Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4187/2025 01.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Bakı şəhər 16 saylı Mediasiya təşkilatında bağlanmış MŞB/16-001866 saylı, 26 sentyabr 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini və məcburi icraya yönəldilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Ərizəçi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 355-25.2-ci maddəsinə əsasən məhkəmə işə ərizəçinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-21/2016 saylı, 07 aprel 2016-cı il tarixli qətnaməsi ilə Maraqlı şəxs ilə aralarında olan nikah pozulmuş, yetkinlik yaşına çatmayan övladı X4 onun yanında saxlanmış və Samirdən sabit pul məbləğində 117 manat aliment tutulub ona verilməsi qət olunmuşdur. Həmin məhkəmənin 2(012)-3158/2017 saylı, 05 may 2017-ci il tarixli qətnaməsi ilə aliment artırılıb 136,6 manat sabit pul məbləğində müəyyən edilmişdir. Lakin Samir alimenti ödəməmiş və bir neçə ilin alimenti ödənilməmiş qalmışdır. Aralarında olan aliment mübahisəsini həll etmək üçün Bakı 16 saylı Mediasiya Təşkilatına müraciət etmiş və 26 sentyabr 2023-cü il tarixdə MŞB/16-001866 saylı barışıq sazişi bağlamışdırlar. Müqavilənin şərtlərinə görə Samir uşaqlarının saxlamaq üçün ayda 275 manat aliment ödəməyi üzərinə götürmüşdür. Lakin Samir üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə ki, cavabdeh 2025-ci il ərzində, ümumiyyətlə, aliment ödəməmiş, əvvəlki illərə görə isə iki ayın alimenti ödənilməmiş qalmışdır. Odur ki, aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsinə və məcburi icrasına ehtiyac yaranmışdır. Odur ki, qeyd edilənlərə əsasən o, barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahat verərək bildirdi ki, onunla Ərizəçi arasında 26 sentyabr 2023-cü il tarixdə aliment ilə bağlı barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən onun övladı Nigar Rzazadənin saxlanılması üçün Ərizəçi 275 manat məbləğində aliment ödəməsi barədə razılığa gəlmişdirlər. O, ərizəçiyə kart açmış və kartına pul göndərmişdir, ödəniş ilə bağlı qəbzlərin bəzisi onda vardır. O, ərizəçiyə aralarında razılaşdırdıqları aliment məbləğini ödəyir, lakin hazırda onun son ayın pulunu ödəməyə imkanı yoxdur və bu axşam pul alıb ödəniş edəcəkdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-21/2016 saylı, 07 aprel 2016-cı il tarixli qətnaməsindən görünür ki, X3 iddiası qismən təmin edilmiş, X5 ilə Maraqlı şəxs arasında bağlanmış, 29 dekabr 2007-ci il tarixdə Lənkəran rayon VVADQ şöbəsində qeydə alınmış 695 saylı nikah qeydinin ləğv edilməsi, 10 iyul 2008-ci il tarixdə anadan olmuş X2 anası X3 yanında qalmasının müəyyən edilməsi, X3 xeyrinə hər ay Maraqlı şəxs, tərəflərin birgə nikahdan olan uşağı — 10 iyul 2008-ci il tarixdə anadan olmuş X1 üçün hər ay sabit pul məbləğində 117 manat aliment tutulması və alimentin tutulma müddətinin 28 oktyabr 2015-ci il tarixdən müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 258844 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X5 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 197 № ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Manafova soyadı verilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3158/2017 saylı, 05 may 2017ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Abşeron rayon məhkəməsinin 2(012)- 21/2016 saylı, 07 aprel 2016-cı il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Maraqlı şəxs hər ay 136,6 manat sabit pul məbləğində aliment, məhkəmə xərclərinə görə 22 manat və MMM-VH MMC-yə hüquqi xidmətə görə ödədiyi 150 manat məbləğində pul tutularaq iddiaçı X3 xeyrinə verilməsi və hazırkı miqdarda alimentin tutulmasının əvvəlinin 06 aprel 2017-ci il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/16-001866 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı bəndlərdə qeyd olunan məsələlərlə bağlı razılığa gəlmişlər: 1. Tərəflər öz aralarında razılığa gəlirlər ki, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X1 üçün Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılısın; 2. Tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X1 üçün İkinci tərəf (Maraqlı şəxs) birinci tərəfə (Ərizəçi) hər ay 275 (iki yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin ödənilməsini öz öhdəsinə götürür; 3. Aliment hər ayın 01-dən 05-dək 1-ci tərəfin təqdim etdiyi bank və ya kart hesabına ödəniləcəkdir; 4. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur; 5. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir; 6. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər; 7. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır; 8. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar; 9. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 10. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir; 11. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir; 12. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır; 13. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır; 14. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz; 15. Əgər Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı Tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur; 16. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər; 17. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz; 13.1. bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 13.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; 13.3. Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 13.4. yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə); 18. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir; 19. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının aktları aiddir; 20. Sazişin 18-ci bəndində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır; 21. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir; 22. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir; 23. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır; 24. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır; 25. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir; 26. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər). Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-in 355-26-ci maddəsi ilə müəyyən edilmiş mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsindən imtina olunması ilə bağlı əsaslar müəyyən edilmədiyindən, Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/16-001866 saylı barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/16-001866 saylı barışıq sazişi təsdiq edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-4187/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4187/2025
01.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver