Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3973/2022 04.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi Maraqlı şəxs ilə bağladığı xx.xx.2022-ci il tarixli MŞB/5-01150 saylı barışıq sazişinin məcburi icrası üçün həmin sazişin təsdiq edilməsi və məcburi icraya yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs ilə xx.xx.2011-ci il tarixdə 1705 qeydiyyat nömrəsi ilə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuş və birgə nikah münasibətlərindən xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2017ci il təvəllüdlü X6 anadan olmuşdur. Maraqlı şəxslə birgə yaşamasının mümkün olmaması qərarına gələrək nikahın pozulması, aliment və əmlak bölgüsü tələbi üzrə aralarında mübahisə yarandığı üçün mediasiyaya müraciət edən zaman maraqlı şəxs mediasiya prosesinə gələrək barışıq sazişi bağlamaq istədiyini bildirmiş və bu barədə xx.xx.2022-ci il tarixdə MŞB/5-01150 saylı barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs həmin sazişin şərtlərinə əsasən (maddə 2.1.3) aliment olaraq hər uşağa 250 manat olmaqla ümumilikdə 500 manat aliment ödənişini uşaqların yetkinlik yaşına çatana kimi ödəməyi öhdəsinə götürmüşdür. Sazişin 2.3-cü maddəsinə əsasən saziş könüllü icra edilmədiyi təqdirdə sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilmə imkanı qeyd edilmişdir. Bundan sonra, Abşeron rayon Məhkəməsinə ərizəçi yalnız nikahın pozulmasına dair iddia ərizəsi ilə müraciət etmiş, alimentlə bağlı mübahisə artıq barışıq sazişi ilə həll edildiyindən maraqlı şəxsin alimenti ödəyəcəyinə dair ərizəçidə ümid yaranmışdır. Hətta 2(012)- 2916/2022 saylı mülki iş üzrə nikaha xitam verilən gün maraqlı şəxs bütün məbləği bağlayacağını bildirdiyi üçün son günlərə qədər ərizəçi məhkəməyə müraciət etməyi lazım bilməmişdir. Lakin hazırda, maraqlı şəxs aliment öhdəliyindən yayınır, əvvəlki dövr üçün, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi yığılmış 3 aylıq 1500 manat alimenti hələlik ödəyəcəyini düşünmür, alimenti bundan sonra hissə-hissə imkan olduqca ödəyəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə tərəflərin nikahı pozulmuşdur. Hesab edir ki, maraqlı şəxs barışıq sazişinin şərtlərini pozmuş, könüllü icra etmək niyyəti yoxdur. Hətta ona aliment üçün bank kartı göndərilsə də, bugünə kimi hər hansı bir vəsait daxil olmamışdır. Mediasiya prosesində maraqlı şəxs xx.xx.2022-ci il tarixdən etibarən hər ay 500 manat aliment ödəyəcəyini öhdəsinə götürsə də, artıq 3 aylıq müddət keçmişdir. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, tərəflərin nikah münasibətlərinə Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-2916/2022 saylı qətnaməsinə əsasən, xitam verilmişdir. Maraqlı şəxsə o, ərizəçinin nümayəndəsi və vəkili olaraq müraciət edən zaman maraqlı şəxs alimetin ödənilməsində heç bir problem olmayacağını qeyd etmiş və məhkəməyə təqdim olunmuş barışıq sazişinə imza etmişdir. Abşeron rayon Məhkəməsində tərəflərin nikahına xitam verilən günə qədər ərizəçi ona maraqlı şəxs tərəfindən bir manat da olsun, aliment ödəmədiyi barədə məlumat verməmişdir. Belə ki, ərizəçi tibb sahəsində çalışdığından hüquqlarını müdafiə etdiyi şəxslə tez-tez görüşə bilmir. Lakin bununla belə, tərəflər arasında barışıq sazişi bağlandığından nikahın pozulması tələbi irəli sürülən zaman aliment tələbi irəli sürülə bilməyəcəkdir. O, alimentin ödənilməsi barədə maraqlı şəxsə müraciət etdikdə, Maraqlı şəxs əmək haqqı məbləği nəzərə alınmaqla bir şəkildə alimenti hissə-hissə ödəyəcəyini bildirmişdir. Lakin hazırda, iki azyaşlı uşaq ərizəçinin himayəsində olduğundan və bütün xərclər ərizəçiyə aid olduğundan ərizəçi alimentin hisəs-hissə ödənilməsinə razılıq verməmişdir. Bu səbəbdən də, barışıq szişinin məcburi qaydada icrası barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Əgər maraqlı şəxs alimenti nikahın pozulmasından əvvəl ödəmiş olsa idi, məhkəməyə müraciət edilməyəcəkdir. Lakin hazırda, maraqlı şəxsin alimenti könüllü şəkildə ödəməsinə şübhə yarandığndan məhkəməyə müraciət etmək qaçınılmaz hal almışdır. Maraqlı şəxs özü Müdafiə Nazirliyində çalışır. Tərəflər arasında uşaqların ananın yanında saxlanılması, nikahın pozulması və uşaqla görüş məsələsi öz həllini tapmış, lakin alimentin ödənilməsi təmin edilməmişdir. Uşaqla görüş məsələsində vaxt məhdudiyyəti müəyyən edilməmişdir. Maraqlı şəxs uyğun vaxtda uşaqları ilə görüşə bilir ki, bunu maraqlı şəxs özü də təsdiq edə bilər. Maraqlı şəxs aliment ödədiyini bildirsə də qeyd edir ki, o, maraqlı şəxsə aliment ödənişini edən zaman yalnız karta ödəniş etməsini və yaxud ödəniş edən zaman rəsmi şəkildə imza etdirilməklə pulu təhvil verməsini izah etmişdir. Lakin buna baxmayaraq, ərizəçi ona maraqlı şəxsin bir manat belə ödəniş etmədiyini vurğulamışdır. Məhkəmə iclasında Maraqlı şəxs ərizəni qəbul edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, Ərizəçi ilə barışıq sazişi bağlamışdır. Saziş bağlanan zaman alimentin miqdarının 500 manat müəyyən edilməsi təklifini könüllü olaraq o, özü istəmişdir. Həmin vaxtdan hesab nömrəsinin göndərilməsini istəmiş, lakin göndərilməmiş və o, özü də məsələnin üzərinə düşməmişdir. Nikahın pozulması anına qədər o, ərizəçi ilə görüşməmişdir. Ərizəçi hesab nömrəsini göndərəndən sonra 500 manat aliment ödənişindən əlavə olaraq, 200- 300 manat imkanı çatdığı qədər ödənişin edilməsini istəmişdir. Aylıq 500 manat ödənişindən əlavə iyul ayının 20-dən sonra ümumilikdə 800 manat ödəniş etmişdir. Ərizəçinin nəyə görə belə bir ərizə ilə məhkəməyə müraciət etməsini bilmir. Hər bazar günü uşaqları ilə görüşür və barışıq sazişinin həmin hissədə təsdiq edilməsinə ehtiyac bilmir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Mediasiya Şurasının xx.xx.2022-ci il tarixli MŞB/5-01150 saylı barışıq sazişindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında ailə mübahisəsi, nikahın pozulması, uşağın ananın yanında qalması, aliment, uşaqla ünsiyyət tələbləri mövcuddur. Barışığın şərtləri: Hər iki tərəf aralarında Nizami rayon Qeydiyyat Şöbəsində 28 oktyabr 2011-ci il tarixdə qeydiyyata alınmış nikahın pozulmasına razılıqlarını bəyan etmişlər. İkinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi nikahın məhkəmə qaydasında pozulması barədə iddiasını qəbul etdiyini bəyan etmişdir. 2.1.2. İkinci tərəf nikah pozulduqdan sonra birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 anaları Ərizəçi himayəsində saxlanmasına razılığını bəyan etmişdir. 2.1.3. İkinci tərəf nikah pozulduqdan sonra birgə nikahdan doğulan xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər birinci tərəfə hər ay hər uşağa görə 250 manat olmaqla, ümumilikdə, 500 manat aliment ödəyəcəyini öhdəsinə götürmüşdür. 2.1.5. Birinci tərəf ikinci tərəf ilə nikah pozulduqdan sonra birgə nikahdan olan uşaqlar ilə hər həftənin bazar günü saat 12:00-dan 18:00-dək ünsiyyətdə olmasına şərait yaradacağına dair öhdəlik götürmüşdür. Sazişin 2.4. bəndinə əsasən, saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. -Azərbaycan Respublikasının Niderland Krallığının Səfirliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İİİ № 011568 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə Amsterdam şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 4 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Maraqlı şəxs, anası X3r. -Azərbaycan Respublikasının Niderland Krallığının Səfirliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İİİ № 365925 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə Amsterdam şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır. -Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-2916/2022 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış 1705 saylı akt qeydli nikah pozulmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Ərizəçi və Maraqlı şəxs Abşeron rayonu Görədil Bağ sahəsində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 305.1.17. maddəsinə əsasən, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında xüsusi icraat qaydasında işlərə baxır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Ərizəçi ilə Maraqlı şəxs xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuş və tərəflərin birgə nikah münasibətlərindən xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 anadan olmuşdur. Tərəflərin ailə nikah münasibətləri pozulduğundan Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-2916/2022 saylı qətnaməsi ilə tərəflər arasında xx.xx.2011-ci il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində bağlanmış 1705 saylı akt qeydli nikah pozulmuşdur. Beləliklə, tərəflərin ailə nikah münasibətləri pozulduğundan ərizəçi mübahisənin məhkəmədən kənar qaydada həlli üsulu olaraq mediasiyaya müraciət etmiş və mediasiya prosesi zamanı tərəflər arasında barışıq sazişi bağlanılaraq xx.xx.2022-ci il tarixli MŞB/5-01150 saylı barışıq sazişinə əsasən, tərəflər məhkəmə qaydasında nikahın pozulması, uşaqların ananın yanında qalması, uşaqların yetkinlik yaşına çatana qədər qədər saxlanılması üçün hər ay hər uşağa görə 250 manat olmaqla ümumilikdə cəmi 500 manat sabit puil məbləğində alimentin ödənilməsi, həmçinin, hər həftənin bazar günü saat 12:00-dan 18:00-dək uşaqla ünsiyyətdə olmasının şərait yaradılmasına dair razılığa gəlmişlər. Barışıq sazişinin şərtlərinə əsasən, saziş üzrə öhdəliklər könüllü şəkildə icra edilməli olduğu halda, Maraqlı şəxs tərəfindən alimentin ödənilməsi öhdəliyindən yayınması halları olduğundan və bu hal barışıq sazişinin, eyni zamanda, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, barışıq sazişinin məhkəmə qaydasında məcburi icrası qaydasını istisna etmədiyindən Ərizəçi barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra Mediasiya haqqında Qanun adlanacaq): 1.0.1. maddəsinə əsasən, mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. 3.1.2. maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn mübahisələrə mediasiya qaydasında baxılır. 4.1. maddəsinə əsasən, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Göründüyü kimi, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyən, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edən xx.xx.2021-ci il tarixindən qüvvəyə minmiş Mediasiya haqqında Qanun tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədi ilə qəbul edilmişdir. “Mediasiya haqqında Qanun”un: 24.6. maddəsinə əsasən, mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Barışıq təklifi tərəflərin razılığı ilə verilir. 32.1.1. maddəsinə əsasən, tərəflər arasında barışıq sazişi bağlandıqda mediasiya prosesinə xitam verilir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli MŞB/5-01150 saylı barışıq sazişinə əsasən, mülki iş üzrə tərəflər nikahın pozulması, uşaqların ananın yanında saxlanılması, aliment tələbinə, həmçinin, uşaqla ünsiyyət tələbinə dair barışıq sazişi bağlamışlar və mediasiya prosesinə xitam verilməsi barədə protokol tərəflərə təqdim olunmuşdur. “Mediasiya haqqında Qanun”un: 9.3.1. maddəsinə əsasən, barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifəsidir. 34.1. maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. maddəsinə əsasən, barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. 34.4. maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. maddəsinə əsasən, barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Qanunun tələblərindən görünür ki, mediasiya prosesində tərəflər arasında mübahisə barışıq sazişinin imzalanması ilə başa çatdıqda həmin saziş üzrə tərəflər sazişin icra edilməsinə görə məsuliyyət daşıyır və sazişin icra edilməməsinə görə məhkəmə qaydasında məcburi şəkildə icrasının təmin edilməsi hüququnu yaratmışdır. Məhkəmə araşdırması zamanı təsdiq olunmuş sübutlar, həmçinin, tərəflərin izahatı əsasında barışıq sazişi üzrə Maraqlı şəxs aliment ödənişlərindən yayınması, aliment ödənişini etdiyi halda isə həmin halları sübut edəcək mötəbər sübutlarını məhkəməyə təqdim etməməsi öz təsiqini tapdığından, eyni zamanda, uşaqları saxlamaq, onları maddi cəhətdən təmin etmək bir valideyn kimi hazırki iş üzrə atanın da vəzifəsi olmasını nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, aliment ödənişlərindən yayınan maraqlı şəxs barəsində xx.xx.2022-ci il tarixli MŞB/5-01150 saylı barışıq sazişi təsdiq edilərək icrası təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi” Qaydasının: 12.3.1. bəndinə əsasən, barışıq sazişinin imzalandığı gündən mediasiya prosesinə xitam verilir.
13. bəndinə əsasən, barışıq sazişi Qanunun 34-cü maddəsinə uyğun olaraq icra edilir. Mülki Prosessual Məcəllənin 355-24. Maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişinin şərltəri 10 gün müddətində maraqlı şəxs tərəfindən icra edilməli olduğu halda, icra edilməmiş, bununla da, ərizəçi həmin sazişin məhkəmə qaydasında təsdiq edilərək məcburi şəkildə icraya yönədilməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 355-26.1. maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-25.3. maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları, qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirərək qeyd edir ki, uşaqların mənafeyini nəzərə alaraq, alimentin ödənilməsindən yayınan valideyn tərəfindən öhdəliyin icrasını təmin etmək məqsədilə, barışıq sazişinin təsdiq edilməsinə maneə törədən və ya bundan imtina edilməsinə əsas olan hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, ərizə əsaslıdır, ona görə də qismən təmin edilməlidir. Məhkəmə eyni zamanda, qeyd edir ki, ərizəçi ərizəsində barışıq sazişinin məcburi icraya yönəldilməsini xahiş etmişdir. Məhkəmə ərizəyə həmin hissədə münasibət bildirərək qeyd edir ki, hazırki ərizənin mahiyyətini barışıq sazişinin təsdiq edilməsi olduğundan və ərizəyə bu hissədə mahiyyəti üzrə baxılaraq məhkəmə aktı qəbul edildiyindən, məhkəmə aktı ümumi qaydada icraya yönəldildikdən sonra barışıq sazişinin icrası təmin edilmiş olacaqdır. Başqa sözlə, bu halda barışıq sazişi deyil, barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə icra ediləcəkdir. Bu səbəbdən də, ərizə həmin hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/5-01150 saylı barışıq sazişinin 2.1.3-cü bəndinə əsasən, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş, hər ay hər bir uşaq üçün 250 manat olmaqla, ümumilikdə cəmi 500 manat sabit pul məbləğində alimentin ödənilməsi barədə barışıq sazişinin şərti məhkəmə qaydasında təsdiq edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov