Məhkəmə qərarları › İş №2(012)-4082/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4082/2021

05.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4082/2021 05.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakları ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 (maraqlı şəxs: ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi) hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinə 05 iyul 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 hüquqi faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, JN-224A KOD 30800066 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə 2-ci sıradakı “X2” kimi qeyd edilmiş adın AZE N ******** saylı şəxsiyyət vəsiqəsindəki “Ərizəçi1” ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mülki iş üzrə məhkəmə baxışı zamanı Ərizəçi1 Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə verərək, JN-224A saylı, 30800066 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 004 avqust 1997-ci il tarixli qərarı ilə ərizəçilər Ərizəçi2 və Ərizəçi1 0.12 ha torpaq sahəsi ayrılmış və onlara JN-224A KOD 30800066 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə 2-ci sırada səhvən “Ərizəçi1” deyil, “X2” kimi qeyd edilmişdir. Bu hal onların mülkiyyətində olan torpaq sahəsi üzərində sərəncam hüquqlarını məhdudlaşdırır. Belə ki, torpaq sahəsi ilə bağlı hər hansı bir hüquqi əməliyyat aparmaq istədikdə şəxsiyyət vəsiqəsindəki qeyd edilən adla şəhadətnamədəki ad uyğun gəlmədiyindən bundan imtina edilir. Bu səbəbdən də ərizəçilər hazırda məhkəməyə müraciət etməli olmuşdurlar. Məhkəmə iclasında Ərizəçi2 ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Ərizəçi1 ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, ərizəçilərin gəlinidir. Həqiqətən xanımın adı “Piçə”, soyadı isə “Məmmədova”dır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, ərizəçilərin qudasıdır. O təsdiq edir ki, JN-224A saylı 30800066 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə 2-ci sırada adı səhvən yazılan şəxs həqiqətən Ərizəçi1dır. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, ərizəçilərin qonşusudur. O, bildirir ki, JN-224A saylı 30800066 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə 2-ci sırada “X2” kimi qeyd edilmiş şəxs AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsindəki “Ərizəçi1” ilə eyni şəxsdir. Məhkəmə ərizəçilərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Mülki işin materiallarında olan ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, Ərizəçi1 xx.xx.1962-ci il tarixdə Abşeron rayonu, Digah qəsəbəsində anadan olmuşdur. Mülki işin materiallarında olan 411809 saylı nikahın bağlanması haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Ərizəçi2 və X1 nikahları 18 yanvar 1982-ci il tarixdə bağlanmış və bu barədə 01 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. Mülki işin materiallarında olan JN-224A saylı 30800066 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən müəyyən edilir ki, 2-ci sırada «X2» adı qeyd edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən göndərilən 07.06.2021-ci il tarixli, **********80 №-li məktubdan müəyyən edilir ki, JN-224A KOD 30800066 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibinin adı ilə vətəndaşın şəxsiyyət vəsiqəsində göstərilən adın tamamilə fərqli olduğu aşkar edilmişdir. Belə ki, JN-224A KOD 30800066 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə «X2» göstərildiyi halda vətəndaşın şəxsiyyət vəsiqəsində «Ərizəçi1» kimi qeyd aşkar olunmuşdur. Bunun üçün Ərizəçi2 ərizəsinin icrasından imtina edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Abşeron rayon İHB-nın Digah qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilən 17.05.2021-ci il tarixli, 404 №-li məktubdan müəyyən edilir ki, Ərizəçi2 verilmiş 0.12 ha. Torpaq sahəsinə dair JN-224A KOD 30800066 saylı şəhadətnamədə həqiqətən də, yoldaşının adı səhvən «X2» kimi qeyd edilmişdir. Əslində isə onun adı «Ərizəçi1»dır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-224A saylı 30800066 kodlu şəhadətnamənin Ərizəçi1 məxsusluğu təsdiq edildiyindən ərizə əsaslı hesab olunaraq təmin edilməli, JN-224A saylı 30800066 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi1 məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. JN-224A saylı, 30800066 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar