Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4148/2021 23.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili-nümayəndəsi Vəkil və cavabdehin vəkili-nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə və yaşayış hüququnun tanınması tələbinə dair mülki işə 23 iyul 2021-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evə köçürülmə və yaşayış hüququnun tanınması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı azyaşlı övladı - 24.12.2003-cü il təvəllüdlü X3 ilə birlikdə ünvan 1 mülkiyyət hüququ olmayan fərdi yaşayış evinə köçürülməsi, həmin evə qeydiyyata alınması və Cavabdeh üzərinə İddiaçı həmin evdən istifadə hüququnun pozulması hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 2002-ci ildə Rusiyanın Krasnoyarsk şəhərində toy edərək ailə həyatı qurduqdan sonra Bakıya qayıtmışlar. Daha sonra onlar Abşeron rayonu, Masazır kəndi, Sarı Aşıq küçəsində fərdi ev tikintisi məqsədilə torpaq sahəsi alaraq evin tikintisinə başlamışlar. Ev hazır olduqdan sonra qaynanası və baldızı da onlarla birgə həmin evdə yaşamağa başlamışlar. Tərəflərin birgə faktiki nikahından 24.12.2003-cü il tarixdə X3 anadan olmuşdur. Bundan sonra cavabdeh yaşadığı torpaq sahəsinin 100 m2-də qardaşı üçün, 300 m2-də isə bacısı üçün ev tikmişdir. İddiaçı və cavabdeh azyaşlı övladlarının 3 yaşınadək pul qazanmaq üçün Rusiyaya gedir, noyabr ayında isə Bakıya qayıdırdılar. Tərəflər arasındakı münasibətlər yaxşı olsa da, aralarında olan sonuncu mübahisə zamanı 18 iyun 2019-cu ildə Cavabdeh İddiaçı ünvan 1 mülkiyyət hüququ olmayan fərdi yaşayış evindən qovmuşdur. Bundan sonra iddiaçı azyaşlı övladı ilə birgə kirayədə yaşamağa məcbur olmuşdur. Bu səbəbdən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 18 il həmin evdə birlikdə yaşayıblar. Torpaq sahəsinin alınması zamanı, habelə evin tikintisi və təmirinə əsaslı xərclər çəkib. Həmişə işləyib və ailənin büdcəsinə köməklik edib. Həmin evə köçürülməsi zəruridir, çünki kirayədə yaşayır. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil da iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi X5 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddiaçı həmin evdə cavabdehin anası ilə müəyyən problemlər yaşadığına görə yaşaya bilməyib. İddiaçının həmin evə köçürülməsi məqsədəuyğun deyildir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Abşeron rayon İHB-nın Masazır kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilən 17 iyul 2021-ci il tarixli arayışdan müəyyən edilir ki, Vəliyeva Cavabdeh, qızı X3 və anası X1 həqiqətən ünvan 1 ünvansız fərdi yaşayış evində müvəqqəti qeydiyyatdadırlar. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı cavabdehlə faktiki nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan bir övladı anadan olmuşdur. Tərəflər arasındakı münasibətlərin kəskinləşməsi səbəbindən iddiaçı azyaşlı övladı ilə birgə cavabdeh tərəfindən 18 il birlikdə yaşadıqları fərdi yaşayış evindən qovulmuşdur. Fərdi yaşayış evinin mülkiyyətçisi yoxdur və özbaşına tikilidir. İddiaçı həmin evin yerləşdiyi torpaq sahəsinin alınmasına, həmin evin tikintisinə və təmirinə əsaslı xərclər çəkmişdir. Hazırda iddiaçı azyaşlı övladı ilə birlikdə kirayədə yaşayır. İddiaçı azyaşlı övladı ilə birgə mübahisəli evə köçürülməsi, həmin evə qeydiyyata alınması və cavabdehin üzərinə iddiaçının həmin evdən istifadə hüququnun pozulması hərəkətlərinə son qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş əri (ərinin ailə üzvləri) güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olubolmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (güc tətbiq etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, iddia üzrə cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin özbaşına tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmasa da, MM-nin 180.2 və 180.4-cü maddələrinin məzmununa əsasən həmin özbaşına tikilinin mövcud olduğu müddətdə orada əvvəllər məskunlaşmış şəxslərin oradan istifadə hüququ müəyyən oluna, habelə oradan istifadə qaydaları müəyyən oluna bilməz, lakin həmin vətəndaşların oraya köçürülməsinə də qadağalar qoyula bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı övladı 24.12.2003-cü il təvəllüdlü X3 ilə birlikdə Cavabdeh yaşadığı özbaşına tikiliyə - ünvan 1 mülkiyyət hüququ olmayan fərdi yaşayış evinə köçürülməli, bu hissədə iddia təmin edilməlidir. Məhkəmə iddia tələbinin “mübahisəli evə qeydiyyata alınması və Cavabdeh üzərinə İddiaçı həmin evdən istifadə hüququnun pozulması hərəkətlərinə son qoyulması” hissəsinə münasibətdə qeyd edir ki, evə qeydiyyata alınma ilə bağlı məsələ məhkəmə baxışının predmetini təşkil etmədiyindən onun həmin evə qeydiyyata alınması və iddiaçının həmin özbaşına tikiliyə dair istifadə hüququ mövcud olmadığından, olmayan istifadə hüququnun pozulması hərəkətlərinə son qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması mümkün deyildir. Bu səbəbdən iddia tələbi bu hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı övladı - 24.12.2003-cü il təvəllüdlü X3 ilə birlikdə Cavabdeh yaşadığı özbaşına tikiliyə - ünvan 1 fərdi yaşayış evinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4148/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4148/2021
23.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Sair mülki iş - Mənzilə istifadə hüququnun tanınması - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver