Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4388/2024 03.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi Camalova (Abdunzadə) Məryəm Şöhlət qızının, Maraqlı şəxs, Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, Ərizəçi Camalova (Abdunzadə) Məryəm Şöhlət qızının Maraqlı şəxs və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Camalova (Abdunzadə) Məryəm Şöhlət qızı ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış MŞB/13/2023/004096 saylı Barışıq Sazişinin məcburi icra edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Camalova (Abdunzadə) Məryəm Şöhlət qızı məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2455/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən onunla Maraqlı şəxs arasında bağlanmış və Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 08 dekabr 2018-ci il tarixli, 3422 saylı nikah qeydinin ləğv edilməsi, 25 dekabr 2018-ci il tarixdə anadan olmuş X3 onun yanında qalmasının müəyyən edilməsi, 25 dekabr 2018-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə verilməsi qət edilmişdir. Daha sonra Zəngilan Rayon Məhkəməsinin 2(034)-29/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, iddiaçı Maraqlı şəxs hər həftənin bazar günü saat 13:00dan 18:00-dək, 2 gündən artıq bayram günlərinin bir günü saat 10:00-dan saat 16:00-dək, uşağın ad günləri saat 10:00-dan saat 15:00-dək atanın övladı xx.xx.2018-ci il təvəllüdlü X7 ilə görüşmək və ünsiyyətdə olmasının müəyyən edilməsi qət edilmişdir. Belə ki, o, azyaşlı övladı ilə köhnə bir tikiliyə sığınaraq yaşayır və onun yaşayış şəraiti çox çətindir. O, cavabdehə və onun ailəsinə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, döngə 3, dalan 2, ev 17 ünvanına gəlin köçmüş və həmin mübahisəli mənzilə də onun cehiz əşyaları yerləşdirilmişdir. O, azyaşlı övladı ilə birlikdə həmin evdən qovulmuşdur və çətin vəziyyətdə yaşayır. Bu ciddi məsələ ilə bağlı o, Bakı 13 saylı Mediasiya Təşkilatına müraciət edərək evə köçürülməsi və istifadə qaydalarının müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh Maraqlı şəxs mediasiya təşkilatında keçirilən mediasiya sessiyasında iştirak etmiş və onunla cavabdeh arasında xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-00496 nömrəli Barışıq Sazişi bağlanılmışdır. Həmin barışıq sazişindən sonra o, bir müddət övladı ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, döngə 3, dalan 2-də yerləşən 17 saylı evdə yaşamağa başlamışdır. Daha sonra o, 1-2 günlük qonaq kimi anasının yanına getmiş və yenidən evə qayıtmaq istədikdə buna nail ola bilməmişdir. Bakı 13 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-00496 nömrəli Barışıq Sazişinə əsasən onlar aşağıdakı məsələlərlə bağlı razılığa gəlmişlər ki, X2 adına olan Xırdalan şəhəri, Quşçuluq massivi, Süleyman Rüstəm küçəsi, ev 17 ünvanında yerləşən mənzildə onunla övladı - X6 evə köçürülməklə yaşamaq hüququ verilsin. Lakin hazırda həmin öhdəliklərin heç birisi yerinə yetirilmir. Qeyd edilənlərə əsasən o, barışıq sazişinin məcburi icra edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, onunla ərizəçi Camalova (Abdunzadə) Məryəm Şöhlət qızı arasında ərizəçinin övladı ilə Xırdalan şəhəri, Quşçuluq massivi, Süleyman Rüstəm küçəsi, ev 17 ünvanında yerləşən mənzilə köçürülməsi ilə bağlı razılıq əldə edilmişdir. Lakin ərizəçi Camalova (Abdunzadə) Məryəm Şöhlət qızının köçmək istədiyi mənzil 2004-cü ildən atası X2 mülkiyyətindədir və mediasiya sessiyasında iştirak edərkən o, həmin mənzilin atasının mülkiyyətində olduğunu bildirmişdir. Onunla ərizəçi arasında yalnız ərizəçinin övladı ilə sözügedən mənzildə yaşaması barədə razılıq əldə edilməsinə baxmayaraq ərizəçi mülkiyyət hüququ ilə atasına məxsus olan evə tanımadıqları bir qadın gətirmiş, bu da öz növbəsində onların narazılığına səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X8 izahatında ərizəçi Camalova (Abdunzadə) Məryəm Şöhlət qızı ilə Maraqlı şəxs arasında barışıq sazişi bağlandığından onun xəbəri olmadığını, sözügedən barışıq sazişində qeyd edilən mənzilin ona məxsus olduğunu və barışıq sazişinə etiraz etdiyini bildirdi. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən AZ-İİ № 308595 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X4 08 dekabr 2018-ci il tarixində nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3422 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Camalova” soyadı verilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2455/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Camalova (Abdunzadə) Məryəm Şöhlət qızı ilə Maraqlı şəxs arasında bağlanmış və Sumqayıt "ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 08 dekabr 2018-ci il tarixli, 3422 saylı nikah qeydinin ləğv edilməsi, 25 dekabr 2018-ci il tarixdə anadan olmuş X3 anası Camalova (Abdunzadə) Məryəm Şöhlət qızının yanında qalmasının müəyyən edilməsi, 25 dekabr 2018-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq Camalova (Abdunzadə) Məryəm Şöhlət qızının xeyrinə verilməsi, hazırki miqdarda alimentin tutulmasının əvvəlinin 04 aprel 2023-cü il tarixdən hesablanması, qətnamənin aliment hissəsində dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-29/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı Maraqlı şəxs hər həftənin bazar günü saat 13:00-dan 18:00-dək, 2 gündən artıq bayram günlərinin bir günü saat 10:00-dan saat 16:00-dək, uşağın ad günləri saat 10:00-dan saat 15:00-dək atanın övladı xx.xx.2018-ci il təvəllüdlü X7 ilə görüşməsinin və ünsiyyətdə olmasının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Camalova (Abdunzadə) Məryəm Şöhlət qızı ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-00496 nömrəli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı bəndlərdə qeyd olunan məsələlərlə bağlı razılığa gəlmişlər: 1.Tərəflər razılaşır ki, X2 adına olan Xırdalan şəhəri, Quşçuluq massivi, Süleyman Rüstəm küçəsi, ev 17 ünvanında yerləşən mənzildə Camalova (Abdunzadə) Məryəm Şöhlət qızı və 1 övladı X6 evə köçürülməklə yaşamaq hüququ verilsin; 2. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur; 3. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir; 4. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər; 5. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır; 6. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar; 7. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 8. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir; 9. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir; 10. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır; 11. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır; 12. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz; 13. Əgər Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı Tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur; 14. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər; 15. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 15.1. bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 15.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; 15.3. Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 15.4. yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə); 16. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir; 17. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir; 18. Sazişin 18-ci bəndində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır; 19. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir; 20. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir; 21. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır; 22. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır; 23. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir; 24. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 4 (dörd) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələr də hazırlana bilər). İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 31995 reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçəsində 3-cü döngə, 2-ci dalan ünvanında yerləşən, yaşayış sahəsi 37,9 kv.metr, köməkçi sahəsi 18,8 kv.metr olan, 3 otaqdan ibarət 17 saylı fərdi yaşayış evi Abşeron rayon İcra Hakimiyyəti Başçısının 27 mart 1997-ci il tarixli, 66 saylı sərəncamına əsasən X2 adına qeydə alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, ərizəçi Camalova (Abdunzadə) Məryəm Şöhlət qızı ilə Maraqlı şəxs 08 dekabr 2018ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, onların birgə nikahından 25 dekabr 2018-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2455/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tərəflər arasında Sumqayıt "ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış 08 dekabr 2018-ci il tarixli, 3422 saylı nikah pozulmuş və 25 dekabr 2018-ci il tarixdə anadan olmuş X3 anası Camalova (Abdunzadə) Məryəm Şöhlət qızının yanında qalması müəyyən edilmişdir. Daha sonra övladı ilə yaşamağa yeri olmadığından ərizəçi Camalova (Abdunzadə) Məryəm Şöhlət qızı vaxtilə gəlin köçdüyü Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçə, döngə 3, dalan 2, ev 17 ünvanında yerləşən mənzilə köçürülməsi ilə bağlı mübahisənin həllinə nail olmaq məqsədilə Bakı 13 saylı Mediasiya Təşkilatına müraciət etmiş və tərəflər arasında mənzilə köçürülmə ilə bağlı razılıq əldə edilmişdir. Lakin iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 31995 reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətindən də göründüyü kimi ərizəçinin övladı ilə köçmək istədiyi Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 6-cı küçəsində 3-cü döngə, 2ci dalan ünvanında yerləşən, yaşayış sahəsi 37,9 kv.metr, köməkçi sahəsi 18,8 kv.metr olan, 3 otaqdan ibarət 17 saylı fərdi yaşayış evi sözügedən barışıq sazişinin tərəfi olan Maraqlı şəxs adına deyil, mediasiyada iştirak etməyən üçüncü şəxsin, yəni X2 adına qeydə alınmışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda (355-26.1.1. maddə); barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda (355-26.1.2. maddə). Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 355-26-ci maddəsi ilə müəyyən edilmiş mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsindən imtina olunması ilə bağlı əsaslar müəyyən edildiyindən ərizəçi Camalova (Abdunzadə) Məryəm Şöhlət qızının onunla Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış MŞB/13/2023- 00496 saylı barışıq sazişinin məcburi icra edilməsinə dair ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi Camalova (Abdunzadə) Məryəm Şöhlət qızının Maraqlı şəxs və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X5 qarşı onunla Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış MŞB/13/2023-00496 saylı barışıq sazişinin məcburi icra edilməsinə dair ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-4388/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4388/2024
03.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver