdir. - Bakı 13 saylı Mediasiya Təşkilatında təsdiq edilmiş MŞB/13/2024-01549 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər onlar arasında bağlanmış xx.xx.2017-ci il tarixli 3148№ reyestr qeydi ilə Sumqayıt “Asan xidmət” mərkəzində, qeydiyyat şöbəsində qeydə alınmış nikahın məhkəmə qaydasında əlavə vaxt verilmədən pozulmasına razıdırlar. Birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 xx.xx.2024cü il tarixindən başlayaraq yetkinlik yaşına çatana kimi İ Tərəfin himayəsinə verilir. İİ Tərəf birgə nikahdan anadan olan xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, uşaq yetkinlik yaşına çatana kimi hər ay 250 manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında evə istifadə hüququnun tanınması tələbi üzrə razılığa gələ bilməmişlər. Barışıq sazişinin 4-cü bəndi xüsusi icraat qaydasında təsdiq edilmir, tərəflərdən birinin iddia qaldırması ilə icra edilir. - Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş MŞB/13/2024-01549 saylı, xx.xx.2024-cü il tarixli mediasiya prosesinə xitam verilməsi haqqında protokolun surətindən görünür ki, tərəflər arasında barışıq sazişi imzalanmış, nikahın pozulması və evin istifadə hüququnun tanınması tələbi üzrə işə xitam verilmişdir. - AZ-İİ 385381 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki Sumqayıt “Asan xidmət” mərkəzində, qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə 3148 saylı akt qeydi ilə Maraqlı şəxs ilə Ərizəçi arasında nikah bağlanmışdır. Nikahdan sonra ərə Əhmədov, arvada Babayeva soyadı verilmişdir. - AZ-İV 571100 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X2 adlı uşaq doğulmuşdur. - Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 518016 saylı, 22 may 2025-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi nikahı Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən pozulmuşdur. Nikaha xx.xx.2025-ci il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 150 № ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmələr xüsusi icraat qaydasında baxırlar. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. İşdən görünür ki, tərəflər tərəflər onlar arasında bağlanmış xx.xx.2017-ci il tarixli 3148№ reyestr qeydi ilə Sumqayıt “Asan xidmət” mərkəzində, qeydiyyat şöbəsində qeydə alınmış nikahın məhkəmə qaydasında əlavə vaxt verilmədən pozulmasına, birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatana kimi İ Tərəfin himayəsinə verilməsinə, İİ Tərəfin birgə nikahdan anadan olan xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, uşaq yetkinlik yaşına çatana kimi hər ay 250 manat sabit pul məbləğində aliment ödəməsi barədə mediasiya prosesində razılaşmış və müqavilə bağlamışlar. Lakin Maraqlı şəxs bu sazişlə üzərinə götürdüyü öhdəlikləri orada göstərilən qaydada yerinə yetirmədiyindən Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin yalnız alimentin ödənilməsi ilə bağlı mübahisə yaranmışdır və digər hissələrdə mübahisə yoxdur. Belə olan halda barışıq sazişi aliment tələbi barədə hissədə məhkəmə qaydasında təsdiq edilməlidir. Ərizə “barışıq sazişinin aliment hissəsində məcburi icra edilməsi” hissəsində təmin edilməməlidir. Belə ki, barışıq sazişi qeyd edilən hissədə məhkəmə qətnaməsi ilə təsdiq edilməsi onun məcuri icrasını ehtiva edir. Ona görə ərizənin bu hissədə təmin edilməsinə zərurət yoxdur. Belə ki, MPM-nin 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmçinin Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşaqların valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Beləliklə məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi İİ Tərəf uşağın saxlanılması üçün xx.xx.2024-cü il tarixindən başlayaraq hər ay 250 manat sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür hissəsində təsdiq edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “Maraqlı şəxs birgə nikahdan anadan olan övladları xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixindən başlayaraq, uşaq yetkinlik yaşına çatana kimi hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimenti 1ci tərəf Ərizəçi ödəyir.” Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Mirnəsir Mirhəsənli