Məhkəmə qərarları › İş №2(012)-406/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-406/2021

18.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-406/2021 18.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz inşa edilmiş evin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 18 avqust 2021-ci il tarixdə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz inşa edilmiş evin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən mülkiyyətində olan 0.0481 ha torpaq sahəsində qanunsuz inşa olunmuş evin və digər tikililərin sökülməsi və zəbt olunmuş sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu 2 saylı Notariat Kontorunda təsdiq edilmiş 23.09.2013-cü il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında yerləşən 0.0481 ha torpaq sahəsi İddiaçı tərəfindən əldə edilmişdir. Bununla bağlı iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrdən 12.04.2014-cü il tarixli, RX ******* nömrəli çıxarış verilərək, mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Lakin hal-hazırda Cavabdeh qanunsuz və əsassız olaraq iddiaçıya məxsus olan torpaq sahəsinin bir hissəsini zəbt etdiyi və hasarladığı üçün iddiaçı həmin sahədən təyinatı üzrə tam olaraq istifadə edə bilmir. Bundan başqa cavabdeh heç bir məsafə saxlamadan, tikinti norma və qaydalarını kobudcasına pozaraq, hasar belə çəkmədən, yanğın və sair təhlükəsizlik qaydalarına riayət etmədən özbaşına olaraq 2 mərtəbəli ev inşa edir, bunlar azmış kimi iddiaçının mülkiyyətində olan sahəyə tərəf bütün qapı və pəncərələrini açmışdır. Cavabdehə məxsus torpaq sahəsində yuxarıda qeyd olunduğu kimi qeyri-qanuni şəkildə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına zidd olaraq yaşama və yanaşma normativlərinin şərtlərinə əməl olunmadan tikinti işləri görülür. Qanunsuz olaraq cavabdeh iddiaçının və özünün torpaq sahəsi arasında hasar olmadan ev inşa etdirməkdədir. Bu adamlarla onun arasında heç bir müqavilə yoxdur. İddiaçının və ailəsinin narazılıqlarına isə onlar heç məhəl də qoymamışlar. Dəfələrlə xəbərdarlıq etsə də, bunlara məhəl etməmiş, buna zidd olaraq işçiləri həmin əraziyə cəlb edərək tez bir zamanda tikintini bitirməyə cəhd etməkdədir. Hal-hazırda cavabdeh torpaq sahələri arasında olan hasarın üzərində tikinti işləri gördürür. Belə ki, heç bir tikinti normalarına əməl olunmadan, yanğın təhlükəsi düşünülmədən, iddiaçının öz torpaq sahəsinə sahiblik və istifadə hüquqları nəzərə alınmadan tikinti işləri hələ də davam etməkdədir. Tikinti işləri zamanı tikinti materiallarının qalıqları və zibillər qonşuluq hüquqları tapdanmaqla iddiaçının torpaq sahəsinə tökülmüşdür. Cavabdehin davam edən qanunsuz və hüquqa zidd hərəkətləri nəticəsində iddiaçının sahiblik və istifadə hüquqları, mülkiyyət hüququ kobud şəkildə pozulmaqdadır. İddiaçının Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ünvanında yerləşən 0.0481 ha torpaq sahəsini təyinatına uyğun olaraq istifadə edə bilməsi üçün cavabdeh tərəfindən inşa edilən qanunsuz ev sökülməli, zəbt edilən torpaq sahəsi iddiaçıya geri qaytarılmalı və həmin hissədə quraşdırılmış bütün tikililər sökülməlidir. Qeyd olunan qanunsuzluqlarla bağlı iddiaçı yerli icra hakimiyyəti və polisə müraciət etsə də, məsələnin həlli üçün heç bir tədbir görülməmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etmədiyini bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən 0.0481 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 132 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində 12.04.2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən 12.04.2014-cü il tarixdə tərtib edilmiş AA 014088 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, 23.09.2013-cü il tarixli 4Ə-07-2222 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən **********02 reyestr nömrəli 0.0481 ha torpaq sahəsinə dair İddiaçı adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən 0.017 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 993 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində 24.05.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən 24.05.2019-cu il tarixdə tərtib edilmiş AA 373682 nömrəli torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 4ə-921 nömrəli, 03.05.2019-cu il tarixli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən **********04 reyestr nömrəli 0.017 ha torpaq sahəsinə dair Cavabdeh adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 23 aprel 2021-ci il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, İddiaçı 12.04.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0,0481 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə Cavabdeh 24.05.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0,017 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları üst-üstə düşmür və cavabdeh tərəfindən aparılan tikinti (yaşayış evi) iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində deyil. Yerinə yetirilmiş işin ümumi smeta dəyəri 311 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyun 2021-ci il tarixli 10/2245 nömrəli rəyindən müəyyən edilir ki, İddiaçı 12.04.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0,0481 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə Cavabdeh 24.05.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0,017 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları üst-üstə düşmür və cavabdeh tərəfindən aparılan tikinti (yaşayış evi) iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində deyil. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsində, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır; 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması(zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əqd hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəllə və digər normativ hüquqi aktlar ilə müəyyən olunmuş qaydada aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Əliyeva X3 rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən tam mülkiyyət hüququ üzrə ona verilmiş 0,0481 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edildiyini və həmin torpaq sahəsində qanunsuz ev inşa etdiyini iddia etsə də, məhkəmənin təklif etməsinə və cavabdeh tərəfin mübahisələndirməsinə baxmayaraq, sübutetmə yükü üzərinə düşən iddiaçının nümayəndəsi iddia tələbinin bu hissəsi ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. İddia tələbi təsdiq edən hər hansı mötəbər sübut da iş materiallarında mövcud deyildir. Əskinə mülki iş üzrə təyin edilmiş inşaat-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi və Azərbaycan Resublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə İddiaçı 12.04.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0,0481 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə Cavabdeh 24.05.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən 0,017 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatlarının üst-üstə düşmədiyi və cavabdeh tərəfindən aparılan tikintinin (yaşayış evinin) iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində olmadığımüəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilən olan məbləğlər daxildir. İddia tələbi təmin edilmədiyinə görə, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməli, mütəxəsiss rəyinin alınması üçün 311 (üç yüz on bir) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz inşa edilmiş evin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Mütəxəsiss rəyinin alınması üçün 311 (üç yüz on bir) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar