Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4272/2023 28.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan və yuxarıda adları qeyd olunan cəmi dəyəri 14.129 manat olan cehiz əşyalarının, cəmi dəyəri 3.000 manat olan qızıl-zinət əşyalarının və ya onların dəyəri olan 17.129 manatın və dövlət rüsumu üçün ödənilmiş 142 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2018-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq evlənib ailə həyatı qurmuşdur. Bundan sonra iddiaçı gəlin köçərkən özü ilə cehiz və qızıl-zinət əşyalarını da cavabdehin yaşadığı ünvana aparmışdır. Nikahları Sumqayıt “ASAN” xidmət mərkəzinin qeydiyyat şöbəsində akt qeydləri kitabında 2913 nömrə ilə qeydə alınaraq onlara 296633 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Cavabdehlə birgə nikahlarından 12 avqust 2019-cu ildə X4 və 01 mart 2023-cü ildə isə X5 doğulmuşdur. Aralarında ailə münasibətləri pozulduğu üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(001)-889/2023 saylı qətnaməsinə əsasən aralarında olan nikahları pozulmuşdur. Nikahları pozulduqdan sonra iddiaçıya məxsus olan cehiz əşyaları və qızıl-zinət əşyaları Cavabdeh yaşadığı evdə qalmışdır. Həmin cehiz və qızıl-zinət əşyaları bunlardan ibarətdir: - Türkiyənin mondi firmasının istehsalı olan 1 ədəd yataq mebeli dəsti (taxt, dolab, iki tumba, terimo, pufik) dəyəri - 3.500 manat, qonaq və yataq otağının lüsturları dəyəri - 110 manat, qonaq otağının lüsturu - 200 manat, yataq otağının pərdəsi - 120 manat, qonaq otağının pərdəsi - 250 manat, divan, stol, stul, damla firması - 2.000 manat, kamot - 650 manat, vitrin - 320 manat, soyuducu BOSH firması - 1.086 manat, televizor SUPRA firması - 592 manat, jurnal üçün masa 420 manat, 2 ədəd xalça - 1.300 manat, 1 ədəd iri xalça - 150 manat, 1 ədəd tozsoran - 130 manat, 1 ədəd ütü - 50 manat, 1 dəst servis 430 manat, 12 ədəd bakal - 100 manat, 12 ədəd rozetka - 30 manat, 12 ədəd stəkan - 66 manat, 12 ədəd nəlbəki - 50 manat, pakrıval (taxt örtüyü) - 150 manat, 1 ədəd ağ postel - 80 manat, 10 ədəd vaza (meyvə, tort, çərəz, konfet, mürəbbə üçün) - 400 manat, 1 ədəd qaşıq dəsti - 170 manat, 1 ədəd sürmə postel - 50 manat, ətçəkən maşın - 100 manat, qazan və tava - 170 manat, əlavə qazan və tava təktək - 50 manat, dəsmallar, süfrələr, qutuda yataq dəsti və hədiyyə - 60 manat, 4 ədəd podnos - 40 manat, balaca nervajika çaynik - 30 manat, çay dəsmalları - 40 manat, 1 ədəd ədyal - 100 manat, 1 ədəd taxt döşəyi - 200 manat, 1 ədəd taxt yorğanı - 50 manat, 2 ədəd balaca yorğan - 50 manat, 6 ədəd balışlar - 30 manat, 1 ədəd sendifon yorğan - 30 manat, çəhrayı güllü 6 ədəd nəlbəki və fincan - 40 manat, ağ rəngli 6 ədəd nəlbəki və fincan - 30 manat, 1 ədəd büllur (xrustal) güldan - 30 manat, 1 ədəd qəhvəüyüdən - 40 manat, 1 ədəd büllur (xrustal) su qrafini 6 ədəd badələri ilə birlikdə - 50 manat, 2 ədəd büllur (xrustal) konfet qabı və 2 ədəd mürəbbə qabı - 40 manat, 1 ədəd gəlinlik gecə elektrik lampası - 25 manat, çıraq - 20 manat, şəxsi geyimləri - 500 manat, 1 dəst brilyant qaşlı qızıl boyunbağı, qızıl üzük və qızıl biləzik - 3.000 manat, cəmi dəyəri 17.129 manat.” Dəfələrlə Cavabdeh onun cehiz əşyalarını və qızıl-zinət əşyalarını tələb etsə də, o müxtəlif bəhanələrlə ona qaytarmaqdan boyun qaçırır. Ona görə də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən Cavabdeh İddiaçıya məxsus olan və yuxarıda adları qeyd olunan cəmi dəyəri 14.129 manat olan cehiz əşyalarının, cəmi dəyəri 3.000 manat olan qızıl-zinət əşyalarının və ya onların dəyəri olan 17.129 manatın və dövlət rüsumu üçün ödənilmiş 142 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, 3.000 manat dəyərində olan qızıl-zinət əşyalarının Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənləri təsdiq edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə 2018-ci il tarixdə ailə həyatı qurduqdan sonra özünə məxsus cehiz və qızıl-zinət əşyalarını cavabdehin yaşadığı ünvana aparmışdır. O, cavabdeh, uşaqları, qaynanası və qaynı ilə birlikdə yaşamışlar. Həmin dövrdən sonra bir dəfə də cavabdehlə aralarında münaqişə olmuş və o, həmin evdən çıxmışdır. Daha sonra barışıq olmuş və həmin evdə yaşamaqda davam etmişdir. Lakin 2022-ci ilin sentyabr ayının 15-dən həmin evdə yaşamır. Ailədə mübahisələr olmuş, cavabdeh və qaynanası tərəfindən ona təzyiqlər olmuşdur. O, təzyiqə görə polisə müraciət etməmişdir. Sonuncu dəfə valideynləri gəlib onu evdən ev paltarında aparmışlar. Çünki təzyiqlərə görə artıq o, evdə yaşaya bilmirdi. Sonuncu dəfə qaynanası ona əl qaldırmış, onu körpə uşağının qarşısında qapıya çırpmışdır. Evdən çıxarkən hətta evdən özünə məxsus əşyaların içərisində paltarlarını belə götürməmüşdür. Qızıl-zinət əşyaları qaynanasında olmuş və ona verilməmişdir. O, heç vaxt qızıl-zinət əşyalarını üzərində və ya əşyalarının içərisində saxlamamışdır. Sözügedən qızıl-zinət əşyalarını sonuncu dəfə 2022-ci ilin iyul ayında qardaşının nişanlısının toyunda taxmaqla istifadə etmişdir. Bundan sonra o, qızıl-zinət əşyalarının onda qalmasını istəsə də, qaynanası cavabdehin təkidi və zoru ilə həmin əşyaları ondan almışdır. Həmin vaxtdan sonra o, qeyd olunan qızıl-zinət əşyalarını görməmişdir. Yəni qızıl-zinət əşyaları onda olmamışdır. Bildiyinə görə həmin qızıl-zinət əşyaları yaşadıqları evdə belə saxlanılmamışdır. Həmçinin qeyd edir ki, məhkəmə hazırlıq iclası zamanı yaşadığı ünvandan özünə məxsus cehiz əşyalarını müəyyən çatışmamazlıqlar olsa da götürmüşdür. Həmin vaxtı tələb etsə də, cavabdeh tərəf ona sözügedən qızıl-zinət əşyalarını verməmişdir. Əsas ona məxsus qızıl-zinət əşyalarıdır. Lakin keçən məhkəmə hazırlıq iclasından sonra cavabdehin ona verdiyi özünə məxsus əşyaların içinə bir daha baxmış, qızıl-zinət əşyalarının qram, karat və qiymətinə dair sübutu - birkanı tapmışdır. Qızıl-zinət əşyalarının dəyəri 5.000 manat olsa da, endirimlə 3.000 manata almışlar. Verilmiş suallara cavabında qeyd edir ki, qeyd olunan qızıl-zinət əşyaları ona toy hədiyyəsi olaraq verilmişdir. Həmin qızıl-zinət əşyalarının görüntüsü məhkəməyə təqdim şəkildə və video diskdə öz əksini tapmışdır. O, 2022-ci ilin dekabr ayında nikahın pozulması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, 2023-cü ilin may ayında nikahları məhkəmə qaydasında pozulmuşdur. Sözügedən qızıl-zinət əşyaları onun uşaqlarının sığortasıdır. İş materiallarına əlavə edilən video disk onun xına gecəsinə aid çəkilişmiş video görüntüdən ibarətdir. Həmin video görüntüdə həmin qızıl-zinət əşyaları öz əksini tapmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini istəyir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, qızıl əşyalarını İddiaçı ilə birlikdə almışlar, lakin üstündən xeyli müddət vaxt keçdiyinə görə qiymətləri yadında qalmamışdır. Həmin qızıllar həmişə iddiaçıda olmuş, iddiaçının qeyd etdiyi kimi onun anasında olmamışdır. Bu izahat həqiqətə uyğun deyildir. O, zor gücünə və təkidlə iddiaçıdan qızıl-zinət əşyalarını almamışdır. Həmin əşyalar onda olsaydı, iddiaçıya təhvil verərdi. Qızıl-zinət əşyalarının harda olduğunu bilmir. Çox gümanki həmin əşyalar iddiaçının özündə olar. Qızılların iddiaçıda olması barədə onda sübutlar mövcud deyildir. Buna baxmayaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, İddiaçı qardaşı qızıdır. Mübahisə predmeti olan qızıl-zinət əşyalarının iddiaçıya məxsusluğunu təsdiq edir. Belə ki, qeyd edilən qızıl-zinət əşyaları cavabdeh tərəfindən iddiaçıya toy-nişan hədiyyəsi olaraq alınmışdır. Sonuncu dəfə qızıl-zinət əşyalarını 2022-ci ilin yay aylarında qardaşı oğlunun nişanlısının toyundan iddiaçının üzərində görmüşdür. Lakin qardaşı oğlunun toyunda həmin qızıl-zinət əşyalarını iddiaçının üzərində görməmişdir. Verilmiş suallara cavabında qeyd edir ki, sözügedən qızıl-zinət əşyaları 01 ədəd bilərzik, 01 ədəd boyunbağı, 01 cüt sırğa və 01 ədəd üzükdən ibarətdir. Qızıl-zinət əşyalarının briliyant və ya hər hansısa qiymətli daşdan ibarət olduğunu bilmir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, qeyd edilən qızıl-zinət əşyalarının iddiaçıya məxsusluğunu təsdiq edir. Belə ki, qeyd edilən qızılzinət əşyaları cavabdeh tərəfindən iddiaçıya toy-nişan hədiyyəsi olaraq alınmışdır. Həmin qızıl-zinət əşyalarını İddiaçı üzərində onun öz nişanında, toyunda və daha sonra qardaşının nişanlısının toyunda görmüşdür. Eşitdiyinə görə iddiaçı sonuncu dəfə qardaşının nişanlısının toyunda qızıllardan istifadə etdikdən sonra qaynanası qızılları ona verməsini iddiaçıdan tələb etmişdir. Baxmayaraq ki, iddiaçı qızılların onda qalmasını istəmişdir. Lakin səhəri gün qaynanasının istəyi ilə cavabdeh təkid ilə qızılları iddiaçıdan almışdır. Qızıl əşyaları 01 ədəd bilərzik, 01 ədəd boyunbağı, 01 ədəd üzük və 01 cüt sırğadan ibarətdir. Verilmiş suallara cavabında qeyd edir ki, həmin qızıllar briliant qaşdan ibarət idi. Lakin qızılların hansı ölkənin istehsalı olduğunu bilmir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdehin rəsmi nikahı xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. İddiaçı nikaha daxil olduqdan sonra özünə məxsus cehiz və nişan-toy hədiyyəsi olaraq ona verilmiş qızıl-zinət əşyaları ilə birlikdə cavabdehə məxsus ünvana gəlin köçmüşdür. İddiaçı 15 sentyabr 2022ci il tarixdə aralarında baş verən mübahisə nəticəsində hamilə vəziyyətində azyaşlı uşağı ilə birlikdə yaşadığı evi tərk etmək məcburiyyətində qalmışdır. Buna görə də özü ilə heç bir əşyasını götürməmişdir. İddiaçı cavabdehin yaşadığı evdən çıxanda valideynləri tərəfindən ona cehiz kimi verilmiş və özünün gətirdiyi əşyalar, o cümlədən toy-nişan hədiyyəsi olaraq ona verilən qızıl-zinət əşyaları cavabdehin evində qalmışdır. Bundan sonra isə iddiaçı tərəfindən nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Məhkəmə iclası zamanı cavabdeh iddiaçıya məxsus cehiz əşyalarının evdən götürməsinə razılığını bildirmiş, iddiaçı tərəfindən həmin cehiz əşyaları cavabdehlə birgə yaşadığı mənzildən götürülmüş, qızıl-zinət əşyaları isə onlarda qalmışdır. Bu səbəbdən iddiaçı hazırda həmin qızıl-zinət əşyalarının cavabdehdən alınaraq ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə şahidlərin ifadələri mülki prosessual icraatda sübutların ayrıca növü kimi təsbit olunmuşdur. Belə ki, şahid ifadələri tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunun və ya olmadığının məhkəmə tərəfindən müəyyən edilərkən əldə edilən məlumatların növü olaraq xüsusi prosessual normalarla tənzimlənir. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mübahisə predmeti olan qızıl-zinət əşyalarının mövcud olması ilə bağlı məhkəmə onu qeyd edir ki, sübutetmə yükü üzərinə düşən iddiaçının qeyd olunan qızıl-zinət əşyalarının naturada mövcud olması barədə sübutları - qiymət və çəkiyə dair təqdim etdiyi sənəd, fotoşəkil, video disk, iddiaçının vəsatəti üzrə dindirilən şahidlərin ifadələri və eləcə də cavabdehin qızıl-zinət əşyalarının mövcud olması barədə etirafı ilə uyğunluq təşkil etdiyindən həmin qızıl-zinət əşyalarının mövcudluğu məhkəmə baxışı zamanı təsdiqini tapmış hesab edilməklə işin mübahisəsiz halıdır. Habelə, iş materiallarında olan tərəflərin toy şənliyində çəkilmiş fotoşəkildə həmin qızıl-zinət əşyalarının İddiaçı üzərində olması ona hədiyyə kimi verilməsini bir daha təsdiq edir. Məhkəmədə cavabdeh izahatında iddiaçının iddia ərizəsində qeyd etdiyi qızıl-zinət əşyalarının - 01 cüt sırğa, 01 ədəd boyunbağı, 01 ədəd üzük və 01 ədəd bilərziyin iddiaçıya hədiyyə olaraq verilməsini etiraf edib həmin qızıl-zinət əşyalarının onda deyil, iddiaçıda olduğunu bildirsə də, bunu sübut edə bilməmişdir. Digər tərəfdən məhkəmə iclasında iddiaçının izahatı və şahidlərin ifadələri ilə həmin qızıl-zinət əşyalarının cavabdehə məxsus evdə qaldığı və iddiaçı evdən gedərkən özü ilə aparmadığı təsdiqini tapmışdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdehdə qalan hədiyyə şəkilində ona verilmiş qızıl-zinət əşyalarının ona geri qaytarılması tələbində haqlıdır. Qanunvericiliyin yuxarıda istinad edilən maddələrinin dispozisiyalarından görünür ki, nikaha daxil olanadək və nikah dövründə hədiyyə şəklində verilmiş qızıl-zinət əşyaları ərarvadın hər birinin ayrıca mülkiyyətindədir, bu növ əmlakın geriyə qaytarılmasını hər hansı şərtlə məhdudlaşdırmaq əsassız olmaqla, qeyri-qanunidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hər tərəfli və obyektiv baxaraq, tərəflərin məhkəmə iclasında verdiyi izahatlara və tutduğu mövqelərinə, şahidlər ifadələrinə əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh cəmi 20 qram, ümumi dəyəri 3.000 manat dəyəri olan komplekt 01 cüt sırğa, 01 ədəd boyunbağı, 01 ədəd üzük, 01 ədəd bilərzik alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyinə görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 142 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh cəmi 20 qram, ümumi dəyəri 3.000 (üç min) manat dəyəri olan komplekt 01 cüt sırğa, 01 ədəd boyunbağı, 01 ədəd üzük, 01 ədəd bilərzik alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş 142 (yüz qırx iki) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №2(012)-4272/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4272/2023
28.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver