Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-419/2022 13.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" MTK-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı «mənzilə görə ödənilmiş pulun qaytarılması» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə şərtlərinə uyğun olaraq Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin, 3-cü blok, 9-cu mərtəbəsində, ümümi sahəsi 88,8 km olan izolə olunmuş 2 otaqlı mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil məhkəməyə ərizə ünvanlayaraq, iş üzrə Cavabdehnin "xxxx" MTK ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdeh "xxxx" MTK-dan Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin, 3-cü blok, 9-cu mərtəbəsində, ümümi sahəsi 88,8 km olan izolə edilmiş 2 otaqlı mənzilə görə ödənilmiş pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh ilə 15 fevral 2010-cu ildə müqavilə bağlayaraq MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin, 3-cü blok, 9-cu mərtəbəsində, ümümi sahəsi 88,8 kv.m olan izolə olunmuş 2 otaqlı, mənzili 37740 manata almışdır. Müqavilə bağlanan gün mənzil üçün nəzərdə tutulan pul məbləğini tam ödəmişdir. Bu günə qədər Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək müqavilə şərtlərini kobudcasına pozaraq binanı tikib başa çatdırmamış və mənzili təhvil verməmişdir. İndiyə kimi binanın tikintisinin davam etdirilib-etdirilməməsi, əgər etdirilməyəcəksə ödədiyim pul məbləğinin geri qaytarılması ilə bağlı dəfələrlə cavabdeh təşkilata getmiş və hər dəfə onu inandıraraq, maliyyə böhranı ilə əlaqədar tikinti müvəqqəti olaraq dayandırıldığını və yaxın günlərdə tikintinin davam etdirilərək mənzil təhvil veriləcəyini bildirmişlər. Lakin, bu günə kimi mənzilin ona pulu qaytarılmamışdır. Bundan əlavə 15 fevral 2010-cu il tarixli müqavilədə mənzilin nömrəsi göstərilməmişdir. Həmçinin o, əvvəllər bələdiyyə sədri işləmiş və maddi vəziyyəti yaxşı olduğundan uzun müddət mənzilin təhvil verilməsi ilə maraqlanmamışdır. Lakin hazırda maddi vəziyyəti aşağıdır və mənzilə görə cavabdeh təşkilata ödədiyi pulun ona qaytarılmasını tələb edir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh "xxxx" MTK-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. Mübahisə predmeti olan mənzilin yerləşdiyi binanın tikintisinə 2006-cı il tarixdə başlanılmışdır. Payçı müqaviləsinin 2010-cu il tarixdə bağlanılması göstərilir. Müqavilənin saxta olmasına dair şübhələr vardır, belə ki, həmin müqavilə İddiaçı tərəfindən imzalanmamışdır. Əlavə olaraq onu qeyd edir ki, iddiaçının adı Cavabdeh-yə qarşı korrupsiya idarəsində açılan cinayət işində yoxdur və zərərçəkmiş kimi tanınmamışdır. Cavabdeh-yə aid bütün sənədlər və müqavilələri qeydiyyat jurnalları korrupsiya idarəsinə təhvil verilmişdir. Odur ki, iddia əsassız olduğu üçün rədd edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı iş materiallarına əlavə etdiyi 15 fevral 2010-cu il tarixli, 494 saylı müqaviləyə istinad edərək cavabdeh təşkilat "xxxx" MTK-da pul tələb etmiş,lakin həmin müqavilə tədqiq edilərkən müəyyən edilir ki, 15 fevral 2010-cu il tarixli, 494 saylı müqavilədə mənzilin nömrəsi qeyd edilməmiş, ən əsası isə 15 fevral 2010-cu il tarixli, 494 saylı müqavilədə payçı kimi göstərilən İddiaçı tərəfindən imzalanmamış,müqavilədə imza yeri boş saxlanılmış və İddiaçı məhkəməyə istinad etdiyi müqavilədə göstərilən pulun ödənilməsi barədə hər hansı bir mötəbər sübut təqdim edə bilməmiş,halbuki AR MPM-in 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqim etmək vəzifəsi daşımışdır. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı cavabdeh "xxxx" MTK-dan Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin, 3-cü blok, 9-cu mərtəbəsində, ümümi sahəsi 88,8 km olan izolə edilmiş 2 otaqlı mənzilə görə ödənilmiş pulun alınaraq ona ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayətiverilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-419/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-419/2022
13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver