Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4280/2024 05.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Mirhəsənli Mirnəsir Mirfazil oğlu, Ərizəçi xüsusi icraat qaydasında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1977-ci il təvəllüdlü X1 Abşeron rayonu, Xırdalan şəhərində 1980-ci ildə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etsə də, lazımi sənədləri ala bilməməsini təsdiq edən sübutu (ölüm haqqında tibbi şəhadətnamənin ala bilməməsi barədə) məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmçinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 saylı Qərarının 1.6-cı bəndinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmin plenum qərarının 9.2-ci bəndinə görə şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Göründüyü kimi, ərizəçi tərəfindən ərizəyə əlavə edilməli sənədlərdən biri də, ölüm haqqında tibbi şəhadətnamənin hansı səbəbdən alına bilinməməsi barədə sənəddir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, ərizəçi tərəfindən qeyd edilən sənədlər ərizəyə əlavə edilmədiyindən, ərizə onun forma və məzmununa uyğun məhkəməyə verilməmişdir. Bundan əlavə ərizəçi tərəfindən ərizədə X1 onun bacısı olması qeyd edilsə də, bu barədə hər hansı sənəd ərizəyə əlavə edilməmişdir. Həmçinin ərizəçinin tələbi dəqiq deyil, belə ki, ölüm faktı müəyyən edilməsi xahiş edilən şəxsin konkret hansı tarixdə vəfat etməsi (ay, gün) göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilir. Göründüyü kimi ərizəçi ərizəsində öz tələbinin əsası kimi istinad etdiyi fakt və ya halı təsdiq edən sübutu (doğum haqqında şəhadətnamə) ərizəyə əlavə etməmiş və tələbi dəqiq deyil. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Məhkəmə hesab edir ki, ərizəçi “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutları, eləcə də, öz tələbinin əsası kimi istinad etdiyi fakt və ya halı təsdiq edən sübutu (doğum haqqında şəhadətnamə) ərizəyə əlavə etmədiyindən və tələbi dəqiq olmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də ərizəçinin ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2024-cü il tarixdə dövlət büdcəsinə (Abşeron Rayon Məhkəməsinin hesabına, ********** qəbz nömrəsi ilə) ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçi qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-4280/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4280/2024
05.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver