Məhkəmə qərarları › İş №2(012)-4321/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4321/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4321/2021 19.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı “pul və dəymiş ziyan” tələbinə dair mülki işə 19 oktyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh qarşı “pul və dəymiş ziyan” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 8000 manat məbləğində əsas borcun və 3000 manat məbləğində mənəvi ziyana görə təzminatın və 31 manat dövlət rüsumuna görə ödədiyi pulun cavabdehdən alınaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2018-ci ilin oktyabr ayında özünə məxsus olan «Opel Zafıra» markalı ** FU *** Dövlət Qeydiyyat nişanlı avtomaşını iddiaçıya 8000 (səkkiz min) manata satmış və iddiaçıya bununla bağlı 05.10.2018-ci il tarixli yazılı iltizam da vermişdir. Cavabdeh maşina dair sənədləri və həmin maşınla bağlı iddiaçının adına 05.06.2021-ci il tarixə kimi səlahiyyəti olan etibarnamə də vermişdir. Lakin həmin avtomaşınla bağlı məhkəmə mübahisənin olması və maşının üzərinə həbsin qoyulması iddiaçıya sonradan məlum olmuş və iddiaçı bundan sonra cavabdehə müraciət edərək maşını ona qaytarmaq istəmiş və verdiyi pulu geri istəmişdir. Dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdeh maşina görə iddiaçıdan aldığı pulu geri qaytarmamışdır. Cavabdehin iddiaçını aldatması onun əsəb, stress keçirməyinə və narahat şəraitə düşməyinə səbəb olmuşdur ki, nəticədə o, mənəvi zərər çəkmiş və həmin zərəri 3000 (üç min) manat məbləğində qiymətləndirir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh 09.08.2021-ci il tarixdə məhkəmyə teleqram ilə müraciət edərək, iddianı tamamilə qəbul etdiyini, işə onun iştirakı olmadan baxaraq iddia tələbinin tamamilə təmin olunmasını xahiş etmişdir. Cavabdeh eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində göstərmiş olduğu bütün xüsusatlar həqiqətdir və iddianın təmin edilməsinə də heç bir etirazı yoxdur. Lakin o özü də iddiaçıya dəfələrlə avtomobilin geri qaytarılması alınmadığı təqdirdə isə iddia etdiyi məbləğin 10000 (on min) manatını ona hissə-hissə qaytaracağına söz vermişdir. Məhkəmədən qətnamə qəbul edilərkən maddi vəziyyətini nəzərə alınaraq iddianın 10 000 (on min) manat hissədə təmin edilməsi və onun iştirakı olmadan qətnamə edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Cavabdeh tərəfindən 05.10.2018-ci il tarixdə yazılmış qəbzin surətindən görünür ki, o, özünə məxsus “Opel Zefira” markalı **-FU-*** dövlət nömrə nişanlı avtomobilini İlqar Məmməd oğluna 05.10.2018-ci il tarixində 8000 (səkkiz min) manata satmışdır. Pulu da həmin tarixdə təhvil almışdır. Mülki işin materiallarında olan 05.06.2020-ci il tarixli ƏN-Vİİ 286820 nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh “Opel Zefira” markalı **-FU-*** dövlət nömrə nişanlı avtomobili İddiaçı 1 il müddətinə (05.06.2020) idarə etmək və digər hərəkətlər etmək üçün verilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək müəyyən edir ki, Cavabdeh 2018-ci ilin oktyabr ayında özünə məxsus olan «Opel Zafıra» markalı ** FU *** Dövlət Qeydiyyat nişanlı avtomaşını iddiaçıya 8000 (səkkiz min) manata satmış və iddiaçıya bununla bağlı 05.10.2018-ci il tarixli yazılı iltizam da vermişdir. Cavabdeh maşina dair sənədləri və həmin maşınla bağlı iddiaçının adına 05.06.2021-ci il tarixə kimi səlahiyyəti olan etibarnamə də vermişdir. Lakin, həmin avtomaşınla bağlı məhkəmə mübahisənin olması və maşının üzərinə həbsin qoyulması iddiaçıya sonradan məlum olmuş və iddiaçı bundan sonra cavabdehə müraciət edərək avtomaşını ona qaytarmaq istəmiş və verdiyi pulu geri istəmişdir. Dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdeh avtomaşina görə iddiaçıdan aldığı pulu geri qaytarmamışdır. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdeh isə öz növbəsində məhkəməyə teleqramla və ərizə ilə müraciət edərək, iddianı etirafla qəbul edərək, İddiaçı 10 000 (on min) manat borcunun olduğunu etiraf etmişdir, iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçı hazırda tələbində haqlı olduğundan və cavabdeh də bu tələbi qəbul etdiyindən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2. maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3. maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4. maddəsinin tələbinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdehin iddianı əsas borca dair hissədə etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. İddianın mənəvi zərər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən 3000 manat məbləğində mənəvi zərərə görə təzminatın tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Avropa Məhkəməsinin mənəvi zərərlə bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə mənəvi narahatlıq yetirilməsinə, “Artiko İtaliyaya qarşı” işdə tənhalıq və kimsəsizlik hisslərinə, “Younq, James və X1rşı” işdə alçaldıcı və təhqiredici hərəkətlərə görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı 14.03.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Məhkəmə işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçı mənəvi zərərlə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməsə də, cavabdehin iddia tələbini 10000 (on min) manat hissədə qəbul etməsi faktı tərəflər arasında avtomaşınla bağlı yaranan münasibət nəticəsində iddiaçının mənəvi zərər çəkməsi qaçılmazdır. Ona görə də, məhkəmə bunu əsas götürərək hesab edir ki, iddiaçıya cavabdehin təqsirli hərəkəti nəticəsində dəyən mənəvi zərərin ağlabatan məbləği 2000 manat məbləğində müəyyən edilməli , iddia qismən təmin edilməli,Cavabdeh 8000 (səkkiz min) manat əsas və 2000 (iki min) manat mənəvi zərərə görə pul, cəmi 10 000manat məbləğində pul tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilərək ondan iddiaçının xeyrinə tutulması qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 8000 (səkkiz min) manat əsas və 2000 (iki min) manat mənəvi zərərə görə pul, cəmi 10000 (on min) manat məbləğində pul və 31 (otuz bir) manat dövlət rüsumunun əvəzi tutulub İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar