Məhkəmə qərarları › İş №2(012)-4076/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4076/2022

26.07.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4076/2022 26.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi, Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesinin nəticəsində onunla Maraqlı şəxs Vaqif oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin alimentin ödənilməsinə aid olan hissədə təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 11 fevral 2012ci il tarixdə nikah qeydə alınmışdır. Onların birgə nikahlarından 19 fevral 2012-ci il təvəllüdlü X5 və 01 may 2014-cü il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Uzun müddətdir ki, ayrı yaşayırlar. Aralarında nikah münasibətləri faktiki olaraq mövcud deyildir. Uşaqlar da ərizəçinin himayəsində yaşayırlar. Aralarında olan nikah hazırda formal xarakter daşıyır. Onlar birgə təsərrüfat idarə etmirlər. Mediasiya prosesindən keçmişlər və nəticədə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə görə uşaqların ərizəçinin yanında qalması və həmin uşaqların saxlanılması üçün 2022-ci aprel ayının birindən başlayaraq hər ayın 1-5 arası hər uşağa görə 150 manat pulun Maraqlı şəxs tərəfindən ödənilməsi barədə razılığa gəlinmişdir. Lakin barışıq sazişində göstərilən müddətin keçməsinə baxmayaraq, Maraqlı şəxs aliment məbləğini ödəməmişdir. Göstərilənlərə əsasən mediasiya prosesinin nəticəsində Ərizəçi ilə Maraqlı şəxs Vaqif oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin alimentin ödənilməsinə aid olan hissədə təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib izahatında bildirdi ki, Maraqlı şəxs aralarında bağlanmış barışıq sazişinin şərtlərinə əsasən aliment ödəyir. Lakin aliment məbləğini barışıq sazişində nəzərdə tutulan vaxtda ödəməmiş, müəyyən qədər vaxt gecikdirməklə ödəmişdir. Hazırda maraqlı şəxsdən alimentin barışıq sazişində nəzərdə tutulan vaxtda ödənilməsini istəyir. Həmçinin hazırda maraqlı şəxslə aralarında olan nikah Abşeron Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Verilmiş suallara cavabında qeyd etdi ki, barışıq sazişi bağlanandan sonra maraqlı şəxs aprel ayının 1-5 arası aliment məbləğini ödəməli olduğu halda, aprel ayının 29-da ödəmiş, sonrakı aylarda isə bir neçə gün gecikmə ilə aliment məbləğini ödəmişdir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında bildirdi ki, o, Ərizəçi ilə birgə nikahlarından olan Ayan və Dəniz adlı uşaqlarına baxır. Belə ki, hazırda uşaqlar onun evindədirlər. Onun rəsmi iş yeri yoxdur və rəsmi olaraq əmək haqqı almır. Bu səbəbdən də bəzən aliment məbləğinin ödənilməsində 1-2 gün gecikmələr olmuşdur. Lakin sonra ona alimenti məbləğini barışıq sazişində göstərilən vaxtda ödəmli olması izah edilmişdir. Göstərilənlərə əsasən ərizənin təmin edilməməsini məhkəmədə xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə təmin edilməməlidir. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2(012)-2346/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2012-ci il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində bağlanmış 67 nömrəli akt qeydli nikahın pozulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli barışıq sazişinin 2.3-cü bəndindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs qarşılıqlı olaraq yetkinlik yaşına çatmayan X3 və X1 üçün atası Maraqlı şəxs Vaqif oğlunun hər ay, aprelin 1-dən başlayaraq hər ayın 1-5 aralığından gec olmamaq şərti ilə hər uşağa görə 150 (bir yüz əlli) manat məbləğində aliment ödəmək vəzifəsini üzərinə götürməsi barədə razılığa gəlmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-3.1-ci maddəsinə əsasən uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizəyə məhkəməyə təqdim olunduqdan sonra 3 gün müddətinə baxılmalıdır. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Ərizə ilə bağlı məhkəmə qeyd edir ki, Ərizəçi ərizəsində barışıq sazişində göstərilən müddətin keçməsinə baxmayaraq, Maraqlı şəxs aliment məbləğini ödəməməsini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəmənin təklif etməsinə və Maraqlı şəxs mübahisələndirməsinə baxmayaraq, məhkəməyə təqdim edə bilmədi və məhkəmə araşdırması zamanı da bu öz təsdiqini tapmadı. Əksinə tərəflərin mübahisəsiz izahatlarında görünür ki, maraqlı şəxs aprel ayına olan aliment məbləğini aprel ayının 29da ödəmişdir. Sonrakı aylarda isə bir neçə gün gecikmə ilə maraqlı şəxs tərəfindən aliment məbləği ərizəçiyə ödənilmişdir. Qanunvericiliyin tələbində göründüyü kimi məhkəmə mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edir. Lakin ərizəçinin qeyd etdiyi hal isə barışıq sazişinin könüllü qaydada icra edilməməsi və ya barışıq sazişinin könüllü icrasından imtina olunması kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar