Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4383/2024 25.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1955-ci il tarixdə Ağdam rayonu, Ətyeməzli kəndində doğulmuş X6 Abşeron rayonu, Xırdalan şəhərində 22 may 2024-cü il tarixdə ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.1955-ci il təvəllüdlü Ağdam rayonu, Ətyeməzli kəndində qeydiyyatda olan X13 onun atasıdır və vaxtilə onunla birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində yaşamışdır. Atasının ürəyində stend olmuşdur və bundan başqa heç bir xəstəliyi olmamışdır. Atası 22 may 2024-cü il tarixdə səhər saatlarında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkında gəzintiyə çıxmış, qəfildən halı pisləşmişdir. Ətrafdakı insanlar təcili X5 çağırmış, yanındakı vətəndaşlar atasının telefonu ilə ona zəng edərək atasının halının pisləşdiyini bildirmişdirlər. O, həkim ilə eyni vaxtda parka çatsa da həkim gələndə atası artıq dünyasını dəyişmişdi. Təcili Tibbi yardım həkimləri onlara bu barədə xəbərdarlıq vərəqəsi sənədi vermişdirlər. Həmin gündən onlar Təcili Tibbi yardım həkimləri tərəfindən verilmiş sənədin ölüm faktını təsdiq edən sənəd şəhadətnamə olduğunu zənn etmişdirlər. Sənədləşmə işləri ilə əlaqədar olaraq onlardan ölüm sənədi tələb edildikdə təcili yardımın verdiyi sənədi göstərdikdə bunun ölüm şəhadətnaməsi olmadığını bildirmişdirlər. O, Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamə almaq üçün müraciət etmiş, ancaq ona Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixli imtina məktubu verilmişdir. Bildirir ki, atası X1 qəbiristanlığında dəfn olunmuşdur. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi X7 01 aprel 1955-ci il tarixdə Ağdam rayonu, Ətyeməzli kəndində doğulmuş X6 22 may 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktının müəyyən edilməsinə etiraz etmədiklərini bildirdi. Məhkəməyə şahid qismində cəlb edilmiş X9 məhkəmədə ifadəsində bildirdi ki, mərhum X13 onun qaynatası olmuşdur və sağlığında Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində yaşamışdır. X13 22 may 2024-cü il tarixdə Abşeron rayonunda vəfat etmiş və Novxanı kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəməyə şahid qismində cəlb edilmiş X4 məhkəmədə ifadəsində bildirdi ki, mərhum X13 onun atası olmuşdur və qardaşı Ərizəçi ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində yaşamışdır. Onun atası - mərhum X13 vəfat etdikdən sonra Novxanı qəbiristanlığında dəfn olunmuşdur. İş materiallarında olan AA3874302 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, X13 01 aprel 1955-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan ИЖ № 293818 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 01 aprel 1955-ci il tarixdə Ağdam rayonunda anadan olmuşdur. İş materiallarında olan Abşeron rayon X8 X18 və X5 Stansiyasının xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, X2 rayonu, Xırdalan şəhəri ünvanında həkim gələnə qədər ölmüşdür. Meyit üzərində zorakılıq əlamətləri olmamışdır. İş materiallarında olan AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X19 tərəfindən verilmiş 28 iyun 2024-cü il tarixli, 18-1-20/2-İ-445-42- 170/2024 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən "ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. V.İmanovun ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 25 iyul 2024-cü il tarixli, 3-16-5/8-15-1850/2024 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. İş materiallarında olan Abşeron rayonu, Novxanı bələdiyyəsi tərəfindən verilmiş 16 oktyabr 2024-cü il tarixli, 255 nömrəli arayışdan görünür ki, mərhum X13 xx.xx.2024-cü il tarixdə Novxanı kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını, həmçinin şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 01 aprel 1955-ci il tarixdə Ağdam rayonu, Ətyeməzli kəndində doğulmuş X6 22 may 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı ərizəçinin izahatı, şahid ifadələri və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbayacan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin ərizəçi bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməz. Azərbaycan Respublikası MPM-in 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 315 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 aprel 1955-ci il tarixdə Ağdam rayonu, Ətyeməzli kəndində doğulmuş X6 22 may 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-4383/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4383/2024
25.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver