Məhkəmə qərarları › İş №2(012)-4609/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4609/2022

07.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4609/2022 07.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı cavabdeh Kəlbiyeva (Məhərrəmova) Gülgün Yusif qızına qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Kəlbiyeva (Məhərrəmova) Gülgün Yusif qızına qarşı qızıl-zinət əşyalarının qaytarılması barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ona hədiyyə olunmuş 1 ədəd qızıl nişan üzüyünün və 1 cüt ortası zümrüd, ətrafı brilyant qaşlı qızıl sırğanın cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X8 (Kəlbiyeva) Gülgün Yusif qızı ilə rəsmi nikaha girmiş və onlar arasında Sumqayıt "ASAN Xidmət" mərkəzi qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixli 2205 saylı nikah qeydə alınmışdır. Birgə nikahdan onların uşaqları olmamışdır. Gəlinin yaxın qohumlarının müdaxiləsindən ailədə söz-söhbət yaranmış, bu da Gülgünün özbaşına evdən getməsi və nikahın pozulması ilə nəticələnmişdir. Suraxanı Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 2(010)-2464/2022 saylı qətnaməsi ilə onların nikahları pozulmuşdur. Cavabdeh 2021-ci il oktyabr ayının ortalarında anası onlarda olarkən, evdən getməmişdən bir həftə öncə anasından ev əşyalarını göndərmiş, 2021-ci il oktyabr ayının 21-də isə onlardan xəbərsiz birgə yaşadıqları evdən qaçıb getmiş və ona hədiyyə kimi alınmış qızıl-zinət əşyaları ilə bərabər ailə quran zaman ona hədiyyə olunmuş bir ədəd 816 manat dəyərində qızıl nişan üzüyünü və 1200 manat dəyərində bir cüt ortası zümrüd, ətrafı isə brilyant qaşlı qızıl sırğanı özü ilə aparmışdır. Cavabdeh evdən gizli qaçdıqdan sonra o, qızıl-zinət əşyalarını yoxlayarkən aydın olmuşdur ki, Gülgün ona hədiyyə olunmuş yuxarıda qeyd edilən qızıl-zinət əşyalarını özü ilə aparmışdır (bu fakt onlara yazılan SMS-lə təsdiq olur). Cavabdeh Məhərrəmova Gülgün evdən getdikdən sonra ona hədiyyə olunmuş üzük və sırğanı geri qaytarması üçün bir neçə dəfə anasına, özünə telefon vasitəsi ilə demiş, bu barədə SMS göndərmişdir. Lakin o, həmin qızıl-zinət əşyalarını könüllü qaytarmaqdan imtina etmiş və bildirmişdir ki, gəlin kimi həmin qızıl-zinət əşyaları da ona çatır, buna görə də onları aparıb. Halbuki dəfələrlə ona demişdir ki, həmin qızıl-zinət əşyaları ona hədiyyədir və ona məxsusdur. Həmin qızılların ona hədiyyə olunması fotoşəkillərlə təsdiq olunur. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək və iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında cavabdeh Kəlbiyeva (Məhərrəmova) Gülgün Yusif qızı iddianı qəbul etmədi və onun təmin olunmamasını xahiş etdi. Məhkəmədə şahid kimi ifadə vermiş Xatuna Omarova göstərdi ki, müalicəsilə əlaqədar müəyyən müddət iddiaçıgildə qalmışdır. Mübahisə olan günü cavabdehin qulağında butalı sırğa var idi. Sonra cavabdehin anası da oraya gəldi, qızı ilə digər otağa keçdilər. Cavabdehin qulağındakı butalı sırğanın arxası xarab idi. İddiaçı öz sırğasını da çıxarıb gəlini Gülgünə vermişdi. O özü toy vaxtı gəlinə 2 qramlıq bilərzik hədiyyə vermişdi, lakin Gülgün Sabunçu Rayon Məhkəməsində iddia ərizəsində onun çəkisini 18 qram kimi qeyd edib. Məhkəmədə şahid kimi ifadə vermiş X6 bildirdi ki, iddiaçı onun arvadı, cavabdeh isə keçmiş gəlinidir. Oğlu Samir onkoloji xəstədir. Gəlini Gülgün anası ilə birlikdə evi tərk edib. Gedəndən 1 gün sonra onun dayısına zəng edərək hazırda tələb edilən qızılların qaytarılmasını tələb etmişdir. Cavabdehin dayısı isə bildirdi ki, bütün qızıllar gəlinə məxsusdur və qaytarıla bilməz. Arvadının deməsinə görə gəlin evi tərk edərkən sırğalar qulağında olub. Üzüyü arvadına onun anası hədiyyə vermişdir. Bu üzüyün cavabdehə aidiyyəti yoxdur. Məhkəmədə şahid kimi ifadə vermiş X9 bildirdi ki, iddiaçı onun anası, cavabdeh isə keçmiş gəlinləridir. Tələb olunan qızıl üzük hazırda da anasındadır, lakin sırğa cavabdehdə qalmışdır. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - xx.xx.2022-ci il tarixdə tərtib olunmuş iddia ərizəsindən görünür ki, X1 Gülnarə Fərmanovnaya və X4 qarşı cehiz əmlakın və qızıl-zinət əşyalarının qaytarılması barədə iddia ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-2464/2022 saylı qətnaməsindən görünür ki, X3 X4 qarşı iddiası təmin edilmiş və tərəflər arasında xx.xx.2017-ci il tarixdə qeydə alınmış nikah pozulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının oğlu Samir Məhərrəmovla cavabdeh Kəlbiyeva (Məhərrəmova) Gülgün Yusif qızı xx.xx.2017-ci il tarixdə nikaha girmişlər və bu nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-2464/2022 saylı qətnaməsilə pozulmuşdur. Hazırda İddiaçı Kəlbiyeva (Məhərrəmova) Gülgün Yusif qızına qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ona hədiyyə olunmuş 816 manat dəyərində 1 ədəd qızıl nişan üzüyünün və 1200 manat dəyərində 1 cüt ortası zümrüd, ətrafı brilyant qaşlı qızıl sırğanın cavabdeh X2 alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia edir ki, bu əşyalar ona hədiyyə edilmişdir və onların cavabdehə heç bir aidiyyəti yoxdur. Bunun üçün o, SMS yazışmalarına, fotoşəkillərə və şahid ifadələrinə istinad etmişdir. Mülki Məcəllənin 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırda tələb edilən 816 manat dəyərində 1 ədəd qızıl nişan üzüyünün və 1200 manat dəyərində 1 cüt ortası zümrüd, ətrafı brilyant qaşlı qızıl sırğanın cavabdehdə qalması barədə İddiaçı məhkəməyə hər hansı legitim və şübhədən kənar sübut təqdim edə bilməmişdir. Təqdim edilmiş SMS yazışmaları və fotoşəkillər isə iddianın təmin edilməsi üçün yetərli deyildir. Məhkəmə iclasında müəyyən olundu ki, şahid ifadələri şübhə doğurur, ziddiyyətlidir, digər tərəfdən şahidlərlə cavabdeh arasında hazırda şəxsi münasibətlər zəminində ədavət var və bu səbəbdən şahidlər həqiqətə uyğun olmayan ifadə verə bilərlər. Qüvvədə olan prosessual qanunvericiliyə görə isə məhkəmə qətnaməsi ehtimallara əsaslanmamalıdır. MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı iddia tələbini əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Kəlbiyeva (Məhərrəmova) Gülgün Yusif qızına qarşı qızıl-zinət əşyalarının qaytarılması barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar