Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4573/2024 09.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onunlqa Maraqlı şəxs arasında bağlanmış MŞB/3/2023-01182 nömrəli xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə 14 may 2013-cü il tarixdə rəsmi olaraq nikaha daxil olmuşdur. Onların birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X2 adlı bir övladları anadan olmuşdur. Ailə qurduqları vaxtdan münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuşdur. Bu səbəbdən də nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edilmiş və Abşeron rayon məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Bundan əlavə aliment tələbinə dair mediasiya prossesi zamanı cavabdehlə aralarında MŞB/3/2023-01182 nömrəli xx.xx.2023-cü il tarixli saziş bağlanmışdır. Saziş bağlandıqdan sonra cavabdeh vaxtında və tam şəkildə alimenti bu günədək ödəməmiş və öz öhtəliklərini icra etməkdən yayınmışdır. Bununlada cavabdeh öz hərəkətləri ilə barışıq sazişində göstərilən tələbi könüllü qaydada icra etmədiyini göstərmişdir. Qanunvericiliyin tələbinə əsasən onunla cavabdeh arasında xx.xx.2023-cü il tarixdə nikahın pozulması, uşağın onun himayəsində saxlanması, alimentin miqdarı və s. Məsələrlə bağlı mediator tərəfindən barışıq sazişi bağlanmışdır. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Mediasiya Şurasının Bakı 3 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-01182 saylı barışıq sazişindən görünür ki, tərəflər məhkəmədə əlavə vaxt verilmədən aralarında bağlanmış nikahın pozulması barədə razılığa gəlmişlər, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 anası Ərizəçi himayəsində qalmasına, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün atasi Maraqlı şəxs tərəfindən hər ayın 25- 30-u tarixləri arasında 235 (iki yüz otuz beş) manat alimentin Ərizəçi ödənilməsinə razılaşmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 305.1.17. maddəsinə əsasən, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər nikah bağlamaqla ailə qurmuş, birgə nikahlarından övladlarıxx.xx.2018-ci il təvəllüdlü X2 doğulmuşdur. Lakin sonradan ailə münasibətləri pozulmuşdur. Ərizəçi mübahisənin məhkəmədən kənar qaydada həlli üsulu olaraq mediasiyaya müraciət etmiş və mediasiya prosesi zamanı tərəflər arasında barışıq sazişi bağlanılmışdır. Barışıq sazişinin şərtlərinə əsasən, saziş üzrə öhdəliklər könüllü şəkildə icra edilməli olduğu halda Maraqlı şəxs öhdəliyindən yayınması halları olduğundan və bu hal barışıq sazişinin, eyni zamanda, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, barışıq sazişinin məhkəmə qaydasında məcburi icrası qaydasını istisna etmədiyindən Ərizəçi barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra Mediasiya haqqında Qanun adlanacaq): 1.0.1. maddəsinə əsasən, mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. 3.1.2. maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn mübahisələrə mediasiya qaydasında baxılır. 4.1. maddəsinə əsasən, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Göründüyü kimi, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyən, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edən “Mediasiya haqqında Qanun” tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədi ilə qəbul edilmişdir. “Mediasiya haqqında Qanun”un: 24.6. maddəsinə əsasən, mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Barışıq təklifi tərəflərin razılığı ilə verilir. 32.1.1. maddəsinə əsasən, tərəflər arasında barışıq sazişi bağlandıqda mediasiya prosesinə xitam verilir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-01182 saylı barışıq sazişinə əsasən, mülki iş üzrə tərəflər məhkəmədə əlavə vaxt verilmədən aralarında bağlanmış nikahın pozulması barədə razılığa gəlmişlər, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 anası Ərizəçi himayəsində qalmasına, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün atasi Maraqlı şəxs tərəfindən hər ayın 25-30-u tarixləri arasında 235 (iki yüz otuz beş) manat alimentin Ərizəçi ödənilməsinə razılaşmışlar. “Mediasiya haqqında Qanun”un: 9.3.1. maddəsinə əsasən, barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifəsidir. 34.1. maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. maddəsinə əsasən, barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. 34.4. maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. maddəsinə əsasən, barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Qanunun tələblərindən görünür ki, mediasiya prosesində tərəflər arasında mübahisə barışıq sazişinin imzalanması ilə başa çatdıqda həmin saziş üzrə tərəflər sazişin icra edilməsinə görə məsuliyyət daşıyır və sazişin icra edilməməsinə görə məhkəmə qaydasında məcburi şəkildə icrasının təmin edilməsi hüququnu yaratmışdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, maraqlı şəxs barəsində xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-01182 saylı barışıq sazişi təsdiq edilərək icrası təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın: 12.3.1. bəndinə əsasən, barışıq sazişinin imzalandığı gündən mediasiya prosesinə xitam verilir.
13. bəndinə əsasən, barışıq sazişi Qanunun 34-cü maddəsinə uyğun olaraq icra edilir. Mülki Prosessual Məcəllənin 355-24. maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-01182 saylı barışıq sazişinin şərtləri müəyyən olunmuş müddətdə maraqlı şəxs tərəfindən icra edilməli olduğu halda icra edilməmiş, bununla da, ərizəçi həmin sazişin məhkəmə qaydasında təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 355-25.3. maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları, qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirərək qeyd edir ki, öhdəliyin icrasını təmin etmək məqsədilə barışıq sazişinin təsdiq edilməsinə maneə törədən və ya bundan imtina edilməsinə əsas olan hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixində, Bakı 3 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/3/2023-01182 saylı barışıq sazişinin tərəflər məhkəmədə əlavə vaxt verilmədən aralarında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 anası Ərizəçi himayəsində qalması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün atasi Maraqlı şəxs tərəfindən hər ayın 25-30-u tarixləri arasında 235 (iki yüz otuz beş) manat alimentin Ərizəçi ödənilməsi hissəsi məhkəmə qaydasında təsdiq edilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov