Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-393/2022 15.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı notariat ofisi və Cavabdeh1 qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı notariat ofisi və Cavabdeh1 qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon 1 saylı notariat kontorunda xx.xx.2008-ci il tarixdə reyestrdə 4Ə/04-608 nömrə ilə qeydə alınmış 09 aprel 2008-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək həmin alqısatqı müqaviləsinin bütün hüquqi nəticələrinin (sonrakı alqı-satqı müqavilələrinin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların, plan-ölçü sənədlərinin) etibarsız hesab edilməsi, ona məxsus torpaq sahəsinin onun qanuni sahibliyinə qaytarılması vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.08 ha torpaq sahəsi onun razılığı olmadan başqa şəxsin mülkiyyətinə keçirilmişdir. O, bu barədə yalnız 2021-ci ilin avqust ayında məlumat əldə etmişdir. Belə ki, onun torpaq sahəsinin hazırda başqa bir şəxsin adına olduğu, eyni zamanda həmin şəxsin də qeyd edilən torpaq sahəsini Cavabdeh1 alqı-satqı müqaviləsi əsasında əldə etdiyi ona məlum olmuşdur. Halbuki onun tərəfindən torpaq sahəsi Cavabdeh1 satılmamışdır. Bu məsələni aydınlaşdırmaq üçün sorğu verilərək notariat işi əldə edilmişdir. Həmin notariat işinə baxdıqda müəyyən etmişdir ki, guya ******* nömrəli, 09 aprel 2008-ci il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsini o, imzalamışdır, müqavilədə olan imza ona məxsus deyildir. Alqı-satqı müqaviləsinin birinci və ikinci səhifələrindəki imzalar müqayisə edilsə, onun birinci səhifəsindəki imza ilə ikinci səhifəsindəki imzanın eyni olmaması aydın olar, bunun üçün hətta ekspert belə olmaq lazım deyildir. Notariat işində olan əmlakın yüklülüyü barədə arayışı da o, almamışdır. Ən əsası isə notariat işində alqı-satqıya görə alıcı tərəfindən ödənişlərin notariusun depozitinə köçürülməsi və sonradan ona ödənilməsini təsdiq edən ödəniş tapşırıqları, bank sənədi mövcud deyildir. Halbuki artıq 2008-ci ildə daşınmaz əmlakın alqı-satqısına görə ödənişlər notariusun depoziti vasitəsilə həyata keçirilirdi. Beləliklə, onun mülkiyyətində olan əmlak sənədlərin notariat kontorunda saxtalaşdırılması yolu ilə başqa şəxsin, yəni Cavabdeh1 mülkiyyətinə keçirilmişdir. Eyni zamanda notariat işində ona məxsus şəxsiyyət vəsiqəsinin surətinin olmaması da onun həmin notariat əməliyyatında iştirak etməməsini təsdiq edir. Verilmiş suallara cavabında qeyd edir ki, onun 2 hektar torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsinin 1 hektar hissəsini qarşı tərəfə vermiş, lakin torpaq sahəsinin tərəfin adına sənədləşdirilməsi baş tutmamışdır. Torpaq sahəsinin satılmasına görə ona ödənilmiş pulu geri istədikdə isə həmin pulu xərclədiyindən geri qaytara bilməmişdir. Bu səbəbdən də hazırki mübahisəli torpaq sahəsini cavabdehin qarşısında ödəyəcəyi 1.600 manat pul müqabilində girov qoymuşdur. Həmin vaxtı bilmədən qızına məxsus 0.08 ha torpaq sahəsini də girov qoymuşdur. Qarşı tərəflə aralarında qeyd olunan borcla bağlı yazılı müqavilə olmamışdır. Daha sonra aldığı pulu geri qaytarmağı təklif etsə də, torpaq sahəsi ona geri qaytarılmamışdır. 2021-ci ilin avqust ayında girov qoyduğu mübahisəli torpaq sahəsinin satıldığını, torpaq sahəsini alan şəxslər tərəfindən ora tikinti işləri aparmaq məqsədilə daş töküldüyünü görmüş və buna etiraz etmişdir. Artıq həmin mübahisəli torpaq sahəsində satıldığı 2 nəfər şəxs tərəfindən ev tikilmişdir. Həmçinin qızına məxsus torpaq sahəsi də cavabdeh tərəfindən başqa şəxsə satılmışdır. O və qızı Pirim şəhərində olarkən sözügedən torpaq sahəsi satılmışdır. O, cavabdeh ilə notariat kontorunda 2008-ci il tarixdə bir dəfə özünə məxsus torpaq sahəsini borc qarşılığında girov qoymaq üçün olmuş və həmin vaxtı notariat kontorunda torpaq sahəsinin girov qoyulması məqsədilə bir dəfə sənədə imza etmişdir. Lakin həmin vaxtı qeyd olunan torpaq sahəsini satmamış və torpaq sahəsinin alqı-satqısı olmamışdır. Onun həmin vaxtı torpaq sahəsinin alqı-satqısının aparılmasından xəbəri olmamışdır. O, notariat işindəki imza ilə razılaşmır. Çünki alqı-satqı müqaviləsi onun tərəfindən imzalanmamış və imza ona məxsus deyildir. Torpaq sahəsinə görə 2008-ci il tarixədək bələdiyyəyə vergi ödəmişdir. Göstərilənlərə əsasən Abşeron rayon 1 saylı notariat kontorunda xx.xx.2008-ci il tarixdə reyestrdə 4Ə/04-608 nömrə ilə qeydə alınmış 09 aprel 2008-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək həmin alqı-satqı müqaviləsinin bütün hüquqi nəticələrinin (sonrakı alqı-satqı müqavilələrinin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların, plan-ölçü sənədlərinin) etibarsız hesab edilməsi, ona məxsus torpaq sahəsinin onun qanuni sahibliyinə qaytarılması vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, təmsil və hüquqlarını müdafiə etdiyi İddiaçı sözügedən Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.08 ha torpaq sahəsini Cavabdeh1 satmamış və Abşeron rayon 1 saylı notariat kontorunda 09 aprel 2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsini imzalamamışdır. Alqı-satqı müqaviləsindən aşkar görünür ki, birinci və ikinci səhifədəki imzalar fərqlidir və İddiaçı imzası deyildir, lakin ekspert alqı-satqı müqaviləsindəki imzaların İddiaçı məxsus olması barədə rəy vermişdir. İddiaçı hazırda Moskva şəhərində yaşayır və yaşadığı yerdə bununla bağlı müstəqil ekspertə müraciət edəcəkdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, notariat kontorunda İddiaçı özü şəxsən iştirak etmiş, onun tərəfindən alqı-satqı müqaviləsi imzalanmış və torpaq sahəsi ona satılmışdır. Hazırda iddiaçı ona və notariat ofisinə böhtan atır. Verilmiş suallara cavabında qeyd edir ki, o, iddiaçıya ümumilikdə 2008-ci il tarixdə hissəli şəkildə 20.000 manat məbləğində borca pul vermişdir. İddiaçı qeyd edilən məbləğləri özü şəxsən ondan borc almışdır. Lakin iddiaçı borc verdiyi həmin pulu ona qaytara bilməmiş, borc qarşılığında sözügedən mübahisəli torpaq sahəsini ona satmağı təklif etmiş və bu məqsədlə onu Abşeron rayon 1 saylı notariat kontoruna çağırmışdır. Həmin vaxtı iddiaçı borc qarşılığına ona özünə məxsus 0.08 ha torpaq sahəsini və qızına məxsus 0.08 ha torpaq sahəsini satmışdır. İddiaçı öz razılığı və istəyi ilə torpaq sahələrini ona satmışdır. Həmin vaxtı dəyəri 5.500 manatdan aşağı olan alqısatqılara görə depozitə pul qoyulmurdu. Sözügedən torpaq sahəsinin alqı-satqısı da 5.300 manata olmuşdur. Mübahisəli torpaq sahəsinə görə bələdiyyəyə vergiləri ödəyibödəməməsi yadında deyildir. Təqribən 2 ildir ki, sözügedən torpaq sahəsini pula ehtiyacı olduğundan satmışdır. 09 aprel 2008-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsində birinci və ikinci səhifədəki imzalar iddiaçıya məxsusdur və onun şəxsi imzasıdır. Alqı-satqı müqaviləsini iddiaçı özü şəxsən imzalamışdır. Alıcı qrafalarındakı imzalar isə ona məxsusdur. Reyestr kitabındakı imza da iddiaçıya məxsusdur. Göründüyü kimi hazırda iddiaçının irəli sürdüyü tələbin heç bir əsası yoxdur. Eyni zamanda iddiaçı iddia müddətini ötürmüşdür. Ona görə də hazırki mübahisəyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 373-cü maddəsi də tətbiq edilməlidir. Göstərilənlərə əsasən həm iddia əsassız olduğuna, həm iddia müddəti ötürüldüyündən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Digər cavabdeh Abşeron rayon 1 saylı notariat ofisi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə cavabdeh Abşeron rayon 1 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Müvafiq qaydada təsdiq edilmiş notarial işində olan (4Ə/04-608 reyestr nömrəli, 09 aprel 2008-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi) Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 159 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmışdır. Həmin notarial işində olan (4Ə/04-608 reyestr nömrəli) 09 aprel 2008-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı İddiaçı özünə məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.08 ha torpaq sahəsini alıcı Cavabdeh1 5.300 manata satmış, alıcı da həmin qiymətə almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2022-ci il tarixli, 4/168 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 4Ə/04-608 nömrəli notariat işinin 2-3-cü vərəqlərində olan 09 aprel 2008-ci il tarixli AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin birinci səhifəsində “Satıcı” qrafasındakı və ikinci səhifəsində “Satıcı:” hissəsindəki imzalar - İddiaçı tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 140 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2022-ci il tarixli, 4/676 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 4Ə/04-608 nömrəli notariat işinin 2-3-cü vərəqlərində olan 09 aprel 2008-ci il tarixli AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin birinci səhifəsində “Satıcı” qrafasındakı imza və ikinci səhifəsində “Satıcı:” qrafasından aşağıda yerləşən “(imzası soyadı)” qrafasındakı imza və “Əлиев” yazısı - İddiaçı tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 173 manat təşkil edir. Cavabdeh1 tərəfindən məhkəməyə ünvanlanmış iddia müddətinin tətbiqinə dair ərizədən görünür ki, cavabdeh iddiaya Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 373-cü maddəsinin tələblərinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən əqdlər birtərfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə baxışında müəyyən edildi ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətində olmuşdur. 09 aprel 2008-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı özünə məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.08 ha torpaq sahəsini alıcı Cavabdeh1 5.300 manata satmış, alıcı da həmin qiymətə almışdır. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisələndirdiyi daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanması üçün notariat kontoruna getmədiyini və həmin müqavilənin onun tərəfindən imzalanmadığını bildirsə də, iş üzrə keçirilmiş ekspert rəyləri ilə müəyyən edildi ki, 09 aprel 2008-ci il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin birinci səhifəsində “Satıcı” qrafasındakı imza və ikinci səhifəsində “Satıcı:” qrafasından aşağıda yerləşən “(imzası soyadı)” qrafasındakı imza və “Əлиев” yazısı - İddiaçı tərəfindən icra olunmuşdur. Həmçinin iş materiallarından görünür ki, torpaq sahəsinin alqı-satqı müqaviləsi notariusda olmuş, müqavilə imzalanmış, notarius tərəfindən müqavilə təsdiq edilmişdir. İddiaçı mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş əqdin etibarsız hesab edilməsinin əsaslarından hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Qeyd olunan hissədə iddia əsassız hesab edildiyindən iddia tələbi həmin alqı-satqı müqaviləsinin bütün hüquqi nəticələrinin (sonrakı alqı-satqı müqavilələrinin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların, plan-ölçü sənədlərinin) etibarsız hesab edilməsi, torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə qaytarılması vəzifəsinin Cavabdeh1 üzərinə qoyulması hissələrində də əsassız hesab edilməli və təmin edilməməlidir. Eyni zamanda məhkəmə iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri- sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İddia müddətinin tətbiq edilməsi və bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi həmin Məhkəmənin Dacia S.R.L. v. Moldovaya qarşı (ərizə № 3052/04, 18 mart 2008-ci il tarixli qərar) qərarında Məhkəmə qeyd etmişdir ki, iddia müddəti heç bir ayrı-seçkilik olmadan tətbiq edilməlidir. Əks təqdirdə, yekunlaşmalı olan hüquq münasibətlərinin dəyişdirilməsi hüquqi müəyyənlik prinsipi ilə ziddiyyət təşkil edərdi (see, mutatis mutandis, Popov v. Moldova (no. 2), no. 19960/04, § 53, 6 December 2005). İş materiallarından göründüyü kimi tərəflər arasında mübahisələndirilən müqavilə 09 aprel 2008-ci il tarixdə imzalanmışdır və müqavilənin icrasına da həmin tarixdən başlanılmışdır. İddiaçı tərəfindən isə hazırkı iddia ərizəsi ilə məhkəməyə 3 ildən artıq müddət keçdikdən sonra xx.xx.2021-ci il tarixdə müraciət olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki mübahisəyə (alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində) iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı notariat ofisi və Cavabdeh1 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. İddia təmin edilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, məhkəmə-xətşünaslıq ekspertizalarının tədqiqatının dəyəri olan 313 (üç yüz on üç) manat pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı notariat ofisi və Cavabdeh1 qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə-xətşünaslıq ekspertizasının tədqiqatının dəyəri olan 140 (bir yüz qırx) manat pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-393/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-393/2022
15.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver