Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4174/2021 26.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı MTK-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı müqavilənin və çıxarışın ləğvi tələbi barədə iddia ərizəsinə dair mülki işə 26 avqust 2021-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh qarşı müqavilənin və çıxarışın ləğvi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, bina 2, mənzil 96, ümumi sahəsi 61,6 kv.m olan 2 otaqlı mənzilə dair İddiaçı MTK və Cavabdeh arasında bağlanılmış 06 iyun 2017-ci il tarixli, ********* saylı payçı müqaviləsinin və onun əsasında həmin mənzilə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 19 dekabr 2017-ci il tarixli Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MTK və Cavabdeh arasında 06 iyun 2017-ci il tarixli, ********* saylı payçı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, bina 2, mənzil 96, ümumi sahəsi 61,6 kv.m olan 2 otaqlı mənzil satılmışdır. DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən cavabdehin adına həmin mənzilə mülkiyyət hüququna dair müvafiq çıxarış verilmişdir. Cavabdeh 29 iyul 2019-cu ildə notarial qaydada təsdiq olunmuş ərizə ilə İddiaçı MTK-ya müraciət edərək, həmin mənzilə dair pay hüququndan imtina etməklə, həmin mənzilin MTK-ya qaytarılmasını və digər şəxsə satılmasını xahiş etmiş və bu barədə heç bir iddiasının, tələbinin olmadığını bildirmişdir. Cavabdeh pay hüququndan imtina edərək mənzili geri qaytarsa da, dəfələrlə edilən müraciətlərə baxmayaraq, həmin mənzilə dair bağlanan müqavilənin və ona verilmiş reyestrdən çıxarışın ləğvi üçün lazımi hərəkətləri icra etməmişdir. Bunun üçün də, sözügedən mənzil formal olaraq onun adında qeydiyyatdadır və bu hal MTK-nın həmin mənzil üzərindəki sərəncam hüquqlarını məhdudlaşdırır. Belə olan halda İddiaçı MTK və Cavabdeh arasında bağlanılmış 06 iyun 2017-ci il tarixli, ********* saylı payçı müqaviləsinin və onun əsasında həmin mənzilə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 19 dekabr 2017-ci il tarixli Dövlət Reyestrindən Çıxarışın məhkəmə qaydasında ləğv edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı MTK-nın nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 06 iyun 2017-ci il tarixli, ********* saylı payçı müqaviləsindən müəyyən edilir ki, İddiaçı MTK Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11-də tikilmiş olan 2-ci binada, 1-ci blok, 13-cü mərtəbə, 96 №-li, 2 otaqlı mənzili tikib və payçı Cavabdeh verməyi öhdəsinə götürür. Müqavilənin ümumi dəyəri 80 080 manat təşkil edir. Payçı ilkin ödəniş olaraq 19 810 manat ödəməyi, qalan 60 270 manatı isə İddiaçı MTK, Cavabdeh və "xxxx" ASC arasında bağlanacaq olan üçtərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı 1203714№-li çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, bina 2, mənzil 96 tam mülkiyyət hüququ əsasında Cavabdeh adına 19.12.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Mülki işin materiallarında olan Cavabdeh tərəfindən verilən 29.07.2019-cu il tarixli **********472 saylı notarial qaydada təsdiq olunmuş ərizədən müəyyən edilir ki, Cavabdeh hazırda subay olduğunu, heç bir rəsmi nikahda olmadığını qeyd etmiş və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, bina 2, mənzil 96-ya dair hər hansı iddia və tələbi olarsa, bütün məsuliyyəti öz üzərinə götürəcəyini bildirmişdir. Mülki işin materiallarında olan Cavabdeh tərəfindən verilən 29.07.2019-cu il tarixli **********471 saylı notarial qaydada təsdiq olunmuş ərizədən müəyyən edilir ki, Cavabdeh İddiaçı MTK-nın inşa etdiyi binada adında olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, bina 2, mənzil 96-dan və pay hüququndan imtina etdiyini, həmin mənzilin satılmasına, İddiaçı MTK-ya geri qaytarılmasına və digər şəxsin adına keçirilməsinə etirazının olmadığını, gələcəkdə göstərilən mənzil və ödədiyi pula dair İddiaçı MTK-ya qarşı heç bir iddiasının olmayacağını və hər-hansı mübahisə yaranarsa, şəxsən özü cavabdehlik daşıyacağını bildirmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında payçı müqaviləsi imzalanmış və həmin müqavilə üzrə iddiaçı MTK cavabdehə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, bina 2-də yerləşən 96 saylı mənzili verməyi öhdəsinə götürmüşdür. Cavabdeh həmin mənzili əldə etdikdən sonra ona mülkiyyət hüququ əldə etmiş, bu barədə Daşınmaz Əmlakın dövlət reyestrindən müvafiq Çıxarış almışdır. Daha sonra cavabdeh notarial qaydada təsdiq olunmuş ərizə ilə həmin mənzilə dair pay hüququndan imtina etdiyini, onun satılmasını, MTK-ya geri qaytarılmasını, MTKya dair heç bir iddiasının və tələbini olmadığını bildirmişdir. Buna baxmayaraq o, tərəflər arasında imzalanan müqavilənin və bu barədə ona verilən çıxarışın ləğvi üçün müvafiq hüququ prosedurları icra etməmişdir. Bu hal həmin mənzil üzərində MTK-nın hüquqlarını məhdudlaşdırmışdır. Belə ki, mənzilin MTK-ya təhvil verilməsinə baxmayaraq, hələ də cavabdehin adına qeydiyyatdadır. Hazırda iddiaçı MTK onlar arasında bağlanan müqavilənin və həmin müqavilə əsasında cavabdehə Dövlət Reyestrindən verilmiş çıxarışın ləğvi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi tələb edə bilər. Beləliklə, işin faktiki hallarına və qeyd edilən hüquq normalarına istinad edərək məhkəmə hesab edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, bina 2, mənzil 96, ümumi sahəsi 61,6 kv.m olan 2 otaqlı mənzilə dair İddiaçı MTK və Cavabdeh arasında bağlanılmış 06 iyun 2017-ci il tarixli, ********* saylı payçı müqaviləsi və onun əsasında həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş **********81-05302-093076 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, bina 2, mənzil 96, ümumi sahəsi 61,6 kv.m olan 2 otaqlı mənzilə dair İddiaçı MTK və Cavabdeh arasında bağlanılmış 06 iyun 2017-ci il tarixli, ********* saylı payçı müqaviləsi və onun əsasında həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş **********81-05302-093076 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4174/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4174/2021
26.08.2021 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver