Məhkəmə qərarları › İş №2(012)-3879/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3879/2021

24.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3879/2021 24.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, həyat yoldaşı X4 Abşeron rayonu Qobu qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra Ərizəçi nümayəndəsi X6 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X4 02.04.2017-ci il tarixdə ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X6 ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, Ərizəçi həyat yoldaşı X8 02.04.2017-ci il tarixində vəfat etmişdir. Yoldaşı vəfat edərkən ərizəçi xəstəxanaya məlumat vermiş və Təcili və X7 Stansiyasından evə nümayəndə gəlmiş və ev şəraitində yoldaşının ölməsini qeydiyyata alaraq xəbərdarlıq vərəqəsi verilmişdir. Həyat yoldaşı X8 02.04.2017-ci il tarixində Qobu qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Hazırda vərəsəlik işləri ilə bağlı X4 ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamənin alınması üçün ərizə ilə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsi ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Eyni zamanda qeydiyyat şöbəsi öz imtina məktubunda bu barədə məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Ölüm haqqında şəhadətnaməni əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, ərizəçi xəstəxanaya müraciət etsə də, ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ona görə də göstərilənləri nəzərə alaraq məhkəmədən ərizənin təmin olunmasını xahiş edir. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onun bacısı, X8 isə onun bacısının həyat yoldaşı olmuşdur. Mərhum xəstəliyi ilə əlaqədar olaraq insult keçirmiş, bu səbəbdən yataq xəstəsi olmuş və 02.04.2017-ci il tarixdə ona mərhumun rəhmətə getməsi ilə bağlı zəng edilərək məlumat verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onun xalası, X8 isə onun xalasının həyat yoldaşı olmuşdur. Mərhum Bakı şəhəri Qara Qarayev prospektində yerləşən ünvanda kirayədə yaşayırdı. Qızının vəfat etməsi ilə əlaqədar olaraq xəstəliyə tutulmuş, insult keçirmişdir. Bu səbəbdən 02.04.2017-ci il tarixdə vəfat etmiş və Qobu qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Sonradan ərizəçi və onun həyat yoldaşı mərhum X8 Bakı şəhəri Qara Qarayev prospektinə köçmüşlər. Onların qızı qəzada öldüyündən ərizəçinin həyat yoldaşı xəstəliyə tutulmuş, bu səbəbdən insult keçirdiyindən vəfat etmiş və Qobu qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onun bibisi, X8 isə onun bibisinin həyat yoldaşı olmuşdur. Ona mərhumun rəhmətə getməsi ilə bağlı səhər saatlarında məlumat verilmiş və bildiyinə görə mərhum Qobu qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onun baldızı, X8 onun baldızının həyat yoldaşı olmuşdur. Sonradan onlar yaşayış yerini dəyişərək Bakı şəhəri Qara Qarayev ünvanına köçmüşlər. Onların qızı vəfat etdiyindən mərhum xəstəliyə tutulmuş, insult keçirdiyindən 02.04.2017-ci ildə vəfat etmiş və Qobu qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - 6 saylı X10 Təcili və X7 Stansiyası tərəfindən verilmiş 02.04.2017-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə saat 05:35 radələrində ünvan 1 ünvanında yaşayan X4 adına çağırış daxil olmuş, həkimə qədər kişi cinsindən olan meyid aşkar edilmişdir. - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsinin X3 ünvanladığı 29.04.2021-ci il tarixli 05/Q-560/15 saylı məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. - 17.09.1991-ci il tarixli V-ЖГ № 471076 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X8 ilə X14 17.09.1991-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 53 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada Xalıqova soyadı verilmişdir. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X18 Ərazi Bölmələrini İdarəetmə X20 Şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 11.04.2021-ci il tarixli 503 saylı məktubdan görünür ki, X1 16.06.2021-ci il tarixli, baldızının həyat yoldaşı X4 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 31.01.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3. bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi ambulator tibb müəssisəsi tərəfindən verilir. T.Xalıqovun ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilmir. - Abşeron Rayon İcra Hakimiyyəti başçısının Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04.05.2021-ci il tarixli 623 saylı arayışdan görünür ki, Ərizəçi həyat yoldaşı mərhum X8 02.04.2017-ci il tarixdə vəfat etmiş və Qobu qəsəbə qəbiristanlığında vəfat etmişdir. - Abşeron rayonu Qobu qəsəbə Xəstəxanası tərəfindən verilmiş 01.06.2021-ci il tarixli 273 saylı arayışdan görünür ki, vətəndaş X8 11.03.1968-ci il təvəllüdlü, X25 Məhəllə ünvanında pasport qeydiyyatında olmasına baxmayaraq həmin ünvanda yaşamadığı üçün X11 müraciət etməmişdir. Bu səbəbdən də ölüm haqqında tibbi şəhadətnamə təqdim edilə bilinməmişdir. - Ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş fotodan görünür ki, X8 dəfn olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X8 ərizəçinin həyat yoldaşı olmuş, sonuncu 02.04.2017-ci il tarixdə ev şəraitində vəfat etmiş və X4 ölüm faktı, ərizəçinin və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdikləri ifadələrində X4 02.04.2017-ci il tarixdə ünvan 1 ünvanında vəfat etməsini təsdiq etmişlər. Hazırda müvafiq həkim arayışı olmadığına görə, ərizəçi həyat yoldaşının ölümü haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən, ərizəçinin həyat yoldaşı X8 02.04.2017-ci il tarixdə ünvan 1 ünvanında vəfat etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 11.03.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 02.04.2017-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 11.03.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 02.04.2017-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar