Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-42/2023 08.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X1 kаtibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" İKB-nin ("xxxx" ASC) 5 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 17-AZ-1-0-7445-13 saylı kredit müqaviləsi üzrə 4716.28 manat əsas, müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2017ci il tarixə 1865.32 manat faiz, 4567.98 manat dəbbə pulu, ümumilikdə, 11149.58 manat borc və 30 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutulması, tutmanın kreditin təminatı kimi Cavabdeh1 məxsus 2013-cü il buraxılışlı, “Runna” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB KB-nın (İddiaçı ASC) 6 saylı filialı ilə Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixli, 17-AZ-1-0-7445-13 saylı kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı müqavilənin 1.5, 1.6 və 1.11-ci bəndlərinə əsasən, illik 16% hesablanmaqla 48 aylıq müddətə cavabdehə 9400 manat kredit verməyi öhdəsinə götürmüş və bu məbləği müqavilə bağlanan tarixdə cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən, kreditin təyinatı 2013-cü il buraxılışlı, “Runna” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilin alınması olmuşdur. Müqavilənin 1.4-cü bəndinə əsasən kredit müqaviləsi üzrə bütün öhdəliklərin təminatı xx.xx.2013-cü il tarixli, 17-AZ-1-0-7445-13 saylı ipoteka müqaviləsi ilə nəzərdə tutulmuş, bu müqavilənin 2.1-ci bəndinə əsasən tərəflərin razılığı ilə 11800 manat məbləğində qiymətləndirilmiş cavabdehə mülkiyyət hüququ ilə məxsus olan “Runna” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən cavabdeh hər ay sabit məbləğdə olmaqla 267 manat, ümumilikdə isə 12778 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla əlaqədar olaraq, tərəflər arasında tərtib edilmiş ödəniş cədvəlinə əsasən kreditin faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydasını müəyyən etmişdir. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş və cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməməklə iddiaçı qarşısıpnda öhdəliyi yaranmışdır. İddiaçı ilə digər Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, zamin kreditor qarşısında borclunun kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. Cavabdeh1 kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşdüyü üçün Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-1380/2019 saylı qərardadı ilə Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-1654/2017 saylı qətnaməsinin ləğv edilməsi və iddiaçı "xxxx" İKB-nin cavabdehlərə qarşı olan iddiasının baxılmamış saxlanılması qərara alınmışdır. Lakin Cavabdeh1 qeyd edilən Fərmanla nəzərdə tutulmuş güzəştlərdən yararlanmamış, kredit borcunun restrukturizasiya olunması ilə bağlı Fərmanın son icra müddəti olaraq xx.xx.2019-cu il tarixədək banka heç bir ödəniş etməmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, ekspert rəyinə əsasən qeyd edir ki, ekspert yenidən avtomobilə baxış keçirmədən rəy vermişdir. Lakin likvid dəyər 5000 manat müəyyən edildiyindən avtomobilin dəyərinin müəyyən edilməsinə dair hissədə məhkəmənin mülahizəsinə buraxır. Cavabdehin xx.xx.2019-cu il tarixədək banka müraciət etmək hüququ olmuş, lakin cavabdehlər banka müraciət etməmişdir. Ekspert verdiyi rəylərində likvid dəyəri 5000 manat və 6000 manat müəyyən etmişdir. Məbləğlər arasında böyük məbləğ olmasa da, lakin gələcəkdə qətnamənin icrasında mühüm rol oynayır. Belə ki, məbləğ 6000 manat olduqda avtomobil açıq hərraca təkrarən çıxarıldıqda 15 faiz aşağı qiymətlə satılacaqdır və avtomobil bu günki gündə satılmayacaqdır. O, özü də işlə əlaqədar olaraq, internet portallarına baxdıqda ən yaxşı vəziyyətdə olan 2013-cü il istehsallı avtomobillərin qiyməti 5300 manat, 6000 manat və 6200 manat təşkil edir. Avtomobil demək olar ki, istifadə olunmamışdır. O, 6000 manat rela qiymət olmadığı üçün əlavə ekspertizanın keçirilməsinə dair vəsatətə də verilməmişdir. Bank cavabdehlə əlaqə saxlamış, cavabdehə bank güzəşt etməyə də hazırdır. Əgər cavabdeh 4700 manat ödəniş etsə, faiz və cərimə borcunda bank özü güzəştə gedəcəkdir. xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, mülki iş üzrə məhkəməyə daxil olmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6310 saylı rəyi ilə razıdır. Hər ay onun maaşından 140 manat pul vəsaiti çıxılır. Məzuniyyətə çıxanda isə 280 manat pul vəsaiti çıxılır. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, 3 il müddətində cavabdeh olaraq onlara bankdan müraciət edilərək borc barədə məlumat verilməmişdir. O özünü bankla münasibətdə aldadılmış hesab edir. Ona sürücülük vəsiqəsinə görə avtomobilin çıxarıla bilməməsi bildirilmiş, bu səbəbdən də, o, əsəbləşmişdir. Onu digər cavabdehin kürəkəni aldatmışdır. Onun qardaşı oğlu Cavabdeh1 qızını almışdır. Cavabdeh1 hazırda, sağlamlığını itirmişdir. O, cavabdehə avtomobilə geri götürməyi təklif etmiş, cavabdehin kürəkəni 3 ay sonra hardansa pul tapmış banka vermişdir. Belə ki, o, cavabdehə pul vermək iqtidarında olmadığını bildirmişdir. Hazırda, cavabdehin kürəkəni müxtəlif sayda insanları aldatmış və ölkə ərazisini tərk etmişdir. Avotomobil cavabdehin adına alınmış, halbuki, cavabdehin özünün də digər banka borcu olmuşdur. O, zaminlik müqaviləsinə imza atmaq istməmiş, lakin onun digər banklara olan borcunu vaxtlı-vaxtında ödəməsi əsas gətirilərək müqavilə tərtib olunmuşdur. Hazırda, onun özünün də maddi vəziyyəti yaxşı deyildir. Ona görə də göstərilənlərin nəzərə alınmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-1380/2019 saylı qərardadına əsasən, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-1654/2017 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracda satılması tələbinə dair mülki iş baxılmamış saxlanılmamışdır. -Kreditor "xxxx" İKB ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 17-AZ-1-0-7445-13 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilənin 1.2, 1.4 və 1.5-ci bəndlərinə əsasən, bank tərəfindən borcalana 2013-cü il buraxılışlı, “Runna” markalı avtomobilin alınması məqsədilə illik 16% dərəcəsi ilə 48 ay müddətinə olmaqla 9400 manat kredit verilmiş, borcalan isə kredit məbləğini və ona hesablanmış faizləri müqavilənin 1.6. bəndinə əsasən müqavilə ilə müəyyən edilmiş 48 ay müddətinə banka ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 7.1-ci bəndinin h yarımbəndinə əsasən, bu müqavilənin müddəaları borcalan tərəfindən yerinə yetirilmədikdə kreditor pul vəsaitlərinin ödənilməsini və pul öhdəliyinin icra edilməsini vaxtından əvvəl tələb edə bilər. Kredit müqaviləsinin 9.2-ci bəndinə əsasən, borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə lazımınca icra etmədikdə və yaxud müəyyənləşdirilmiş müddətdə icra etmədikdə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilmiş gün üçün bu müqavilənin 1.14-cü bəndinə əsasən 0,15% miqdarda dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 12.3-cü bəndinə əsasən, borcalan öz üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə kreditor öhdəliklərin icrasını bankın öz seçimi ilə məhkəmə və ya notariusun icra qeydi əsasında təminat üsuluna yönəltmək hüququna malikdir. -Kredit müqaviləsi üzrə ödəniş planından görünür ki, borcalan xx.xx.2013-cü il tarixdən xx.xx.2017-ci il tarixə qədər olan dövr ərzində hər ay 267 manat, sonuncu ay isə 229 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. -İpoteka saxlayan "xxxx" İKB ASC ilə ipoteka verən Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 17-AZ-1-0-7445-13 saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi üçün ipoteka verən mülkiyyətində olan 2013-cü il buraxılışlı, “Runno” markalı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən, ipoteka ilə yüklü edilmiş əmlak 11800 manat dəyərində qiymətləndirilmişdir. İpoteka müqaviləsinin 5.1.17-ci bəndinə əsasən, ipotekasaxlayan ipotekaqoyanın öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa ipoteka ilə yüklü edilmiş əmlakın ona verilməsini tələb etmək hüququna malikdir. İpoteka müqaviləsinin 8.1.1-ci bəndinə əsasən, əsas öhdəliyin və ya onun bir hissəsinin vaxtında icra olunmaması ipotekasaxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. -AB № 971395 saylı, xx.xx.2013-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2013-cü il buraxılışlı, “Runna” minik markalı, **- GM-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi Qeydiyyat İmtahan şöbəsinin ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən xx.xx.2013-cü il tarixli, AA № 115152 saylı çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan “Runna” minik markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka müqaviləsinə əsasən bank qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. -Kreditor "xxxx" İKB ASC ilə borcalan Cavabdeh1, zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 17-AZ-1-0-7445-13 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -»Yelo Bank» ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, bank tərəfindən cavabdehlərə kredit müqaviləsi üzrə 3 gün müddətində borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -»Yelo Bank» ASC-nin Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə ünvanladığı xx.xx.2020ci il tarixli, 11-195 saylı ərizədən görünür ki, bank ipoteka predmetinə tutma yönəldilməsinə dair prosedura başlaması barədə bildirişin qeydə alınmasını xahiş etmişdir. -xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 4716.28 manat əsas, 1865.32 manat faiz, 4567.98 manat dəbbə pulu olmaqla, ümumilikdə, cəmi 11149.58 manat borcu vardır. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6310 saylı rəyindən görünür ki, 2013-cü il buraxılışlı “X5” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar qiyməti nəzəri qaydada təxminən, 6000 manat müəyyən olunmuşdur. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/570 saylı rəyindən görünür ki, “Runna” markalı, 2013-cü il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yolnəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 6000 manat, likvid qiyməti 5000 manat müəyyən olunmuşdur. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Cavabdeh1 Abşeron rayonu, Qobu qəsəbə ərazi dairəsi, Qobu qəsəbəsi, S.Vurğun küçəsi, 27 saylı evdə, Cavabdeh2 isə Zəngilan rayonu, Mincivan qəsəbəsi, Nəsimi küçəsi, 10 saylı evdə qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilə üzrə Cavabdeh1 bank qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müyyən olunmuşdur ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 17-AZ-1-0- 7445-13 saylı kredit müqaviləsinə əsasən, 48 ay müddətinə, illik faiz dərəcəsi 16% olmaqla 9400 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanmış həmin tarixli ipoteka müqaviləsinə əsasən, cavabdeh mülkiyyətində olan “Runna” minik markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən iddiaçı bank kredit müqaviləsi üzrə borcun tutulmasına və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, borcalan Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən, məhkəmə hesab edir ki, zamin Cavabdeh2 bank qarşısında digər Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən, borclu Cavabdeh1 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən, işə əlavə olunmuş arayışdan, həmçinin, işin digər materiallarından görünür ki, kredit borcu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə, Cavabdeh1 xx.xx.2013-cü il tarixli, 17-AZ-1-0- 7445-13 saylı kredit müqaviləsi üzrə 4716.28 manat əsas, 1865.32 manat faiz, 4567.98 manat dəbbə pulu olmaqla, ümumilikdə, cəmi 11149.58 manat borcu yaranmışdır. Ona görə də məhkəmə iddiaçının iddia tələbinin 4716.28 manat əsas, 1865.32 manat faiz borcunun tutulması hissəsində əsaslı hesab edib təmin edilməsi qərarına gəlir. Yuxarıda qeyd edildiyi kimi, cavabdehlərin ödəmələri vaxtında icra etməməsi onların üzərinə 4567.98 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu, tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli Qərarı”nda göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən, onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə xx.xx.2013-cü il tarixli, 17-AZ-1-0-7445-13 saylı müqavilə üzrə 4716.28 manat əsas borc üzrə hesablanmış 4567.98 manat cərimənin azaldılaraq 50 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin, cavabdehlərin maddi, əmlak vəziyyətinə uyğun hesab edir Mülki Məcəllənin: 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1 və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra “İpoteka haqqında Qanun” adlanacaq): 6.1. maddəsinə əsasən, ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alman daşınar əşya ola bilər. 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.3. maddəsinə əsasən, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki iş materiallarından göründüyü kimi, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh mülkiyyətində olan “Runna” minik markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmişdir. Belə ki, bankın ipoteka hüququ daşınar əmlakın dövlət reyestrində qeydiyyata alınmış, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməməsi kredit borcu qaytarılmadığından qanuna və ipoteka müqaviləsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsas yaratmışdır. “İpoteka haqqında Qanun”un 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddiaçının iddia tələbinin “tutmanın ipoteka müqaviləsinə əsasən, ipoteka ilə yüklü edilmiş minik avtomobilinə yönəldilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbində ipoteka predmetinini ilkin satış qiyməti göstərilmədiyindən mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6310 saylı rəyinə əsasən, “Runna” markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar qiyməti nəzəri qaydada təxminən, 6000 manat, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/570 saylı rəyinə əsasən isə avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 6000 manat, likvid qiyməti 5000 manat müəyyən olunmuşdur. Məhkəmə ekspert rəylərini Müki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib minik avtomobilinin likvid dəyərinin 5000 manat müəyyən edilməsini daha ədalətli və qanunauyğun hesab edir. Belə ki, Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 saylı qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. “İpoteka haqqında Qanun”un 47.4-cü maddəsinə əsasən, həmin Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Bu baxımdan, məhkəmə hesab edir ki, ipoteka predmeti olan “Runna” minik markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan borc məbləği ödənildikdən sonra əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdehlərə qaytarılmalı, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə isə qalan məbləğ müştərək qaydada tutulmalıdır. Beləliklə, işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh1 bankdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımi qaydada qaytarmamış, bununla da, kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Ona görə də iddia ərizəsi təmin edilməli, İddiaçı ASC-nin xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2013-cü il tarixli, 17-AZ-1-0-7445-13 saylı kredit müqaviləsi üzrə 4716.28 manat əsas, 1865.32 manat faiz, 50 manat cərimə borcu olmaqla, cəmi 6631.6 manat borc tutulmalı, tutma ipoteka qoyulmuş Cavabdeh1 mülkiyyətində olan “Runna” minik markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərracdan satılmalı, ipoteka predmetinin ilkin satış qiyməti 5000 manat müəyyən edilməli, satışdan əldə olunmuş pul vəsaitindən ümumilikdə 6631.6 manat borc tutulmalı, iddiaçıya tam ödənildikdən sonra qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarılmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun 12 manat hissəsi iddiaçının özünə, 18 manat hissəsi müştərək qaydada cavabdehlərə, ekspertiza tədqiqatının dəyərinə görə ödənilmiş 150 manat pul vəsaitinin 61 manat hissəsi iddiaçının özünə, 89 manat hissəsi isə müştərək qaydada cavabdehlərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2013-cü il tarixli, 17-AZ-1-0-7445-13 saylı kredit müqaviləsi üzrə 4716.28 (dörd min yeddi yüz on altı manat iyirmi səkkiz qəpik) manat əsas, 1865.32 (min səkkiz yüz altmış beş manat otuz iki qəpik) manat faiz, 50 (əlli) manat cərimə borcu olmaqla, ümumilikdə, cəmi 6631.6 (altı min altı yüz otuz bir manat altmış qəpik) manat pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu məbləğinin 12 (on iki) manat hissəsi İddiaçı ASC-nin özünə, 18 (on səkkiz) manat hissəsi isə müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilsin. Mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərinə görə ödənilmiş cəmi 150 (yüz əlli) manat pul vəsaitinin 61 (altmış bir) manat hissəsi İddiaçı ASC-nin özünə, 89 (səksən doqquz) manat hissəsi isə müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilməklə Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cavabdeh1 mülkiyyətində olan “Runna” minik markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilsin, həmin avtomobil satış qiyməti 5000 (beş min) manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitdən cəmi 6649.6 (altı min altı yüz qırx doqquz manat altmış qəpik) manat pul vəsaiti İddiaçı ASC-nin hesabına keçirilsin, borc tam ödənildikdən sonra qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qaytarılsın. “Runna” minik markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-42/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-42/2023
08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver