Məhkəmə qərarları › İş №2(012)-4183/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4183/2021

03.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4183/2021 03.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 03 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası X1 09 may 2021-ci il tarixdə Abşeron rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi anası X5 1930-cü il tarixdə Ermənistanın Masis rayonunda anadan olmuşdur. Anası 09 may 2021-ci il tarixdə yaşadıqları ünvan 1 ünvanında vəfat etmişdir. Anası vəfat etdiyi günün səhəri, yəni 10.05.2021-ci il tarixdə Qaradağ rayonu ərazisində Sədərək yolunun kənarındakı qəbistanlığında dəfn edilib. Halhazırda müəyyən sənədləşmə işləri ilə bağlı anasının ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamənin alınması üçün ərizə ilə müraciət etmişdir. Lakin qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Verilmiş imtina məktubunda ərizəçiyə ölüm faktının məhkəmə tərəfindən müəyyən edilməli olduğu bildirilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək, ərizənin məzmununa uyğun izahat verib, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Ərizəçi qardaşıdır. X5 onun anasıdır. X11 09 may 2021-ci il tarixdə qardaşı Ərizəçi yaşadığı evdə vəfat etmiş və anasını Qaradağ rayonu ərazisində yerləşən qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Ərizəçi qardaşıdır. X5 isə onun anasıdır. X11 09 may 2021-ci il tarixdə qardaşı Vahidin yaşadığı evdə vəfat etmiş və anasını Qaradağ rayonu ərazisində yerləşən qəbirstanlığında dəfn etmişlər. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan 009042 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən və şəhadətnamənin notarial qaydada təsdiq edilmiş tərcüməsindən müəyyən edilir ki, 06 avqust 1969-cu il təvəllüdlü Ərizəçi atası X9, anası isə X2r. Mülki işin materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə Ermənistanda anadan olmuşdur. Mülki işin materiallarında olan 21.02.2016-cı il tarixdə ASAN-Sumqayıt tərəfindən verilmiş AZE seriyalı ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, X5 1930-cı il tarixdə Ermənistan, Masis rayonunda anadan olmuşdur. Mülki işin materiallarında olan Abşeron Rayon Mərkəzi X8 Şəxs Təcili və X3 Stansiyasının xəbərdarlıq vərəqəsindən görünür ki, 09 may 2021-ci il tarixdə 1930-cu il təvəllüdlü X1 adına çağırış olmuş, həkimə qədər ölüm, qadın cinsli meyit aşkar edilmişdir. Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 11 iyun 2021-ci il tarixli, 05/Q-785/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibb şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə təqdim etmədiyi üçün ölümün qeydə alınması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mülki işin materiallarında olan Abşeron rayon X4 Hüquqi Şəxsi tərəfindən verilmiş 04 iyun 2021-ci il tarixli, 840 nömrəli məktubdan müəyyən edilir ki, Ərizəçi X1 ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamənin tərəflərindən verilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 09.05.2021ci il tarixdə X1 adına çağırış olub, çağırış yerinə gələn təcili tibbi yardım stansiyasının həkimi ölümü təsdiq etmişdir. Ərizəçi ölümün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ölümün qeydə alınması üçün zəruri olan tibbi sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 1930-cu il tarixdə Ermənistan, Masis rayonunda anadan olmuş X1 09 may 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1930-cu il tarixdə Ermənistan, Masis rayonunda anadan olmuş X1 09 may 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar